• 22 Aprel 2021

Milli-mənəvi dəyərlər insanı təkamülə aparan davranış qaydalarıdır

12:00 01/04/21 | Sosial

Zəngin dünyəvi irsə malik milli-mənəvi dəyərlərimiz Azərbaycanın tarixi sərvətidir

Şərqlə Qərb arasında keçid rolunu oynayan, sivilizasiyalararası dialoq mərkəzinə çevrilən Azərbaycan fərqli dəyərlərin mövcud olduğu bir dövlətdir. Azərbaycan Şərqin bir parçası, eyni zamanda Qərb inkişaf yolunu hədəfə almış gənc respublikadır. Bu mənada milli-mənəvi dəyərlərimizin müasirliklə vəhdəti artıq həyat tərzimizə çevrilmişdir. Beləliklə, xalqlar arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı ustadlığı və təbliğ etdiyi ideyaları, adət-ənənləri, milli xüsusiyyətləri ilə dünya sivilizasiyasında özünəməxsus yer tutur. Deyilən bu mənəvi dövrün, mövcud şəraitin və ictimai quruluşun ruhuna, tələblərinə uyğun cilalanır, yeni forma və məzmun kəsb edir.

Təbii ki, qloballaşan dünyada milli dəyərlərimizi unutmamalı və bu dəyərlərə sadiq qalmalıyıq. Hər bir ölkə və xalq üçün onun milli dəyərləri hər şeydən üstün tutulmalı və digər xalqların dəyərləri ilə ziddiyyət təşkil etməməlidir. Bu baxımdan biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı, xoş münasibətləri, səmimi dostluğu nəzərdə tuturuq.

Məlumdur ki, milli dəyərləri hər bir xalq özü yaradır, yaşadır və gələcək nəsillərə ötürür. Milli dəyərlər  xalqın mövcudluğunun göstəricisi və mədəniyyətinin ən vacib hissəsidir. Tariximiz, dilimiz, dinimiz, milli-mentalitetimiz, adət-ənənələrimiz, ədəbiyyat və incəsənətimiz milli-mənəvi dəyərlərimizdir. Bu dəyərləri qoruyub-saxlamaq, yaşatmaq və nəsildən-nəsilə miras qoymaq ən ümdə vəzifəmizdir.

Azərbaycan xalqı hər zaman öz mübarizliyi ilə seçilib, bu mübarizliyini tarixin bütün səhifələrində təcəssüm etdiribdir. Sovet hakimiyyəti dönəmində xalqımızın milli dəyərləri əlindən alınmağa, soykökümüz, dinimiz və adət-ənənələrimiz unutdurulmağa çalışılsa da, hər zaman öz dəyərlərimizə sahib çıxmağı bacarıb və bu günkü nəsillərə də aşılamağa nail olmuşuq.

Milli dəyərlər hər bir Azərbaycan vətəndaşı üçün doğma, əziz və müqəddəsdir. Bu, həm də milli ruhun, milli şüurun simvolu olaraq tarixi yaddaşın fundamental prinsiplər əsasında formalaşması deməkdir. Müstəqilliyini bərpa edən xalqımızın əlindən zorla alınmağa və unutdurulmağa çalışılan milli-mənəvi dəyərləri və milli özünüdərkini formalaşdırması üçün zəmin yaranmağa başladı. Müasir tariximizin səhifələrində yer almış milli oyanış dövründə millətin həmin dəyərlər uğrunda canından belə keçməyə hazır olması xalqımızın milli dəyərlərə sadiqliyinin nümunəsidir.Məhz bunu nəzərə alan ulu öndər Heydər Əliyev deyirdi: “Bizim hamımızın bir vətəni var - bu Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır. Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır”.

“El bir olsa dağ oynadar yerindən” - deyib aqillər. Xalqımız bu gün də bu dəyərləri yaşadır və Vətənin dar günündə bir yumruq kimi birləşərək çətin günün ömrünü azaldır və parlaq gələcəyə yollar açır.

Bu gün Azərbaycan xalqı azad və suveren dövlət quraraq mədəni-iqtisadi islahatlar aparmaqla öz tarixinə qayıdır, demokratik ölkələrin təcrübələrindən istifadə edir. Xalqımız, millətimiz keçmişin bütün buxovlarından azad olduqdan sonra əlindən zorla alınmış milli-mənəvi dəyərlərin, milli özünüdərkin formalaşmasına yeni zəmin yarandı. Müasir tariximizin səhifələrində yer almış milli oyanış dövründə millətin həmin dəyərlər uğrunda canından belə keçməyə hazır olması, xalqımızın milli dəyərlərə sadiqliyinin nümunəsidir.

