• 22 Aprel 2021

Allah yanında, bəşər yaddaşında əbədiyyət qazanananlar: Şəhid Şahin Əsgərov

12:50 25/02/21 | Digər

Bu günlərdə «Azərbaycan» nəşriyyatına daxil olarkən foyedə bir ağsaçlı qadının əlində polkovnik Bəhram Şeydayevin şəklini tutduğunu gördüm. Mənə mühafizə polisləri dedilər ki, şəhid Şahin Əsgərovun anası Rəfiqə xanımdır və sizinlə görüşmək istəyir. Mən Rəfiqə xanıma yaxınlaşıb ondan hal-əhval tutdum. Öyrəndim ki, oğlu Şahin Əsgərov torpaq uğrunda, Vətən yolunda Şəhidlik zirvəsinə ucalıb…

Onunla söhbətləşmək üçün bir istirahət günündə evlərinin qonağı oldum və orada qardaşlarıyla, kiçik Şahinlə və komandirləri ilə tanış oldum. Onlardan Şəhidimiz Şahin haqqında ətraflı məlumat aldım. Və belə qərara gəldim ki, götürdüyüm məlumatlar əsasında Şahin Əsgərovun qəhrəmanlığı haqqında yazı hazırlayım…

Şəhid Şahin Əsgərovun həyat yoluna kiçik nəzər

Bəli, Vətənimiz çətin tarixi günlər yaşamış, müxtəlif mürəkkəb proseslərdən, böyük itkilərdən və ağrı-acılardan keçərək öz istiqlalına qovuşub. Bu halal haqq ona güclü sarsıntılar, məşəqqətlər və dağıntılar bahasına başa gəlib. Zorla cəlb olunduğu, müharibə, süni şəkildə ortaya atılmış Dağlıq Qarabağ problemi, düşdüyü iqtisadi böhran təzəcə müstəqillik qazanmış respublikamıza olmazın müsibətlər gətirmiş, onu sözün əsl mənasında tarixi sınaqlar qarşısında qoymuşdur.

Lakin dünyaya göz açdıqda ilk sədamız, dünyadan köçdüyümüz anda son nidamız Allahın böyüklüyünə şükür etməkdir. Tanrıdan başqa ulusu yoxdur demişik, onun arxasıca getmişik. Bir olan Allahın mərhəmət və səyi nəticəsində həyatda düz və pak olmağa, özgə malına göz dikməməyə, insanlara xəyanət və yamanlıq, pislik etməməyə çalışmışıq, özümüzə bir pay istəyəndə, qonşuya iki pay istəmişik. Onu da qeyd etməliyəm ki, həmişə düşmən əsarətində olmuşuq.

Ucadan uca Tanrı! Əzəmətli, vüqarlı, el qeyrətli, torpaq canlı igidlərimiz sinələrini düşmən qılıncına sipər etmiş, torpaq uğrunda, Vətən üçün şəhid olublar. Evimiz, malımız tarımar edilmiş, yadellilərin ayaqları altında tapdağa dönüb, viranə qalmışdır. Misilsiz sərvətimiz, varımız, dövlətimiz bədnam düşmənimiz tərəfindən daşınıb, ata-babalarımızın qoyduqları torpaq adları dəyişdirilib, özəlləşdirilmişdir. Ancaq xalqımız ölüm-dirim davasından həmişə üzüağ çıxıb, çünki bu diyar Odlar Yurdunun bir parçasıdır…

Vətənpərvərlik böyük məfhumdur. Onun bir çox komponentləri vardır. Bu komponentlərə Vətənə sadiq olmaq, milli dəyərləri qoruyub saxlamaq, orduda layiqli xidmət etmək, torpağı göz bəbəyi kimi qorumaqdır. Şəhidlərimizdə isə bu komponentlərin hamısı birləşib. Ona görə də onlar Allah yanında, bəşər yaddaşında da əbədidirlər. Onların qanı heç nə ilə yuyula bilməz. Belə qəhrəman şəhdilərimizdən biri də öz layiqli qiymətini hələ də almayan Şahin Rəcəb oğlu Əsgərovdur.

