• 20 İyun 2021

Siz həmişə mənimləsiniz...

09:56 10/06/21 | Mədəniyyət

(Görkəmli teatr və kino xadimi, Azərbaycanın Xalq artisti, Dövlət mükafatları laureatı,
“Şöhrət” ordenli, “Tərəqqi” medallı, Bakı Dövlət Bələdiyyə Teatrının direktoru və
bədii rəhbəri Amaliya xanım Pənahovaya həsr olunur)

Əgər dünyasını dəyişməsəydi, iyunun 15-də 76 yaşı tamam olacaqdı

Azərbaycan səhnəsinin ən parlaq, ən öncül ulduzu olan Amaliya Əliş qızı Pənahova 1964-cü ildə hələ tələbə ikən Akademik Milli Dram Teatrında ilk rolu ilə bir gecədə məşhur oldu. Görkəmli dramaturq İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” tamaşasındakı Nargilə obrazı ilə. Fitri istedad, yüksək qavrama qabiliyyəti, təmiz diksiya, məlahətli səs, səhnəni, tərəfmüqabili duymaq bacarığı, obrazın mahiyyətini dərk edərək onun daxili aləminə nüfuzetmə və onu tamaşaçıya ötürə bilmək imkanı tələbə-aktrisa üçün şöhrət zirvəsinə gedən yola şəfəq saldı.

Sonra Amaliya Pənahova dünya və Azərbaycan klassiklərindən Vilyam Şekspir, Mixail Lermontov, Mirzə İbrahimov, Sabit Rəhman, Əbdürrəhim bəy Haqverdiyev, Fridrix Şiller, Jan Anuy, Anatoli Safronov, Sadıq Şendel, Anar və bu qəbildən olan iki yüzdən çox dramaturqun müxtəlif janrlı, müxtəlif xarakterli qəhrəmanlarını yaratdı. “Romeo və Cülyetta”da Cülyetta, “Maqbet”də Əcinnə, “Hamlet”də Ofeliya, “İki qardaş”da Vera, “Közərən ocaqlar”da Leyla, “Yalan”da Xumar, “Nişanlı qız”da Zərifə, “Oqtay Eloğlu”nda Firəngiz, “Pəri cadu” da Pəri, “Məkr və məhəbbət”də Luiza, “Medeya” faciəsində Medeya, “Gecənin sirri”ndə Zina, “Qanlı Nigar” tragikomediyasında Nigar, “Təhminə və Zaur” tamaşasında Təhminə və bu qəbildən olan 200-dən çox bədii qəhrəmana böyük ustalıqla, sevgi və məhəbbətlə səhnə nəfəsi verdi.

Milli Teatrın səhnəsində Amaliya Pənahovanın ən uzunmüddətli yaradıcılıq ünsiyyəti görkəmli yazıçı və dramaturq İlyaz Əfəndiyevin qəhrəmanları ilə olmuşdur. İlk uğurun sevinc aurasında görkəmli dramaturq teatra təqdim etdiyi silsilə dram əsərlərində baş rolları məhz Amaliya Pənahovanı nəzərdə tutaraq yazmış, nəticəsi gözlənildiyindən də uğurlu olmuşdur. “Mənim günahım” lirik-psixoloji təcəssümündə Ayqız, “Unuda bilmirəm”də Nərmin, “Mahnı dağlarda qaldı” dramında Şahnaz, “Xurşidbanu Natəvan” tamaşasında Natəvan, “Şeyx Xiyabani” faciəsində Şahzadə Mahnur xanım və bir sıra təcəssümlərdə məhz baş rolları ifa edən Amaliya Pənahova lirik-psixoloji ovqatlı hər bir obrazı hətta 800-cü dəfə oynayanda belə böyük sevgi, emosional çılğınlıq, sönməz səhnə eşqi ilə yaratmışdır. İlyas Əfəndiyev dramaturgiyasında böyük aktrisanın parlaq ifaçılığı təkrarolunmaz olaraq qalmaqdadır.

