• 22 Aprel 2021

Bir mənalı ömrün qısa tarixçəsi

11:53 18/03/21 | İqtisadiyyat

Vahid Süleymanov - 80

Azərbaycanın sənaye quruculuğunda əvəzsiz xidmətləri olan insanlar çox olub. Amma əfsus ki, onların çoxunun əməyi layiqincə qiymətləndirilməyib və onların bu böyük zəhməti haqqında heç nə yazılmayıb. Belə insanlardan biri də Vahid İbadulla oğlu Süleymanovdur.

Keşməkeşli bir ömür yaşayan Vahid Süleymanov 1941-ci ilin 15 fevral tarixində Şəki rayonunun (əvvəlki Nuxa) Cünüd kəndində anadan olub. Böyük Vətən müharibəsi başlayanda Vahidin atası müharibəyə gedib. O, müharibəyə gedəndən 3 ay sonraVahid dünyaya gəlib. Atası müharibədə qəhrəmanlıqla həlak olub. Anası Məkkə 8 il həyat yoldaşının yolunu gözləyəndən sonra, kənddə müəllim işləyən Məmmədlə ailə həyatı qurub. Onların beş qız övladı olub. Məmməd kişi Vahidi öz doğma övladı kimi böyüdüb.

Vahid Süleymanovun anası Məkkə sakit təbiətli bir qadın olub. Çoxlu bayatılar, şeirlər, hekayələr, nağıllar bilirmiş. Vahid uşaq yaşlarından anasından eşitdiyi həmin inciləri öz yaddaşında saxlayıb. Sonralar oxuduqlarını və mənimsədiklərini də onlara əlavə eləyib.

Anası Vahidi ədəbiyyata necə həvəsləndiribsə, o, məktəbin kitabxanasında olan bütün kitabları oxuyurmuş. Ədəbiyyatla birlikdə tarixə, coğrafiyaya da maraq göstərib.

Vahid Laysk kəndindəki orta məktəbi bitirəndən sonra ali təhsil almaq üçün Bakıya gəlir. Arzusu tarix fakültəsinə daxil olmaq olsa da, amma taleyin hökmü ilə Politexnik İnstitutunun “İstilik, qaz təchizatı və ventilyasiyası” şöbəsinə daxil olur. Burada dərslər əsasən rus dilində keçirilirdi. Rus dilini bilməyən Vahid üçün ilk əvvəl çətin olsa da, az bir vaxtda müəllimlərinin köməkliyi ilə bu dili yaxşı öyrənir və ali məktəbi əla qiymətlərlə bitirir. Onu təyinatla Qazaxıstana göndərirlər. Vahid Süleymanovu Şərqi Qazaxıstan vilayətinin Ust-Kamenoqorsk şəhərində yerləşən “Santexquraşdırma” idarəsində işə götürürlər. Gənc mütəxəssislər üçün ayrılan yataqxanada ona yer də verirlər. Savadlı, bacarıqlı və təşkilatçı olduğunu görüb, Vahidi quraşdırma işlərinə rəhbər təyin edirlər. O, az bir vaxtda bu işdə özünü doğrultduğuna görə onu vəzifə pillərində böyüdürlər. Burada işləri yaxşı getsə də Azərbaycan üçün çox darıxan Vahid Süleymanov 1965-ci ildə Bakıya qayıdır və Bakı “Sənaye ventilyasiya” quraşdırma idarəsində iş icraçısı vəzifəsinə qəbul olunur. Həmin vaxt metronun “Bakı soveti” (indiki “İçəri şəhər”), “Sahil”, “28 may”, Gənclik və Nərimanov stansiyalarında ciddi işlər gedirdi. Bu stansiyaları təhvil verməyə hazırlaşırdılar. Burada görüləcək və çox çətin olan ventilyasiya işlərini Vahid Süleymanova tapşırırlar.

1967-ci ildə metro stansiyaları təhvil veriləndə buradakı fəal əməyinə görə o Bakı şəhər İcraiyyə Komitəsinin şəhadətnaməsi və döş nişanı ilə təltif olunur. Bundan sonra onun vəzifə pillərində inkişafı başlayır. 1970-ci ildə Meyvə-Tərəvəz Saxlama kamerasının tikintisində ventilyasiya işlərinin qurulmasına rəhbərlik etdiyinə və bu işin yüksək səviyyədə qurduğuna görə, həm də burada görülən işlərlə şəxsən ulu öndər Heydər Əliyev özü gəlib maraqlandığı vaxt işlərin gedişi haqqında Vahid Süleymanovun savadlı çıxışı xoşuna gəldiyi üçün onun əməyi az bir vaxtda yüksək qiymətləndirilir. Beləliklə, az bir vaxtda o, “Lenin” ordeni, “Qırmızı əmək bayrağı” ordeni və “Şərəf nişanı” ordenləri ilə təltif olunur. 30 yaşlı bir mütəxəssisin belə ordenlər alması doğrudan da böyük hadisə idi.

