• 22 Aprel 2021

El bir olsa dağ oynadar yerindən

13:42 25/02/21 | Mədəniyyət

Əli Şimşək: “İki yüz il idi ki, millətimiz böyük sərkərdə Nadir şahın
zəfər yürüşlərindən sonra belə tarixi qələbə görməmişdi”

44 günlük Vətən müharibəsi xalqımızın nəyə qadir olduğunu bir daha ortaya qoydu. Bu, hər bir azərbaycanlı üçün böyük qürurverici hadisə oldu. Məhz buna görə də ziyalılarımız mətbuatda Vətən müharibəsi ilə bağlı özlərinin orijinal fikirlərini yazırlar. Bədii ədəbiyyatla, jurnalistika ilə məşğul olanlar da həmin tarixi hadisəni bədii, publisist formada vəsf edirlər. Belə maraqlı şairlərdən, nasirlərdən biri də Azərbaycan oxucularına uzun illərdir ki, yaxşı tanış olan Əli Şimşəkdir.

Əli Şimşək maraqlı dedektiv əsərlərin müəllifi olmaqla yanaşı, həm də bir çox şeirlərin, poemaların müəllifidir. O, Qarabağ hadisələri başlayan dövrdən, yəni 1988-ci ildən həmin hadisələrlə bağlı, millətimizin başına gətirilən bu dəhşətli oyunlar haqqında kəskin süjetli şeirlər, poemalar və hekayələr də yazıb. Onun bu bədii əsərləri də maraqla qarşılanıb, çox oxunub.

Qısa arayış: Əli Şimşək (Bayramov) 1945-ci ilin sentyabr ayının 26-da Masallı rayonunun Böyük Təklə kəndində anadan olub. Bədii yaradıcılığa orta məktəb illərindən başlasa da Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib, prokurorluq orqanlarında çalışdığından yazdığı şeirləri, poemaları, dedektiv hekayələri, povestləri, romanları mətbuatda çap etdirməyib. Amma müstəqillik illərimizdə dostu, şair-jurnalist Sahib Əliyevin təkidi ilə o, bədii əsərlərini çap etdirməyə başlayıb. Bu gün Əli Şimşəyin (Bayramovun) 10-dan çox kitabı işıq üzü görüb. Mən onun “Şamilin səsi”, “Vahimə”, “Göz yaşları”, “Qan ləkəsi”, “Kimsəsiz körpələr”, “Əllinci patronun izi ilə”, “Milyonların mənbəyi” və başqa kitablarını oxumuşam. Bu kitabların hər biri yüksək peşəkarlıqla və çox maraqlı, kofliktli, kəskin qialoqlarla yazıldığına görə maraqlı səhnə əsərləri və kinofilmlər üçün də çox maraqlı ssenarilər ola bilər.

Onunla görüşümüzdə Vətən müharibəsi ilə bağlı fikir mübadiləsi də apardıq.

- Əli müəllim, neçə müddət idi ki, sizinlə görüşüb Vətən müharibəsi ilə bağlı fikirlərinizi oxucularla bölüşmək istəyirdim, amma macal olmurdu. Bu müharibə prokurorluq orqanlarında çalışan peşəkar mütəxəssis və yaradıcı ziyalı kimi sizdə hansı hissləri daha qabarıq ortaya çıxardı?

- Açığı hər bir azərbaycanlı kimi 32 ildir bu nisgil məni də çox möhkəm sarsıtmışdı. Hətta bir vaxtlar Xocalı, Ağdaban və başqa dəhşətli hadisələrlə bağlı özüm sənədlər toplayıb, erməniləri dünya məhkəməsinə vermək istəyirdim. O dəhşətli hadisələrlə bağlı məndə çoxlu sənədli məlumatlar var. Bədii yaradıcılığımda isə bu mövzuda şeirlərim, hekayələrim, publisist yazılarım, müsahibələrim də çoxdur. Bunların içərisində “Vəsiyyət” adlı şeirim və Şeyx Şamilə həsr etdiyim “Min illərdən, min illərə kim yaşayıb, kim qalacaq?” poemamın sonunda Qarabağla bağlı yazdığım misralar da həmin müharibənin acı notlarını ortaya qoyur. “Min illərdən, min illərə kim yaşayıb, kim qalacaq?” poemama 21 oktyabr 2020-ci il tarixində, Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumzun erməni gavurlarını darmadağın etdiklərini görəndə bu sətirləri əlavə elədim:

Min illərdə,

əsrlərdə,

Azərbaycan tarixində

millətimin ürəyinə

zəhər saçan,

bir namərdin,

nanəcibin,

bişərəfin

gülləsitək

köksündə

min sağalmaz

yara açan

erməni tikanını

çıxarıb yox eyləyən

Azərbaycan xalqının

İLHAMI yaşayacaq!!!

Millətimin parçalanmış

yarasına,

on illərlə sağalmayan

erməni xorasına

məlhəm qoyan

əsgərlərim yaşayacaq!!!

