• 22 Aprel 2021

Rəssam rəsmlərinin aşiqidir

11:10 01/04/21 | Mədəniyyət

Qadın gülərsə...

Onunla “Qafqaz Media” İctimai Birliyinin təşkil etdiyi tədbirdə tanış oldum. Xətai Sənət Mərkəzində keçirilən tədbirdə ilk öncə məni cəlb edən məkanın özünəməxsus abu-havası, fərqliliyi oldu. Etiraf edim ki, ilk dəfə gördüyüm bu mərkəzdə mənim üçün hər şey maraqlı idi. Hər tərəfdən hiss olunan sənət qoxusu insanı cəlb etməyə bilməzdi. Zal başdan-başa sənət əsərləri, maraqlı rəsm tabloları ilə gözlərlə yanaşı, insanın zövqünü də oxşayırdı. Lakin elə əsərlər də vardı ki, oradakı məna və incəliklər rəssam fırçasının arxasında gizlənmişdi və bunu anlamaq o qədər də asan deyildi. İştirakçılar arasında bir xanımın mərkəzin əməkdaşı ilə rəsmlərin dili ilə apardığı yaradıcı söhbət, fikir mübadiləsi diqqətimdən yayınmadı. Seyr etdiyimiz eyni tabloda bizim görüb və anlaya bilmədiyimiz məqamların çox rahatlıqla incəliklərinə vardığını duyduğumdan, onunla maraqlanmaq hissini boğa bilmədim. Öyrəndim ki, “Qafqaz Media” İctimai Birliyində sədr müavini olan bu xanım heç demə həm də rəssam imiş. Elə orada onu rubrikamızın qonağı etmək fikrinə düşdüm. Və sonda müsahibə üçün görüşdüyüm həmsöhbətimin tək rəssam olmadığını öyrəndim. İstədim ki, onu siz də tanıyasız. “Qadın gülərsə” deyən bugünkü qonağımız Elza Fatehdir. Bu adın arxasında daha nələrin gizləndiyi düşünürəm ki, oxucularımız üçün də maraqlı olacaq.

ADDIM

1978-ci ilin yay ayında mənim üçün yer üzünün ən gözəl məkanı olan Şəkidə sadə bir ailədə dünyaya gəlmişəm. Şəkidəki 19 saylı məktəbi, daha sonra Pedaqoji Texnikumun incəsənət şöbəsini bitirmişəm. Təhsil aldığım zaman artıq ailəli olduğumdan, həyat yoldaşım işləməyə icazə verməyib. Lakin bir işin qulpundan yapışıb irəliləmək, inkişaf etmək həvəsim, istəyim çox böyük olduğundan, kiçik biznesimi qurmağa müvəffəq olaraq, öz ayaqlarım üstə dayanmağı bacarmışam. Əgər insanın içində yaradıcılıq közü varsa, o mütləq nə vaxtsa, hardasa özünü biruzə verəcək. İllər sonra Əli Kərim adına “Poeziya” klubunun nəzdində jurnalist-reportyor ixtisası üzrə kursu bitirdim və bu yol məni “Qafqaz Media” İctimai Birliyinə gətirdi. Hazırda təşkilatın sədr müavini olmaqla yanaşı, xəyalını qurduğum işlərimi də həyata keçirə-keçirə öz yolumla yürüyürəm.

OCAQ

Çox zəhmətkeş, beş övladı olan ailənin üçüncüsüyəm. Atam Baba Məhərrəmov əsasən meyvəçiliklə məşğul olub. İlin yaz-yay mövsümündə Rusiyada çalışardı. Qış aylarında yanımızda olar, bağbanlıq, ustalıq edərək bizim bütün ehtiyaclarımızı təmin edərdi. Evimiz başdan-ayağa halallıq içində olub və bizləri də buna alışdırıblar. Anam Gülşən xanım evdar qadın olsa da, çox zəngin dünyagörüşünə malik bir insan idi. Onun dəyərli məsləhətləri bu gün də mənim köməyimə gəlir. Anamın həyat prinsipi yaxşılıq və xeyirxahlıq olub. Mənə danışdıqları arasında diqqətimi daha çox cəlb edən Hacı Zeynalabdin Tağıyev haqqında oxuyub bildikləri idi. O şəxsiyyət haqqında anam elə ehtiramla danışardı ki, kiçik yaşlarımdan ehtiyacı olanlara gücüm yetən qədər kömək olmağı özümə bir vəzifə bildim. Və bu hissi mənə aşılayan anama sonsuza qədər minnətdaram. Nə yaxşı ki, Tanrı mənə belə valideynlər nəsib etməklə, həyatda doğru-düzgün addımlamağı nəsib edib. Allah bütün valideynlərin məkanını cənnət etsin!

