• 20 İyun 2021

Heydər Əliyevin sayəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrildi

19:30 14/05/21 | Siyasət

Müasir Azərbaycan dövlətinin banisi, xilaskarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin siyasi kursu və bu kursun uğurlu davamı nəticəsində son 50 ildə Azərbaycan Respublikası təkcə regionda deyil, bütün dünyada nüfuzlu və sürətlə yeniləşən, müasirləşən, modern dövlətlərdən birinə çevrilmişdir.

Bu fikri dərk etmək üçün bir qədər son iki yüz ildə baş verən tarixi hadisələrə ekskurs edək. XIII əsrin axırlarına qədər Cənubi Qafqazın əsas və hakim xalqı Azərbaycan xalqı idi. Lakin 1800-ci ildən başlayan Rus-Türk və Rus-İran müharibələri nəticəsində çar Rusiyası tərəfindən Cənubi Qafqaz işğal edildikdən sonra, ilk olaraq, Tbilisi (Tiflis) şəhəri regionun mərkəzi oldu, çarın Qafqaza təyin etdiyi canişinlər və digər vəzifəli şəxslər Tiflisdə otururdu, bütün dövlət idarə və müəssisələri, Qori Müəllimlər Seminariyası, digər elmi və mədəni müəssisələr orada yerləşirdi. Mühüm dövlət postlarına isə əsasən, gürcülər və ermənilər təyin olunurdu. Mirzə Fətəli Axundov, Abbasqulu Ağa Bakıxanov və başqa azərbaycanlılar da canişinliyin dəftərxanasında tərcüməçi və ya katib vəzifələrindən yuxarı gedə bilmirdilər. Çar ordusunda zabit kimi xidmətə müsəlmanlar tək-tək hallarda istisnalarla buraxılırdı. Siyasi, inzibati və mədəni mərkəz indiki Gürcüstanın paytaxtı Tbilisi olduğuna görə, əsas siyasətçilər, inqilabçılar, hərbi generallar, musiqiçilər, alim və yazıçılar da orada yaşayır, gürcü və ermənilərin arasından çıxırdı. 1890-cı ildə ermənilərin millətçi "Daşnaksutyun" partiyasi da məhz Tiflisdə yaranmışdı.

