• 29 İyul 2021

QAN PULU

21:00 08/07/21 | Mədəniyyət

Arif ƏRŞAD
 

​(Novella)

O, hər il mart ayından ta ki oktyabr ayına qədər yoldaşları ilə birgə çörək dalınca Rusiyanın uzaq Tümen vilayətinə işləməyə gedirdi. Bacardığı-bacarmadığı bütün işləri görüb, oralarda işləyən və illər ərzində püxtələşən Əjdərin əli heç də pis gətirmirdi. Qazandığı pulların da çox hissəsini hər maaş alanda poçtla evə göndərməyi unutmurdu. İllər ötdükcə orada işləyə-işləyə hər bir sənətə yiyələnmiş Əjdərin artıq demək olardı ki, təmir-tikintiyə aid olan çox işlərdən başı çıxırdı. Hamı boyu bir metr doxsana yaxın olan pəhləvan cüssəli, qolu zorlu bu adama “usta” deyib müraciət edirdilər. Onun rəhbərlik etdiyi 12 nəfər həmyerlilərindən ibarət işçi briqadasını yerli camaat “şabaşniki” adlandırırdılar. Əslinə qalanda yerli sakinlər və eləcə də briqadaya iş verən kolxozun rəhbərliyi onlarla pis dolanmırdılar. Bu da ən çoxu yerli əhalinin onlara olan ehtiyacından irəli gəlirdi. Rusiya çox böyük ölkə olmasına baxmayaraq, uzaq əyalətlərdəki rayon mərkəzlərinin, yaxın-uzaq kəndlərinin hamısının tikintiyə, ən əsası isə tikintidə işləyə bilən işçilərə ehtiyacı çoxdur. Oralarda orta məktəbi bitirənlərin 90 faizi kənddə qalmaq istəməyərək, istər oğlanlar, istərsə də qızlar, imkan düşən kimi Rusiyanın müxtəlif mərkəzi şəhərlərinə, ən çox da paytaxt Moskvaya axışırlar. Elə buna görə də kəndlər boşaldıqca oralarda tikinti işlərinin aparılmasına ya qismən, ya da ki tamamilə ehtiyac qalmırdı. Kənddə qalan əlsiz-ayaqsız qocalar və ən çoxu da ərləri tərəfindən atılıb qalan tənha və ya uşaqlı qadınlar idi. Kənddən çıxıb gedən kişilərin çoxu bir daha geri qayıtmırdılar, ən yaxşı halda isə bəziləri ildə bir dəfə qonaq kimi on günlüyə kəndə dönürdülər. Qadınlar kolxozlarda əkin-biçinlə, fermalarda sağıcılıqıla məşğul olduqlarından, tikinti sahəsində işçi qüvvəsinin çatışmaması nəzərə çarpırdı. Kənddə qalan kişilərin çoxu ya yaşlı, ya da ki bütün gününü içki ilə keçirib, sərxoş olan içki düşgünləriydilər.Tikintidə çalışanların da demək olar ki, hamısı Əjdər kimi “şabaşniklər” idi.

…Sentyabr ayının axırlarında havaların tədricən soyuması ilə bağlı uzaq Sibirin şaxtalı-boranlı çöllərinə çörək dalınca gələn “şabaşniklər” də açıq havada tikinti “sezonunun” başa çatması ilə əlaqədar yavaş-yavaş işlərini yekunlaşdırır və Vətənə qayıtmaq üçün qazandıqları pulların verilməsini gözləyirdilər. Bir mərtəbəli yeni bağça və idarə binasının tikintisini başa çatdırdıqdan sonra heç iki gün çəkmədi ki, briqadanın pulları tam olaraq ödənildi və ayrılarkən kolxozun rəhbəri gələn ilin martında onların yenidən bura gəlmələrini xahiş etdi. Kolxoz sədri bu xahişlə həm də kənddə yaşayan cavan qadınların ürəklərində olan arzularını ifadə etmiş olurdu sanki. Axı, qışda şaxta nəticəsində donub partlayan boruların su axıdan yerlərini yaz gələndə kimsə qayırmalı idi, ya yox?!. Ya da ki, qarın çoxluğundan dam örtüklərinin deşilməsi nəticəsində axan suyun qarşısına bir paz çalan lazım idi, ya yox?!. Hamı bilir ki, “şabaşniklər” gedəndən sonra buralarda yerli rus kişilərinin arasında “ağ divara qapqara paslı mıx” vuran kişi tapmaq çox müşkül məsələdir. Nə isə…

