• 22 Aprel 2021

CƏM-CƏM ŞƏHƏR YERİ

13:47 01/04/21 | Digər

Masallı rayonunun tarixi-arxeoloji abidələrindən biri Cəm-Cəm şəhər yeridir. Cəm-Cəm şəhər yeri Banbaşı kəndi ərazisində yerləşir. Şəhər tipli yaşayış yeri olmuşdur. Abidə AMEA-nın Tarix İnstitutunun Qoşqar Qoşqarlının rəhbərliyi altında yaradılmış “Talış-Muğan” arxeoloji ekspedisiyasının tərkibində Abuzər Ələkbərovun rəhbərlik etdiyi “Masallı” dəstəsi tərəfindən 1989-cu ildə aşkar edilmişdir.

Orta əsrlərə aid abidənin adı mənbələrdə Cümcümə kimi də qeyd olunur. Cəm-Cəm (Cümcümə) şəhər olmaqla yanaşı, həm də qala olmuşdur. Cəm-Cəm (Cümcümə) abidəsi haqqında Səidəli Kazımbəyoğlu 1869-cu ildə fars dilində qələmə aldığı “Cavahirnameyi-Lənkəran” kitabında yazır: “Cümcümə şəhəri və qalası Dəştvənd mahalının Banbaşı kəndi ilə Elvade (Köhnə Alvadı – İ.Ş.) kəndi arasında yerləşir. Hal-hazırda həmin məkan Üçtuğ-Ərkivan adlanır. İndi həmin məkanda çoxlu meyvə ağacları vardır. Həmçinin indi böyük meşəlik olan o məkanın ortasında gözəl tikililərin qalıqları mövcuddur. O tikililərin təqribi məsafəsinin məhdud hissəsi bilinir və görünür” (“Cavahirnameyi-Lənkəran”ın “Səidiyyə” variantı, B., 2005, səh. 122-123).

Cəm-Cəm şəhər yerində arxeoloji qazıntı işləri aparılmamışdır. Yerli sakinlərin bildirdiyinə görə, Cəm-Cəm şəhərinin yerləşdiyi Banbaşı və Köhnə Alvadı kəndləri arasındakı ərazilərdə Sovet dönəmində (1920-1991) təsərrüfat işləri zamanı torpağın 60–70 sm dərinliyində qırmızı kərpicdən bina qalıqlarına, daş yollara, saxsı su borularına, küp qəbirlərə, nizə, ox ucları və digər arxeoloji nümunələrə rast gəlinmişdir. Aşkarlanmış tapıntıların müəyyən hissəsi eksponat kimi hişkədərəli tarix müəllimi, Masallı tarix-diyarşünaslıq muzeyinin qurucusu Rəhim Tağıyev tərəfindən muzeyə aparılmışdır. Toplanmış bu nümunələr ərazinin vaxtilə yaşayış yeri olduğunu bir daha sübut edir.

Cəm-Cəm şəhər yeri Azərbaycan Respublikasının Orta əsr arxeoloji abidələri xəritəsinə şəhər tipli yaşayış yeri kimi daxil edilmişdir.

Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən Cəm-Cəm şəhər yeri 1588 invertar sayı ilə XIV-XV əsrlərə aid ölkə əhəmiyyətli arxeoloji abidə kimi qeydə alınmışdır.

İldırım ŞÜKÜRZADƏ,
tədqiqatçı-tarixçi

Azərbaycanla Özbəkistan və Meksika arasında turizm perspektivləri müzakirə edilib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?