• 22 Aprel 2021

CIRILMIŞ ŞALVAR

12:45 01/04/21 | Digər

Arif ƏRŞAD

 

(Hekayə)

 

Məktəbin yanından keçib evə doğru gəlirdim ki, balaca bir oğlan uşağının ağaca söykənərək ağlamağı diqqətimi çəkdi. Əynində ağ köynək, qara şalvar, əlində məktəbli çantası tutan bu balaca oğlanın yanından etinasız ötə bilmədim. Ona yaxınlaşıb, başını sığallayaraq, niyə ağladığını soruşdum. Uşaq buna bənd imiş kimi daha da bərkdən ağlamağa başladı, nəsə demək istəyirdi, amma hıçqırıq ona imkan vermirdi. Əlindən tutaraq, onu yaxınlıqdakı skamyaların birinin yanına aparıb, yanımda otuzdurdum. Cibimdən təmiz əl dəsmalımı çıxardıb uşağın üz-gözünü sildim və onun sakitləşməsini gözlədim. Bir neçə dəqiqədən sonra o, toxtadı. Adını soruşdum.

- Adım... mənim adım Famildir, - deyə hıçqıraraq cavab verdi.

- Famil, niyə ağlayırsan? Kimsə xətrinə dəyib?

Famil başını yelləyərək cavab verdi:

-Yox, heç kim xətrimə dəyməyib.

- Bəs onda niyə ağlayırsan? Yəqin dərslərindən "2" almısan, eləmi?

- Yox, bu gün dərslərimdən iki dənə ulduz almışam. Amma şalvarım cırılıb, ona görə ağlayıram.

Famil bunu deyib, qəhərləndi və əli ilə şalvarının süzülərək cırılmış dizini göstərdi:

- Dərsdən çıxıb məktəbin həyətində sinif yoldaşlarımla qaçdı-tutdu oynayırdıq, ayağım büdrədi, yıxıldım. Şalvarımın dizi cırıldı, ayağım da sıyrılıb qanadı, bax.

Mən onun sıyrılmış dizinə baxıb gülümsədim:

- Buna görə ağlayırsan? Ağlama, axı sən kişisən, kişi ağlamaz, iki günə sağalacaq.

- Dizimə görə ağlamıram, şalvara görə ağlayıram. Buna görə anam məni danlayacaq.

Mən Familin başını sığallayaraq, ona ürək-dirək verərək dedim:

- Anan səni danlamaz, sən bilə-bilə eləməmisən ki... eybi yox, atan səni başa düşər, yəqin birini də alar.

Famil kövrələrək cavab verdi:

- Atam yoxdu. Mənim 4 yaşım olanda atam şəhid olub. O sağ olsaydı, heç ağlamazdım. Anam mənə deyir ki, atam məni çox istəyirdi, bu şalvarı da atam o vaxt alıb ki, mən məktəbə gedəndə geyinəm.

Famil burnunun suyunu çəkərək, gözü yaşlı sözünə davam etdi:

- Mən böyüyəndə əsgər olacam, atamı öldürənləri öldürəcəm... Atam sağ olsaydı, mənə təzə şalvar alardı.

Familin bu sözündən tutuldum, 50 il bundan qabaq uşaqlıqda başıma gələn bir hadisə yadıma düşdü...

...Biz ailədə iki qardaş idik. Evin böyük oğlu olduğumdan ilk məktəbə gedən də mən olmuşam. Valideynlərim mənə məktəbə geymək üçün mağazadan ağ köynək, qara şalvar, corab, ayaqqabı və əl çantası alanda çox sevinirdim. Məndən iki yaş kiçik olan qardaşım Vəli ona da məktəbli paltarları alınması üçün ağlayanda anam mənim həyətdə sürdüyüm “samakat”ı ona verərək dedi:

- Bu “samakat” bu gündən Əliyə lazım deyil, oldu sənin, həyətdə doyunca sür. İki ildən sonra məktəbə gedəndə sənə də məktəbli paltarı alarıq.

Mən narazı halda dilləndim:

- Ana, bəs mən daha “samakat” sürməyəcəm?

Anam qətiyyətlə dedi:

-Yox, sürməyəcəksən! Sən artıq məktəbə gedirsən, dərslərinə, geyim-geçiminə fikir verməlisən. Sənin “samakat” sürən vaxtın qurtardı.

Mən qaş-qabağımı salladım, Vəli bunu görüb sevincək dilləndi:

- Ana, mən məktəbə gedəndə Əli bu paltarları mənə verəcək, hə?