Çünki mən fikirləşirdim ki, həmin poemam tamamlanmayıb. Artıq bu misralarla tamamlandı. Amma, açığını deyim ki, dünyanın aparıcı ölkə rəhbərlərinin və Minsk qrupunun məhz ermənilərə kömək etdiyini görüb, hərdən həvəsdən düşürdüm. Fikirləşirdim ki, Qarabağın erməni gavurlarından təmizlənməsini yəqin mən görə bilməyəcəm. Ona görə də 1 sentyabr 1999-cu ildə, “Vəsiyyət” adlı bir şeir də yazmışdım. Övladlarıma bu nisgillə vəsiyyət edirdim. Çünki artıq ömrümün 75 ilini arxada qoymuşdum.

Bir gözüm yaylaqda - şehli çəməndə,

o biri dağların bəyaz buzunda.

Bir gözüm Gəncənin qaymağındadı,

biri padarçölün bal qarpızında.

Bir gözüm Muğanın barlı çölündə,

biri qarlı Qaxın gözəl yazında.

Bir gözüm Alimin segahındadı,

biri Ədalətin telli sazında.

Bir gözüm Bəxtiyar “Muğam”ındadı,

biri Zeynəbimin xoş avazında.

Bir gözüm kəklikdə, turacda qaldı,

biri pərvaz edən Quba qazında.

Bir gözüm bal dadan meyvələrdədi,

o biri bulaqlar gözündə bitmiş

min dərdin dərmanı

dağ yarpızında.

Bir gözüm səmada - qara buludda,

biri ala gözlü “danulduzu”nda.

Bir gözüm limonda, əncirdə, narda,

Biri Lənkəranın gözəl qızında.

Bir gözüm gözəlin simasındadı,

Biri qürrəsində, ədasındadı.

Gözüm gözəllərin şux yerişində,

Şirin ləhcəsində, xoş gülüşündə,

məni dara çəkən işvə nazında…

Gözüm Kəlbəcərin İsti Suyunda,

İsa Bulağında, Cıdır Düzündə,

Laçın dağlarının bulaqlarında,

cənnət Qarabağın oylaqlarında,

Xarı bülbüllərin soraqlarında,

gözəl çiçəklərdə, güllərdə qaldı,

bizim dogma, əziz ellərdə qaldı.

Bilirəm yetişir ömrümün sonu.

Vəsiyyətim budur:

Dəfn edin məni

elə torpaqdaki, elə yerdəki,

əsir Qarabağı azad eyləyən

igid əsgərlərin ayaqlarında

yayılsın Şuşaya nəşimin tozu!

Dözə bilməyirəm,

dözmürəm daha!!!

Siz Allah, bu payız

Dəfn edin məni.

Dəfn edin ömrümün bu payızında,

bu payızında…

Şükür, Böyük Tanrının kəramətinə ki, bizə sağlığımızda Qarabağ qələbəsini görmək, ermənilərin darmadağın olması səhnələrini seyr etmək, onlardan çoxlu texnikanın qənimət kimi götürülməsinin Qələbə paradında göstərilməsi qürurunu yaşamaq nəsib oldu. Bundan da böyük sevinc ola bilərmi?

- Bir ziyalı, yazıçı kimi bu zəfər qələbəsində başqa nələr yaddaşınızda qaldı?