RƏSSAM

Rəsm çəkməyə uşaqlıqdan həvəsli olmuşam. Bu da mərhum atamdan mənə qalan mirasdı, çünki o da gözəl rəsmlər çəkərdi... Məktəbdə də rəsm fənninə fərqli münasibətim vardı. Evə gəlib deyəndə ki, bu gün əla qiymət almışam, dərhal bilirdilər ki, bu “5” rəsmdəndi. Tale elə gətirdi ki, ailə həyatını tez qurdum və heç demə Tanrı qismətimə bir rəssamla ömür-gün yoldaşı olmağı yazıbmış. Mənim rəssamlığa olan marağımı biləndən sonra o, incəsənət üzrə təhsil almağıma şərait yaratdı ki, eyni yolda yürüyək. Düzdü, sonralar həyat yoldaşım rəssamlığın başqa səmtinə üz tutsa da, mən öz yolumda qaldım. Etiraf edim ki, kiçik oğluma görə bir qədər yaradıcılığa ara verməli oldum, lakin artıq yenidən başlamağa qərar vermişəm. Qeyri-təvazökarlıq kimi səslənsə də, əl qabiliyyətim həmişə gözəl olub və təriflənib. Yoldaşımın rəssamlıqdakı istiqamətinin dəyişməsi də, mənim bu sənətdən uzaqlaşmağıma təsir etdi. Çünki yaşadığım yerdə rəssama maraq və qiymət çox da yüksək deyildı və bunlar mənim əlimi sevdiyim sənətdən soyutdu. Əslində rəssamlar tərki-dünya olan insanlardı. Onlar üçün əhətə, çevrə deyilən bir anlayış yox olur. Çünki onlar özlərini yaratdıqlarına həsr edir. Rəssam yaratdığı əsərdə özünün həyatını təsvir etməyə çalışır. Hər ştrixdə, seçdiyi boyanın, aldığı çalarların özündə belə, rəssamın özü mütləq var. Bəzən rəssam elə tablo, elə abstrak əsər yaradır ki, kənardan baxan bunu anlamır və “cızma-qara” hesab edir. Amma əslində bu, əlində fırça olan bir insanın həyat hekayəsidi, onu hər kəs dərk edə bilmir. Sərgiyə tamaşa etməyə gələn seyrçi rəssam qədər düşüncəyə malik olmalıdı ki, onun nə demək istədiyini anlaya bilsin və zövq alsın. Belələri də tək-tük olur. Rəssam portret yaradarkən yalnız gördüyü cizgilərlə işləsə, soyuq bir tablo alınar. O ilk növbədə qarşısındakı insanın xarakterini tutaraq, beynində canlandırdıqdan sonra portreti işləməyə başlayır, başqa cür mümkün deyil. Rəssam baxıb gördüyünü çəkərsə, bu, surətçıxarma olur. Rəssamın yaratdığında onun təxəyyülü, düzgün istiqaməti, seyrçini düşündürəcək və onu dərk edə biləcək məqamlar varsa, bu, əsl əsərdi. Bir əsər rəssam həyatının aylarla, illərlə ömrünü ala bilir. Və onun ömründən gedən bu zaman kəsiynə dəyər verilməyəndə, sənət donur. Bax, elə bu səbəbdən də, rəssamların əksər qismi qardaş Türkiyəyə üz tutur, çünki orada rəssam əsl dəyərini ala bilir. Mən rəssamlıqda portretlərə, bir də mənzərə təsvirlərinə çox üstünlük verirəm, çünki onları işləyəndə daha rahat oluram. Rəssamlıq Allahın bəxş etdiyi bir vergidi. Başqalarının görə bilmədiyini o, mütləq görür. Elə insanlar var ki, ətrafdakılar ona məhəl qoymur, dəyər vermir. Lakin əsl rəssam o insandakı bir cəvahiri üzə çıxarmaqla, onu kəşf edir. Buna görə də el arasında “rəssamın üçüncü gözü var” deyilir. Rəssamların eyni dili var və onlar bir-birini yaxşı anlayır. Adi insan isə rəssamla ünsiyyətə girəndə onu anlamaqda çətinlik çəkir, çünki onun dünyasından bixəbərdi. Rəssam rəsmlərinin aşiqidi. O, özünü yalnız işlərinə həsr edir, ətrafda baş verənləri görmür. Heç uzağa getmədən bu eşqi həyat yoldaşımın sənətinə olan vurğunluğunda görürəm. Rəssam ətrafındakı insanları özündən çıxara biləcək qədər böyük səbr sahibidi və buna əsl mənada həsəd aparmaq olar. Yaradıcılıq heç bir məcraya sığmayan axar sudu, onun qarşısını nə qədər kəssən də, mütləq özünə bir yol tapıb axmağına davam edəcək. Artıq sevdiyim sənətə dönmək niyyətindəyəm, lakin heykəltəraşlıq üzrə. Və düşünürəm ki, içimdəki həvəs, istək buna yol aça biləcək.

