• 15 May 2021

"Ruhlar şəhəri" Ağdam…

12:00 20/04/21 | Sosial

Bu günlərdə Medianın İnkişaf Agentliyinin təşkilatçılığı ilə bir qrup jurnalistlərin iştirakıyla Ağdama səfər bizi çox sarsıtdı. Mənzərə çox dəhşətli idi. Vandal, gorqazan ermənilər Ağdamın bütün məzarlıqlarını belə qazıb yerlə yeksan edib, şəhərin bütün tikililərinin standart "kubik"lərinə qədər daşıyıb aparıblar. Yerdə qalan qalaq-qalaq qara daşlar isə əsl xarabalığı xatırladırdı. Heç elə bil burada nə yaşayış, nə də ki, insan zəhməti olmamışdır. Konkret olaraq deyə bilərik ki, Qarabağın ən böyük rayonu, 200 minlik əhalisi olan Ağdamdan əsər-əlamət qalmayıb. 
Vaxtilə Ağdam Azərbaycanın ən inkişaf etmiş rayonlarından biri idi. 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuş Ağdam şəhəri praktik olaraq yer üzündən silinib. Müxtəlif ölkələrin rəsmi və qeyri-rəsmi nümayəndələri, səfirlik, xarici jurnalistlər heyyəti də ermənilər üzərində qazandığımız qələbədən sonra işğaldan azad edilmiş Ağdam torpaqlarını ziyarət edib, gördüklərindən dəhşətə gəliblər. Onlar da erməni vəhşiliyi nəticəsində Ağdam şəhərinin tamamilə məhv edildiyinin şahidi olublar. Hətta "ruhlar şəhəri" adlandırılan Hirosima ilə müqayisə edilib…
Ağdamın Təzəkənd qəsəbəsində bizi qəhrəman hərbçilərimiz qarşılayır, hər birimiz ayrı-ayrılıqda yoxlanıldıqdan sonra nəzarət məntəqəsini keçirik. Qarşıda isə  ANAMA-nın nümayəndələri bizi qarşılayır və xeyli məlumatlandırdıqdan sonra partlamamış minanın partladılmasını nümayiş etdirirlər. Hər birimiz həyəcanla partlama anını gözləyirik. Bu an əmr gəlir və yer ayağımızın altında tərpənir və həyəcanlanmamaq mümkün deyil…
1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin çağırışı ilə Ağdamda hərbi döyüşlərdə iştirak etmiş müharibə veteranı kimi, qrad, mina partlayışlarını çox görsəm də yenə bu anda bütün xidmət dövrünün odlu-alovlu günləri məni keçmişə apardı. İşğal altında olan torpaqlarımızla 200-300 metr məsafədə olan kəndlərimizin qəhrəman sakinlərinin nə qədər qorxulu həyat yaşadıqları bizi düşündürür.
Nəhayət avtobusa minib üz tuturuq işğaldan azad olunmuş Ağdama tərəf. Bizə bələdçilik edən Yeni Azərbaycan Partiyasının rayon təşkilatının İcra Aparatının rəhbəri Zülfi Qasımov yol boyu bərk-bərk tapşırır ki, yoldan kənar heç yerə çıxmayaq, çünki hər tərəf vandal ermənilər tərəfindən minalanıb. Zülfü müəllim bilirdi ki, aramızda Ağdamdan olan jurnalistlər var və onlar istər-istəməz 30 ildən sonra öz doğma torpaqlarına qədəm qoyurlar, bu nə qədər onlar üçün sevincli və ağır idi, istər istəməz öz doğma evlərinə baş çəkmək istəyəcəklər.
Yol boyu ermənilərin yolun kənarında ucaltdığı sədlərdən dağıdılmış evlər görünmürdü. 30-60 metr kənarda minalanmış və tikanlı məftillərlə işarələnmiş ərazilər yol boyu uzanırdı. Belə qənaətə gəlmək olardı ki, ermənilər özlərinə sərhəd müəyyənləşdiriblər. Qərvənddən başlayan bu səddi ermənilər "Ohanyan səddi" adlandırırdılar. Bu 7-8 «keçilməz» səddən ibarət idi. Bələdçi Zülfi müəllim bildirdi ki, bu sədd o qədər möhkəm olub ki, əgər Ağdam istiqamətindən hücuma başlasaydıq burada böyük sayda itkimiz olardı. Ali Baş Komandan İlham Əliyevin taktiki gedişi bu qırğının qarşısını aldı və Ağdam döyüşsüz boşaldıldı.
Uzundərə deyilən yerdən şəhərə yaxınlaşırıq. Ağdamın Azərbaycana təhvil verilməsindən sonra şəhərin işğal illərində məruz qaldığı dəhşətli vəziyyətlə üzləşirik. İlk tanışlığımız şəhidlərimizin uyuduğu 3-cü Fəxri Xiyabandan başladı. Bələdçimiz bildirdi ki, Ağdamda 3 Şəhidlər Xiyabanı var və ərazisi hektarlarladır. Ümümuilikdə Ağdamın 6200-ə qədər şəhidi olduğu vurğulandı. Şəhidlər Xiyabanında gördüklərimiz bizi dəhşətə gətirdi. Onu təsvir etmək belə nə qədər ağırdır. Goreşən ermənilər bütün məzarları qazıb şəhidlərimizi oradan çıxarıblar.
İkinci tanışlığımız 2-ci Fəxri Xiyaban oldu. Hansı ki, burada Milli Qəhrəmanımız Allahverdi Bağırov uyuyurdu. Yadıma şair-jurnalist İlyas Qəmginin (Allahverdiyevin)  vaxtilə yazdığı bir bayatı düşdü;

