• 20 Sentyabr 2021

Heydər Əliyev Sumqayıtda – 20 il əvvəl...

16:31 29/07/21 | Siyasət

Unudulmaz xatirə

 

Yayın qızmar bir günü idi – 2001-ci ilin 7 iyulu. Bütün sumqayıtlılar həmin günü böyük maraqla, səbrsizliklə gözləyirdilər. Şəhərdə hamı qabaqcadan bilirdi ki, yaxın günlərdə ölkə rəhbəri, Ulu öndər Heydər Əliyev Sumqayıta gələcək, Etilen-polietlen zavodunda yeni inşa edilmiş nəhəng, unikal bir enerji qurğusunun – Yaponiyadan iki il əvvəl alınaraq gətirilmiş Buxar-generator Kompleksinin açılşında iştirak edəcək.

...Bir vaxtlar Heydər Əliyevin bilavasitə təşəbbüsü və iradəsi sayəsində Çexoslovakiyadan alınıb, Etilen-polietlen zavodunda quraşdırılaraq fəaliyyət göstərən EP-300 kompleksinin yaxınlığında “Azərikimya”nın tarixində ilk dəfə olaraq inşa edilmiş müstəqil Buxar-generator qurğusunun buraxılışına o gün yalnız kimyaçılar deyil, həm də kimya sənayesi ilə heç bir əlaqəsi olmayan şəhər sakinləri də sevinirdilər. Və buna hər birinin öz haqqı, öz səbəbi vardı. Kimyaçıların sevincinə səbəb bütün “Azərikimya” müəssisələrinin bundan sonra tam fasiləsiz və etibarlı olaraq həm elektrik, həm də istilik enerjisi ilə təmin olunacağı idisə, şəhər sakinlərinin fərəhi isə əvvəllər kimya müəssisələrini fasiləsiz enerji ilə təmin etmək naminə şəhərin hər iki istilik-elektrik stansiyasından (İES) mənzillərə verilən elektrik enerjisinin yanacaq qıtlığı üzündən baş verən kəsilmələrinə son qoyulacağı ümidi ilə bağlı idi.

Yeni kompleksin inşası hansı zərurətdən yarandı?

Məsələ onda idi ki, fəaliyyətdə olan hər iki Sumqayıt istilik-elektrik stansiyası uzun illərin istismarı nəticəsində həm fiziki, həm də mənəvi baxımdan xeyli köhnələrək, sıradan çıxmaqda idi. Son zamanlar vahid elektrik və istilik enerjisi istehsalına sərf olunan yanacaq sərfi isə (əsasən mazut) normadan xeyli artıq idi. Bu isə həm İES-lərin özlərinin, həm da kimya müəssisələrinin məhsul istehsalının maya dəyərinin artmasına, onların ziyanla işləməsinə səbəb olurdu. İES-lərdə yanacaq kimi istifadə olunan mazutun təminatında olan ara-sıra problemlər üzündən kimya müəssisələrinə verilən elektrik enerjisinin tez-tez kəsilmələri kimya məhsullarının keyfiyyətinə də mənfi təsir edir, texnoloji rejimin pozulması nəticəsində çıxdaş, zay məhsulun həcmi artırdı.

Azərbaycanın hər bir bölgəsi sanki barmaqlarında döyünən, daim öz xalqının qayğıları ilə yaşayan, bütün səyi ilə onun problemlərinin həllinə çalışan Ulu öndər Heydər Əliyev ötən əsrin 90-cı illərinin çətinliklərinə, ölkənin ağır iqtisadi vəziyyətinə baxmayaraq, sumqayıtlıların, o cümlədən kimyaçıların problemlərinə biganə qala bilməzdi. Ancaq vəziyyətdən necə çıxmaq olardı? Mövcud olan, lakin dövrün tələblərinə cavab verməyən, mənəvi cəhətdən köhnəlmiş İES-ləri əsaslı təmir etməkmi, yoxsa yeni enerji mənbəyi axtarıb-tapmaq, onun inşasına başlamaqmı? Təbii ki, hər zaman yenilik, mütərəqqi texnologiya tərəfdarı olan müdrik rəhbər birinci yox, ikinci variantı seçəcəkdi. Ancaq o dövrdə ölkənin iqtisadi vəziyyəti o dərəcədə ağır idi ki, bu variantların ən ucuz başa gələnini belə maliyyələşdirməyə respublikanın real imkanı yox idi. O zaman bu sahə üçün investor tapmaq da müşkül məsələ idi. Belə bir vaxtda Heydər Əliyev müdrikliyi bir daha özünü göstərdi. Elm və texnologiyaların son nailiyyətləri əsasında yaradılan, müasir və daha effektli mobil enerji kompleksi almağa qərar verən Ulu öndər bu məqsədlə çox düzgün olaraq üzünü ilk növbədə Qərbə - Avropa ölkələrinə deyil, qoca Şərqin yüksək texnologiyalar vətəni olan Yaponiyaya tutdu. Və bu səbəbsiz deyildi...