ELZA

İstəmirəm bu yanlış anlaşılsın, lakin bu gün məndə rəssamlara qarşı bir növ paxıllıq hissi var. O mənada ki, niyə dayandım, niyə eləmədim, mən bacarmadım suallarının əziyyətini çəkirəm… Nə var-dövləti, nə bər-bəzəkli evləri, nə bahalı geyimləri, nə dəbdəbəli həyatı olanlara həsəd aparmamışam, bu, mənim təbiətimə xas deyil. Yalnız sənətimdə geridə qaldığıma görə həsəd aparıram və bunu etiraf da edirəm. Axı, mən bunu edə bilərdim, özü də daha yüksək səviyyədə. Amma etmədim, onlarsa, etdi. İndi bu həsəd içimi yeyib-tökür. Təhsil alanlara, savadı olanlara həsəd aparıram. Məndə bu bacarıq olduğu halda, onlara çata bilmədim. Həmişə hüquqşünas olmaq istəmişəm. Lakin bu, mənim bacıma qismət olsa da, bir diplom şəklində də qaldı. O diplom məndə olsaydı, özümə güvənərək deyirəm ki, peşəkar bir hüquqşünas olardım. Erkən qurduğum ailə həyatı buna imkan verməsə də, məni rəssamlıq bacarığımı dəyərləndirib bu sahədə təhsil almağa yönəldən həyat yoldaşıma minnətdaram. Artıq heykəltəraş rəssam və ipək üzrə rəssam kimi fəaliyyətə başlamaqda çox qərarlıyam, çünki qarşıma məqsəd qoymuşam. Keçdiyim jurnalistika kursu mənim üçün bir həvəs olaraq, rəssamlıqda olan boşluğu doldura bildi. Məqsəd və məramı xeyriyyəçilik olan “Qafqaz Media” İctimai Birliyi ruhuma yaxın olan məhz bu işlərinə görə məni cəlb etdi. Bu təşkilatda çalışdığım müddət ərzində birliyin sədri Azadə xanım Talehlə birlikdə irili-xırdalı çox tədbirlər keçirib, layihələrə imza atmışıq. Bir qəlbi sevindirmək, yıxılana dayaq olmaq, kimsəsizin başına sığal çəkmək, ümidsizə yaşamaq həvəsini qaytarmaq, ehtiyacı olanın yanında dayanmaq – bütün bunlar müqəddəs kitabımız “Qurani-Kərim”dən bizə tövsiyə olunan əməllərdi ki, onlara riayət etməyə borcluyuq. Məktəb yaşımdan mənimlə yol-yoldaşı olan bu əməllərdən danışmağı sevmirəm. Əgər Tanrı buyurursa ki, sağ əlin verdiyini sol əl bilməməlidi, bizlər buna mütləq şəkildə itaət etməliyik. Və nə qədər canımda can, bədənimdə qüvvəm varsa, deməli mən də bu yolda varam. Lakin ailəmin, övladlarımın rifahı mənim üçün çox vacib və əhəmiyyətlidi. Aralarında böyük yaş fərqi olan iki oğlumuz var. Onların ehtiyaclarını istədiyim kimi ödəməsəm, rahatlıq tapmaram. İşlərimi elə qururam ki, ətrafımda olan insanlar narahatlıq yaşamasın. Atamı itirəndə ağır zərbə alsam da, anamın varlığı ilə təsəlli tapdım. Anam dünyasını dəyişəndən sonra həyat mənim üçün dəyərini itirdi sanki. Bir övlad kimi yükünü daşımağa çalışdım, lakin hələ də özümü qınayıram ki, niyə onu yaşada bilmədim, o xəstəliyə qalib gəlməyə gücüm yetmədi... Verən də, alan da tək bir olan Allahdı – bunu bilsəm də, yenə də özümü ovundura bilmirəm. Evdə olanda ən çox sevdiyim məkan mətbəxdi. Bişirməkdən, qonaq qarşılamaqdan çox zövq alıram. Biz şəkililərin şirin dili hər şeyə yetər və bununla fəxr edirəm. İtirdiyim illərə görə çox heyfsilənsəm də, düşünürəm ki, hələ də gec deyil. Atalar deyib ki, hər şeyi zamanında etmək lazımdı. Və mən də itirdiyim zamanı etmədiyim və edəcəyim işlərlə doldurmağa çalışacam.

