• 20 Sentyabr 2021

Partiya sədri: “Sülhməramlıların” işğal etdiyi ərazilərimizdə tam süverenliyimizin bərqərar olması yolunda bizləri yeni sınaqlar gözləyir

14:32 12/07/21 | Siyasət

RK(b)P Qafqaz Bürosunun Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasına dair 7 iyul 1923-cü ildə, reallığa uyğun olmayaraq və ermənipərəst mövqedən çıxış edərək, qəbul etdiyi və bir əsrə yaxın Azərbaycanımız üçün baş ağrısı olan, ədalətsiz qərarı nəhayət ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanı ilə ləğv edildi! Və beləliklə, “Dağlıq Qarabağ” ifadəsi tarixə qovuşmuş oldu. Bu Fərmanla Azərbaycanda indiyədək mövcud olmuş iqtisadi rayonların sayı 10-dan 14-ə çatdırılmışdır. Yeni bölgüyə əsasən yalnız 4 iqtisadi rayonun (Naxçıvan, Dağlıq Şirvan, Quba-Xaçmaz, Şəki-Zakatala) tərkibinda dəyişiklik edilməmiş, digər iqtisadi rayonlar yenidən qruplaşdırılmışdır. Bunu azadaz.com-a  Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu bildirib.

O, qeyd edib ki, 44 günlük Vətən Müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi iqtisadi rayonların bölgüsünə yenidən baxılmasını və hərbi sahədə qazandığımız qələbəni iqtisadi sahədə də davam etdirilməsini zəruri etmişdir. Yeni bölgüdə ən çox diqqət çəkən məqam Qarabağ iqtisadi rayonunun (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonunun (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradılmasıdır. Şübhəsizdir ki, iqtisadi rayonların yeni bölgüsü Qarabağın və Şərqi Zəngəzurun inkişafını sürətləndirəcək və işğaldan azad edilmiş ərazilərin Azərbaycanımızın iqtisadiyyatına qovuşmasına cüclü təkan verəcəkdir.

Partiya sədri bildirdi ki, qeyd edilən Fərman Azərbaycan üçün iqtisadi əhəmiyyəti ilə yanaşı, daha çox siyasi əhəmiyyət daşıyır. Bu Fərmanla Dağlıq Qarabağla bağlı birinci, Azərbaycanın mövqeyi rəsmi şəkildə elan edildi, “Dağlıq Qarabağ” anlayışı rəsmən rədd edildi; ikinci, Qarabağa hər hansı statusun verilməyəcəyi rəsmən bəyan edildi; üçüncü, “sülhməramlıların” nəzarətində olan Xankəndi, Xocalı və Xocavənd rayonları ilə bağlı müharibədən sonra ilk dəfə rəsmi qərar qəbul olundu və bu ərazilərin kimə məxsus olduğu bir daha təsbit edilmiş oldu; dördüncü, Zəngərun (həm şərqinin, həm də qərbinin) tarixən kimə məxsus olduğu rəsmən elan edildi (hərçənd ki, Azərbaycan bununla Ermənistana ərazi iddiaları irəli sürmür). Bu Fərmanın “Şuşa Bəyannaməsi”ndən sonra, RK(b)P Qafqaz Bürosunun Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasına dair qərarının ildönümü, eləcə də, N. Paşinyanın V.Putinlə Möskva görüşü günündə qəbul edilməsi təsadüfi deyildir. Bu, Qarabağın kimə məxsus olduğu barədə ermənilərə və onun havadarlarına bir daha (və fikrimizcə, sonuncu dəfə!) rəsmi xatırlatma hesab edilə bilər. Ancaq, hər şeydən göründüyü kimi, nə ermənilər, nə də onların havadarları 44 günlük müharibədə aldıqları hərbi dərsdən nəticə çıxarmaq, regionda yaranmış yeni situasiya ilə barışmaq, reallığı nəzərə almaq fikrindən uzaqdırlar. Ermənilərin və onların havadarlarının Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanına reyaksiyaları özünü çox gözlətmədi. Ermənilər buna sərhəddə təxribatla, havadarları isə “siyasi gedişlə” cavab verdilər. Belə ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin- ABŞ, Rusiya və Fransanın- səfirləri, Azərbaycan hökumətinin dəvətinə baxmayaraq, iyulun 9-da və 10-da Füzuliyə, oradan isə Şuşaya səfər etməkdən imtina etdilər. Və bununla da bir daha dövlətlərinin ermənipərəst mövqelərini, işğal edilmiş Azərbaycan ərazilərinin xarabaya çevirilməsində ermənilərlə həmmüəllif olduqlarını açıq şəkildə nümayiş etdirmiş oldular və öz “əsərlərinə” baxmaqdan çəkindiklərini nümayiş etdirdilər! Qeyd edilən dövlətlərin səfirlərinin bu hərəkəti bir daha göstərdi ki, Rusiya ilə tarixən (elə indi də) düşmən olan, daim onunla münaqişə vəziyyətində olan ABŞ və xüsusən də, Fransa, onunla iki məsələdə- ermənipərstlikdə və türk düşmənçiliyində- həmfikirdirlər. Cənubi Qafqaz regionunda (eləcə də, Türkiyə ətrafında) öz məkirli niyyətlərinə nail olmaq üçün daim ermənilərdən istifadə edən ABŞ və Fransanın regionumuzda formalaşan yeni reallıq zəminidə itirilmiş mövqelərini bərpa etmək və bu məqsədlə ATƏT-in ölü doğulmuş Minsk Qrupunu dirçəltmək cəhdləri hardasa “başadüşüləndir”. Görünür Rusiya da yaranmış yeni reallıqlar çərçivəsində işğal etdiyi Azərbaycan ərazilərində uzun müddət qala bilməyəcəyini hiss edir. Ona görə də, ABŞ və Fransanın regiona yenidən nifuz etməməsi şərti ilə, Minsk Qrupunu dirçətmək yolu ilə, Azərbaycan ərazilərində ermənilərə hansısa statusun verməsinə nail olmaqla və ya yenidən bu məsələni uzatmaqla, zəmanətçi rolunda, “sülhməramlıların” işğal etdiyi ərazilərdə uzun müddət qalmaq istəyir. Göründüyü kimi, “sülhməramlıların” işğal etdiyi ərazilərimizdə tam süverenliyimizin bərqərar olması yolunda bizləri yeni sınaqlar gözləyir. Qəti əminliklə deyə bilərik ki, düşmənlərimizin məkirli niyyətlərinə, təxribatlarına baxmayaraq Azərbaycan dövləti çox çəkmədən bütün ərazilərində tam süverenliyini bərpa edəcəkdir! Buna heç kəsin, xüsusilə ermənilərin və onların havadarlarının, şübhəsi olmasın!

Bilman İSAQ

Qoz suyu 7 saata 1001 dərdi müalicə edir



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?