Beləliklə, qazandıqları maaşları alandan sonra“şabaşniklər” hərəsi payına düşən 10-15 min manat pulla geri qayıtmağa hazırlıq görməyə başladılar və səhəri gün Vətənə yola düşdülər. Əjdər artıq üç gün idi ki evində idi. Altı ayın ağrısı elə bil bu üçcə gecənin rahatlığı ilə canından çıxmışdı. “Sezon”dan gətirdiyi pulların az bir qismini cibinə qoyub, nahardan sonra arvadı ilə bazara çıxmağı qərarlaşdırmışdı. Bunu xanımına deyəndən sonra o, bir saat qabaqdan geyinib-bəzənməyə başladı. Bəzənməyi çox sevən xanımı heç bəzənməsəydi də belə, çox gözəl qadın idi. Canıyanmış qəşəng bədən quruluşuna, gözəgəlimli əndama malik idi. Elə buna görə də dükan-bazara tək çıxmağı sevmirdi. İndi isə artıq ürəklə gəzməyə çıxa bilərdi. Altı ay evindən uzaqlarda olan əri artıq yol boyu onun böyründə olacaqdı deyə, heç kim ona atmaca atmayacaq və ya göz-qaş oynatmağa ürək eləməyəcəkdi.

…Bazar həmişəki kimi adamlarla dolu idi. İstirahət günü olduğundan bazarlıq edən də, etməyən də sanki gəzmək, arxada qalan iş günlərinin gərginliyini unutmaq üçün özlərini bazara vermişdilər. Hər biri satdığı meyvə-tərəvəzləri tərifləyərək müştəri haraylayan satıcıların səsləri də bazarı başına götürmüşdü. Təkcə Nurəli bazarın mərkəzində basdırılan yoğun reklam dirəyinə söykənib, gələnlərin qabağına, gedənlərin dalına baxaraq heç hara tələsmirdi və bu “işindən” ləzzət aldığı da onun üz-gözündən bəlli olurdu. Uşaqlıqda oxumaqla, sonradan isə işləməklə arası olmayan Nurəlinin ta bu günə qədər olan bütün həyatı beləcə keçirdi. Hərdən xoşuna gələn və bazarda gözünə tək görünən qəşəng qadınlara söz atır, bəzən də onların üzünə şit-şit hırıldayır və hərdən də əcaib səslər çıxardaraq, onların arxalarına əl uzadıb, çimdikləyirdi. Yaşı 35-i çoxdan ötən Nurəlinin bu hərəkətlərinə heç kim ciddi fikir vermir və çox vaxt da gülümsəyərək ötürdülər. Maraqlısı bu idi ki, yanında kişisi, qardaşı və ya atası olan xanımlarla Nurəlinin heç vaxt işi olmazdı. Əgər həmin qadınlardan xoşu gəlsəydi belə, sadəcə onları gözü ilə müşayət edər və öz-özünə dodağının altında nə isə mızıldayardı.

Nurəlinin gözəl qadınlara söz atması, onların üzünə irişməsi, cavan qızlarla məzələnməsi həmin hadisələri kənardan maraqla müşahidə edən sırtıq satıcılar tərəfindən daim “alqışlarla” qarşılanır, hətta ona “əhsən” deyən də olurdu. Hətta elə qadınlarda olurdu ki, əndrəbadi geyimləri ilə, ya da özləri qəsdən Nurəliyə söz atmaqla, göz-qaş süzdürməklə onu təxribata çəkirdilər. Bəzən alıcılar arasında da Nurəlinin belə hərəkətlərinə baxıb ləzzət alanlar da tapılırdı. Gün ərzində satıcılar həmişə onları güldürdüyünə və əyləndirdiyinə görə Nurəlini bir neçə dəfə qəpik pullarla mükafatlandırırdılar da. Çox nadir hallarda bu mükafatların arasında bir manatlıq kağız pullar gözə dəyərdi. Belə olan halda Nurəli daha da qızışır, qadınların arxalarına əlini şappıltı ilə vurmaqdan da çəkinmirdi. “Tamaşaçıların” gülüşlərindən özünü itirən qadınlar abırlarına qısılaraq, heç bir söz demədən tez həmin yerdən uzaqlaşardılar. Belə əməllərinin üstündə bir neçə dəfə döyülsə də, Nurəli uzağı bir-iki gün sakitcə dayanar, sonradan köhnə “tamaşaçı”larının xahişi və şirnikləndirici vədləri ilə yenidən öz yaramaz əməlini davam etdirərdi.