VƏTƏN

Cəmi beş hərfdən ibarət bu bir kəlmənin çəkisi, ağırlığı ölçüyə gəlməz desəm, yanılmaram. Bu ağırlığı mən dünya hərb tarixində birinci yeri tutan 44 günlük Vətən müharibəsində dərk etdim. Biz çox şeyə qadir imişik, bunu dünyaya sübut etdik. Vətən budu... Otuz il atlarımızın izinə qarışan itlərin izi torpaqlarımızda meydan suladı. Amma illərin “sevinci” 44 günə burunlarından gəldi. Vətən budu.. Analar: “Bizə torpağımız lazımdı” deyib oğullarını şəhid olmağa göndərdi. Vətən budu... Şuşanı bizə göz dağı edib, acıq verib, torpağında yallı gedən şərəfsizlərin boğazını gəmirərək, göz açmağa imkan verməyən oğullar, otuz ildən sonra orada tonqal qalayıb baharı qarşıladı. Vətən budu... Xoşbəxtəm ki, MƏN HƏR BİR VƏTƏNDAŞIN PREZİDENTİYƏM deyən dövlətimin rəhbəri Qarabağ adlı yükü övladlarımızın çiynində qoymadı.

QADIN GÜLƏRSƏ

Mənə etimad göstərib rubrikanıza dəvət etdiyiniz üçün qəzetinizə təşəkkür edirəm. Vətən müharibəsi bitəndən sonra tez-tez şəhid və qazi ailələrinin qapısını döyürük. Bir qapının arxasında gözüyaşlı, o birinin arxasında qəmli, digərinin arxasında ümidli, sevinclə kədər arasında qalan qadın baxışları ilə rastlaşırıq. Uzun müddət gördüyüm mənzərə qözlərim önündən çəkilmir. Dünya bizim qadınların kim olduğunu gördü. Biz isə bütün dünya qadınlarına yalnız təbəssüm, gülüş saçan çöhrə arzu edirik.

SON SÖZ

Müsahibə boyu masanın o biri başında qarşısındakı rəngli qələmlərlə şəkil çəkən, tez-tez əlinin arxası ilə ona mane olan uzun saçlarını geri ötürən 6-7 yaşlarında bir oğlanı hey izlədim. Sonda çəkdiyi şəkili göstərərək mənə izah etməyə başladı. Adı Fateh olan bu oğlan bəlkə də incəliklərinə varmadan bir ailə tablosu yaratmışdı. Hər səliqəsi olan bir həyət, yaşıllıq, özünün düşündüyü ev... Əlinin işindən hiss olunurdu ki, ata-anadan gələn bu sənət artıq öz rüşeymlərini atıb. Kim bilir bəlkə də bu evdə nə zamansa dünya rəssamlıq sənətini öz əsərləri ilə fəth edəcək rəssam Fateh böyüyür. Arzumuz çin olsun!!!

Tamilla TEYMURQIZI

Azərbaycanla Özbəkistan və Meksika arasında turizm perspektivləri müzakirə edilib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?