• 22 Aprel 2021

“Bir səbət tənhalıq”

12:20 25/02/21 | Mədəniyyət

Bu gün yer üzünü bürüyən tənhalıq xəstəliyi bəşəriyyətin oyanması üçün sanki həyəcan təbili çalır. “Xəstəliyə” müxtəlif vasitələrlə yoluxurlar, amma ondan qurtulmağın yolları eynidir: Ali Ötürücüdən insana hədiyyə olunan ağıl, vicdan, bir də insanpərvərlik duyğusu.

Güşvər Şərifovanın indiyə qədər oynadığı rollardan fərqli bir ampluada təqdim etdiyi Qız obrazının taleyi, daha doğrusu, talesizliyi məhz bu yöndən çözümlənir. O, qozbel Qız obrazının daxili sarsıntılarını, arzu və istəklərini qabardaraq, psixofizioloji səhnə gerçəkliyinə daxil olmaq üçün tamaşaya qapı açır.

Yaşadığı mühitdə ona təsəlli olan bir gəlincik var. Bu gəlincik övlad arzusudur. Hər bir bəşər övladını tənhalıqdan qurtaran, sabaha ümidlə baxmasına qüdrətli bir vasitə olan övlad! Güşvər Qızın bu həsrətini, arzusunu tamaşaçıya ötürə bildiyindən, hamının qəlbində təəssüf hissi doğurmuşdu.

Eşqin Quliyevin ən çox xoşuma gələn cəhəti onun oynadığı personajlara səmimi münasibətidir. Bu səmimiyyəti, bir tamaşaçı kimi, oxuya bilirəmsə, deməli, təcəssüm düzgündür.

Tamaşada ən xoşumuza gələn cəhətlərdən biri də bu idi ki, səhnədə görünməyən obrazların təsəvvür-obrazlarını gördük: toy adamları, qonşular. Personajların səs effektləri ilə, üstəlik mono ifalar müddətində onları təhlilsiz anlatması aktrisa tərəfindən gerçəkliyin düzgün ifasının göstəricisisdir. Rejissor yozumu da belə məqamlar təcəssümü üçün dəqiq, həssas və aydın idi.

  

Səbətə toplanmış tənhalığı pəncərədən atıb-tullamaq da olar, onunla birgə yaşamaq da. Seçim personajındır, seçim tamaşaçınındır. Bütün bu qənaətlərim tamaşadan qidalandı. Deməli, tamaşa alınıb!

Tamaşanın musiqisi az olsa da, əsas ideyasına köməkçi vasitə rolunu oynayır. Tamaşaçı marağına səbəb olan rekvizit və əşyalara, ən əsası isə dekorasiyaya malik bədii tərtibat Kiçik səhnəyə uyğun yığcam və konkretdir. Oyun üçün seçilən detallardan düzgün istifadə olunur.

Quruluşçu rejissor, Əməkdar artist Nofəl Vəliyev bədii materialı düzgün yozumladığı və onun plastik həllini düzgün tapdığı üçün tamaşa-təcəssüm məqsədi aydın şəkildə açılır.

Nofəl Vəliyev söz oyunundan fərqli bir səhnə oyunu qurmuşdur. O, personajların taleyinin gözə görünməyən tərəflərini aktyorların daxili oyun tərzi ilə gerçəkləşdirməyə çalışır və buna əsasən nail olur.

Nofəl, istedadlı bir aktyor kimi, həmkarlarını duyduğu problem yozumuna doğru istiqamətləndirir. O, dramaturji materialın ideyasından irəli gələn rejissor ali məqsədini, fərdi yozumları ilə olsa da, tamaşaçıya ötürə bilir.

Tamaşanın əsas baş qəhrəmanı Qız finalda pəncərəni açır. Əlində qəlbinin rəsmləri, üzündə təbəssüm var. Eyni zamanda, yolunu gözlədiyi şahzadəsinin xəyalı da əllərində gül-çiçəklə görüşünə gəlib. Deməli, hələ ümid qırılmayıb. Təkcə bu ideya və finala görə müəllifə də, quruluşçu rejissora da, ifaçılara da təşəkkür etmək olar.

Tamaşa bədii dəyəri və effektləri ilə bizi qane etdi. Quruluşçu rejissor Nofəl Vəliyev, səhnə tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradova, işıq üzrə rəssam Vadim Kuskov bir ansambl kimi, tamaşanın bədii dəyərini hər tərəfdən açmağa çalışıblar və buna əsasən nail olublar.

Məcid Vahidzadənin “Bir səbət tənhalıq” tamaşasının qəhrəmanları tənhalıq əziyyətini çəkirlər, lakin həyatdan ümidlərini qırmayıblar. Hər biri öz könül şahzadəsini gözləyir. Xoşbəxtliyin onların da evlərinə daxil olması üçün bir ümid işığı var. “Bir səbət tənhalığ”ın rejissor yozumu və ifası təcəssüm uğurunun təminatçısı olduğu üçün yaradıcı heyətdən razı qaldıq.

***

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyi repertuar siyasətinə diqqət və həssaslıqla yanaşaraq, Kiçik Səhnədən sənət sözünü demək iqtidarında olanlar üçün əsl-həqiqətdə yaradıcılıq meydanı açmışdır. Bu meydan əsl istedadlar üçündür!

Rafiq RƏHİMLİ, 
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının ədəbi-dram hissə rəhbəri,
Əməkdar mədəniyyət işçisi

Azərbaycanla Özbəkistan və Meksika arasında turizm perspektivləri müzakirə edilib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?