Bazara təzəcə daxil olan Əjdər tələsmədən piştaxtaların arası ilə gəzişərək arvadının bəyəndiyi meyvə-tərəvəzləri səbətə boşaldır və satıcılarla qiymət “davasına” çıxmadan onların pullarını ödəyirdi. Ərinin onun arxasınca gəlməsini gözləməyən qadın ondan bir balaca aralanaraq, nar satılan piştaxtaya yaxınlaşdı. Bu an Nurəli gözünə tək görünən bu əndamı yaraşıqlı xanıma yaxınlaşaraq onun gözəgəlimli dalını əli ilə şappıldatdı. Qadın bu gözlənilməz hərəkətdən diksinərək geri çevrilib, qıpqırmızı qızardı. Nurəli isə hırıldaya-hırıldaya ondan aralandı. Ərinin başı kənarda pul xırdalamağa qarışdığından qadın pərt halda ona yaxınlaşdı. Hamının nəzəri qadında idi. O, əli ilə aralıdan yazıq-yazıq onlara baxan Nurəlini ərinə göstərərək, nə isə deyir və beləliklə də qadının həyəcanlı olduğu qızarmış sifətindən də hiss olunurdu. Hamı bu dəqiqələrdə maraqla böyük bir dava-qırğın baş verəcəyini gözləyirdi. Və doğurdan da gözlənilməz, qeyri-adi bir hadisə baş verdi. Belə ki, sakit halda arvadının söylədiklərinə qulaq asan Əjdər əlindəki torbaları yerə qoyaraq, Nurəliyə doğru addımladı. Nurəlinin rəngi ağappaq ağarsa da, qorxusundan ayaqları əssə də, yerə yapışıb qalmışdı və qaçmağa belə cəhd etmirdi. Əjdər sağ əlini arxa cibinə salaraq… Nurəlinin qarşısında dayandı. Nurəlinin boyu Əjdərin çiyninə güclə çatırdı deyə, o, sol əlinin şəhadət barmağı ilə onun çənəsindən tutub yuxarı qaldırdı. Sonra tələsmədən sağ əlini arxa cibindən çıxardıb, əlinin içində saxladığı qara və qalın pul qabını açdı. Oradan bir şax yüzlük çıxardaraq, hirslə Nurəlinin pencəyinin döş cibinə basdı. Heç kimin eşitmədiyi səslə Nurəliyə nə isə deyib, əli ilə onun çiyninə bir neçə dəfə ehmalca şappıldatdı. Ətrafdakıların uğultulu səslərinin altında o, geri dönərək, arvadına yaxınlaşdı. Arvadı onun bu hərəkətinə təəssüflə başını yelləyərək, yalnız ərinin eşidə biləcəyi səslə dedi: - Sən “sezonda” zülümlə pul qazanırsan ki, ailənin, balalarının boğazından kəsib, belə alçaqlara pul paylayasan?! Elə həmin sakit tonla da Əjdər arvadına cavab verdi: -Gəl, arvad, gəl! Zülümlə qazandığım pulu ailəm və balalarımla rahatca yeməyim üçün bəzən belə alçaqlara pul xərcləməyi də bacarmalıyam! Sonra torbaları əlinə alıb, arvadı ilə birlikdə alış-verişi davam etmək üçün iri addımlarla bazarın içərilərinə doğru yönəldi. Həmin hadisədən artıq bir saata yaxın vaxt keçmişdi. Onlar heç nə olmamış kimi bazarlıqlarını edir, bəyəndikləri meyvə-tərəvəzi alaraq bazarı dolaşırdılar. Artıq lazım olan hər şeyi almışdılar deyə, evə qayıtmaq üçün bazarın çıxışına doğru addımladılar. Bazarın mərkəzindəki yoğun reklam dirəyi tərəfdə qələbəlik olduğunu görüb, ora tərəf yönəlmək istəyən Əjdərin qolundan dartaraq, onu saxlamağa çalışan xanımı dilləndi: -Ay Əjdər, gəl gedək, nə var ey orda? - Baxsaydıq, bilərdik də orda nə olduğunu, maraqlıdır… Əjdərin xanımı həmin tərəfdən onlara sarı gələrək ötüb keçmək istəyən yaşlı qadından orada nə baş verdiyini soruşdu. Arvad əllərini yelləyərək cavab verdi: - Nə olacaq?! Su çanağını suda sındırıblar! Arvad yoluna davam etmək istəyirdi ki, Əjdərin və xanımının heç nə anlamayaraq ona key-key baxdıqlarını görüb dedi: - Nişanlısına sataşdığına görə cavan bir oğlan Nurəlinin qarnını bıçaqla cıraraq, bağırsaqlarını yerə töküb. Xalxın qız-gəlinlərinin dalına uzanan əlin kəsilməsi əvvəl-axır baş verməliyidı, ya yox?! Yaşlı arvad ərinə mehribancasına sığınan qadından bir cavab almayacağını bilərək, yoluna davam etdi. Əjdər pıçıltı ilə “ölməli olan it balası öldü, vay öldürənin halına!” sözlərini elə yavaş dedi ki, bayaq baş verən hadisəyə görə onu qınayan arvadı belə heç nə eşitmədi. Onlar yollarını dəyişib, bazarın çıxışına doğru addımladılar. İki körpə uşaqlarını müvəqqəti olaraq qonşuya tapşırdıqlarına görə evə tələsdilər.

Azərbaycan özünün verdiyi vaksin pasportunu niyə tanımır?



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?