• 28 Fevral 2021

Böyük qayıdışa gedən yol…

15:00 18/02/21 | Siyasət

Teyyub Qənioğlu: «Köçkünlərin azad edilmiş ərazilərə qaytarılması
müvafiq iş yerlərinin yaradılması ilə paralel aparılmalıdır»

"İndiki şəraitdə işğaldan azad edilmiş ərazilərə köçürüləcək əmək qabiliyyətli əhalinin məşğulluğunun təmin edilməsi dövlətin həll etməli olduğu ən əsas sosial-iqtisadi problemlər sırasına daxil edilməlidir". Təkamül Partiyasının sədri Teyyub Qənioğlu bu fikirləri "Azad Azərbaycan" qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, keçən əsrin 90-cı illərində Azərbaycanın formalaşmış milli ordusunun olmamasından, ölkəmizdə sosial-siyasi sabitliyin pozulmasından, hakimiyyət uğrunda gedən mübarizənin doğurduğu çaşqınlıqdan istifadə edən erməni birləşmələri xarici havadarlarının hərtərəfli siyasi-iqtisadi-hərbi yardımı ilə, nəinki Dağlıq Qarabağı, eləcə də, onun hüdudlarından kənarda olan Fizuli, Cəbrail, Qubadlı, Zəngilan, Kəlbəcər, Ağdam, Laçın rayonlarını da işğal etməyə nail oldu. Nəticədə bir milyona yaxın azərbaycanlı qaçqın və köçkün vəziyyətinə düşdü: «Xarici havadarlarının dəstəyi ilə Ermənistan işğal etdikləri Azərbaycan ərazilərini 30 ilə yaxın öz əlində saxlamağa “nail oldu”. Bütün bu müddət ərzində Azərbaycan humanizm nümayiş etdirərək işğal edilmiş ərazilərinin, beynəlxalq hüquq normalarına uyğun olaraq, sülh yolu ilə azad edilməsinə üstünlük verdi. Ancaq bu istiqamətdə çoxillik təşəbbüslərin heç bir nəticə vermədiyini görən Azərbaycan, yenə də beynəlxalq hüquq normalarına, BMT-nın Nizamnaməsinə, ATƏT-in prinsiplərinə tam uyğun olaraq, 27 sentyabr 2020-ci ildə ermənilərin hücumunu dəf etmək, işğal olunmuş torpaqlarının azad edilməsi üçün hərb yolunu seçmək qərarına gəldi. Azərbaycan xalqının, dövlətinin, bütün siyasi qüvvələrin tam və yekdil dəstəyinə arxalanan qəhrəman Azərbaycan əsgər və zabitləri 44 gün ərzində torpaqlarımızı yağı düşməndən azad etməyə, dövlətimizin ərazi bütövlüyünü təmin etməyə nail oldu». 

Partiya sədri qeyd edib ki, indi dövlətimizin qarşısında duran ən vacib problemlərdən biri erməni vandallarının xarabaya çevirdiyi ərazilərimizi bərpa etməkdən, bu ərazilərdən köçkün düşmüş bir milyona yaxın vətəndaşlarımızı dogma yurdlarına qaytarmaqdan ibarətdir: «Qəti əminik ki, Azərbaycan dövləti qısa müddət ərzində onların doğma yurdlarına qayıdışına nail olacaq. Ancaq, təbiidir ki, köçkünlərin işğaldan azad edilmiş doğma yurdlarına qaytarılması ilə iş bitmir. Ən əsas problemlərdən biri bu əraizlərə köçürülmüş əmək qabiliyyətli əhalinin məşğulluğunun təmin edilməsidir. Əks təqdirdə onlar iş axtarmaq məqsədi ilə doğma yurdlarını tərk etmək məcburiyyəti ilə üzləşə bilərlər. Ona görə də, hesab edirik ki, köçkünlərin işğaldan azad edilmiş ərazilərə qaytarılması həmin ərazilərdə müvafiq iş yerlərinin yaradılması ilə paralel aparılmalıdır».

T.Qənioğlu qeyd edib ki, işğaldan azad edilmiş rayonlarımızda həm təbii sərvətlərin hasilatı, həm də onların emalı məqsədi ilə müxtəlif istiqamətli hasilat və emal sahələrinin yaradılması üçün kifayət qədər potensial var: «Gözəl, səfalı və zəngin təbiətə, çoxsaylı təbii və qədim abidələrə (erməni vandalları onları məhv etsələr də) malik olan bu ərazilər həm də, turizmin inkişafı üçün əhəmiyyətli imkanlara malikdir. Ancaq yaradılacaq bu müəssisələrdə kimlərin məşğul olacağı əsas məsələlərdən biridir. Yaxşı olardı ki, bu müəssisələrə öz doğma yurdlarına qayıtmış yerli sakinlərin cəlb edilməsinə üstünlük verilsin. Bu yerli sakinlərin məşğulluq probleminin həll edilməsinə və onların azad edilmiş ərazilərdə daimi məskunlaşmasına imkan yaradar. Fikrimizcə, bu yanaşma məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə könüllü qayıdışına və orada daimi məskunlaşmalarına imkan və şərait yarada bilər. Əks halda doğma torpaqlara qayıtmaq arzusu nə qədər güclü olsa da, bir müddət sonra, işsizlik səbəbindən, insanlar bu torpaqları tərk etməli olarlar».

Bilman İSAQ

Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir - Ölkə başçısı



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?