• 29 İyul 2021
SON DƏQİQƏ

Qarabağ atlarının füsünkar gözəlliyi, Azərbaycan milli müsiqisi və rəqsləri britaniyalıları heyran edib

14:49 05/07/21 | Gündəm

Londonda 1-4 iyul tarixlərində keçirilən ənə­nəvi "Royal Windsor Horse Show” - “Vindzor Kral Atçılıq Şousu” başa çat­ıb.

Böyük Britaniya Kraliçası II Elizabetin şərəfinə hər il təşkil olunan bu tədbirdə Azərbaycan təmsilçilərinin iştirakı Azər­baycan Respub­lika­­sının Prezidenti cənab İlham Əliyevin ali diqqəti sayəsində mümkün olub.

II Eliza­betin və kral ailəsinin digər üzvlərinin canlı tamaşa etdikləri tədbirlərdə "Xarı-Bülbül” adlı xüsusi şou-kompo­zisiya hər gün təqdim olunub.

Vətən Müharibəsində əldə olunmuş möhtəşəm Zəfərə və şəhid­lərimizin mü­qəd­dəs xatirəsinə həsr olunmuş bu kompozisiyada Dövlət Sərhəd Xidmətinin süvarilər qrupunun Qarabağ atları üzərində nüma­yiş etdirdikləri igidlik və cəsurluq hərəkətləri, Azərbaycan milli geyi­mində arenaya çıxan “Sərhədçi” rəqs ansamb­lının möhtəşəm çıxışları, süvariləri­mizin başları üzərində Azərbaycan və Böyük Britaniyanın dövlət bayraqlarını dalğalandırması, Azərbaycan milli rəqsi ilə atsürmə elementlərinin sintezi böyük rəğbətlə qarşılanmış, izləyicilərin qəlbində Qarabağ atlarının coşqusunu alovlandırmışdır.

Məşhur “Xudayar təsnifi”nin, Tofiq Quliyevin “Qaytağı”sının, Polad Bülbüloğlunun “Eşq və ölüm” baletinin müsiqisi­nin sədaları altında təmsilçilərimizin bənzərsiz çıxışları Azərbaycanın, o cümlədən də işğaldan azad olunmuş Qarabağın və ətraf rayonların böyük ekran­larda nümayiş etdirilən füsün­kar görün­tüləri ilə müşayiət olunmuşdur.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Res­pub­li­kası Atçılıq Federasiyasının təşkilatçılığı ilə hazırlanmış bu proqramda xalqımızın zəngin mədəniyyəti, qəhrə­manlığı, cəsarəti və qorxmazlığı Qarabağ atlarının bənzərsiz gözəlliyi, milli musiqimizin və rəqslərimizin dili ilə ifadə olunmuşdur.

“Xarı-Bülbül” şou kompozisiyasını xüsusi maraqla izləmiş Birləş­miş Krallığın Kraliçası Ülyahəzrət II Elizabet nümayəndə heyətimizlə görüş­müş, xatirə fotoşəkili çəkdirmiş, Azərbaycan təmsilçilərinin çıxı­şını möh­təşəm adlandırmış, bu çıxışlardan hər zaman məmnun qalma­sını bil­dirərək Azər­baycan nümayəndələrinin gələcək atçılıq tədbir­lərinə də qatı­lacaqlarına ümidvar olduğunu vurğulamışdır.

Bu beynəlxalq atçılıq tədbirinin artıq ayrılmaz hissəsi sayılan Azərbay­can musiqisi, milli rəqslərimiz və xüsusilə də milli at cinsimiz olan Qarabağ atlarının valehedici performansı hər zaman olduğu kimi Bö­yük Britaniya aristokratiyasının və məşhurlarının da böyük mara­ğı­na sə­bəb olmuş, keçirdikləri pozitiv həyacan hisslərinə görə Azərbay­can nümayəndə heyətinə minnətdarlıq­larını bildirmişlər.

Azərbaycan nümayəndələrinin çıxışları canlı yayımda nümayiş etdirilmiş, atçılıq hə­vəskarı olan sosial şəbəkə istifa­dəçilərinin və ixti­saslaşmış infor­ma­siya resurslarının mövzusuna çevrilmişdir. Süvarilə­rimizin müxtəlif ekstremal hərəkətləri, xüsusilə tədbirin baş qəhrəman­ları olan Qara­bağ atlarının məharətli çıxışları Böyük Britaniyanın nüfuzlu saytları tərəfindən geniş işıqlandırılmış, heyətimizin təqdim etdiyi proqramı möhtəşəm və heyranedici adlandır­mışlar.

Vətən Müharibəsində qazanılmış möhtəşəm Zəfərin carçısı kimi mədəniyyət paytaxtımız Şuşadan birbaşa Londona gələrək Azərbay­canın qədim­liyini, özünə­məxsus gözəlliyini və Qarabağın əsarətdən azad olmasını tərənnüm edən Qarabağ atlarının Böyük Britaniya atçı­lığının ən mötəbər tədbirinin əsas hissəsi kimi təqdim edilməsi izləyicilər tərəfindən böyük heyranlıqla qarşılanmışdır.

Bütün bunlarAzərbaycan Respublika­sının Prezi­den­ti cənab İlham Əliyevin tapşırıqlarının icrası üzrə milli at cins­lərimizin dünyada daha da məş­hur­laş­dırılması istiqamətində həyata keçirilən böyük miq­yaslı, ardıcıl və məqsədyönlü tədbirlərin davamı olmuş, Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında mədəni əlaqələrin inkişafına öz töhfəsini vermişdir.

Fətvalı namaz



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?