• 22 Aprel 2021

Baloğlan Əşrəfov: Əllərim əlinə dəymir nə vaxtdır...

12:12 01/04/21 | Mədəniyyət

Musiqi dünyamız

 

(Esse)

 

Mavi ekranda gedən verilişlərin birində Respublikanın Əməkdar artisti Baloğlan Əşrəfov “Əllərin əlimə dəymir nə vaxtdır” mahnısını oxuyarkən dəvət olunanların necə kədərləndiklərini, hətta bəzilərinin isə göz yaşlarını saxlaya bilmədiklərini görüncə bu müğənninin həqiqətən də, könülləri fəth etməsinə heç şübhəm qalmadı. Adətən, oxucular hər hansı bir əsəri oxumağa başlayanda bir neçə səhifə yox, elə ilk səhifəsindən əsərin dərin və ya dayaz olmasını çox gözəl başa düşürlər. Elə mahnı da belədir. O, elə ilk anlarından - musiqinin qanadlanıb könüllərə yol tapmasına qədərki məsafəsində özünü çox aydın göstərir, yəni onu dinləmək olar və ya heç dinləmək olmaz.

Müğənninin bu lirik mahnısı da elə ilk ifadan dinləyicini öz aurasına alır, onu sanki ovsunlayır, mahnını axıra qədər dinləməyə sövq edir. Bəzən bu mahnı dinləyicinin o qədər xoşuna gəlir ki, onu təkrar-təkrar dinləyir və hər dəfə də bu dinləmələri ona böyük zövq verir.

Əllərim əlinə dəymir nə vaxtdır,

Elə bil qanadı qırılmış quşam.

Bu ömür yoluna çox gözəl keçib,

Tək sənin eşqinə möhtac olmuşam.

Əllərin əlimə dəymir nə vaxtdır,

Sanki dünyam mənə inan dar gəlir.

Ömrümüz mənasız, ömrümüz viran,

Vallah, yaşamaq da mənə ar gəlir.

Əllərim əlinə dəymir nə vaxtdır,

Sanki dünyam mənə inan dar gəlir...

Mahnı bir də ona görə zərif, ona görə həlim, ona görə şirindir ki, onu Baloğlan müəllim oxuyur. Bu mahnını kimsə oxusaydı, onda olan qəmliliyi, kədəri, sevgi duyğularını Baloğlan Əşrəfov kimi verə bilməzdi və nəticədə də, mahnının taleyi bütövlükdə həll olunardı. Lakin Baloğlan müəllimin boğazındakı şirinlik mahnıya münasibətimizi dəyişməsə də, həsrət buzlarını əridə bilmir, sanki onun özü nakam bir sevginin mübariz qəhrəmanına çevilir. Bu dünya nə qədər gözəl olsa belə, sevgilisinin yoxluğu onu eşqinə möhtac qoymuş, dünyanı ona dar etmişdir.

İlk baxışdan fikirləşirsən ki, burada uzun vaxt ərzində sevgilisindən ayrı düşən, onun əllərini əlinə ala bilməyən aşiqin iztirabları, ürək çırpıntıları, sızıltıları hər bir sevən kəsə məlumdur, yəni hamı bu hissləri keçirib və fikirləşirsən ki, burada təzə heç nə yoxdur. Xeyir! Bu mahnıda hər şey var! Səsin sözlərə yatımı, həsrətin saflığı, inandırma məharəti, musiqinin harmoniyası və sonda vəfalılığın ölüm ayağında da “sən deyəcəyəm”lə ifadə olunması bir eşq dastanının elə bil ki, sonundan xəbər verir. Bu, əlbəttə, mahnıda müğənninin obrazlılığa meyl etməsidir. Daha doğrusu, obraz yaratmasıdır.

Mən bir çox lirik povestlərimdə (“Könül əfsanəsi”, “Sevgi olarsa” və hekayələrimdə) Baloğlan müəllimin mahnılarından istifadə etmişəm və bu, oxucular tərəfindən razılıqla qarşılanıb . Məsələn , “Sevgi olarsa”povestimdə belə bir yer var: “Avtobus sürücüsü maqnitofonun səsini bir qədər artıranda müğənni Baloğlan Əşrəfov Sənubərin onsuz da kövrək olan qəlbini sanki parça-parça etdi. İlahi, bu, nə səs idi belə!? Müğənni isə heç bir şey olmamış kimi oxuyur, mahnı qurtaran kimi sürücü mahnını yenə də qabağa çəkirdi. Görünür, bu mahnı onun da xoşuna gəlmişdi. Müğənni oxuyurdu:

Çətin ki, görəsən üzümü mənim,

Dinlə son kəlməni sözümü mənim,

Sil qopar qəlbindən izimi mənim.