Zamanın axarında Şərqin ən parlaq teatr və kino xadiminə çevrilən Amaliya Pənahova 200-dən çox Azərbaycanın və dünya klassiklərinin, o cümlədən, müasir Azərbaycan dramaturqlarının tamaşalarında, həmçinin iyirmi beş bədii filmdə baş və ən yaddaqalan obrazların yaradıcısına çevrildi. Hər bir obraz özünün bədii həlli ilə tamaşaçı qəlbinə nəinki yol tapdı, həm də ifaçı onun sevimli aktrisasına çevrildi.

Amaliya Pənahovanın mütənasib, ekrana yararlı üz cizgiləri Azərbaycanın görkəmli rejissorlarının diqqətindən yayınmadı, filmlərində ona yaddaqalan ciddi ekran personajlarını etibar etdilər. Nəticədə, aktrisa “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Əhməd haradadır”, “Sən niyə susursan?”, “Cazibə qüvvəsi”, “Həyat bizi sınayır”, “Xatirələr sahili”, “Arxadan vurulan zərbə”, “Babək”, “Qəribə adam”, “Gözlə məni”, “Mən mahnı qoşuram”, “Mezozoy əhvalatı”, “Səmt küləyi”,”Qərib cinlər diyarında”, “Musiqi müəllimi”, “Bircəciyim”, “Mənim ağ şəhərim”, “Cavad xan”, “Nəfəs” və beləliklə, iyirmi beş bədii filmdə irili-xırdalı çox maraqlı obrazlar yaratmışdır. Bu obrazlardan hər biri ekrandan tamaşaçı qəlbinə köçmüş, orada özünə isti yuva qurmuşdur.

Amaliya Pənahova Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri”, Mirzə İbrahimovun “Mədinənin ürəyi”, Hüseyn Cavidin “Topal Teymur”, Çingiz Aytmatovun “Qırmızı yaylıqlı qovağım mənim”, Nazim Hikmətin “Bayramın ilk günü”, Ruhəngiz Qasımovanın “Ömrün yollarında” və onlarla televiziya tamaşalarında yaddaşlarda dərin iz buraxan obrazlar yaratmışdır.

Aktyor o zaman rejissor kimi fəaliyyətə başlayır ki, o, artıq daxili sənət tələbatının tam ödənmədiyini görür və ya əlavə yaradıcılıq sahəsinə böyük ehtiyac duyur. Görkəmli teatr və kino xadimi Amaliya Pənahova quruluşçu rejissor kimi İlyas Əfəndiyevin “Mənim günahım”, Şıxəli Qurbanovun “Sənsiz”, Məmməd Muradın “Təkan” televiziya tamaşalarına ekran təcəssümü vermiş, bu televersiyalarda baş rolların ifaçısı da məhz görkəmli aktrisanın özü olmuşdur. Hər bir teletamaşa geniş tamaşaçı auditoriyası tərəfindən yüksək qiymətləndirilmiş və o vaxtkı teleradio komitəsinə içi sevgi və minnətdarlıqla dolu minlərlə məktub gəlmişdir.

Aktrisanın daşıdığı istedad yükünün lirik-psixoloji səpgidə, faciə janrında, hətta ekssentrik obrazlar qalereyası yaratmağa imkan verdi. Bu böyük fitri istedad sahibi obrazı həcmindən, dramaturji mövqeyindən, xatakterindən asılı olmadan, dərindən mənimsəməsə, estetik cəhətdən düzgün yanaşmasa, yaratdığı obrazı öz ağıl süzgəcindən, ürəyindən keçirməsə, heç vaxt səhnəyə çıxmazdı.

Amaliya Pənahova obrazlarını katarsis halına salır, onun sekulyarlığını təmin edir və bununla da səhnə sənətinin nə dərəcədə əhəmiyyətli bir sənət olduğunu göstərir. O, sevgi, həsrət, vida pıçıltılarını emosional həssaslıqla, şirin və kədərli nəğmə notları üstündə köklənmiş avazla ifa edir. Buna görə də obrazlarının həqiqətinə tamaşaçısını inandıra bilir, özü də obrazının simasında tamaşaçı qəlbinə daxil olur.