1917-ci ilin fevral inqilabı nəticəsində çarizmin süqutundan sonra hakimiyyətə gələn yeni siyasətçilər arasında gürcü və ermənilər çoxluq təşkil edirdilər. Kommunist-bolşeviklər arasından çıxan İ.Stalin, S.Orconikidze, S.Şaumyan, A.Mikoyan, Mirzoyan, L.Beriya və başqaları da nəinki Qafqazda, hətta bütün keçmiş çar Rusiyasının ərazilərində at oynadır, təkcə Qafqazın yox, bütün dünyanın taleyinə aid məsələləri onlar həll edirdilər. Nəriman Nərimanov və başqa siyasətçilər isə onların arasında azlıqda qaldığına görə bir iş görə bilmirdilər. Naxçıvana Muxtar Respublika statusunun verilməsi və bu status halında onun blokadaya alınması, Dağlıq Qarabağa Muxtar Vilayət statusunun verilməsi, Zəngəzurun Ermənistan Respublikasına birləşdirilməsi nəticəsində Türk dünyası ilə Azərbaycanın əlaqəsinin kəsilməsi məhz sovet hakimiyyətinin ilk illərində baş vermişdir. Bu proses, yəni azərbaycanlıların gürcü və ermənilər qarşısında aşağılanması hallarına yer vermək düz 1960-ci illərə qədər davam etmişdir. 1970-ci ilə qədər keçmiş sovet rəhbərləri Azərbaycan Respublikasını daim rəsmi qurultay və plenumların tribunalarında tənqid etmiş, məişət səviyyəsində isə azərbaycanlılar sovet xalqlarının nəzərində savadsız, xırda tacir və geri qalmış millət imicində qəbul edilirdilər. Qafqaz xalqlarına məxsus olan birisini Rusiyada görəndə ilk olaraq "qruzin" və ya "armyanin" deyə soruşurdular. 1969-cu il iyulun 14-də Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən və sovet Azərbaycanının rəhbəri olduqdan sonra vəziyyət kökündən dəyişməyə başladı. Müdrik və uzaqgörən dövlət xadimi olan Heydər Əliyev Azərbaycan Respublikasının və Azərbaycan xalqı haqqında süni şəkildə son 200 il ərzində formalaşmış imici dəyişdirməyə çalışdı. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında qabaqcıl, rəqabətədavamlı iqtisadiyyat, rentabelli sənaye və kənd təsərrüfatı yaradıldı, sağlam ideya, siyasi və mənəvi tərbiyə işi aparıldı, rüşvətxorluğa və korrupsiyaya, qanun pozuntusu hallarına, mənəvi-əxlaqi aşılanmalara qarşı ciddi mübarizə başlanıldı və bütün bunların nəticəsində əmək kollektivlərində, sovxoz və kolxozlarda, sənaye müəssisələrində, ali və orta məktəblərdə ciddi nizam-intizam və dönüş yaradıldı. Vaxtilə planları doldura bilməyən və buna görə də həmişə yüksək tribunalarda danlanılan Azərbaycan rəhbərliyi indi ən qabaqcıl yerlərdə durur, adı yüksək tribunalardan qürurla çəkilirdi. Azərbaycan dalbadal 12 dəfə o vaxtlar bütün SSRİ miqyasında keçirilən sosializm yarışının qalibi olmuş, nüfuzlu bir respublikaya çevrildi və özü-özünü hər bir vasitə ilə tam yaşamağa qadir olan, İttifaq büdcəsinə gəlir gətirən qabaqcıl bir respublikaya çevrildi. Vaxtilə təhsildən və ordudan yayınan bir xalqın nümayəndələri indi SSRİ-nin qabaqcıl ali məktəblərində oxuyur, müxtəlif peşələr üzrə yüksəkixtisaslı kadrlar kimi yetişib respublikamıza qayıdırdılar. Bu əzmkar və titanik fəaliyyətin nəticəsində 1970-ci illərin sonunda Azərbaycan Respublikası həm Gürcüstanı, həm də Ermənistanı bütün göstəricilər üzrə qabaqladı. Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçildi və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin olundu. İndi artıq Azərbaycanın böyük oğlu Heydər Əliyev SSRİ və dünya miqyasında həm Gürcüstanın başçısı Eduard Şevarnadzedən, həm də Ermənistanın başçısı Karen Dəmirçiyandan qat-qat üstün nüfuza malik idi. Beləliklə, Heydər Əliyev Azərbaycan Respublikasını Cənubi Qafqazın lider dövlətinə, təbii ki, Azərbaycan xalqı da öz növbəsində, regionun ən nüfuzlu və hörmətli bir xalqına çevrildi. Sonra 1985-ci ilin martında Mixail Qorbaçovun Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi və 1987-ci il oktyabrın 21-də Heydər Əliyevin Moskvada tutduğu bütün vəzifələrdən azad edilməsi nəticəsində azərbaycanlılara qarşı milli ayrı-seçkilik siyasəti yenidən davam etdirilirdi. Bu siyasətin nəticəsi olaraq 1988-ci ilin sonlarında Ermənistanda yaşayan 300 minə yaxın azərbaycanlı öz ata-baba torpaqlarından qovuldu, 1990-cı ildə 20 Yanvar hadisələri, 1992-ci ilin fevralında Xocalı faciəsi törədildi. Bir sözlə, bizim xalqımızın başına gələn bütün faciələr zəif rəhbərlərin hakimiyyətdə olduğu dövrlərdə rəhbərsizlikdən baş verdi. Bu baxımdan 1988-1992-ci illər Azərbaycan tarixinə ən qanlı hadisələrin baş verdiyi, özbaşınalıq, dərəbəylik, anarxiya və vətəndaş müharibəsi illəri kimi düşüb və xalqımız da ən böyük növbəti faciələri də həmin illər ərzində yaşayıb. 1993-cü ilin iyunun 15-də Heydər Əliyev yenidən Azərbaycan rəhbəri seçildikdən sonra respublikamızda möhkəm ictimai-siyasi sabitlik bərpa olundu, vətəndaş müharibəsinin qarşısı alındı, milli həmrəylik yarandı.

Zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyev ölkəmizi düşdüyü bəlalardan xilas etməyin yollarını yaxşı bilirdi. Onun rəhbərliyi ilə 1994-cü ilin sentyabrın 20-də "Əsrin müqaviləsi", daha sonrakı illərdə dünyanın qabaqcıl ölkələrinin neft şirkətləri ilə 30-a qədər neft müqaviləsi imzalandı, Bakı-Novorassiysk, Bakı-Supsa, Bakı-Tbilisi- Ceyhan neft kəmərləri çəkildi, həyata keçirilən uğurlu neft-qaz strategiyası nəticəsində Azərbaycan iqtisadiyyatına külli miqdarda investisiya qoyuldu və ölkə büdcəsinə milyardlarla dollar vəsait daxil oldu. İndi Azərbaycan iqtisadiyyatı Cənubi Qafqazın ümumi iqtisadiyyatının 75 faizinə sahibdir. Bütün iqtisadi göstəricilərinə görə Azərbaycan Gürcüstanı və Ermənistanı üstələyir. Azərbaycan böyük layihələrin, o cümlədən TAP, TANAP və başqa neft-qaz və tranzit, nəqliyat kommunikasiya layihələrinin sahibidir. Gürcüstan bizə dost ölkə olduğuna görə bu layihələrdən bəhrələnir və əlverişli tranzit ölkə statusu rolunu oynayır, Ermənistan isə düşmən mövqe tutduğuna və Azərbaycan torpaqlarını işğal etdiyinə görə bütün regional və beynəlxalq layihələrdən kənarda qaldı. Bununla da onun iqtisadiyyatı tam çöküb və dilənçi vəziyyətinə düşüb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev yenidən hakimiyyətə gələndən sonra Ermənistanla atəşkəs imzalanmasına nail oldu və respublikamız MDB-nin üzvü oldu. Lakin ötən tarixi dövr Heydər Əliyevin nə qədər düzgün, düşünülmüş siyasət yeritdiyini sübut etdi. Torpaqlarımızın bir hissəsinin işğal olunması Azərbaycanı ruhdan salmadı, əksinə müdrik rəhbər olan Heydər Əliyev Azərbaycanın əlində qalan resursları və ehtiyat mənbələrini işə salaraq sivil dünya dövlətləri ilə düşünülmüş əlaqələr quraraq iqtisadiyyatı dirçəldə və respublikanı ayağa qaldıra bildi. Heydər Əliyev həmişə qətiyyətlə Azərbaycanın ərazi bütövlüyünün toxunulmaz olduğunu, işğal altında olan torpaqlarımızın gec-tez işğaldan azad olunacağını bəyan edirdi. Xoşbəxtlikdən Heydər Əliyevin siyasi kursunu Ulu Öndərin ən layiqli yetirməsi olan İlham Əliyev davam etdirdi və 2003-cü ilin oktyabrında O, Azərbaycan Respublikasının Prezidenti seçildi. Prezident seçilməsindən keçən 17 il ərzində İlham Əliyev Heydər Əliyevin bünövrəsini qoyduğu dövlətçilik prinsiplərini bütün istiqamətlər üzrə davam etdirərək bizim mövzu üzrə də estafeti nəinki qoruyub saxlaya bildi, həm də Azərbaycan xalqının qürurunu və şərəfini daha ucalara qaldırmaqla ona qəhrəman və qalib xalq statusu qazandırdı.

Nəhayət, gözlənilən gün gəldi. 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu möhtəşəm qələbə qazandı. Dağlıq Qarabağ münaqişəsi həll olundu və torpaqlarımız işğaldan azad edildi.

2020-ci ildə əldə olunmuş tarixi Qələbə Azərbaycan xalqının dövlətçiliyə, müstəqilliyə, gələcəyə və ən başlıcası da özünə inamını daha da artırmışdır. Pandemiya səbəbindən yaranmış iqtisadi çətinliklər xalqımızın qalib ruhuna, özünə inamına, gələcəyə yönəlik arzularına mənfi təsir etməyib, onu ruhdan salmır, əksinə ona gələcək mübarizələrə hazır olmaq üçün əlavə qüvvə verir. Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimiz işğaldan azad olunmuş torpaqların bərpasına başlayıb. Dövlətiniz yeni tarixi vəzifələrin həllinə can atır. Bu günlər işğaldan azad edilmiş torpaqlarda bərpa və yenidənqurma işləri gedir. Bununla bərabər dövlətimizin başçısı cənab İlham Əliyev Naxşıvanla gediş-gəlişin bərpasına mühüm əhəmiyyət verir. “Bu baxımdan Zəngəzur dəhlizinin açılması strateji əhəmiyyət kəsb edir” deyən Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində vurğulayıb: ”Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də istəməsə də.” Zəngəzur dəhlizinin yaradılması ilə Naxşıvanın blokadasına son qoyulacaq, Azərbaycan ilə Naxcıvan arasında həm dəmir yolu, həm də avtomobil yolu açılacaq. Bununla bağlı 2020-i ilin noyabrın 10-da imzalanmış Bəyanatın 9-cu bəndində bölgədəki bütün iqtisadi və nəqliyat əlaqələrinin bərpa olunacağı haqda müddəa var. Bundan əlavə, bərpa prosesində Laçında, Füzulidə və Zəngilanda 3 beynəlxalq hava limanı tikiləcək və digər kommunikasiyalar bərpa olunacaq, “ağıllı” şəhər, kənd və qəsəbələr salınacaq.

Qafar Əliyev

Siyasi elmlər üzrə fəlsəfə doktoru

Ermənistanda seçki məntəqəsində zorakılıq tətbiqi ilə bağlı cinayət işi açılıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?