Gəlmişəm ki, deyəm,

Gəlmişəm ki, deyəm:

Gəlməyəcəyəm...

Bəxtimin atdığı qəmli oxuymuş,

Ya çaşqın xəyalmış, ya da yuxuymuş,

Bu sevgi səninçün sanki yoxuymuş.

Gəlmişəm ki, deyəm,

Gəlmişəm ki, deyəm:

Gəlməyəcəyəm...”

(“Məşəl” jurnalı, səh. 40.)

Müğənni Baloğlan Əşrəfovun mahnı ifasında öz dəst-xətti var, öz yaradıcılıq üslubundan heç bir zaman kənara çıxmır. Daim öz mahnıları üzərində işləyir. Onları məlahətli səsi ilə cilalayır, könüllərə hopdurur. Öz yazdığı mahnıların sözlərini seçərkən çalışır ki, şeirlərin məzmunu, misraları yadda qalan olsun. Necə ki, mahnısını özü yazdığı “Gecələr”də olduğu kimi:

Yenə də tənhayam, təkəm bu axşam,

Yenə də qismətim zülmət gecələr.

Xəyallar əlindən bezar olmuşam,

Ömürdən istərəm, möhlət gecələr.

Gecələr, gecələr, zülmət gecələr,

Ömürdən istərəm möhlət gecələr.

Müğənni Baloğlan Əşrəfov 70-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində mənim tələbə yoldaşım olub. Mən ondan bir kurs yuxarıda oxumuşam. Buna baxmayaraq, tənəffüslərdə həmişə görüşərdik. Hazırda millət vəkili Tahir Rzayev , şamaxılı Adil Qədirov, mərhum dostumuz Əli Əliyev, Saroğlan, təqaüddə olan ədliyyə generalı Xanlar Zeynalov, mən və Baloğlan Əşrəfov bir yerdə çox olardıq, semestr imtahanlarına hazırlaşardıq, istirahət vaxtlarımızda tələbə məclisləri qurardıq. O zamanlar Baloğlan müəllimin səsinə vurğun idik. Çünki bu səs təzə idi, təravətli idi. Ancaq onun müğənni olacağına heç kim inanmazdı. Ona görə inanmazdıq ki, əksəriyyətimiz orta məktəblərdə dərs deyirdik. Mən Baloğlan müəllimlə uzun illərdir ki, görüşə bilmirəm, ancaq mobil telefonda görüntü ilə bir neçə dəfə əlaqə saxlamışıq. O, rayonda da və hətta yaşadığım Liman şəhərində də müxtəlif el toylarında olub. Ancaq onu görmək mənə nəsib olmayıb. Sağ olsun ki, məni xatırlayıb və mənim şərəfimə hədiyyə olaraq bir mahnı salamı göndərib. Sağ olsun!

Baloğlan müəllim sənətə gələrkən gənc idi. Məlahətli səsə malik olması tezliklə onu populyarlaşdırdı. Bütün müğənnilər el şənliklərində tanınıb, el-oba tərəfindən bəyənilib. Gənc Baloğlan da el toylarında çoxlarının ürəyinə yol tapdı, bal oğlan oldu. Mahnılarına şirinlik gətirdi. Xatirələrində soyləyir ki, Respublikanın Xalq artisti Ağadadaş Ağayevlə birlikdə Xalq artisti İslam Rzayevin ansamblında filarmoniyada çox çıxışlar ediblər. Böyük sənətkarlar onun məlahətli səsini bəyəniblər. Populyar sənətkarlar həmişə dövlət tədbirlərində fərqlənirlər və onların əməyi həmişə dövlət tərəfindən yüksək şəkildə qiymətləndirilir. Baloğlan Əşrəfov artıq 1982-ci ildə Heydər Əliyev adına sarayda və Azərbaycan Dövlət Filarmoniyasında solo konsertlər vermişdi. Onun yaradıcılığında folklor və lirik mahnılar önəmli yer tuturdu. “Gəlin köçər” mahnısına diqqət yetirin:

Uçub gedər yar-yar,

Gəlin köçər yar-yar.

Sığal çəkər telinə,

Xına yaxar əlinə,

Kəmər bağlar belinə.

Sonra köçər yar-yar,

Gəlin köçər yar-yar.

