• 22 Aprel 2021

Vətən Müharibəsi həmsədrlərin statusunu tarixə qovuşdurdu

12:23 01/04/21 | Xarici Siyasət

Həmsədrlər qazanc yerlərini itirməmək üçün dəridən-qabıqdan çıxır

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri Riçard Hoqlandın yazdığı məqalə bəzi mətləblərə aydınlıq gətirdi. Məqalədəki “ATƏT-in Minsk qrupu hələ də rol oynayırmı?” – başlıqdakı sual işarəsi isə həm cavabdır, həm də ritorik ahəng.

Qarabağ münaqişəsinin davam etdiyi 30 il müddətində həmsədrlərin faydalı iş əmsalı sıfıra bərabər idi. Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazandıqdan sonra isə həmsədrlər havayıdan qazanc yerini əldən verməmək üçün dəridən-qabıqdan çıxırlar.

Hoqland yazır ki, Minsk qrupunun gələcək taleyi ona hansı baxış bucağından baxmaqdan asılıdır. Yenə də arxaizmə söykənərək Ermənistanın Dağlıq Qarabağın statusun müəyyənləşdirilməsinin vacib saydığını xatırladır. Münaqişə isə bitib, artıq statusdan danışmağın yeri və zamanı deyil. Ermənistan da daxil olmaqla digər bölgə dövlətləri regionda yaranan yeni mənzərəyə açılan pəncərə qurmağı hədəfləyiblər.

Düzü, Minsk qrupunun münaqişə bitdikdən sonra fəaliyyət istiqamətlərinə dair aydın rəsmi mövqe və sənəd də yoxdur. Vətən müharibəsi həmsədrlərin statusunu da tarixə qovuşdurub. Buna görə də onlar öz statuslarının konturlarını müəyyənləşdirməkdə çətinlik çəkirlər.

Xatırladaq ki, Minsk qrupuna 11 dövlət daxildir – Azərbaycan, Türkiyə, Ermənistan, Belarus, Almaniya, Finlandiya, İtaliya, İsveç, eləcə də həmsədrlər olan Rusiya, ABŞ və Fransa. Azərbaycan üçün bundan sonra ATƏT-in Minsk qrupunun, xüsusilə həmsədr institutunun bir önəmi yoxdur, Ermənistan üçün isə kəmiyyətcə dəyərə sahibdir.  

R.Hoqland poetik ifadələrlə Minsk qrupunun statusunu təsvir edir. Münaqişə dövründə tez-tez eşitdiyimiz status-kvo ifadəsini bu dəfə Minsk qrupunun sual altında olan perspektiv fəaliyyətinə proyeksiya edir. O yazır: “Minsk qrupu ətrafında yaranan status-kvo nisbi qaranlıqlar içərisində sarsıntılarla davam edəcək. Yalnız bəzi yaradıcı yanaşmalarla ATƏT və Minsk qrupu öz rolunu yenidən təyin edə bilər”.

Həmsədrlərin Azərbaycanın ləziz mətbəxinin təamlarını tez-tez dadmaq şansları da məhdudlaşır. Axı münaqişə bitdiyinə görə, artıq regiona tez-tez səfərlər etmirlər. Hoqland isə keçmiş günlərin xiffətini çəkir. Yəqin ki, hazırki həmsədrlərin də nostalji hisslərə qapıldığını dilə gətirir.

Hoqlanq məqaləsində diplomatik turizm proqramından da bəhs edir: “Xüsusi yemək otağına və bara əlavə xərclər tələb etməyən beşulduzlu otellərdə qaldıq. Hər zaman olduğumuz şəhərlərdə ən yaxşı restoranları axtardıq. ATƏT bayrağını göstərərkən Bakı və İrəvanda olduğumuz müddətlərdə yaxşı yaşadıq. Amma münaqişənin həllində çox az nəticə əldə edildi”.

Bəli, cənab keçmiş səfir. Siz necə nəticə əldə edə bilərdiniz axı? Turist səfərləri iləmi? Nəticəni Azərbaycan yaratdı. Sizin xələflər isə bu nəticəni qəbul etməli və yeni reallıqla barışmalıdırlar.

CAVANŞİR

Azərbaycanla Özbəkistan və Meksika arasında turizm perspektivləri müzakirə edilib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?