Psixoloji ovqat və bu ovqatın təlqin etdiyi atmosferə tamaşaçını ardınca çəkib apara bilmək qüdrəti aktrisaya imkan vermişdir ki, o, yaratdığı obrazın səhnə ömrünü həyatın bir parçası kimi yaşamış, daim özünü unutmuş, sonra nə baş verəcəyini düşünmədən səhnənin toz-torpağına bulaşmışdır.

Görkəmli dramaturq İlyas Əfədiyev də, dövrün görkəmli tənqidçiləri də dəfələrlə etiraf etmişlər ki, aktrisanın yaratdığı hər bir obrazında hətta 800-1000 dəfə oynadığı halda premyera tamaşasında olduğu təravət, emosional yanaşma, yüksək səhnə etikası və tamaşaçıya hörmət qalmaqdadır. Budur Amaliya Pənahovanın uğurlarının sirri!

Yarım əsrdən çox bir zaman içində daim sevda dolu bir səhnə ömrü yaşamaq, hər bir obazını sevdirmək, hər tamaşadan sonra çiçək yağışına qərq olmaq, daim üzdə olmaq, daim şöhrət zirvəsini, insanlıq və səhnə etikasını gözləmək, həmişə məhəbbət dolu baxışların tuşuna çevrilmək, hər zaman gözlənilən və sevilən olmaq hər sənətkarın payına düşmür.

Qüdrətli şəxsiyyət dəyəri!

Amaliya Pənahovanın böyük istedadına ən yüksək dəyərin Ümummilli Lider Heydər Əliyev kimi dünya şöhrətli dahi şəxsiyyət tərəfindən verilməsi təsadüfi deyildir. Görkəmli sənətkar məhz Ümummilli lider Heydər Əliyevin şəxsi imzası ilə silsilə mükafatlara layiq görülmüşdür.

  • “Hörmətli Amaliya xanım!
  • Sizi – Milli Teatrımızın görkəmli xadimini şanlı yubliley münasibətilə ürəkdən təbrik edirəm. Sizə cansağlığı, səadət və sənət yollarında yeni yaradıcılıq nailiyyətləri diləyirəm.
  • Sizin Azərbaycan mədəniyyətinin, teatrının inkişafında xidmətləriniz yüksək qiymətə layiqdir. Sizin fitri istedadınız, fədakar əməyiniz, yaratdığınız unudulmaz obrazlar Azərbaycan incəsənətini, mədəni həyatını zənginləşdirmişdir. Özünəməxsus parlaq yaradıcılığınızla Siz sənət zirvəsinə ucalmış, xalqımızın hüsn-rəğbətini, məhəbbətini qazanmısınız.
  • Ümidvarıq ki, Siz milli Azərbycan Teatrının zəngin ənənələrinə sadiq qalaraq, bundan sonra da mədəniyətimizin inkişafı naminə yorulmadan çalışacaq, yeni-yeni müvəffəqiyyətlər əldə edəcəksiniz. Bu yolda Sizə uğurlar arzulayıram.

  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev.
  • 8 iyul 1995-ci il”.

Zamanında Amaliya Pənahova da Ulu Öndərə təşəkkürünü belə bildirmişdi: - O, bir Günəş idi. Hansı tərəfdən baxsan nurlu üzünü görürdün. O, sədaqətli dost, səxavətli rəhbər, ağsaqqallara-ağbirçəklərə övlad olmağı bacaran şərəfli bir övlad, şirin-şəkər körpələrimizə nağıl qəhrəmanlarına bənzəyən baba, Azərbaycan incəsənətini ən bilikli sənətşünas qədər bilən bilici idi. O qüdrətli şəxsiyyət qarşısında həmişə təzim edilməyə layiq şəxsiyyət idi...

