• 28 Fevral 2021

Dilimizin saflığını qoruya bilirikmi?

11:40 23/02/21 | Sosial

Nədən türk, ingilis, rus sözlərinə meyl artıb?

Bu gün dilimizlə bağlı müəyyən problemlər nəzərə çarpır. Məsələn, gənc nəsil dildən istifadə zamanı alınma sözlərdən daha çox istifadə edir. Hətta uşaqlar da danışarkən türk, ingilis, rus sözlərinə müraciət etməyə meyl göstərir. Gəncliyin dili ilə desək, bu cür danışmaq daha havalı görünür. Bəs qarışıq sözlərdən istifadə dilimizin saflığına necə təsir göstərir?

Azərbaycan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin rəhbəri Sevinc Əliyeva açıqlamasında problemin kifayət qədər aktual olduğunu etiraf edib: "Bu gün xüsusilə şagirdlərimizin, hətta daha kiçik yaşlı övladlarımızın türk və ya ingilis cizgi filmlərindən yararlanması, o qəhrəmanlarla böyüməsi, əlbəttə, arzuolunmaz haldır. Bunun aradan qalxması üçün özümüzün xalq yaradıcılığından irəli gələn nümunələrə köklənməliyik. Arzu edərdim ki, bu gün doğulan körpələrin başı üzərində ana laylası səslənsin. Körpələrimizin yeriməsi, danışması, dil açması ilə bağlı gözəl nümunələrimiz var. İstəyərdim ki, yeni nəsil onlardan yararlanmaqla böyüsünlər. Uşaqlar eyni zamanda nağıllarımıza köklənsinlər. Bu gün orta məktəb dərsliklərində sinifdənxaric oxu qismində təklif olunan nümunələrimiz öz ədəbiyyatımızın, yazıçılarımızın, özümüzəməxsus bədii sənətkarlarımızın əsərləri olmalıdır. Bu məsələ çox ciddidir”.

S.Əliyeva bildirib ki, gələcəkdə Təhsil Nazirliyi ilə birlikdə əməkdaşlıq çərçivəsində səsli nağıllardan istifadə edilməsi təklif ediləcək: "Orta məktəb şagirdləri, böyüməkdə olan nəsilin dinləyəcəyi səsli nağıllar xalq yaradıcılığına istinadən ərsəyə gələcək. Bu gün televiziya aparıcılarımızın bəziləri də da mütaliədən uzaq düşüb. Mütaliəsi olmayan insanlarda isə danışıq qabiliyyəti olmur, nitq mədəniyyəti formalaşmır. Onların lüğət fondu kasad olur. Elə bu səbəbdən də danışarkən istər-istəməz alınma sözlərdən istifadə edir, ingilis, türk sözlərinə müraciət edirlər. Eyni dil ailəsinə aid olsaq da, artıq nitqimizə türk intonasiyası daxil olur. Türkiyə türkcəsinə mənsub olan sözlərlə yanaşı, sintaktik konstruksiyamızı pozan, cümlə quruluşumuza zidd olan intonasiya yaranıb”.

Mərkəz rəhbəri düşünür ki, Azərbaycanın dövlət dilində mükəmməl danışıq qabiliyyətimizi formalaşdırmalı və bunun üzərində çalışmalıyıq: "İlk növbədə xalq yazıçılarımızın əsərlərinə nüfuz etməliyik. Bu istiqamətdə ciddi təbliğat aparılmalıdır. Monitorinq mərkəzi olaraq bu yaxınlarda təlimlərimiz başlayacaq. Təlimlər bütün sahələrdə çalışan insanlar üçün nəzərdə tutulub və bundan faydalanmaq lazımdır. Peşəsindən asılı olmayaraq hər kəs öz dilimizdə danışmağı bacarmalıdır. Azərbaycan dilində hər bir məhfumu, duyğunu ifadə etmək üçün geniş imkanlar var. Əsas məsələ imkanlardan istifadə etməyi bacarmaqdır. Bu da zəngin söz ehtiyatına, qrammatik qanunları dərindən bilməyə köklənir”.

GÜNAY

Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir - Ölkə başçısı



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?