Allahverdi Ağdama,
Arxa idi Ağdama.
Siz Allah, bəd xəbəri,
Yetirməyin Ağdama.

Burada da həmin görüntülərlə qarşılaşdıq. Bütün məzarlar goreşən ermənilər tərəfindən qazılmış, tamamilə yox edilmişdi. Allahverdi Bağırovun məzarı üstə dayanaraq bütün şəhidlərimizə dualar etdik. 
Növbəti dayanacağımız Ağdam kanalı adlanan ərazi oldu, burada da bütün tikililər yerlə yeksan edilib. Bəzi jurnalistlərimiz buranı tanımadılar, halbuki, onlar orada doğulub böyümüşdülər. Bu səbəbdən də bizi müşaiyyət edən Zülfü müəllimə suallar yağdırır, o isə hərdən kövrək, hərdən də narahat halda onlara tələsməməyi, bütün suallara cavab verəcəyini bildirirdi.

Bələdçimiz bizə "İmarət"də hər bir suala ətraflı cavab verəcəyinə söz verdi və ora yola düşdük.
XVIII əsrə aid abidə 1738-ci ildən sonra – Pənahəli xanın Qarabağda quruculuq işlərinə başladığı dövrdə inşa edilib. Tikili iki binadan ibarət olub və Pənahəli xanın imarəti də adlanıb.


Düşmən təcavüzü illərində mənfur qonşularımız mədəniyyətimizi təhqir etmək, torpaqlarımızdakı izləri silmək məqsədilə bu saraya da külli miqdarda zərər vurublar. Saraydan tövlə və əsgərlər üçün sığınacaq kimi istifadə olunub. Pənahəli xanın, Natəvanın məqbərələri dağılmış vəziyyətdə, Natəvanın büstünü isə tamamilə sındıraraq ətrafa dağıtmışdılar.
«İmarət»in yanında yerləşən "Qarabağ" futbol komandasının stadionu ilə bizi tanış edirlər. Bu stadion qeyri-adiliyi ilə də fərqlənir. Belə ki, stadionun ot örtüyü təbiidir və burada heç bir yağış suyu yığışmır. Yağış yağandan sonra qısa 40-50 dəqiqədən sonra meydanda su qalmır.
Yolumuza davam edərək 1-ci Fəxri Xiyabana yollandıq. Yol boyu dağılmış hündür mərtəbəli binalardan əsər əlamət qalmadığının şahidi olurduq ki, sanki burada heç bir bina, yaşayış olmayıb. Fəxri Xiyaban heç qəbirstanlığı da xatırlatmırdı. Burada da bütün məzarlar dağıdılmışdı. Girişdə bizi cəlb edən bir ailənin 4 üzvünün məzarı oldu, bu hamımızı çox kövrəltdi. Zülfi müəllim bildirdi ki, bunlar Xocalıdan olan Şəhidlərdir, 2 uşaq 1 yeniyetmə və atalarının qəbirləridir. Yaxınları gəlmişdi, şəkilləri girişdə basdıraraq gülləri onun yanına qoyub təskinlik taparaq getdilər. Məzarlıq erməni dığaları tərəfindən minalandığından ağdamlı jurnalistlərimizin heç biri yaxınlarının məzarlarını müəyyənləşdirə bilmədilər. Onlar çox kövrəlmişdilər. 30 ildən sonra doğma yurda gəlib ata, ana məzarını tapa bilməyəsən, bütün şəhəri dağılmış görəsən, bu çox ağır faciədir…