Anam balaca qardaşımı sakitləşdirmək üçün razılıq əlaməti olaraq başını tərpətdi. Bu, Vəlini daha da ürəkləndirdi, əlini təzə şalvarıma uzadaraq dedi:

- Bax ha, cırma, mənimdi.

Beləcə, sentyabrın 1-dən məktəbə getməyə başladım. Səhərlər anam məni geyindirib məktəbə yola salanda balaca qardaşım Vəli mənə necə həsədlə baxırdısa, mən də məktəbdən evə qayıdan zaman onun həyətdə “samakat” sürməsinə eləcə həsədlə baxırdım. Bir gün yenə mən dərsdən evə dönəndə Vəlinin həyətdə “samakat” sürdüyünü görüb ona yaxınlaşdım. Şirin dilimi işə salıb dedim:

- Vəli, dərsdən yorğun gəlmişəm, mən “samakat”da oturum, sən məni itələyərək sür. Sonra da mən səni sürərəm, yaxşı?

- Yox, sürmürəm, yorulmuşam.

Bu vaxt anam eyvandan məni görüb səsləndi:

- Əli, gəl paltarını dəyiş, yeməyini ye, sonra həyətə düşərsən. O paltarla “samakat” sürmək olmaz, tez evə gəl.

Mən anamı arxayınlaşdırmaq üçün dedim:

- Mən “samakat” sürmürəm ki... bir azdan gəlirəm.

Anam içəri keçən kimi çantamı ağacın gövdəsinə söykəyib, “samakat”ı Vəlinin əlindən aldım. Dizimin birini “samakat”a dayayıb, o biri ayağımla yerə təkan verib sürməyə başladım. Bu vaxt “samakat” altımdan necə çıxdısa, dizlərim yerlə süründü. Şalvarımın hər iki dizi cırıldı, ağ köynəyimin qolları asfalta sürtülərək süzüldü. Vəli buna bənd imiş kimi üzünü eyvanımıza tutaraq ağlamağa başladı. Anam onun səsinə eyvana çıxaraq nə baş verdiyini soruşdu. Vəli ağlaya-ağlaya mənim cırılmış şalvarımın dizlərini göstərərək dedi:

- Ana, bax, Əli mənim şalvarımı cırdı.

Anamın artıq məni evə səsləməsini gözləməyib çantamı götürərək, tələsik bloka girdim. 3-cü mərtəbəni qalxıb, qapıya yaxınlaşanda anam qapının astanasında məni gözləyirdi. Heç bir söz demədən başımı aşağı salıb cəzamın nə olacağını gözləyirdim ki, anam əsəbi halda məni süzərək dedi:

- Mən sənə demədim ki, gəl paltarını dəyiş? Bəs bu cırıq paltarlarla sən məktəbə necə gedəcəksən? Sənə təzə paltar yaraşmır, tez ol soyun!

Anamın amiranə səsindən qorxuya düşüb, tez köynəyimi, ayaqqablarımı və şalvarımı soyunub ona uzatdım. Anam paltarlarımı alıb dedi:

- Corabları, maykanı... hamısını soyun!

Corabları və maykanı da soyunub anama verdikdən sonra əynimdə qalan qara tumuşun çıxarılmasını tələb etmədiyi üçün ürəyimdə ona minnətdarlıq etmək istəyirdim ki, anamın hökmlü səsi qulaqlarımda cingildədi:

- Tumuşu da soyun!

Mən qorxumdan əynimdə qalan qara tumuşu da tez çıxardıb anama uzatdım. Anam paltarları götürərək, içəri keçdi. Məni blokda lüt - anadangəlmə qoyub, qapını örtdü. Sonra yenidən qapını açaraq:

- İndi gedib rahat “samakat”ını sürə bilərsən, daha cırılası heç nəyin yoxdur, - deyib qapını bağladı. Blokun pilləkənlərində oturub elədiyim səhv haqqında düşünməyə vaxt tapmamış 4-cü mərtəbədə yaşayan sinif yoldaşım Zəminənin pillələrlə yuxarı qalxdığını görüb, tez qapımızın qarşısına ayaq silmək üçün anamın sərdiyi köhnə, nəmli un kisəsini əynimə taxdım və yenidən pilləkəndə oturdum. Zəminə mənə yaxınlaşıb, əynimdəki un kisəsinə maraqla baxdı və əlifba kitabındakı başa düşmədiyi şəkilləri ona izah etməyimi xahiş etdi. Mən ona həvəslə şəkilləri başa saldığım zaman atamın nə vaxt işdən gələrək, başımızın üstündə dayandığından və bizə maraqla baxdığından belə xəbərim olmadı. Atamın mehriban səsinə hər ikimiz başımızı yuxarı qaldırdıq.

