• 22 Yanvar 2022

Deputat: “Prezident bir daha Ermənistanı gələcəyi barədə ciddi düşünməyə çağırdı”

17:53 13/01/22 | Siyasət

“Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində dekabrın 11-də sərhəddə törədilən təxribatla əlaqədar Ermənistana birmənalı və sərt xəbərdarlıq etdi”. Bunu açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

Deputat deyib ki, Ali Baş Komandanın əmri ilə Azərbaycan Silahlı Qüvvələri cəza tədbirləri görüb: “Bu hadisədən bir qədər sonra erməni tərəfi təkidlə atəşin dayandırılmasını xahiş etməyə başlayıb. Ali Baş Komandanın da vurğuladığı kimi, onlar başa düşməlidirlər ki, azərbaycanlı hərbi qulluqçunun ölümü heç vaxt onlara bağışlanmayacaq. Erməni tərəfin çoxsaylı xahişlərinə, yalvarışlarına, bu hadisənin rusiyalı sülhməramlıların məsuliyyət zonasında deyil, Kəlbəcər istiqamətində baş verməsinə, rusiyalı sülhməramlıların da xahişlərinə baxmayaraq, düşmən cəzalandırıldıqdan sonra Ali Baş Komandan müdafiə nazirinə komanda verib ki, atəş dayandırılsın və erməni tərəfin çoxsaylı yaralılarını götürməsinə imkan verilsin. Başqa sözlə, əvvəllər də baş vermiş belə hadisələr - cinayətlər, gizlincə törədilən alçaq təxribatlar, Azərbaycan tərəfin cəza tədbirləri, sonra da atəşin dayandırılması barədə yalvarışlarla başa çatıb. Azərbaycan isə cəza əməliyyatının başa çatdırılmalı olması qənaətinə gələndən sonra yenə humanizm nümayiş etdirib. Əgər Azərbaycan Prezidenti atəşin dayandırılması göstərişini verməsəydi, sözsüz ki, onların vəziyyəti daha ağır olacaqdı. Ali Baş Komandanın vurğuladığı kimi, bir daha göstərdik ki, bizim səbrimizlə oynamasınlar”.

M. İbrahimqızı qeyd edib ki, son təxribatla Ermənistan Azərbaycanı yenə sınağa çəkmək istəyib: “Azərbaycan Prezidenti müsahibədə son təxribatın mənşəyinə də toxundu. Bildirdi ki, ola bilsin, dünənki təxribatın mənşəyi də son vaxtlar MDB məkanında baş vermiş hadisələrdir və hesab edirlər ki, bunların imkanları artıb, yaxud da haradansa dəstək ala bilərlər. Amma unutmamalıdırlar ki, İkinci Qarabağ müharibəsindəki kimi, kimin onlara yardım edəcəyindən asılı olmayaraq, biz istədiyimizə nail olacağıq və heç kim bizi dayandıra bilməz, heç nə bizi dayandıra bilməz. Bizi dayandıran sadəcə odur ki, üçüncü müharibə istəmirik, bu, bizim planlarımızda yoxdur. Biz istəyirik ki, müharibə dövrü başa çatsın, istəyirik ki, normal əlaqələr yaradılsın, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, nəhayət, tanısın. Biz bunu istəyirik. Ancaq Ali Baş Komandanın vurğuladığı kimi, əgər görsək ki, bizim üçün təhlükə var, o təhlükə elə yerindəcə məhv ediləcək”.

Deputat nəzərə çatdırıb ki, Azərbaycan Ermənistana sülh gündəliyi təqdim edib, delimitasiya baş tutarsa, ondan sonra demarkasiya ilə bağlı çox aydın təkliflər irəli sürüb: “Ermənistan isə tərəddüd edir, bu da onu göstərir ki, rəsmi dairələr bu məsələ ilə bağlı öz fikrini hələ formalaşdıra bilməyib. Bir tərəfdən, onlar başa düşürlər ki, sülh müqaviləsi olmasa və güclü Azərbaycan mövcud olduğu halda onların müəyyən narahatlığı ola bilər. Digər tərəfdən, başa düşürlər ki, sülh müqaviləsi imzalanarsa, orada mütləq hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması müddəası olmalıdır və onlar buna hazır olmalıdırlar. Prezident İlham Əliyevin dediyi kimi, onlar artıq düzgün seçim etməlidirlər. Çünki Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmirsə, o zaman Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımayacaq. O da nəzərə alınmalıdır ki, hazırkı Ermənistan Azərbaycanın tarixi torpaqlarına yaradılıb. O cümlədən 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur Ermənistana birləşdirilib. Başqa sözlə, bu halda Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanımaması üçün bir çox amillər var. Buna baxmayaraq, gələcək sülh naminə, ölkələr arasındakı əlaqələrin qurulması naminə Azərbaycan qarşılıqlı olaraq ölkələrin ərazi bütövlüyünün tanınmasına hazırdır. Başqa sözlə, Azərbaycan Prezidenti bir daha Ermənistanı gələcəyi barədə ciddi düşünməyə çağırdı, birmənalı mesaj ünvanladı”.

II Elizabetin uzunömürlülüyünün və aktivliyinin dörd sirri açıqlanıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?