• 15 May 2021

Vətənini canından əziz bilən qəhrəman: Tarzan Həşimov

12:58 20/04/21 | Digər

44 gün çəkən, tarixi zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsində Vətən, torpaq uğrunda vuruşub canlarını fəda edən igidlər sırasında Tarzan Qəhrəman oğlu Həşimovun adı da böyük iftixarla çəkilir. 1989-cu ildə dağlar diyarı Lerik rayonunun Bibihoni kəndində dünyaya göz açan elin bu qəhrəman oğlu ürəyindəki neçə-neçə saf arzularla yetkinlik yaşına çatır. Tarzan namuslu, ləyaqətli ailədə böyüdüyü üçün müstəqil həyatda ağlın qanadına arxalanır, yalnız yaxşı əməllərə üz tutur. Və yaşadığı cəmiyyətin içində qısa müddətdə etibardan, düz ilqardan hörmət də qazana bilir. Mənəviyyat fəlsəfəni Vətənə, torpağa sevgi, insana məhəbbət, böyüyə hörmət, halallığa tapınıb ömür sürmək kimi ali dəyərlər təşkili edən Tarzan yolunu azmış azğın erməni dığaların hərəkətlərini heç cür qüruruna sığışdıra bilmir. Elə 2007-ci ildə ordu sıralarına da onlardan qisas almaq istəyi ilə gedir.

Tarzan Həşimov Gəncə şəhərində xidmət edir. Vətənin namusunu, qeyrətini, şərəfini uca tutmaqla ona dayaq, sipər olmağı bacarır. Verilən tapşırıqları can-başla yerinə yetirir, əla xidmətə görə komandirlərin ən çox inandığı, hörmət bəslədiyi əsgər olur. Əsgər yoldaşlarına da həmişə bildirir ki, Vətəni sevmək, məqamında onun yolunda canından keçmək hamımızın müqəddəs borcudur.

Bəli, Tarzan əsgəri borcunu yüksək səviyyədə, nümunəvi qaydada başa çatdırıb doğma kəndə qayıdır. 2 il ailənin dolanışığı üçün halal zəhmətdən yapışır. Özünə gün-güzəran qurmaqla bərabər, nəcib istəyini, niyyətini sevdiyi el-obanın inkişafına yönəldir. Qaldı ki, cəbhə xəttindən gələn xəbərlər, quduz düşmənin ədalətsiz hərəkətləri onu yenidən hərbiyə bağlayır. Gizirlərin hazırlıq kursunu bitirir, Xüsusi Təyinatlı Qüvvələrin təlimlərində yüksək döyüşçü keyfiyyətləri göstərir. 2011-ci ildə gizir rütbəsində Xüsusi Təyinatlı Qüvvələr Qrupunun kəşfiyyatçısı təyin olunur. Yüksək vətənpərvərlik, insanpərvərlik dəyərləri Tarzanın fəaliyyətində əsas şərt sayılır. Onun kəşfiyyatda qorxmazlığı, çevikliyi, müşahidələrin düzgün analizi həmişə uğurlu alınır. Cəsur kəşfiyyatçı dəfələrlə hissəyə “əli dolu” qayıdır. Bütün bunlar nəzərə alınır və Tarzana Xüsusi Əməliyyat Taborunun Xüsusi Əməliyyat Qrupunun kəşfiyyatçısı vəzifəsi etibar edilir. Aprel döyüşlərində necə lazımdır dığalara gücünü göstərə bilir. Vətənini canından əziz bilən igid kəşfiyyatçı xidmət dövründə üçüncü dərəcəli “Qüsursuz xidmətə görə”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi” medallarına layiq görülür.

27 sentyabrda İkinci Qarabağ müharibəsi başlananda Tarzan Vətənin haqq çağırışına canla-başla gedir. Füzuli, Cəbrayıl rayonlarında hərbi kəşfiyyat işlərinə başlayır. Dığalara gücünü göstərməklə hər gün yeni uğurlar qazanır. Torpağı qanı ilə Vətən edən Tarzan kimi igidlərin hesabına tezliklə hər iki rayon düşmən tapdağından azad olunur. Tarzanın qalxdığı şəhidlik zirvəsi isə ona ölməzlik gətirir. Xalqın qürur yeri olmaqla, adı şanlı zəfər tariximizə yazılır. Vətən torpaqları, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Tarzan Həşimov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunur.

Şəhidin həyat yoldaşı Mətanət xanım deyir: - Tarzan öz ailəsinə qarşı çox sədaqətli idi. Qızları Məsməyə, Hökuməyə dediyi sözlərdən bal damırdı. Vətənini, xalqını bizdən də artıq sevirdi. 30 il ömür sürsə də, vətən sevgisi Tarzana əbədi, solmaz bir həyat bəxş etdi. Məni onunla fəxr edirəm. Çalışacam ki, qızları da Tarzan kimi öz Vətənini sevə bilsinlər...

Zəfər ORUCOĞLU

"Metsamor"un fəaliyyəti dayandırılıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?