Amaliya Pənahova Azərbaycanın müstəqilliyinin qurulmasında, vətəndaş müharibəsinin qarşısının alınması uğrunda, qüdrətli Öndərimizin siyasi hakimiyyətə qayıdışını dəstəkləyən və bu yolda bacardığı dəstəyi əsirgəməyən ölkə ziyalılarının önündə gedənlərdən biri olmuş, xalqın və dövlətin mənafeyi naminə səy və bacarığını əsrgəməmişdir. O, Azərbaycanı həmişə suveren, həmişə demokratik, həmişə azad görmək arzusu ilə çırpınmış, həm də bu yolda maddi və mənəvi imkanlarının çatdığı qədər çalışmışdır. Xalqın elçisi olmaq, xalqın sözünü demək, onun arzu və istəklərinin fövqündə dayanmaq Amaliya Pənahova şəxsiyyətinin qanında-canında idi. O, 1964-cü ildən bəri ölkənin bayraqdar teatrında ən yüksək kürsü sayılan səhnədən qəhrəmanlarının dili ilə “Azad Azərbaycan” sözlərini çox demişdir. İnsanlarla ünsiyyətə girib onların qayğı və problemlərinin həlli ilə məşğul olmaq ən böyük istəyi idi. Oldu da! Millət vəkili kimi ən mötəbər, ən məsuliyyətli ada layiq görüldü. Amaliya Pənahova təkcə elçisi olduğu insanların deyil, həm də həmkarlarının qayğısına qalır, teatr problemlərinin çözülməsinə səy göstərirdi.

Amaliya Pənahova millət vəkili kimi müxtəlif ölkələrdə olur, Azərbaycan həqiqətləri uğrunda fədakarcasına işləyir, bir incəsənət xadimi kimi, teatr xadiminin necə bir elmin, dünyagörüşün, ağlın, mədəniyyətin sahibi olduğunu nümayiş etdirməyə çalışırdı.

Təhsil, təcrübə, elm və dünyagörüşü kimi ali insani keyfiyyətlərdən yararlanan Amaliya Pənahova çox yaxşı bələd olduğu səhnə sənətindən özünü alim kimi təsdiq etdi. Bir tədqiqatçı kimi, onun elmi təhlilləri bu günün səhnə sənətinin ən vacib çalarlarından – aktyor oyununun ikinci planından bəhs edir. O, zəngin sənət təcrübəsini aktyorluq fakültəsində təhsil alan tələbələrinə aşılamaqla yanaşı, həm də kamil bir sənət bilicisi olduğunu sübut etdi. Sənətşünaslıq üzrə doktorluq elmi dərəcəsi almaq üçün illərlə elmi axtarışlar apardı. Elmi dərəcələr aldı, professor oldu. Ağlının süzgəcindən süzülənləri Azərbaycan elminə əbədi əmanət, əbədi hədiyyə elədi.

Bakıda yeni teatr

1992-ci il noyabr ayının 10-da Ulu Öndər Heydər Əliyevin birbaşa müdaxiləsi, təşəbbüsü və xeyir-duası ilə Bakı Bələdiyyə Teatrı yaradıldı. Azərbaycanın görkəmli teatr və kino xadimi Amaliya Pənahova teatrın direktoru və bədii rəhbəri vəzifəsinə təyin edildi. Ötən zaman içində teatr Azərbaycan və dünya klassikasının, müasir dramaturgiyanın ən parlaq nümunələrinə səhnə nəfəsi verdi. Teatr ölkənin ən istedadlı gənc aktyorlarını, o cümlədən, incik salınmış qocaman sənətkarlarını öz mehriban ağuşuna aldı. Teatrımızın və kinomuzun parlaq ulduzu teatrını da qısa vaxtda ölkədə ulduza çevirdi.

Ölkədə xaos, hərcmərclik hökm sürdüyü bir vaxtda, teatrların fəaliyyətinin demək olar ki, dayandığı, teatr sənəti durğunluğa düçar olduğu bir vaxtda belə bir teatrı açmaq, tamaşaçıları ora cəlb etmək, həm də böyük müvəffəqiyyətlərə nail olmaq məhz Amaliya Pənahova kimi qüdrətli bir sənətkara məxsus ola bilərdi.