Qısa arayış: Əsgərov Şahin Rəcəb oğlu 1971-ci ilin fevralın 23-də Ermənistan SSRİ-nin Gorus rayonunun Qurtqalaq kəndində zəhmətkeş kolxozçu ailəsində anadan olub. O, 1977-ci ildə həmin kənddə 1-ci sinfə gedib. 1985-ci ildə həmin məktəbin 8-ci sinfini əla qiymətlərlə bitirib. Sonra Qurtqalaq kəndində 10 illik məktəb olmadığına görə 1985-ci ildə təhsilini davam etdirmək üçün Fizuli rayonunun Əhmədalılar kəndində 9-10-cu sinifləri əla qiymətlə bitirərək doğulduğu kəndə qayıdıb.

1988-ci ildə isə ermənilərin təcavüzkarlığı nəticəsində Fizuli rayonunun Əhmədalılar kəndinə ailəvi qaçqın düşüb və həmin kəndə pənah gətiriblər. 1989-cu ildə Fizuli rayon Hərbi Komissarlığı tərəfindən iyun ayının 1-də qanuni olaraq Şahinə hərbi çağırış vərəqəsi verilir. O, əvvəl hərbi xidmətinin 1-ci ilini Leninqradda avia hissədə, sonrakı axırıncı ilini isə Qazaxıstanda başa vurur.

1991-ci ilin iyul ayında Fizuliyə qayıdanda rayon təhlükə altında idi. Şahin bu hadisələrə biganə qala bilmir və könüllü olaraq döyüş zonasına gedir. Çağırış vərəqəsini alan kimi cəbhəyə yola düşür. Həmin vaxt Şahin nişanlanmışdı. Onun gözünə heç nə görünmürdü. Ancaq onun bir arzusu var idi: “Vətəni, torpağı yağı düşmənlərdən qorumaq”. Şahin deyirdi ana-ata heç nə fikirləşməyin, hər şey qaydasında olacaq.

Onun ilk döyüş yolu 28 iyun 1992-ci ildə Qırmızı bazarın alınmasında olub. Şahin döyüşdə yaralılara su gətirmək üçün erməni postunu keçməli olur. Bu çox çətin an idi. O, erməni postu ilə sərhəd olan bulaqdan su gətirmək üçün 5 yoldaşı ilə gedir. Qayıdan zaman onlar erməni quldurları ilə rastlaşırlar. Atışma zamanı 1 nəfər şəhid olur, 2-cisi isə ağır yaralanır. Şahin yaralını öz sərhədimizə çatdırmaq üçün çox əziyyət çəkir və bunu bacarır.

07.09.1992-ci ildə Divanalılar Martuni istiqamətində gedən döyüşlərdə əl qumbarası ilə bir erməni maşınını partladır və 8 erməni quldurunu məhv edir. Serjant Əsgərov Şahin ağır döyüşlərin birində 4 yoldaşı ilə 3 gün mühasirədə qaldıqdan sonra oradan şücaət göstərərək bacarıqla çıxırlar. O, 18.09.1992-ci ildə Hacadağ uğrunda gedən döyüşlərdə Lənkəran batalyonuna bələdçilik edir. Şahin Əsgərov 723-cü hərbi hissədə xidmət edirdi. O, öz qorxmaz cəsarəti ilə başqalarından çox fərqlənirdi. Şahinin qoçaqlığını, şücaətini sadalamaqla qurtarmaz. Şahinin son döyüşü 23 oktyabr 1992-ci ildə Fizuli rayonunun Divanalılar kəndində olub. O, burada qəhrəmancasına şəhid olur.

Xatırladaq ki, Fizuli rayonunun Əhmədalılar kəndindəki Mədəniyyət evi şəhid Şahin Əsgərovun adını daşıyır.