- Burda niyə oturmusunuz? Əli, sən niyə kisəni əyninə taxmısan?

Mən nə cavab verəcəyimi bilmədim, atam da gülümsünüb, cavab gözləmədən qapının zəngini basdı. Anam qapını açaraq, atamı içəri buraxdı və yenidən qapını bağladı. Mən valideynlərimin içəridən gələn gülüşmə səslərinə fikir vermədən yenidən Zəminəyə əlifba kitabındakı şəkilləri izah etməyə başladım. Az sonra Zəminə də dərsi ona başa saldığıma görə mənə "sağ ol" deyib, evlərinə qalxdı. Beləcə oturmaqda davam edirdim ki, atam qapını açıb məni içəri saldı. Anama nə tapşırıq verdisə, anam, "yaxşı" deyib, onu yola saldıqdan sonra məni hamama salıb çımızdirdi. Sonra ev paltarımı geyinib dərslərimi oxumağa başladım. Həmin axşam çox narahat yatdım. Yuxuda un kisəsindən tikilmiş şalvarla məktəbə getdiyimi görüb dik ayıldım və beləcə qarmaqarışıq yuxularla səhəri açdım. Səhər anam mənə atamın dünən təzəcə aldığı şalvar və ağ köynəyi geyindirəndə ən çox sevinən qardaşım Vəli oldu. O, məndən qabaq “samakat”ı götürüb sevinə-sevinə həyətə düşdü. Mən blokdan çıxıb məktəbə gedəndə Vəlinin həyətdə həvəslə “samakat”ı sındırdığını gördüm, özümü görməməzliyə vurub tələsik məktəbə sarı qaçmağa başladım...

... Balaca Familin səsi məni xatirələrimdən ayırdı.

- Mən evə gedirəm, sağ olun.

Mən tələsik yerimdən qalxaraq Familin əlindən tutub dedim:

- Mən də səninlə gedirəm.

Famil maraqla mənə baxaraq soruşdu:

- Niyə ki? Mən evimizi tanıyıram, narahat olmayın, azmaram.

Mən gülərək dedim:

- Qonaq qəbul eləmək istəmirsən?

Famil heç bir söz demədən iri addımlarla evlərinə doğru yol aldı. Binanın birinci mərtəbəsindəki aynabəndi göstərərək dedi:

- Bax, biz burda yaşayırıq, anam indi işdədir, nənəm isə məni şalvara görə danlamayacaq. O məni çox istəyir. Bəs sizin adınız nədir?

Mən əlimi Familə uzadıb, onun balaca əlini kişiyana bərk-bərk sıxaraq dedim:

- Mənim adım Əli babadır. Sən get evə, mən sizə axşam nəvəmlə birlikdə gələcəm.

Sağollaşıb, ayrıldıq. Oradan birbaşa mağazaya getdim. Familin əyninə uyğun ağ köynək və qara şalvar alıb evə qayıtdım. Axşamtərəfi nəvəmlə birlikdə Familgilin yaşadığı mənzilin qapısını döyəndə qapını saçları vaxtından tez ağarmış cavan, amma qayğılı bir qadın açdı. Qapının arxasından Famil məni görüb sevincək dedi:

- Ana... gördün, mən sənə deyirdim ki, Əli baba gələcək, amma sən inanmırdın.

Qadın mehribancasına bizimlə salamlaşıb, evə dəvət etdi. Otaqda divanda əyləşərək, Familin cırılmış şalvarını yamayan nənə bizi görüb çay tədarükü görmək üçün ayağa qalxmaq istəyəndə onun narahat olmamasını rica etdim. Əlimdəki bağlamanı masanın üstünə qoyaraq dedim:

- Bu, mənim Familə aldığım kiçik bir hədiyyədir. Qəbul etməyinizi rica edirəm. Bura gəlməkdə məqsədim belə qayğıkeş oğul böyütdüyünüzə görə hər ikinizə təşəkkür etməkdir.

Xudafisləşib nəvəmlə birlikdə evdən həyətə çıxdıqdan sonra qeyri-ixtiyari olaraq dönüb Famil yaşayan mənzilə tərəf boylandım. Famil aynabəndin arxasından bizə əlini yelləyirdi.

17-08-2011-ci il

Azərbaycanla Özbəkistan və Meksika arasında turizm perspektivləri müzakirə edilib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?