• 20 İyun 2021

Minaları Qumaşyanın öz başında partlatmaq lazımdır!

12:24 10/06/21 | Gündəm

Mübariz Azərbaycanlı

 

Terrorizm sözünün mənaca qorxu, vahimə olduğunu yəqin ki, hər kəs bilir. Adətən bu qeyri-qanuni üsuldan istifadə edən şəxslər qarşı tərəfə müəyyən şərtlər irəli sürərək onları özlərinə tabe etməyə çalışırlar. Bu baxımdan Kəlbəcərdə ikisi jurnalist olmaqla, üç mülki şəxsin erməni terrorçuları tərəfindən yerləşdirilmiş minanın partlaması nəticəsində şəhid olmasından dərhal sonra Ermənistan ordusunun polkovniki Koryun Qumaşyanın rəsmi Bakıya şərt qoyaraq, “Hərbi əsirlərimizi bizə qaytarın və mən mina xəritəsini təqdim edəcəm”, - deməsi Ermənistanın dövlət olaraq terrorizm üsulu ilə idarə olunduğunu bir daha sübut edir.

Terrorçu polkovnikin “Mən kontingentimlə birgə Laçın və Kəlbəcər yaxınlığında 17 yük maşını mina basdırdıq. Minalar olduğuna görə bu ərazidə heç nə edə bilməyəcəksiniz...”, - deyə həyasızcasına bəyanat verməsi isə, əslində Azərbaycan tərəfini manipulyasiya etməkdən başqa bir şey deyil.

Baxın, əgər xatırlayırsınızsa noyabrın 10-da imzalanmış üçtərəfli məlum bəyanata əsasən, işğalçılar 15 noyabra qədər Kəlbəcər, 20 noyabra qədər Ağdam, 1 dekabra qədər isə Laçını boşaltmalı idilər. Ancaq işğalçı ölkənin yalvarışı ilə Kəlbəcərlə bağlı əlavə 10 gün vaxt verildi. İndi əgər burada elementar riyazi hesablama aparsaq, terrorçuların bu rayonları tərk etmələri cəmisi 20 gün ərzində başa çatdı. Bu üzdən də, o qaçdı-qovduda ruhən sınmış Qumaşyanın, həmçinin digər “yanların” Laçın və Kəlbəcər yaxınlığında nə az, nə çox, düz 17 yük maşını mina basdırması yalandır və inandırıcı görünmür.Bu, sadəcə Azərbaycan tərəfinə hədə-qorxu gəlmək yolu ilə Ermənistanın dünyaya bar-bağıraraq “hərbi əsir” adlandırdığı, əslində isə Azərbaycan Ordusu tərəfindən “iş başında” yaxalanmış terrorçuları azad etmək üçün Qumaşyanın ağılsız başla düşündüyü sərsəm bir cəhdidir.

Ancaq 44 günlük Vətən savaşından sonra bu bədbəxt Qumaşyanlar hələ də  qanmırlar ki, dəmir yumruğu daha da bərkimiş Ali Baş Komandanı, Şuşa kimi bir qalanı dişi-dırnağı ilə fəth edən Azərbaycan oğullarını, od-alov altında reportajlar hazırlayıb dünyaya yayan jurnalistləri və 30 ildir doğma yurd-yuva həsrəti ilə sinəsi göynəyən bütöv Azərbaycan xalqını bu kimi cılız hədələrlə qorxuda bilməzlər.

Əlbəttə, terrorçu ölkə polkovnikinin nə deməsindən asılı olmayaraq, düşmənin son dərəcədə hiyləgər olduğunu nəzərə alaraq, Azərbaycan Ordusunun cəngavər əsgərləri öz postlarında həmişə olduğu kimi, bu gündən sonra daha da ayıq-sayıq dayanmalıdırlar. Çünki, düşmən açıq döyüşdə rüsvayçılıqla məğlub olduğundan, indi artıq terrorçu əməliyyatlarına başladıqlarını gizlətmirlər.

Təəssüf ki, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları bu terrorçu dövlətə “dur” – deyib, onlara törətdikləri əmələ görə hələ də təzyiq etmir. Hətta, Kəlbəcərdə erməni terrorçularının yerləşdirdiyi mina partlaması nəticəsində dünyanı sözlə, informasiya ilə təmin edən jurnalistlərin ölümü belə, dünyaya demokratiya və söz azadlığından “dərs keçənlərin” kar qulaqlarını, kor gözlərini, lal dillərini aça bilmədi. Əksəriyyəti gözdən pərdə asmaq üçün, sadəcə söz xatirinə “baş verənlərdən təəssüf hissi keçiririk”, - deyə mızıldanıb üstündən keçdilər.

Əslində, erməni terrorçularının törətdikləri son partlayış və Qumaşyanın 17 maşın mina basdırması ilə bağlı dünyanın susmasına digər tərəfdən baxanda, heç təəssüflənməyə dəyməz. Çünki, Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə məruz qaldığı ötən illərdə dünyadan nə vaxt ədalət gördü ki, bu gündən sonra da onu gözləyə? Odur ki, erməni terrorçularını məhv etmək üçün mütləq antiterror əməliyyatı aparmaq və Azərbaycana hədə-qorxu gəlməyə cəhd edən Qumaşyanın minalarını isə eləonun öz başında partlatmaq lazımdır!

Ermənistanda seçki məntəqəsində zorakılıq tətbiqi ilə bağlı cinayət işi açılıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?