Şəhid Şahin Əsgərovun anası Rəfiqə xanım ümummilli lider Heydər Əliyevlə görüşünü daim xatırlayır. Orada etdiyi çıxışını da: «Biz 1988-ci ildə Ermənistanın Gorus rayonundan Azərbaycanın Fizuli rayonuna qaçqın düşmüşük, oradan da Bakı şəhərinə gəlmişik. Mənim oğlum Əsgərov Şahin şəhid olub. İkinci oğlum Naxçıvan MR-in Sədərək rayonunda hərbi xidmətdə olub və ikinci qrup əlil kimi qayıdıb. Mənim həyat yoldaşım Rəcəb Əsgərov müharibədə Fizuli rayonundan Divanalılar kəndinə mərmi daşıyırdı. Oda orada zədə alıb. Üçüncü uşağım Əsgərov Samir 1986-cı ildən qıcolma xəstəsidir, nevroloji xəstəxananın siyahısındadır. Mən üç əlil anasıyam, ancaq yenə də heç incimirəm, sarsılmıram. Klubda, fəhlələrin otağında yaşayıram, yenə də özümü sındırmıram. Sındırmıram ona görə ki, cənab Prezident, bizim arxamızda Siz dayanmısınız. Siz bizim dayağımızsınız. Siz hər dəfə şəhidlərin xatirəsi qarşısında baş əyəndə, şəhid anaları qarşısında baş əyəndə televizora baxıb ağlayıram. Ona görə ağlayıram ki, mənim oğlum gedib, yurdum-yuvam gedibdir. Sevincimdən gözüm yaşarır ki, bizim Sizin kimi sərkərdəmiz, arxamız var. Mənim Sizə başqa söz deməyimə ehtiyac yoxdur. Onsuz da Sizə çox tərif deyilibdir. Sizə hər bir xoş söz yaraşır. Siz hər cür tərifli sözlərə layiqsiniz.

Cənab Prezident, mənim çoxdankı arzumdur - icazə verin, Sizi öpüm, bağrıma basım. Çox sağ olun».

Bu çıxış həm də bir Şəhid anasının öz rəhbərinə məhəbbətinin tərənnümüdür.

Şahin Əsgərovun komandirləri də onun qəhrəmanlığından iftixarla danışırlar. Xidmət etdiyi hərbi hissənin komandiri Nəsirov Müzəffər Lətif oğlunun dediklərindən: “Şahin Əsgərov hissəmizdə olduğu gündən özünü cox cəsarətli, qoçaq, şücaətli, taktikanı gözəl bilən serjant idi. O, ermənilərin hucumunu dəfələrlə dəf etmişdir. Onun sayəsində düşmən xeyli canlı qüvvəsini itirmişdi. Şahin Əsgərovun göstərdiyi xidmətlər əsgər yoldaşlarının və komandirlərinin qəlbində əbədi yaşayacaqdr. Bizim xalqımız müdrik xalqdır və öz qəhrəman oğullarının şücaətini qiymətləndirən xalqdır. Biz də inanırıq ki, Şahin Əsgərov şəhid kimi öz layiqli qiymətini alacaq”.

Digər komandiri Gözəlov Bəxtiyarın dediklərindən: “Şahin Əsgərov bizə güclü atəş açan, erməni pulemyotçunu susdura bildi. O, hissəmizdə tağım komandiri müavini vəzifəsinə yüksəlmişdi. Biz də inanırıq ki, onun adı qəhrəmanlar sırasında heç vaxt unudulmayacaq və xalqımızın qəlbində əbədi yaşayacaq”.

Hərbi hissə komandiri E.Mehdiyevin dedikləri: “Şahin Əsgərov bir çox əməliyyatlarda igidliklər göstərərək düşməndən qisas aldı. Komandirlər onun bu şücaətini yüksək qiymətləndirərək ona təşəkkür edərək onun rütbəsini artırdılar. Şahin Əsgərov qeyrətli vətəndaş, cəsur əsgər, mehriban, istiqanlı, qayğıkeş yoldaş, eyni zamanda çox ciddi və tələbkar komandir idi. Biz hamımız ona çox böyük ümidlər bəsləyirdik. Onun şücaətləri hər cürə mükafata layiqdir”.

Hacı Tofiq SEYİDZADƏ

Azərbaycanla Özbəkistan və Meksika arasında turizm perspektivləri müzakirə edilib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?