Bu mahnı oynaq mahnıdır, insanda xoş əhval-ruhiyyə yaradır, ovqatları duruldur. Çox zaman bu mahnını Novruz bayramında səsləndirirlər. Gəzəl mahnıdır!

Müğənninin qadın müğənnilərlə də duetləri olub. Onun fikrincə duetlərdə qarşılıqlı dialoq, şeirdə də məzmun olmalıdır. Bu duetə fikir verək:

Oğlan:

Dolandım dünyanı, gəzdim hər yanı,

Gəlib burda tapdım Sən tək ceyranı.

Ey dan ulduzu, gəl etmə nazı,

Çıx eyvana , görüm səni, Zeynəb əmim qızı.

Qız:

Eşitdim səsini, çıxdım eyvana,

Mənim də sözüm var sən tək oğlana.

Elin adəti gəzmə xəlvəti,

Elçiləri göndər, qoy eyləsinlər minnəti.

Baloğlan müəllim mahnının oxunması prosesindən danışarkən müğənnilərə tövsiyə edir ki, oxuyarkən səhnə mədəniyyətləri və bədii savadları olsun, hərəkətlərində donuqluq olmasın. Mahnıdakı kədəri, hicranı obrazlı şəkildə verməyi bacarsınlar. Belə hallarda üzündəki mimikaları dəyişdirməli, qəmli, kədərli mahnıları oxuyarkən gülümsər görünməməlidirlər.

Müğənni həmişə mahnılarına gözəl, məzmunlu şeirlər seçir. O, cavan yaşlarında Masallının Qızılavar kəndindən olan, dünya işığına həsrət qalmış mərhum şair Tofiq İlhamın şeirlərinə çoxlu mahnılar yazmışdır. Məşhur “Ay uçan quşlar” mahnısının əvvəlində də şair Tofiq İlhamın “Yanan olmuşam” şeirindən çox məharətlə istifadə edir. Müğənni mahnını 1982-ci ildə ilk dəfə Az.TV-də oxuyub və 35 ildən artıqdır ki, bu mahnı gündəmdədir.

Bir şirin afətin xeyli zamandır,

Alışıb eşqinə yanan olmuşam.

Qaya tək möhkəmdim, çinar tək uca,

İndi mən əyilən, sınan olmuşam.

İnsafı, mürvəti o salmaz yada,

İnanmaz düşdüyüm bu yanar oda.

Axır gör nə günə qaldım dünyada,

Zalımdan mərhəmət uman olmuşam.

Qəm nədir bilməzdim, şad idim müdam,

Belə tanıyırdı məni hər adam;

Nə yerə yetirdi gör məni sevdam,

İndi öz-özümü danan olmuşam.

İlhamam, qoşaram şeiri, qəzəli,

Baloğlan oxusun meyli-əzəli;

Könlüm sevən gündən o şux gözəli,

Eşqin mənasını qanan olmuşam.

Təsəvvür edin ki, bu şeirin muğam üstündə oxunmasından sonrakı “Ay uçan quşlar” kompozisiyası sanki könülləri silkələyir, insanın ovqatı xoşluğa doğru dəyişilir. Ritmik, oynaq musiqi ətrafa yayıldıqca daxili bir ürək çırpıntısı ilə mahnının təsiri altına düşürsən. Ümumiyyətlə, toy məclislərində həmişə rəqs havaları ilə bərabər lirik mahnılardan da istifadə edildikdə toyun məzmunu xoş ovqata söykənir.

Müğənni Baloğlan Əşrəfov 50 ildir ki, rayonlarda el şənliklərində “Şəhriyar” instrumental ansamblı ilə insanlara öz mahnıları ilə xidmət göstərir, onlara mənəvi zövq verir. Bu illər ərzində müxtəlif səsyazma studiyalarında mahnılarını yazdırıb. O zamanlar məşhur müğənnilərin səsi yazılmış albomlarına insanların çox ehtiyacları var idi. Belə səsyazma studiyalarından biri də Lənkəran “Zövq” səsyazma studiyasıdır. Baloğlan müəllimin bu studiyada bir çox mahnıları həyata vəsiqə alıb . Mən onları sizinlə tanış etmək istəyirəm:

1986-cı ildə Lənkəran “Zövq” səsyazma studiyası müğənninin “Arxayın olum”, “Dilbərim”, “İncimişəm”, “Nə olub”,”Bağışla məni”, “Günayım mənim”, “İncimə”,”O günlər”,”Bəxtəvərəm”, “Gözlərim gəzir səni”; o cümlədən, 1998-ci ildə isə “Alagöz”, “Aytac qızım”, “Küsən qızlara”, “Öldürəcəksən məni”, “Gecələr”, “Eşqimi əyləncə sanma”, “Sənin xətrinə”,”Yağış yağır”, “Qoy söyləməsinlər”, “Sən hamıdan gözəlsən”, “Ey mələksima”, “Ay uçan quşlar” mahnılarını kasset şəklində buraxıb.

