• 22 Aprel 2021

Şəhidliyin uca zirvəsində dayanan dağ vüqarlı igid: Orxan Dənziyev

11:25 01/04/21 | Digər

Vətənini ürəkdən sevən, çəkinmədən onun yolunda şirin canından keçən mərd oğullardan biri də Orxan Mübariz oğlu Dənziyevdir. Lerik rayonu, Laman kəndindən olan bu dağ vüqarlı igid ulu yurd yerimiz Qarabağ uğrunda gedən haqq savaşımızda şəhid olanda ömrünün 18 ilini yaşayırdı. Qaldı ki, bu qısa zamanda göstərdiyi hünərlə tarixin yaddaşında iz qoymaqla, 44 günlük şanlı zəfərimizin qəhrəmanlıq simvoluna döndü.

Orxan yetkinlik yaşına çatanda onun əməllərində Vətənə, millətə, insanlığa bir sevgi görünür. Yurduna, elinə daha çox fayda vermək məqsədilə Kollec də bitirir. 2020-ci ildə Milli Ordu sıralarına yola düşəndə əsas amalı sinəsini yanar od edib təcavüzkar erməni dığaların bağrını çatlamaq olur. Ürəyinin bu istəyini əsas götürərək əsgərlik həyatı ön cəbhədən başlanır. Çox keçmir nümunəvi xidməti, hərbi təlimlər zamanı döyüş igidliyi, ən əsası torpağına bağlılığı onu əsgərlərin, komandirlərin sevimlisinə çevirir. Orxan cəbhə xəttində dəfələrlə yağı düşmənlə qarşı-qarşıya gəlir. Həmişə də dığaların layiqli cəzalarını verməyi bacarır.

Artıq üç ay idi əsgər Orxan Dənziyev Vətən qarşısında övladlıq borcunu ləyaqətlə, vicdanla yerinə yetirirdi. İkinci Qarabağ müharibəsi başlanır. Orxan tərəddüd etmədən müharibə meydanına girir və 30 ilə yaxın Vətən torpaqlarını əsarətdə saxlayan düşməndən sona qədər döyüşərək qisasını alacağına and içir. Ağdərə-Tərtər istiqamətində cəngavər kimi döyüşərək erməni dığalarına ağır itkilər verir. Torpağın hər qarışı uğrunda can qoyan, mərdliklə vuruşan Orxan 2020-ci il 15 oktyabrda qəfil atılan yağı gülləsinin qurbanı olur.

Orxan 18 yaşında özünü Vətəninə fəda etdi. Bu qəhrəmanlıq adını tarixə yazmaqla, həm də onu bütün Lerik camaatı üçün əbədi parlaq günəşə çevirdi. Dövlət tərəfindən ölümündən sonra layiq görüldüyü “Vətən uğrunda” medalı isə Orxanın göstərdiyi misilsiz şücaətinə verilən ən dəyərli qiymətdir…

Zəfər ORUCOĞLU

Azərbaycanla Özbəkistan və Meksika arasında turizm perspektivləri müzakirə edilib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?