Azərbaycan dili də bizim milli sərvətimizdir. Bu dilin qorunub inkişaf etdirilməsində dövlətlə yanaşı, Azərbaycanın hər bir vətəndaşı da yaxından iştirak etməlidir. Ana dilini xalqın tarixi milli xəzinəsi adlandıran ulu öndər Heydər Əliyev deyirdi: “ Bizim çox gözəl, zəngin və cazibədar dilimiz var. Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, dövlət dilini mükəmməl bilməlidir. Gənclərə tövsiyə edirəm ki, əgər kimsə bu barədə çatışmazlığı varsa, çalışsın bunu aradan qaldırsın. Xarici ölkələrdə təhsil alarkən, həmin ölkələrin dilini öyrənərkən öz ana dilinizi heç vaxt unutmayın və öz ana dilinizi heç vaxt başqa dilə dəyişməyin. Xalqın, millətin, insanın öz ana dilindən əziz heç bir şey ola bilməz”.
Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, dünyada gedən qloballaşma prosesi və informasiya əsrinə daxil olmaq milli-mənəvi dəyərlərimizin bir qədər itirilməsinə səbəb oldu. Bunun əsası isə 80-ci illərin sonu - 90-cı illərin əvvəlində qoyuldu: "Bu  istiqamətdə müxtəlif  profilaktik işlər aparılmalıdır deyə düşünürəm. Milli-mənəvi dəyərləri qorumaq bu gün əslində heç də asan deyil. Nəzərə almaq lazımdır ki, bu gün gənclərin bir çoxunun internetə çıxışı var. İnformasiya isə bir istiqamətdə ötürülmür. Xarici filmlər, sosial şəbəkələr vasitəsilə  dünyaya inteqrasiya gənclərin psixologiyasına təsir edən mühüm  amillər sırasındadır. İnsanlar arasındakı gərginlik və stress də təsir edən faktorlar qisminə aid olunur. Bu isə istər milli-mənəvi, istər ailə dəyərlərinin itməsinə, istərsə də müəllim - şagird, valideyn - övlad münasibətlərinə öz təsirini göstərir. Milli-mənəvi dəyərlərimizi gənclərə təlqin etmək üçün ilk növbədə maarifləndirmə işləri aparılmalıdır. Bundan başqa, milli-mənəvi dəyərlərimiz dərindən təhlil edilib araşdırılmalı və bu istiqamətdə əsaslı tədbirlər görülməlidir. Yalnız bu halda hansısa nailiyyət əldə bilərik”.

E.Rüstəmov qeyd edib ki, milli-mənəvi dəyər anlayışını gənclərə təlqin etməyin müxtəlif üsulları var: "Örnək olaraq qardaş ölkə Türkiyəyə baxmağımız yetərlidir. Türkiyə Avropaya bizdən daha tez inteqrasiya edib. Lakin bununla yanaşı, onlar üçün mühüm olan ilk növbədə vətənpərvərlik və milli-mənəvi dəyərləridir. Onlar vətənpərvərliyi təkcə müharibə etməkdə görmürlər. Gənclərdə bayrağa, vətənə, millətə sevgini kiçik yaşlarından aşılayırlar. Onlar bununla bəzi şeylərin müharibəsiz də mümkün ola biləcəyini dünyaya bəyan edirlər. Bu gün Azərbaycan gəncinə milli-mənəvi dəyərlərimiz təlqin edilməlidir.  Düşmən zatən bəllidir. Ona görə də bu istiqamətdə hər bir gənc öz üzərinə düşən vəzifəni yerinə yetirməli olduğunu dərk etməlidir. Əgər bu gün gənclərimizin bir hissəsi cəbhədə vuruşursa, digər bir hissəsi elm, təhsil sahəsində irəli getməlidir. Hər kəs əlinə silah ala bilməz. Ancaq hər kəs olduğu yerdə öz dövlətini, dəyərlərini müxtəlif üsullarla müdafiə edə bilər. Mühüm olan gənclərimizə bunun öyrədilməsidir. Bu gün dünyanın bir çox ölkələrində gənclərimiz təhsil alır, işləyir. Onlar bizim milli-mənəvi dəyərlərimizi dünya müstəvisində tanıtmalıdır. Bunun üçünsə valideynlər öz övladlarına bu ruhda, bu istiqamətdə tərbiyə verməyi bacarmalıdır. Uşaq öz dövlətini, bayrağını tanımalı, adət-ənənəsinə, milli dəyərlərinə yaxından bələd olmalıdır”.

Bəli, Azərbaycan bu gün müasirləşən, Avropa və dünya birliyinə sürətlə inteqrasiya edən ölkədir. Təbii ki, müasir dünyada sürətlə davam edən qloballaşma prosesləri bizim də ölkədən yan keçməyib. Buna baxmayaraq, qloballaşma adı altında öz milli dəyərlərimizi unutmamalı və bu dəyərlərə sadiq olmalıyıq. Hər bir ölkə və xalq üçün onun milli dəyərləri hər şeydən üstün tutulmalı və digər xalqların dəyərləri ilə ziddiyət təşkil etməməlidir. Bu baxımdan biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı, xoş münasibətləri, səmimi dostluğu nəzərdə tuturuq.

Cavanşir QƏDİMOV

Azərbaycanla Özbəkistan və Meksika arasında turizm perspektivləri müzakirə edilib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?