• 20 İyun 2021

Ermənistan sürətlə “siyasi dalana” doğru irəliləyir.

18:00 14/05/21 | Xarici Siyasət

İyunun 20-də keçiriləcək parlament seçkiləri ərəfəsində Ermənistanda
siyasi mübarizə qızışmaqdadır. Nəyin bahasına olursa olsun
N.Paşinyanı hakimiyyətdən uzaqlaşdırıb, ermənilərə yaşatdığı tarixi
məğlubiyyətə görə mühakimə etməyi planlaşdıran müxalifət müəyyən
cəhdlərə baxmayaraq birləşə bilmədi. Ermənistanın birinci prezidenti
Levon Ter-Petrosyanın özündən sonrakı dövlət başçılarına seçkilərdə
“Milli həmrəylik Alyansı”nın tərkibində birgə iştirak etmək təklifi qəbul
edilmədi. Özünü “müzəffər prezident” sayan R.Koçaryan təklifin
müzakirəsini belə istəmədən rədd etdi. Ondan fərqli olaraq üçüncü
prezident susmağa üstünlük verdi və susqunluq haqlı olaraq  təklifi “rədd
etmə” kimi qiymətləndirdi.
Levon Ter-Petrosyan nə qədər heç bir iddiasının olmadığını, bu addımı
erməni xalqının maraqları naminə atdığını, Nikol Paşinyanın Ermənistan
üçün Azərbaycan və Türkiyədən daha təhlükəli olduğunu desə də
sözlərinin heç bir təsiri olmadı. Bir vaxt aralarından “su sızmayan”
silahdaşlar-Koçaryan və Sarqsyan da birləşə bilmədilər və seçkıilərə
ayrı-ayrı bloklarda qatılmaq qərarı verdilər.
“Dirçələn Ermənistan” və “Daşnakstyun” partiyalarının birləşdiyi bloka
rəhbərlik edən R.Koçaryan hələ də Ermənistan üçün uğurlu olan ötən
əsrin 90-cı illərinin “eyforiyası” ilə yaşayır və qalib gələcəyinə ümid edir.
Maraqlıdır ki, “Dirçələn Ermənistan” partiyasının yaradıcısı  Sünik
(Zəngəzur) vilayətinin keçmiş meri Vage Akopyan, əsas fiqurları isə
həmin vilayətin sabiq vəzifəli şəxsləridir. Bu amil onu göstərir ki,
Zəngəzur onun təbliğat kampaniyasında mühüm yer tutacaq
və  o,keçmiş Azərbaycan ərazisinin problemlərini qabartmaqla hər ötən
gün nüfuzunun artacağına ümid edir.
 Doğrudur, siyasi dəstək almaq üçün Moskvaya səfər edən ikinci
prezident arzuladığı münasibəti görmədi və V. Putinlə üzbəüz görüşə
bilməyib Rusiyadan “əli ətəyindən uzun” vəziyyətdə qayıtdı. Keçirilən rəy
sorğuları hələlik onun təmsil etdiyi blokun qələbədən çox uzaq olduğunu
göstərsə də Koçaryan vəziyyətin dəyişəcəyinə ümid edir. Seçkiqabağı
kampaniyanın uğurlu təşkilinin ona hakimiyyətə gedən yolu açacağını
güman edir. Bu məqsədlə artıq mitinqlərə start verməyi düşünən
müxalifət lideri mayın 9-da Yerevanda, “Azadlıq” meydanında ilk
mitinqini keçirəcək və bəyanatla çıxış edəcək.
Bitərəf R.Koçaryandan fərqli olaraq Respublikaçılar partiyasının lideri
kimi “Vətən” partiyası ilə birlikdə yaradılan blokun başında seçkilərə
qatılan üçüncü prezident V.Sarqsyanın durumu da ürəkaçan deyil.
Ermənistan Ümummilli Konqresinin başında seçkilərə qatılan Levon Ter-
Petrosyanın vəziyyəti də digər iki keçmiş dövlət başçısının durumundan
fərqlənmir.

Bununla belə, keçirilən rəy sorğuları sabiqlərin hər üçünün parlamentə
düşmək şansının olduğunu göstərir. Son dövrlər nüfuzunu itirməkdə
davam etsə də Paşinyan blokunun rəqiblərindən xeyli irəlidə olduğu
inkar olunmazdır. N.Paşinyanın xalq içərisində azalmaqda olan  dəstəyi
və parlamentə düşmək şansı olan digər qurumların onun əleyhinə
olması vəziyyəti xeyli kəskinləşdirəcək. Çox güman ki, bu azalma
tendensiyası son günə qədər davam etsə də seçkilər onun qələbəsi ilə
başa çatacaq. Ancaq bu qələbə böyük üstünlüklə olmadığından
və parlamentə düşənlərin birlikdə onun qədər, hətta bir az artıq səs alma
imkanının mövcudluğu N.Paşinyanın hökumət qurma şansını təhlükəyə
sala bilər. Eyni zamanda parlamentdə iqtidar və müxalifət səslərinin
yaxınlığı, ermənilərin bir hissəsinin Paşinyana nifrət etməsi səbəbindən
hakimiyyət uğrunda mübarizə seçkilərdən sonra da davam edəcək.
 Nə xalqın  Paşinyana qatı nifrətlə yanaşan hissəsi, nə də parlamentdə
indikindən daha çox təmsilçilik imkanı qazanan müxalifət Ermənistana
tarixinin ən ağır məğlubiyyətini, sarsıntısını  yaşadan şəxsin yenidən Baş
nazir olması ilə barışmayacaq. Bu isə o deməkdir ki, “siyasi dalan”a
doğru sürətlə irəliləyən Ermənistanda hakimiyyət uğrunda mübarizə
seçkilərlərdən sonra daha kəskin şəkil alacaq və müəyyən qüvvələr qan
tökməkdən belə çəkinməyəcəklər.

Abutalıb Səmədov,
Azərbaycan Naminə Alyans Partiyasının sədri.

Ermənistanda seçki məntəqəsində zorakılıq tətbiqi ilə bağlı cinayət işi açılıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?