1975-ci ildə Vahid Süleymanov “Azsantexquraşdırma” trestinin rəis müavini vəzifəsində işləməyə başlayır. O, Azərbaycanın hər yerində tikilən obyektlərin - zavodların, fabriklərin texniki quraşdırma və ventilyasiya işlərinə rəhbərlik edir. Həmin vaxtlar da respublikanın hər yerində çox geniş tikinti-quraşdırma işləri gedirdi. Vahid Süleymanovun daha böyük işlərə rəhbərlik etməyə qadir olduğunu görüb, onu 1977-ci ildə, bir vaxtlar Politexnik İnstitutunda müəllimi olmuş və axırıncı 5-6 ildə onun tabeçiliyində işləmiş, Azərbaycanda tikinti-quraşdırma sahəsində əvəzsiz xidmətləri olan və həmin vaxtı bu sahənin naziri olan Telman Kazımov Vahid Süleymanovu yanına çağırır və onu Bakı “Termoizolyasiya” Quraşdırma idarəsinə rəis təyin edir. Həmin vaxt orada işlər çox pis gedirmiş.

Beləliklə, 1977-ci ildən Vahid Süleymanov burada rəis işləyir və az bir vaxtda bu müəssisədə işləri dirçəldir, müəlliminin inamını doğruldur. Bundan sonra onların iş dairəsi daha da genişlənir. Onlar təkcə Bakıda yox, Sumqayıtda, Gəncədə və başqa yerlərdə termoizolyasiya işlərini görməyə başlayırlar. Bütün bu işlərinə görə Vahid Süleymanov “Əməkdar mühəndis” fəxri adına təqdim olunur. Amma yuxarıdan hansısa “qara əl” həmin adın Vahid Süleymanova verilməsinin qarşısını alır. Azərbaycanın çoxlu rayonlarında tikilən Şərab zavodlarındakı böyük çənlərin istidən və soyuqdan qorunması üçün orada olan termoizolyasiya işlərinin də görülməsinə Vahid Süleymanov rəhbərlik edir. Tələbəsinin bu uğurlarını görən Telman Kazımov Vahid müəllimi 1987-ci ildə yaradılan “Azəristilikquraşdırma” trestinin rəisi təyin edir. Artıq respublikadakı bütün termoizolyasiya idarələri bir yerdə cəmləşir və bütün bunlara Vahid Süleymanov rəhbərlik etməyə başlayır. 1989-cu ildən isə Quraşdırma və Xüsusi Tikinti naziri Telman Kazımov onu özünün müavini vəzifəsinə irəli çəkir. 1991-ci ildə bu təşkilat “Azqur” Səhmdar Firmasına çevriləndə Vahid Məmmədov vitse-prezident olur. Təşkilat yenə də əvvəlki kimi Azərbaycanda bütün quraşdırma və tikinti işlərini yüksək səviyyədə həyata keçirirdi. Bakı-Tiflis-Ceyhan beynəlxalq kəmərinin də bilavasitə çəkilişi ulu öndər Heydər Əliyev tərəfindən məhz bu təşkilata həvalə olunmuşdu. Telman Kazımovun rəhbərliyi və Vahid Süleymanovun maraqlı ideyaları nəticəsində bu iş yüksək səviyyədə və vaxtından əvvəl yerinə yetirildi. Dahi rəhbər Heydər Əliyev onların bu əməyini çox yüksək qiymətləndirmişdi.

Bütün bu illərdə Vahid Süleymanovun bilavasitə təşkilatçılığı və rəhbərliyi ilə təkcə Azərbaycanda yox, MDB məkanında da yüzlərlə zavodlar, fabriklər və başqa obyektlər qurulub. Bütün bunları sadalasaq, böyük bir kitabın mövzusu edər. Və adam inana bilməz ki, bu qədər işlərə məhz bir insan, Vahid Süleymanov rəhbərlik edib.

Artıq ömrünün 80-ci baharını arxada qoyan Vahid İbadulla oğlu Süleymanovun fevral ayının 15-də keçirilən yubileyində mən də iştirak elədim. Vahid müəllim əgər istəsəydi həmin ad gününə 100-dən artıq şəxsi dəvət edə bilərdi. Amma həmin yubileyə özünün ən yaxın adamları, dostları və ailə üzvləri gəlmişdi. Cəmi 30 nəfər. Burada olan dostları Vahid Süleymanovun keçdiyi şərəfli, çətin həyat yolunu danışdıqca, mənim onun haqqında bilmədiyim çox söhbətlər aydınlaşdı və Vahid müəllim gözlərim qarşısında bir daha böyüdü...

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

Azərbaycanla Özbəkistan və Meksika arasında turizm perspektivləri müzakirə edilib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?