- İlk öncə mən, ölkə başçımız İlham Əliyevə təşəkkürümü bildirirəm. İki yüz il idi ki, millətimiz böyük sərkərdə Nadir şahın zəfər yürüşlərindən sonra belə tarixi qələbə görməmişdi. Bu qələbəni görmək bizə də nəsib oldu. Mən müharibə gedən vaxtı hər gün televizorda Qarabağda gedən döyüşləri, igid əsgərlərimizin qələbələrini, Prezidentimizin azad olunan yerlərin adını deməsini səbirsizliklə gözləyir və mətbuatda yazılan yazıları böyük maraqla oxuyurdum. Sizə bir həqiqəti deyim ki, hər bir rayonumuzun və kəndlərimizin ermən faşistlərindən təmizlənməsini Ali Baş Komandanımız deyəndə, mən sevincdən kövrəlirdim. Çünki mən Qarabağda çox olmuşam. Həmin yerlər mənə çox əziz və doğmadır. Birinci Qarabağ müharibəsindən sonra həmin dədə-baba yurdlarımızdan qaçqın, köçkün gələn həmvətənlərimizi görəndə möhkəm sarsılırdım. Həmin dövrdəki xaosu, hərc-mərcliyi gördükcə, Xalq Cəbhəsinə rəhbərlik edən səriştəsiz, iş bacarmayan, stul davası aparan adamları gördükcə çox əsəbləşirdim. Yaxşı ki, həmin vaxtı xalqın istəyi ilə ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi. Yoxsa vətəndaş müharibəsi olacaqdı və ermənilər Gəncəyə qədər bütün torpaqlarımızı rusların əli ilə işğal edəcəkdilər. Cənubdan farslar və şimaldan isə ruslar Azərbaycanı öz aralarında böləcəkdilər. Daha Azərbaycan adlı ölkə olmayacaqdı. Acı olsa da bu, bir həqiqətdir. Ulu öndər Heydər Əliyevin dəmir yumruğu ilə vətəndaş qırğınının qarşısı alındı. Xaos, hərc-mərclik aradan götürüldü. Həmin Xalq Cəbhəsinin və başqa separatçı qüvvələrin adamları Qarabağda döyüşən öz adamlarını geri çəkdilər. Ermənilər də rusların köməkliyi ilə bundan istifadə eləyib, əlavə 5 rayonumuzu da işgal etdilər. Bunu görən müdrik siyasətçi Heydər Əliyev atəşkəs elan elədi. Çoxlu investorları Azərbaycana cəlb eləyib, Bakı-Tbilisi-Ceyhan neft kəməri planını reallaşdırdı. Ölkənin dağılmış iqtisadiyyatını az bir vaxtda dirçəltdi. Deməli, dahi şəxsiyyət atəşkəslə bağlı əlverişli zaman qazandı. Ona görə də Ulu Öndər atalarımızın bu məsəlini tez-tez deyirdi: “Ağıl olan yerdə gücə heç bir hacət yoxdur”. Cənab İlham Əliyev də dahi rəhbərin kursunu uğurla davam etdirdi. Böyük ölkələrin rəhbərlərini inandırdı ki, ermənilər işğalçıdır və biz öz torpaqlarımızı geri qaytarmaq istəyirik. O, məntiqlə bütün bunları həmin ölkə rəhbərlərinə sübut etdiyinə görə, onlar cənab İlham Əliyevin bu məntiqi qarşısında aciz qaldılar. Mən bütün bunları uzun illər prokuror işləyən mütəxəssis kimi deyirəm. Azərbaycan ordusunun güclənməsi, çoxlu müasir hərbi texnikanın alınması, ölkəmizdə Hərbi zavodun tikilməsi, silah istehsal olunması üçün böyük işlər gördü İlham Əliyev. O, qəti inandı ki, artıq ermənilərlə vuruşmağın zamanıdır. Çünki qardaş Türkiyə, Pakistan, Əfqanıstan və İsrail də tam bizim yanımızda idi. Beləliklə, 2020-ci ilin sentyabr ayının 27-də Vətən müharibəsinə başladı. Elə ilk günlərdən ermənilərin öz ordusu ilə bağlı uzun illər danışdıqları, yaratdıqları mifi, bizim rəşadətli ordumuz ən müasir silahlarla və özlərinin igidlikləri ilə məhv elədi. Artıq Suqovuşan alınandan sonra ermənilərin arasında çox böyük panika düşdü. Füzulidə ermənilərin çox böyük istehkamlarının dağıdılması, darmadağın edilməsi, böyük canlı qüvvələrini itirməsi tam sübut etdi ki, qısa vaxtda biz, bu faşist xislətli gavurları torpaqlarımızdan çıxaracağıq. Şuşanın alınması isə artıq bizim tam qələbəmiz idi. Əgər imkan verilsəydi, bir günə igid əsgərlərimiz Xankəndinə girib, erməniləri diz çökdürəcəkdilər. Bunu bilən ermənilər artıq silahlarını atıb, maşınlara minib, başılovlu Kəlbəcərə tərəf gedib, oradan Ermənistana keçmək istəyirdilər. Atəşkəsin elan olunması və erməni gavurların ağ bayraq qaldıraraq, təslim aktına imza ataması yenə də rusların əli ilə onlara yaşamaq ümidi verdi.

- Elə ruslara güvənən ermənilər, yenə də Qarabağda separatçı əməllərindən əl çəkmirlər. Siz, uzun illər hüquq sahəsində çalışan mütəxəssis və bir ziyalı kimi bu hadisələrin sonunu necə görürsünüz?

- Mən bu hadisələrin sonunu yaxşı görürəm. Çünki biz heç bir güllə atmadan Ağdamı, Kəlbəcəri və Laçını ermənilərdən təmizlədiksə və işğalda olan başqa torpaqlarımızı onlardan zorla da olsa geri aldıqsa, Prezidentimiz gedib Laçının Güləbird kəndindəki Su Elektrik Stansiyasının açılışını edirsə, deməli, tezliklə, Xankəndində də, Xocalıda da, Xocavənddə də Azərbaycanın üçrəngli bayrağı dalğalanacaq. Bunu ermənilərin özləri də yaxşı bilir.Türk sülməramlılarının Qarabağa gətirilməsini kim reallaşdırdı? Əlbəttə, İlham Əliyev. Deməli, hər şeyin zamana ehtiyacı var. Zaman özü müdrik bir müəllimdir. O da bizim xeyrimizə işləyir. Mən, bir ziyalı kimi istərdim ki, xalqımız müharibə dövründə olduğu kimi, yenə də cənab prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşsin. Atalarımızın belə bir məsəli var: “El bir olsa dağ oynadar yerindən”. Belə olsa, tezliklə erməni separatçıları Qarabağdan tam təmizlənər.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

Azərbaycanla Özbəkistan və Meksika arasında turizm perspektivləri müzakirə edilib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?