Hərbçi yazıcı-publisist Abdulla Qurbaninin qeyd etdiyi kimi, Amaliya Pənahovanın Bakı Bələdiyyə Teatrını yaratmaqda əsas məqsədi - Azərbaycan Teatrının zəngin təcrübəsinin təbliği, inkişafı sahəsində müntəzəm iş aparmaq və hər şeydən öncə Azərbaycanın ərazi bütövlüyünün, dövlətçiliyinin, müstəqilliyinin qorunmasına, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin və Silahlı Qüvvələr şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə xidmət etməkdən ibarət idi.

Müharibənin ən ağır günlərində Amaliya Pənahova rəhbərlik etdiyi teatrın kollektivi ilə tez-tez cəbhə bölgələrində olmuş, vətən uğrunda canını əsirgəməyən Azərbaycan əsgərlərinə nümunəvi mədəni xidmət göstərmiş, güllə yağışı altında göstərilən tamaşalarla döyüşçülərin qələbə əzmini artırmışdır.

Görkəmli akrtisanın bütün uğurlarının başında əslində həmişə kadr arxasında olan Azərbaycanın qızıl səsli diktoru, Xalq atristi Yusif Muxtarov dayanırdı. Amaliya xanımın təbirincə desək, Yusif sözün əsl mənasında dost, həmkar, həyat yoldaşı, sənət xiridarı, bacarıqlı təşkilatçı kimi teatrın fəaliyyətində cəfakeşlik göstərmişdir. Yusif müəllim teatrın döyüşən ordu qarşısında nümunəvi çıxışlarına görə, Türkiyə Hərbi Akademiyasının qızıl ödülünə, Azərbaycan Teatr Xadimləri İttifaqının “Qızıl Dərviş” mükafatına layiq görülmüşdür.

Əbəs yerə deyildir ki, Bələdiyyə Teatrı “döyüşən teatr” adlandırılır. O, səhnə əsgərləri ilə birlikdə vətəni qoruyan Azərbaycanın igid oğulları ilə yanaşı ön cəbhə bölgələrində düşmənə qarşı mənəvi mübarizə zamanı güllə yağışına tuş gəldilər, ölüm təhlükəsi ilə üz-üzə dayandılar. Xalq atristi Yusif Muxtarov da xanımı ilə çiyin-çiyinə döyüş bölgələrini gəzir, ağır zəhmət hesabına qazandıqlarını səngərlərdə əsgər balaları ilə bölürdülər.

Döyüşən teatr mübariz əsgərləri ilə Jan Anuyun “Medeya”, Rauf İçərişəhərlinin “Vətənə igidlər gərəkdir”, Nigar Rəfibəylinin “Məhsəti”, Oqtay Altunbayın “Tomris”, Üzeyir Hacıbəylinin “Köhnə Bakı”, Altay Məmmədovun “Dəli Domrul”, Anarın “Burlaxatun”, Abdulla Qurbaninin “Türk sancağı”, Sabir Rüstəmxanlının “Sönmüş ocağın ağısı” tamaşaları ilə gənclərin mübarizə əzmini artırmağa, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasına çalışırdı. Bununla Amaliya Pənahova rəhbərlik etdiyi teatr kollektivi ilə Azərbaycan teatr sənətini yeni bir tarixi salnaməsini yazdı.

Yarım əsrdən çox bir zaman içində daim sevda dolu bir səhnə ömrü yaşamaq, hər bir obazını sevdirmək, hər tamaşadan sonra çiçək yağışına qərq olmaq, daim üzdə olmaq, daim şöhrət zirvəsini, insanlıq və səhnə etikasını gözləmək, həmişə məhəbbət dolu baxışların tuşuna çevrilmək, hər zaman gözlənilən və sevilən olmaq hər sənətkara nəsib olmur.