Bizdən 2-3 km aralıda, Xocavəndə çatmamış erməniləri qorumaq üçün rus "sülhməramlıları"nın postu görünürdü. Xocavənddə isə evlərin örtükləri dəmirdən vurulduğundan par-par parıldayırdı, elə bil bizə acıq vermək üçün bunu etmişdilər.
Beləcə yolumuza davam edərək Ağdam Cümə məscidinə yollanırıq. Bura da ermənilər tərəfindən işğal edildiyi dövrdə çox ciddi dağıntılara məruz qalmışdır. Ermənistanın müvafiq dövlət qurumları tərəfindən Ağdam məscidinin rəsmi şəkildə təhqir olunmasına və dağıdılmasına qərar verildiyi barədə erməni mətbuatından məlumatımız var. Məscidin minarələri daxildən tamamilə sökülmüş, tavanı bir neçə yerdən uçurdulmuş, daxili tərtibatı, dizayn və divar yazıları pozulmuş, hücrələri və yardımçı otaqları uçurdulmuş, kommunal və kommunikasiya xətləri dağıdılaraq tamamilə yararsız hala salınmışdır. Məscidin bəzək əşyaları, texniki avadanlıqları, qurğuları, bərk və yumşaq inventarları qarət edilmiş, Məscidin daxili və xarici divarları üzərində erməni və rus dillərində Azərbaycan xalqına və millətinə qarşı alçaldıcı, təhqiredici ifadələr yazılmışdır. İşğal dövründə ermənilər Məscidin ibadət zalından, yardımçı otaqlarından mal-qara və donuzların saxlanması, yəni tövlə kimi istifadə ediblər. Əhvalımız yenə pisləşir və yolumuza davam edərək ermənilərin özəlləşdirdiyi Şahbulaq qalasına üz tuturuq.  

Qala Qarabağ xanı Pənahəli xan tərəfindən 1751–1752-ci illərdə inşa etdirilmişdir. XVIII əsr bu qala divarları memarlıq abidəsi sayılır. Ermənilər buranı da özününküləşdirmək istəyiblər. Hətta girişdə erməni, rus və ingilis dillərində lövhə də asıblar. Onlara qismət olmadığını gördükdə isə çıxha-çıxda buranı da dağıdaraq abidəyə ciddi ziyan vurmuşlar. 

Sonda Medianın İnkişaf Agentliyinin məsul işçisi Rüstəm müəllim hər kəsə Agentliyin rəhbərliyi adından təşəkkürünü bildirdı və bu günü ibadətə bərabər bir gün adlandırdı. Media nümayəndələri də bu vacib səfərə görə Medianın İnkişaf Agentliyinin rəhbərliyinə minnətdarlıq etdilər...

Sonda Qala ətrafında xatirə şəkili çəkdirərək, işğaldan azad olunmuş Ağdamı ürək ağrısı ilə tərk edərək Bakıya yola düşürük...

Bilman İSAQ

Qəbələdə yeni körpü və avtomobil yolu bərpadan sonra istifadəyə verilib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?