• 28 Fevral 2021

Virtual dünyanı özünə siyasi mübarizə meydanı seçənlər

10:56 23/02/21 | Siyasət

Azərbaycanın «məğlubiyyətinə» yas məclisi quran radikal müxalifət maralları və
onların cığırdaşları köhnə şakərlərindən əl çəkmir

Ənənəvi müxalifət gerçək dünyada siyasi mübarizəsini hakimiyyətə tam uduzandan sonra köçüb virtual dünyaya, orada xeyli sayda internet-kanal açıb və oradan tələb edir ki, rus sülhməramlı qoşunları Dağlıq Qarabağdan çıxsın. Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından və fəallarından biri kimi tanınan, Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sabiq lideri Zərdüşt Əlizadənin ölkədaxili gündəmdə maraq doğuran fikirləri yayımlanıb.

Onun sözlərinə görə, radikal müxalifət bu gün müxtəlif cəhdləri ilə Azərbaycanın qələbəsinə kölgə salmağa cəhdlər göstərir, gerçək dünyada imza toplayırlar, məqalələr yazıb Qarabağın de-fakto itirildiyini deyirlər. Onlar Azərbaycanın «məğlubiyyətinə» yas məclisi qururlar.

"İnternetdən istifadəni öyrənib bunu müasir biliyin zirvəsi hesab edən çoxsaylı istifadəçi isə onların bu fikirləri ilə həmrəylik nümayiş etdirirlər", - deyə yazan Z.Əlizadə bu metamorfozadan və müxalifətin Azərbaycan Ordusunun Qarabağdakı qələbəsini məğlubiyyət kimi qələmə vermək istəyindən son dərəcə təəccüblənir: "Niyə? Milli hərəkatın qaynar çağından 30 il keçib, bu uzun müddət ərzində radikal müxalifət maralları və onların cığırdaşları niyə ağıllanmayıblar? Bunun səbəbi aydındır. Onlar yenə hakimiyyətə can ataraq ali məqamda əyləşən şəxsi yamanlamaq, gözdən salmaq, haqlı olsa belə, nahaq göstərmək şakərindən əl çəkməyiblər. Onların ənənəvi siyasi mübarizə üsulu yalandır, böhtandır, şərdir. Bir dəfə bu yolla gedib Azərbaycanın başına daş saldılar, hakimiyyəti məngirləyib bir il bildirçinin bəyliyini etdilər, görünür, bunu yenə təkrarlamaq istəyirlər".

ASDP-nin keçmiş lideri müxalifçilik etdiyini desə də, həmin siyasi baxışının AXC-Müsavat cütlüyündən tamamilə fərqləndiyini bildirib və hakimiyyətlə dövlət anlamı arasındakı fərqi gördüyünü deyib: "Məhz buna görə deyirəm ki, İlham Əliyevin indiki Qarabağ siyasəti düzgündür və xalqımızı addım-addım tam qələbəyə aparır".

Z.Əlizadənin sözlərinə görə, ənənəvi müxalifətçilər Azərbaycan xalqına qarşı xəyanətlərini təkrar edirlər. Belə ki, 2020 il 10 noyabr Bəyanatı Azərbaycana xeyirdir: "Əminəm ki, ənənəvi müxalifət də, onların küyünə gedən qaragüruh da son 30 ildə Qarabağ mövzusunda yazdığım yüzlərlə məqaləni oxumayıb. 10 noyabr Bəyanatından əvvəl, Qarabağ müharibəsinin ilk mərhələsində, BMT-nin Təhlükəsizlik Şurasında Fransanın, ABŞ-ın və Rusiyanın birgə dəstəklədiyi bir qətnamə layihəsi müzakirəyə çıxarıldı. Layihənin məğzi ondan ibarət idi ki, Azərbaycan hərbi əməliyyatı dərhal dayandırsın. Müzakirələr vaxtı bəlli oldu ki, həqiqi niyyətlər daha uzaq məqsədlərə yönəlib. Azərbaycan müharibəni dərhal dayandırmasaydı, həmsədr dövlətlər 1990-ların əvvəllərində Azərbaycanın xeyrinə qəbul edilmiş qətnamələri təftiş edən və son 30 ildə mövcud olan gerçəkliyi nəzərə ala biləcək yeni bir qətnamə layihəsini müzakirəyə çıxarmağı nəzərdə tuturmuşlar. Yəni yeni qətnamə layihəsi, qəbul olunardısa, BMT TŞ Qarabağ üzərində Azərbaycanın suverenliyini, əvvəl olduğu qədər, birmənalı tanımayacaqdı".

Bu qaranlıq niyyətin də qarşısının alındığını yazan Z.Əlizadə bildirib ki, bu məsələdə Britaniya və Qoşulmama hərəkatının da mühüm rolu olub: "Xoşbəxtlikdən, həmin an bunun qarşısını Britaniya və Qoşulmamışlar Hərəkatından BMT TŞ-nın üzvü olan qeyri-daimi üzvlər aldılar. Ala bildilər, təhlükə müvəqqəti sovuşdu, lakin tam yoxa çıxmadı. Bəlli oldu ki, Cəbubi Qafqazda hərbi-siyasi vəziyyət qəfildən Azərbaycanın ziyanına, Ermənistanın xeyrinə dəyişə bilər. Bunun üçün Azərbaycan Ordusunun Xankəndinə daxil olması, dünya mediasının "yeni erməni soyqırımı" şivəni qoparması, Rusiyanın bu "soyqırımın " qarşısını almaq üçün Gümrü bazasındakı qoşunlarını Qarabağa yeritməsi və təbii ki, rus ordusu ilə Azərbaycan Ordusu arasında döyüşlərin başlaması, bu zaman Türkiyənin məcbur olaraq hərbi münaqişəyə qarışması və Azərbaycan ərazisində genişmiqyaslı regional müharibənin qızışması kifayət idi".

Z.Əlizadə 30 il keçsə də, müxalifətin dəyişmədiyini bildirib: "Bu 30 ildə dünya xeyli dəyişib, bəs siz niyə dəyişməmisiniz? 1990-cı ildə xalqı fəlakətə sürükləyən AXC liderlərini qəhrəman saymaq olardı, çünki onların iç üzü hələ açılmamışdı, bəs indi də bunu anlamırsınız? Qarabağ, Azərbaycan və Ermənistan, Cənubi Qafqaz uğrunda mürəkkəb və mübhəm oyunlar gedir, Azərbaycan bu oyunu şəksiz öz xeyrinə yönəldə bilib və bu vaxt bir ovuc dünyadan bixəbər vəzifə hərisi oyuna qatılıb öz ənənəvi cığallığı ilə qələbəmizi məğlubiyyətə çevirmək istəyirlərsə, bunun adını nə qoymaq olar? Sayıq olun, xainlər heç cür sakitləşmək istəmirlər, onlar suyu daim bulandırmağa hazırdırlar...".

R.RƏSULOV

Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir - Ölkə başçısı



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?