Əgər teatr şamdırsa, Amaliya xanım onun pərvanəsidir. Şamın da, pərvanənin də xatirəsi mütləq ürəklərdə yaşayır. Amaliya Pənahovanın bütün sərvəti qazandığı nailiyyətlər, yüksək dövlət mükafatları, bir də hörmət və ad-sandır.

O, mənimçün həmişə sağdır!
Xəyali-mini dram

Amaliya xanımın dayandığı yüksək pillə işıqlanır...

Gül-pərdə sanki xəfif küləkdən titrəyir... Güllər yerə, xüsusilə, onun ayaqları altına səpələnir. Bu zaman orada dayanmış Amaliya Pənahova vizuallığa uğrayır.

SƏS  - Bir bulaqdı çağlayası,

Səhnəmizin eşq Leylası,

O, həmişə bizimlədir –

Teatrımızın kraliçası!

O, pillələri endikcə sağ və sol cinahlardan tək-tək güllər götürür. Cəmləyib onu buketə çevirir. Aramla gəlib səhnənin önündəki masanın üstünə qoyur. Bütün bu müddətdə onu daxili səsi müşayiət edir. Eyni zamanda, teatrının aktyorları bütün səhnə mizanını gül səpməklə müşayiət edirlər.

 AP daxili səsi ilə: - Səhnəm! Məcnun eşqi ilə sevdiyim sənə özümü Leyli kimi qurban verdim. Amma tozunu udmaqdan yorulmadım, usanmadım! İlk eşqin kövrək nəğməsi tək bir ömür yaşadım qoynunda, səhnəm!.

Özümü unudub yaratdığım obrazların mükafatı olaraq, siz-sevgili tamaşaçılarım -məni bu zərif çiçəklərlə sayıbilinməz dərəcədə sevindirdiniz. Çiçək yağışına qərq elədiniz məni. Mən ondan kiçik bir payı sizə təqdim edirəm, sevgimin, sənətimin sönməz bir eşqi ilə! (O, gülləri səhnə önünə sərir...)

Nə qədər ki bu azad Azərbaycan var, nə qədər ki siz varsınız, sevgili tamaşaçılar, mən bu tarixdə yaşayacağam. Sağ olun qəlbimdə oyatdınız bu inam üçün. Sağ olun mənə bəslədiyiniz bu sevgi üçün! Sağ olun bu dünyadakı varlığınız üçün! Mən həmişə sizinləyəm, sevgili tamaşaçılar!

Təzim edir.

Amaliya Pənahova: “Teatr sənət evidir, sənətkarlar məskənidir. Bir məbəd, müqəddəs ocaqdır ki, sənətkarların ən cəfakeşi onun oduna yanır, pərvanə kimi yanır, yanacaq və həmişə də yanıb-yandıracaq... Azərbaycan teatrını yaşadacaqdır! Mən də bu tarixin bir səhifəsində daim yaşayacağım üçün çox xoşbəxtəm!”

Bu şərəfli tarixdə qızıl salnamə yaradan görkəmli teatr və kino xadimi Amaliya xanım Pənahova da daim yaşayacaq, daim xatırlanacaqdır!

Kimin ki qəlbində sənət odu var -

Xalq kimi sevirsə, odur sənətkar!

Əziz oxucular! Kaş ki Amaliya xanım Pənahovaya həsr etdiyim “Teatr kraliçası” kitabımı oxumaq imkanınız olaydı! O zaman məhz Amaliya Pənahovanın mənim də qəlbimdə sönməz bir teatr eşqi alovlandırdığının şahidi olardınız. Və bilərdiniz ki, səkkiz yaşımdan bu günə qədər mən bu böyük istedadın hələ də ən sədaqətli pərəstişkarıyam.

Ruhun şad olsun, Əziz Amaliya Xanım! Bir Allah şahiddir ki, Sizi hər gün yad edirəm. Axı, Siz həmişə mənimləsiniz!

Rafiq RƏHİMLİ,
yazıçı-dramaturq, Əməkdar mədəniyyət işçisi

Ermənistanda seçki məntəqəsində zorakılıq tətbiqi ilə bağlı cinayət işi açılıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?