• 15 May 2021

“Məşqçi-hakim mətbuat səhifələrində”

13:19 15/04/21 | İdman

Əməkdar məşqçi, Beynəlxalq dərəcəli hakim Əlizadə Əsədov
haqqında yeni kitabın təqdimatı keçirilib

Azərbaycanın məşhur idman ustası Əlizadə İmran oğlu Əsədovu nəinki Lənkəranda və Cənub bölgəsində, onun hüdudlarından xeyli kənarda da yaxşı tanıyırlar. O, paytaxtda sevimli peşəsi ilə məşğul olmasa da, Cənubda boks idmanını çətin zəhməti, qətiyyəti və canyananlığı ilə inkişaf etdirməyə nail olub, yetirmələri ilə bərabər özü də yüksək pilləyə qalxıb, hər yerdə Azərbaycanın idman şöhrətini qoruyub. Ə.Əsədov zəhmətinin, pedaqoji fəaliyyətinin bəhrəsi olaraq Əməkdar məşqçi, Beynəlxalq dərəcəli hakim, Azərbaycanın Fəxri Bədən Tərbiyəsi və İdman Ustası, “Xalqın nüfuzlu ziyalısı” adlarına layiq görülüb, bir neçə medalla, Fəxri fərmanlarla təltif olunub. Xeyirxahlığı, alicənablığı, Vətənə sevgisi, el-oba təəssübkeşliyi və sədaqətli dost olması, çətinə düşənə təmənnasız əl tutması ona yalnız hörmət və nüfuz qazandırıb.

“Lənkəran: ensiklopedik məlumat” toplusunda Əlizadə müəllim barədə yazılıb: «Əlizadə Əsədov dörd Beynəlxalq dərəcəli idman ustası, onlarla idman ustası, 100- dən çox ustalığa namizəd, 200-dən çox dərəcəli idmançı yetişdirmişdir». Övladları Elbrus, Seymur və Xəyal Azərbaycan çempionudurlar. “Döyüş şöhrəti”, “Döyüşdə qazanılan şöhrət”, “Əlizadə Əsədov məktəbi” kitabları tanınmış boksçuya həsr edilib, haqqında çoxlu oçerk, müsahibə, reportaj, məqalə, şeir dərc olunub, televiziya verilişləri tamaşaçıya təqdim olunmuşdur. O, bu gün də sıradadlr, öz səmərəli fəaliyyəti ilə gənclərin fiziki tərbiyəsi ilə məşğul olur, onların vətənpərvər, yurdsevər olmasına nail olur. Ə.Əsədovun tələbəsi, idmanın boks növü üzrə Azərbaycan çempionu İsmayıl Ağayev buna canlı nümunədir. İsmayıl Vətən müharibəsində cəsurluq göstərib. O deyir ki, əgər idmançı olmasaydım düşmən üzərində şəksiz üstünlük qazana bilməzdim…

Bu günlərdə Ə.Əsədovun daha bir fərəhli günlərindən birinə şahidlik etdik. Dostları, qələm sahibləri, ziyalılar və yetirmələri onun barəsində yenicə çapdan çıxmış “Məşqçi-hakim mətbuat səhifələrində” adlı kitabın təqdimatına yığışmışdılar. Şübhəsiz ki, pandemiya qanunlarına uyğun olaraq mərasim keçirildi.

Tədbiri Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin sədri, yazıçı – publisist Qafar Cəfərli açdı. O, qonaqları salamladı, onlara yeni yaradıcılıq uğurları arzuladı.

Əlizadə Əsədovun ömür yolu, qazandığı nailiyyətlər və yetirmələri barədə şair-publisist Xudaverdi Cavadov və “Məşəl” jurnalının baş redaktoru şair Əliməmməd Ağazadə məlumat verdilər. Publisist Musa Xanbabayev, yazıçı-publisist Səyavuş Süleymanlı, veteran jurnalist Etibar Əhədov, Əməkdar jurnalist İdris Şükürlü, Vətən müharibəsinin iştirakçısı İsmayıl Ağayev, hüquqşünas İlqar Qasımov, yazıçı Eldar Tahirov, Azərbaycan Jurnalistlər Birliyi Lənkəran təşkilatının sədri Nizami Hüseynov, şairlərdən Ağamir Cavad, Əfsanə Sultan, Əməkdar məşqçi İdrak Dadaşov çıxış edərək “Məşqçi-hakim mətbuat səhifələrində” kitabının məziyyətlərindən danışdılar, dərc olunmuş yazılara münasibət bildirdilər. Xəyal Əsədov atasının əməyinə verilən layiqli qiymətə görə tədbir iştirakçılarına minnətdarlıq etdi. Məktəblilər şeirlər söylədilər, tədbir iştirakçılarına kitablar paylanıldı.

Əlizadə Əsədovun adı qeyd olunan kitabın təqdimat mərasimi həm də onun idman sahəsindəki 50 ilə yaxın bir dövrünü əhatə edən, boks idmanı üzrə uğurlar və problemlərə həsr olunmuş hesabatı idi. Mərasimdə xüsusilə vurğulandı ki, Əlizadə Əsədov ömrünün qalan hissəsini də bölgədə boks və başqa idman növlərinin inkişafına yönəldəcək, gənclərin fiziki və mənəvi tərbiyəsi ilə məşğul olacaq, fəal ictimaiyyətçi kimi üzərinə düşən missiyanı icra edəcək. Axı Əlizadə Əsədov “Spartak” Könüllü Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin Lənkəran Şurasının sədri, Lənkəran “Neftçi” İdman Klubunun təsisçisi və Lənkəran Dövlət Universitetinin “LDU” İdam Klubunun sədridir. Bütün bunlarla birlikdə həm də cavanlıq illərindən jurnalist kimi öz işini uğurla davam etdirir.

Uğurlar Əlizadə müəllim, yolunuz həmişə açıq olsun!

İdris ŞÜKÜRLÜ,
Əməkdar jurnalist

DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?