• 20 Sentyabr 2021

Xalqa “toy” tutanlar: haqq nazilər, ancaq üzülməz

10:21 29/07/21 | Gündəm

Şadlıq evləri vətəndaşlara, Operativ Qərargah isə şadlıq evlərinə “toy" tutmaqdadır

Operativ Qərargahın iki gün öncə keçirdiyi brifinqdə toyların keçirilməsinə qadağaların yenidən qüvvəyə minə biləcəyi mesajı verildi. Əslində bu xəbərlərdə qadağaların təkcə toylara şamil ediləcəyi deyilmdi. Ancaq bir sıra sahələr üzrə qüvvəyə minməsi ehtimal olunanların önündə toylar gəlir. Təbii ki, burada qeyri adı bir məqam da yoxdur. Çünki, 1 il yarımlıq fasilədən sonra xalqın qulağı yenicə “zurna balaban” səsi eşidirdi ki, yenidən bundan məhrum olmaq təhlükəsi ortaya çıxdı. Və böyük ehtimal ondan xəbər verir ki, bunun reallaşması hər an baş verə bilər. Axı bu işə məsul olan Operativ Qərargahın Tarif Şurası ilə “yaxınlıq” əlaqəsi var. Xalqı yuxuya verib qiymət oyunu ilə məşğul olan Tarif Şurasının dünyada analoqu olmayan “siyasətindən” Operativ Qərargah da çox vaxt az yararlanmır. Nə isə gələk əsas mətləbə...

Bəli, millətin yenicə bir gözü gülüb, biri ağlayarkən yenidən Operativ Qərargahın “Domıkl Qılıncı” xalqın başının üstünü almaqdadır. Gözlərin gülüb-ağlaması da təsadufi deyil. Beləki toy sahibləri gülə-gülə dəvətnamələr paylayarkən (Allah xalqımıza hər zaman toylar bəxş etsin), bu məclislərə getmək məcburiyyətində qalanlar isə ağlamaqdadır.

Sosial vəziyyəti günü-gündən pandemiya adı altında ağırlaşan zavallı insanlar isə bu yükün altından necə çıxacağını özünə dərd etməkdədir. Yəqin ki, Operativ Qərargah da məhz xalqı bu bəladan qurtarmaq üçün belə addım atmağa hazırlaşır. Əslində Qərargahın bu addımı səhv siyasət olar. Onsuzda 15 gündən sonra Məhərrəmlik ayı başlayır və dini adət-ənənəmizə uyğun olaraq 2 aylıq toy fasiləsi qüvvəyə minəcək. Yəni belə deyək ki, əgər bu cür «fürsət» varsa, Operativ Qərargah özünü “pis kişi” etməsinə nə lüzum var?

Ancaq görünən odur ki, Operativ Qərargah başbilənləri üçün bu müddət də uzundur. Əslində onlar bunda haqlıdırlar da. Axı futbol üzrə Avropa Çempionatı, Formula-1 yarışının Bakı mərhələsi başa çatıb. İndi bu müddəti uzatmaq üçün elə ciddi bir «əsas» yoxdur axı. Artıq koronavirusa yoluxma sayını artırmaq, sərt qadağaları qüvvəyə mindirməyin, necə deyərlər əsl zamanıdır. Özü də bu cür çox operativ işləyən, hər bir məsələyə zamanında müdaxilə etməyi bacaran qərargah üçün.

Operativ Qərargahın qüvvəyə mindirməyə hazrılaşdığı qərarı əslində xalqa yox, insanlara «toy tutanlar»ın özlərinə “toy” tutmaq siyasəti kimi də dəyərləndirmək olar. Belə ki, toyların başlanmasını özlərinə fürsət bilənlər qiymətləri kəllə-çarxa qaldırmaqla yoxsul vəziyyətə düşmüş xalqın qanını sormağa başladı. İstədikləri qiymətləri nəzarət mexanizminin olmamasından istifadə edərək xalqın belinə yükləyən Şadlıq sarayları bir aylıq sezonları dövründə artıq bir illik “azuqələrini” yığdılar. Vaxtilə bir stolun qiyməti 25-30 manat civarında olan Şadlıq saraylarında qiymətlər 50-60 manat təşkil edir. Hələ bu ən aşağı qiymətlərdir. Fürsəti fövtə verməyənlər 1 il yarımlıq pandemiya dönəmindəki itkilərini də artıq qısa müddətdə kompensasiya etdilər.

Görünən odur ki, günü-gündən tələbatın artdığı Şadlıq saraylarına Operativ Qərargah vaxtında «toy» tutmasa onlar xalqa divan tutmaqda davam edəcəklər. Əslində dolayı yolla xalqa “toy” tutanlar içərisində Operativ Qərargahda təmsil olunan oliqarx məmurlar da az deyil. Axı hansı yoxsulun Şadlıq evi ola bilər ki...

Görünən odur ki, dəyirman yenə öz çax-çaxındadır. Göydən düşən daş isə yenə kasıbın başına dəyməkdədir. Çünki kimlərə isə “toy” tutulursa-tutulsun bunun başında yenə əhalinin yoxsul təbəqəsi gələcək...

Allah xalqımıza, cümləmizə tutulan bu “toyların” axırını xeyirə calasın. Amin!!!

TURAN

Qoz suyu 7 saata 1001 dərdi müalicə edir



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?