• 22 Aprel 2021

​Bələdiyyələrin gəliri azalıb

13:16 01/04/21 | Sosial

2019-cu ildə bələdiyyələr 36,4 milyon manat gəlir əldə etdiyi halda
ötən il 34,97 milyon manat gəlirə sahib olublar

2020-ci ilin yekunlarına əsasən Azərbaycanda olan bələdiyyələrin gəliri əvvəlki illə müqayisədə 3,9 faiz azalıb. 2019-cu ildə bələdiyyələr 36,4 milyon manat gəlir əldə etdiyi halda ötən il 34,97 milyon manat gəlirə sahib olublar. İl ərzində bələdiyyələrin gəliri 1,43 milyon manat azalıb. 

Bələdiyyələrin xərclərində də azalma baş verib. Xərclərdəki azalma 5,5 faiz və ya 2 milyon manat olub. 

Qeyd edək ki, Azərbaycanda 1606 bələdiyyə var. Bələdiyyələr 3 mənbə üzrə gəlir əldə edir. Bunlar vergilər, vergi olmayan gəlirlər və digər gəlirlərdir. Ötən il bələdiyyələrin vergi olmayan gəlirləri 8,1 faiz azalaraq 19,654 milyon manata enib. 2019-cu ildə bu növ gəlirlər 21,386 milyon manat idi. Vergi olmayan gəlirlərdə daha çox azalma bələdiyyə əmlakının özəlləşdirilməsində qeydə alınıb. Burada azalma 16,2 faiz olub və gəlirlər 7 milyon manata enib. Əvvəlki ildə bələdiyyələr özəlləşmədən 8,35 milyon manat gəlir əldə etmişdi. 

2020-ci ildə turizmin böhran keçirməsindən bələdiyyələr də əziyyət çəkib. Bələdiyyələrin sanatoriya-kurort, mehmanxana və turizm xidmətlərinə görə ödənişlərdən gəliri 67,6 faiz azalaraq 633 min manata düşüb. 2019-cu ildə bu növ gəlirlər 1,953 milyon manat təşkil etmişdi. 

Avtomobillərin dayanacaqları üçün ödənişlərdən gəlirlər də xeyli azalıb. Bu növ gəlirlər 13,7 faiz azalaraq 241 min manat olub. Bir il əvvəl bələdiyyələr dayanacaqlardan 280 min manat toplamışdı. 

Vergi olmayan gəlirlər arasında ciddi artım olan gəlir növləri də var. Bunlar arasında bələdiyyələrin əmlakının icarəyə və istifadəyə verilməsindən gəlirlər 14,7 faiz artaraq 5,437 milyon manata, hüquqi şəxslərin maliyyə yardımları 4,6 dəfə artaraq 185 min manata, fiziki şəxslərin maliyyə yardımları 13,8 faiz artaraq 254 min manata çatıb. 

Bələdiyyələrin vergi gəlirlərində artım var. 2020-ci il ərzində toplanan yerli vergilərin həcmi 2,5 faiz artaraq 14,4 milyon manatı ötüb. Artım fiziki şəxslərin əmlak və torpaq vergisində də müşahidə edilib. Əmlak vergisi üzrə yığım 4,7 faiz artaraq 7,926 milyon manata, torpaq vergisi üzrə yığım 4,1 faiz artaraq 5,51 milyon manata yüksəlib. Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 19,1 faiz azalaraq 969 min manata düşüb. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisi isə 1,9 min manat olmaqla sabit qalıb. 

Yerli özünüidarəetmə qurumları dövlət büdcəsindən dotasiya və subvensiyalar şəklində 5,722 milyon manat alıb. Ötən il ərzində bu mənbə üzrə gəlirlər 0,6 faiz artıb. Bələdiyyələrin digər gəlirləri 2,7 faiz azalaraq 907,8 min manat olub. 

Xərclərə gəldikdə bələdiyyələr daha çox pulu yerli özünüidarəetmə orqanının saxlanılmasına sərf edib. Bu məqsədlə 22,579 milyon xərclənib ki, bu da əvvəlki illə müqayisədə 1,2 faiz artım deməkdir. Bələdiyyələrin sosial müdafiə və sosial təminat xərcləri 16,5 faiz artaraq 1,627 milyon manata, mənzil təsərrüfatı xərcləri 9,6 faiz artaraq 1,418 milyon manata çatıb. Əsas xərclərdən kommunal təsərrüfatı xərcləri 22,9 faiz azalaraq 3,87 milyon manata, avtomobil yolları və avtomobil nəqliyyatı xərcləri 51,3 faiz azalaraq 1,227 milyon manata düşüb. 

Ötən il bələdiyyələrin büdcəsində 587,6 min manat profisit yaranıb. 

BƏXTİYAR

Azərbaycanla Özbəkistan və Meksika arasında turizm perspektivləri müzakirə edilib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?