Yaponiya Şərq dünyasının müdrik oğlunu böyük maraq və təntənə ilə qarşıladı

Hələ respublikaya rəhbərlik etdiyi 1970-75-ci illərdə Heydər Əliyev özünün təşəbbüsü ilə Bakıda Kondisioner zavodunun, Sumqayıtda isə Kompessorlar zavodunun əksər avadanlığının Yaponiyadan alınmasına nail olmuşdu və o vaxtdan etibarən onun Gündoğar ölkənin rəhbərliyi, nüfuzlu şirkət rəhbərləri ilə işgüzar, səmimi münasibətləri vardı. Və dahi rəhbər əmin idi ki, Yaponiya Azərbaycana yüksək texnologiya əsasında hazırlanmış müasir bir enerji kompleksinin kreditlə verilməsinə razı olacaqdır. Belə də olur. 23 fevral 1998-ci ildə müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq dövlət başçısı kimi Tokioya yola düşən Ulu öndər orada beş gün ərzində Yaponiyanın İmperatoru əlahəzrət Akixito və o vaxtkı baş nazir R.Haşimoto ilə, həmçinin ölkənin bir-çox şirkətlərinin, o cümlədən bütün dünyada məşhur olan “Niçimen Korporeyşn” və “Çiyodo Korporeyşn” şirkətlərinin rəhbərləri ilə çoxsaylı görüşlər keçirərək, “Azərikimya” üçün Buxar-generator qurğusunun hazırlanaraq Azərbaycana göndərilməsi üçün razılıq əldə edərək, müvafiq dövlətlərarası sazişin imzalanmasına nail olur. Heydər Əliyev Tokioda olarkən respublikamızın digər sahələrinin inkişafı üçün də gərgin və səmərəli danışıqlar aparır. Təsadüfi deyildi ki, Yaponiyanın Baş naziri ölkəmizin rəhbəri ilə görüşündə təəccübünü gizlətməyərək demişdi: «Cənab Prezident Heydər Əliyev, Yaponiyaya bir-çox dövlət başçıları səfərə gəlirlər. Lakin Sizin bu rəsmi səfərinizə ictimaiyyət və kütləvi informasiya vasitələri tərəfindən göstərilən belə dərin maraq Yaponiyada nadir hallardan biridir. Məndə Sizin kerçirdiyiniz görüşlərin siyahısı vardır. Belə gərgin işiniz məndə heyrət doğurur».

Ulu öndərin Yaponiyaya səfərinin nəticəsi olaraq ilk dəfə xaricdən dövlət zəmanəti, əslində Heydər Əliyev şəxsiyyətinin zəmanəti ilə hazırlanmış unikal enerji kompleksi artıq bir ildən sonra - 1999-cu ilin əvvəllərində Sumqayıta gətirilmişdi. Və artıq 2001-ci ilin iyulunun ilk günlərində yeni enerji kompleksi bütünlüklə istismara hazır olur. İyulun 7-də isə Ulu öndər öz təşəbbüsünün bəhrəsi olan Buxar-generator qurğusunun təntənəli açılışında iştirak etmək, sevincini kimyaçılarla bölüşmək üçün onların dəvəti ilə Sumqayıta növbəti – 15-ci səfərini edir.

Ulu öndərin kimyaçılara son töhfəsi

...O gün zavoda yalnız tədbirə dəvət edilən şəhər təşkilatlarının nümayəndləri və kimyaçlar vəsiqə ilə buraxılırdılar. Bununla belə tədbirə toplaşanlar o qədər çox idi ki, iynə atsaydın yerə düşməzdi. Bir azdan Prezidentimizin maşını yeni qurğuya tərəf irəliləyərək, dayandı. Elə həmin andaca gurultulu alqışlar qopdu. Ulu öndər maşından düşərək, əllərini havada yellədərək hamını gülərüzlə salamladı. Alqış sədaları səngimək bilmirdi. Ölkə başçısı qurğunun hazırlanmasını təmin etmiş “Niçimen Korporeyşn” və “Çiyoda Korporeyşn” şirkətlərinin rəhbərləri ilə görüşərək, yeni avtonom enerji kompleksinin mərhələlərlə inşasını əks etdirən foto-ekspozisiyalar önündən keçərək, oradakı şəkillərə diqqətlə, maraqla baxdı. Stendlər qarşısında onu salamlayanlara, ürək sözlərini eşitdirənlərə xoş təbəssümlə təşəkkürünü bildirir, ona tərəf uzanmış əlləri mehribanlıqla, səmimiyyətlə sıxıb, ehtiramını göstərirdi.