1981-1986, 1985-1989, 1986-1990-cı illərdə oxuduğu retro mahnıların ( N 1, N 2, N 3) böyük tirajlarla kassetlərinin satışa buraxılması, “Filmora” səsyazma studiyasında (1983) çarx-kassetinə müxtəlif mahnıların daxil edilməsi onu göstərir ki, müğənni daim öz fanatlarının qayğısı ilə yaşayıb.

Baloğlan Əşrəfov xoşbəxt müğənnilərdən biridir ki, bu gün də populyardır. Həmişə də gündəmdədir. Heç kəslə problemi yoxdur. Deyir ki, ifaçılar onun mahnılarını oxuyarkən gərək elə oxusunlar ki, o, narazı qalmasın. Qara piyarlar ondan uzaqdır, çünki ciddi adamdır, səhnə mədəniyyəti var və ən başlıcası isə nitq mədəniyyətinə malik olmasıdır. Onun ifasında hər şey gözəldir.

Gör bir nələr eylədin, eylədin,

Ürəyimlə oynadın, oynadın.

Mənə yalan söylədin, söylədin,

Mənim alagöz, alagöz yarım.

Daha yuxum qarışmaz, qarışmaz,

Sönən eşqim alışmaz, alışmaz.

Könlüm sevənlə barışmaz, barışmaz,

Mənim alagöz , alagöz yarım.

Yalan sənə yaraşmaz, yaraşmaz,

Mənim alagöz, alagöz yarım...

(“Alagöz yarım”)

Bu mahnı xalq mahnısı kimi diqqəti çox çəkir. Müğənni onu öz üslubuna uyğun oxuyur.

Baloğlan müəllim Azərbaycanın əksər bölgələrini qarış-qarış gəzmiş, el toylarını aparmışdır. Hər yerdə də onu böyük təntənə ilə qarşılamışlar. Çoxları da öz fikirlərini belə ifadə edir: “Baloğlan müəllim, biz sizin mahnılarla böyümüşük!” Əlbəttə, bu, müğənniyə verilən qiymətin təzahür formasıdır, ona göstərilən diqqət və qayğının bir nümunəsidir.

Bu bir həqiqətdir ki, müğənninin başı bəlalar da çəkib. Türkiyədə ağır əməliyyat keçirmiş müğənni bu iztirablarını mahnılarında da ifadə edib.

Oyandım sabah ilə,

Göz yaşım silə-silə.

Əcəl sazımı çaldı,

Döndüm saralmış gülə.

Günüm döndü fəryada,

Nələr gördüm dünyada.

Əridim gilə-gilə,

Gətirdin qəmi dilə.

Oldum halı pərişan,

Ömrümü verdin yelə.

Düşdüm bir yanar oda,

Nələr gördüm dünyada.

(“Nələr gördüm”)

Həmin zamanlar o qədər də sağlam olmayan müğənni əməliyyatdan iki ay sonra “Yaşıl teatr”da fanatları qarşısında möhtəşəm bir konsert verdi. Bu, müğənninin ikinci nəfəsi idi, buna görə Baloğlan müəllim həmişə Allahın qarşısında şükranlıq edir.

Xoşbəxt ailə başçısıdır Baloğlan müəllim. 20 yaşında evlənib. 2 oğlu, 2 qızı var, hamısı da ali təhsillidirlər. Baloğlan müəllim heç vaxt övladlarının zövqlərinin əleyhinə getməyib. Bu gün bir çox müğənnilərdən fərqli olaraq Baloğlan Əşrəfov haqqında sosial şəbəkələrdə bir neqativ koment belə yazılmayıb. Ona görə ki, o, sevilən müğənnidir. Arzum budur ki, Respublikanın Əməkdar artisti dostum Baloğlan Əşrəfov mahnıları ilə həmişə şirinliyində qalsın, bundan sonrakı mahnıları da özü kimi bal dadsın...

Səyavuş SÜLEYMANLI,
Yazıçı-publisist, AYB və AJB-nin üzvü,
“Qızıl Qələm”media mükafatı laureatı

Azərbaycanla Özbəkistan və Meksika arasında turizm perspektivləri müzakirə edilib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?