• 22 Aprel 2021

AXCP və Müsavat yenə də xəyanət yolunda...

10:27 18/03/21 | Gündəm

Siyasi partiyaların işğaldan azad olunmuş ərazilərimizə səfərinə
Əli Kərimli və Arif Hacılı qoşulmağa cürət etmədi

Hakimiyyətin yerli və xarici mətbuat nümayəndələrinin, diplomatik nümayəndəlik təmsilçilərinin, ictimai birlik və sosial şəbəkə fəallarının işğaldan azad olunmuş Qarabağ torpaqlarına səfərlər təşkil etməsi, erməni qəsbkarlarının 30 illik istila dövründə törətdikləri vandalizm izlərini real şəkildə nümayiş etdirməsi, ilk növbədə, belə qənaətə gəlməyə zəmin yaradır ki, artıq dünya ictimaiyyəti də uzun illər onlardan gizlədilən aşkar terrorçuluq münasibətini dərk etməyə, həqiqəti görməyə başlayıb. Çünki bu səfərlər özü-özlüyündə təbii sənəddir – 30 ildə viran qoyulmuş torpaqlarımızın, mədəniyyət abidələrimizin, müxtəlif dini ocaqlarımızın, məzarlarımızın üzərində törədilmiş barbarlığın dəlilli, sübutlu sənədi...

Bu əsnada daha bir vacib və əhəmiyyətli məqam diqqəti cəlb edir: hakimiyyətin təşəbbüsü ilə ölkəmizdə fəaliyyət göstərən müxtəlif yönlü siyasi partiyaların işğaldan azad olunmuş ərazilərimizə səfərinin təşkil edilməsi həm iqtidar-müxalifət münasibətlərinin, dialoq mühitinin yeni məcrada formalaşmasına, həm də reallaşdırılan siyasi islahatlar baxımından onun davamlı xarakter almasına geniş və münbit şərait yaradır. Əbəs deyil ki, müxalifət partiyalarının sədrləri də bu kimi addımları dəstəklədiklərini bəyan edirlər.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu açıqlamasında hisslərini gizlədə bilməyərək qeyd etdi ki, iqtidarın atdığı bu addım və irəli sürdüyü təşəbbüsü yüksək qiymətləndirir: “Bu təşəbbüs yaxın gələcəkdə ölkənin daxili siyasi mühiti və partiyalararası münasibətin yeni formatda təqdim olunması baxımından alqışlanılası addımdır”.

KXCP sədri hər zaman bu kimi təşəbbüslərə dəstək göstərəcəyini bildirib.

Ağ Partiyanın sədri Tural Abbaslı da hesab edir ki, ümummilli maraqlar bütün siyasi maraqlardan üstündür və iqtidarın heç bir siyasi partiyalar arasında fərq qoymadan Qarabağın azad olunmuş torpaqlarına səfər təşkil etməsi yalnız tədqirəlayiq hal olaraq qiymətləndirilə bilər: “Bir var siyasi rəqabət, bir də var siyasi rəqabətə aid olmayan hadisə. Mən bu səfəri ümummilli maraqlarımız baxımından alqışlayıram və düşünürəm ki, bütün bunlar partiyalararası və hakimiyyətlə aparılacaq dialoq mühitinə böyük və müsbət təsirlərini göstərəcək”.

Partiya sədrinin sözlərinə görə, bu, Azərbaycanın dünyaya olan bir mesajıdır ki, hər zaman istər xarici, istərsə də daxili siyasətində konstruktivlik yolunu seçir: “Həmçinin mən özümü bəxtli insanlardan hesab edirəm ki, hazırda işğaldan azad edilmiş torpaqlarımıza ayaq basıram”.

Bu arada daha bir məqam sözügedən səfərə radikal müxalifət partiya rəhbərlərinin qatılmamalarıdır. Xatırlatmaq yerinə düşər ki, hələ Vətən müharibəsi başlayan zaman ölkəmizdə fəaliyyət göstərən bir çox müxalifət partiyaları dxili siyasi maraqların kənara qoyularaq ümumdövlət maraqlarından çıxış edəcəklərini, Ali Baş Komandanın ətrafında birləşəcəklərini əks etdirən bəyanat imzaladılar. Məhz həmin bəyanat imzalanarkən AXCP və Müsavat kimi partiyalar sözün əsl mənasında yaxalarını kənara çəkərək, hətta ümummilli maraqlar çərçivəsindən də çıxış etməyəcəklərini açıq-aşkar nümayiş etdirdilər.

İndi də edilən dəvətlərə və irəli sürülən təşəbbüslərə rəğmən, 27-30 il işğalda qalan torpaqları ziyarət etməkdən də qaçan Əli Kərimli, Arif Hacılı kimiləri sübut etdilər ki, onlar Qarabağ mövzusunu yalnız şəxsi məqsədləri üçün istifadə ediblər və torpaqlarımız azad edildikdən sonra görünür işğalçı düşmənlər qədər onlar da məyus olublar.

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə hesab edir ki, iqtidarın bu təşəbbüsü çox təqdirəlayiq addımdır və belə bir səfərdə iştirak etmək onda yalnız partiya sədri kimi deyil, həm də Azərbaycan vətəndaşı olaraq qürur doğurur. Lakin istər AXCP sədri Ə.Kərimlinin, istərsə də Müsavat başqanı A.Hacılının səfərə qatılmamalarından təəccüblənməyə dəyməz. “Bir halda ki, onlar vaxtilə Qarabağ torpaqlarını satıblarsa, indi onların bu torpaqlara gəlmək istəməmələri bu adamların aşkar düşüncələrinin təsdiqidir. Hazırda ermənilər işğal etdikləri əraziləri sarsıdıcı məğlubiyyətə uğrayaraq necə təhvil verməyə məcbur qalıblarsa, Əli Kərimli, Arif Hacılı kimiləri də onlar qədər pəjmürdə olublar. Bu qələbə onların boğazlarında qılçıq kimi ilişib qalıb”, - deyə ASDP sədri bildirib.

R.RƏSULOV

Azərbaycanla Özbəkistan və Meksika arasında turizm perspektivləri müzakirə edilib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?