Ulu öndər ilk öncə “Azərikimya” və Yaponiya şirkətlərinin rəhbərlərinin müşayiəti və hər zaman xüsusi diqqət yetirdiyi ölkə mətbuatı nümayəndələrinin iştirakı ilə həqiqətən unikal və nəhəng olan enerji qurğusunun əsas korpusu və şöbələrində quraşdırılmış müasir avadanlıqlar və onların işi ilə yaxından tanış oldu. Hiss olunurdu ki, ölkə başçısı öz ideya və təşəbbüsünün bəhrəsi olan bu nəhəng kompleksin inşasının başa çatdırılaraq, istismara hazır olmasından böyük sevinc və fərəh duyur. Qurğu ilə tanışlıqdan sonra minlərlə tədbir iştirakçıları qarşısında çıxış edən dahi rəhbər kimyaçıları yeni enerji kompleksinin istifadəyə veilməsi münasibətilə ürəkdən təbrik edərək dedi:

- Mən çox xoşbəxtəm ki, bu proseslərin həyata keçirilməsinin təşəbbüskarı, iştirakçısı olmuşam və bu işə rəhbərlik etmişəm. Mən nə qədər xoşbəxtəm, nə qədər böyük məmnuniyyət hissi keçirirəm ki, cəmisi iki il bundan öncə təməlini qoyduğumuz belə nəhəng bir kompleks artıq hazırdır, işə düşür. Mən bu qurğunun tikilməsində, başa çatdırılmasında zəhmət çəkmiş adamların hamısına təşəkkür edirəm. Biz Sumqayıt şəhərinin sənaye müəssisələrinə, başqa sahələrinə də çox ciddi fikir veririk. Əmin ola bilərsiniz ki, qısa bir zamanda biz bunlara da nail olacağıq və Sumqayıt şəhəri Azərbaycan üçün nümunə olacaq, burada adamlar xoşbəxt və firavan yaşayacaqlar.

Sonra Ulu öndər müstəqil Azərbaycanın həyatında əlamətdar olan bu hadisə - Buxar-generator kompleksinin açılışı münasibətilə kimyaçıları təbrik edərək, “Bu qurğuya, ümumiyyətlə, Azərbaycanın kimya sənayesinə yeni-yeni uğurlar arzulayıram”, - dedi və mərasim iştirakçılarının gurultulu alqışları altında açılış lentini kəsərək, yeni enerji kompleksinin işə salınma düyməsini basdı. Ətrafa sevins doğuran bir uğultu və alqış sədaları yayıldı. Bu böyük, təntənəli açılş mərasimi münasibətilə “Niçimen Korporeyşn” şirkətinin prezidenti Akira Vatari xalqımızın dahi oğlu, Azərbaycan Prezidenti Heydər Əliyevə böyük ehtiramla Azərbaycan-Yaponiya dostluğunun rəmzi kimi xüsusi olaraq hazırlanmış gözəl bir samuray qılıncı bağışladı. Ulu öndər qılıncı təbəssümlə, məmnuniyyətlə qəbul edib, qınından çıxardaraq, toplaşanların alqışları altında onu Koroğlu, Babək nəslinin davamçısı kimi güc-qüvvət rəmzi olaraq qürurla başı üzərinə qaldırdı.

***

Həmin əlamətdar, tarixi gündən sonra mən kompüter dizayneri olan oğlum Azərlə birgə dincəlmək bilmədən gecəli-gündüzlü işləyərək, düz bir ay sonra – avqustun 7-də Heydər Əliyevin Yaponiya səfəri və onun kimyaçılara olan son töhfəsi – Buxar-generator kompleksi ilə bağlı 248 səhifəlik rəngli bir kitab hazırladıq. Onun ilk nüsxəsi 12 sentyabr 2001-ci ildə Prezident Aparatında şəxsən Ulu öndərin özünə təqdim edildi. Kitabı diqqətlə vərəqləyib, onu bəyənən unudulmaz ölkə başçımız elə həmin gün “Azərikimya” müəssisələrinə verilən benzinin qiymətində xeyli güzəşt edilməsi barədə qərar verdi.

Mən bu gün böyük qürur hissi keçirirəm ki, həmin tarixi günün bilavasitə şahidi olmuşam və Ulu öndərimizin kimyaçılara olan son töhfəsi ilə bağlı “H.Əliyev dühasının bəhrəsi – Azərbaycan-Yaponiya dostluğu” kitabını hazırlamışam.

Ruhun şad olsun, Vətənimizin dahi, unudulmaz xilaskar oğlu!

Rəhman ORXAN,
Əməkdar jurnalist

Qoz suyu 7 saata 1001 dərdi müalicə edir



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?