• 22 Oktyabr 2020

Vətənə məhəbbət hər şeydən öndə durmalıdır

15:32 29/03/20 | Diaspora

Bu gün diaspor təşkilatlarımızın birgə mübarizəsi daha effektli və təkmilləşdirilmiş formada özünü göstərir

Azərbaycan diasporunun bu günkü milli tərkibinə görə rəngarəng olması onun digər millətlərin diasporları ilə əməkdaşlığına öz müsbət təsirini göstərir. Zamanın bütün mərhələlərində, xüsusən, Azərbaycan xalqının təşəkkülü prosesində milli birlik ideyalarının yenidən formalaşması və təkmilləşməsi milli şüurun beynəlxalq aləmdə qəbul edilib, başa düşülməsi bu günkü inkişafımızın prioritet məsələlərindən biri olub. Bu mənada diaspor və güclü lobbinin yaradılması uzunmüddətli bir proses olduğundan qarşıya çıxan problemlərin, həllini gözləyən taleyüklü məsələlərin müzakirəsinə həmişə ehtiyac duyulub.

Diaspor sahəsində aparılan islahatlar da bu siyasətin tərkib hissələrindən birini təşkil edib. Bu işin dövlət səviyyəsində aparılması da sevindirici haldır. Əslində, diaspor fəaliyyəti belə də olmalıdır. Çünki taleyin amansız hökmü ilə azərbaycanlılar dünyanın bir çox ölkələrinə səpələniblər. Onların dilimizi, dinimizi, milli dəyərlərimizi, adət-ənənələrimizi qoruyub saxlamalarına, xarici ölkələrdə dünyaya gələn övladlarının azərbaycanlı kimi böyüməsi işində dövlət qayğısına çox böyük ehtiyac duyulur. İndi birmənalı şəkildə demək olar ki, diaspor siyasəti ilə bağlı sistemli şəkildə iş aparılır. Bunun nəticəsidir ki, son dövrlərdə diaspor fəaliyyəti xeyli güclənib.

Ermənistan diasporu güclüdür fikri şişirdilmiş fikirdir

“Ermənistan diasporu güclüdür fikri şişirdilmiş fikirdir. Onların xaricdəki diasporu korporativ və şəxsi maraqlar çərçivəsində hərəkət edir”. Bu fikri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov açıqlamasında səsləndirib.

Onun sözlərinə görə, erməni diasporunu təmsil edən şəxslər çox hallarda bu dövlətin adından çıxış etsələr belə, bunun arxasında vətən sevgisi və həsrəti dayanmır. Komitə sədri erməni diasporası ilə mübarizədə milli diaspora nümayəndələrini təmkinli olmağa çağırıb və nəticəyə yönəlik işlərin önəmindən danışıb.

Diaspor təşkilatlarının fəaliyyətindən danışan komitə sədri bildirib ki, diaspor işi şəxslərə bağlı olmur, bu, bir icma işidir, könüllülük, Vətənə sevgi məsələsidir. Bu iqtiqamətdə aparılan işlərin müsbət nəticəsindən söz açan komitə sədri bildirib ki, əsas prinsip milli maraqlara xidmətdir. F.Muradov mediada Azərbaycan diasporu haqqında gedən maarifləndirici materialların önəmini yüksək qiymətləndirib.

Diaspor təşkilatlarının birgə mübarizəsi daha effektlidir

Etiraf olunmalıdır ki, bu gün diaspor sahəsində görülən işlər dünyanın müxtəlif ölkələrində Azərbaycan diasporunun güclənməsinə imkan yaradır. Diasporumuzun əldə etdiyi nailiyyətlər ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor rəhbərləri, eləcə də bu sahə ilə məşğul olan qeyri-hökumət təşkilatları tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycan diasporunun inkişafına 5 ildən bir keçirilən dünya azərbaycanlılarının qurultayı də öz müsbət təsirini göstərir. Bu baxımdan 2016-cı ildə Bakıda keçirilən Dünya zərbaycanlılarının dördüncü qurultayı da mühüm əhəmiyyət daşıyırdı. 

Qurultaydan sonra Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən diaspora quruculuğunda yeni proqramların həyata keçirilməsi ilə bağlı bir sıra mühüm addımlar atıldı. O, cümlədən həm ayrı-ayrı qeyri-hökumət təşkilatları ilə işlərin aparılması, həm Beynəlxalq Diaspora Mərkəzi ilə birgə tədbirlərin keçirilməsi, həm də ölkədən kənarda fəaliyyət göstərən diaspor təşkilatlarının birgə mübarizəsinin təşkil edilməsi istiqamətində işlər gücləndirildi. Diaspora sahəsində həyata keçirilən layihələr onu deməyə əsas verir ki, artıq konsulluq, səfirlik və diaspor təşkilatlarının birgə mübarizəsinin strukturu formalaşıb. Bu dövrü diaspora fəaliyyətindəyeni bir eranın başlanğıcı kimi dəyərləndirmək olar. 

Son dövrlərdə Türkiyə-Azərbaycan diaspor təşkilatlarının birgə mübarizəsi daha effektli və təkmilləşdirilmiş formada özünü göstərir. Azərbaycan diasporu təmsil etdiyi ölkədə erməni diasporunu da öz fəaliyyəti ilə üstələyir. Bütün xarici ölkələrdə erməni diasporuna Azərbaycan əleyhinə anti-təbliğat aparmalarına imkan yaratmır.

İstənilən dövlət, o cümlədən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında onun xaricdəki diasporasının müstəsna rolu var. Diaspora eyni zamanda bir millətin vahid şəkildə formalaşmasına yardım edən əsas amillərdəndir. Ölkədən kənarda yaşayan azərbaycanlılar öz millətinin dirçəlməsi üçün münbit şərait yaradır. Azərbaycan diasporası ilə onun dövlətinin sistemli əlaqəsi ölkəmizin öz hüdudlarından kənarda tanıdılması yönündə müsbət nəticələrin nəticə etibarilə ortaya çıxması heç kəsə sirr deyil.

Bəli, bu gün Azərbaycan dövləti diaspor quruculuğu işinə xüsusi önəm verir. Xaricdəki diasporamız etdikcə inkişaf edir. Azərbaycan xalqı və dövlətinin qarşısında duran problemləri daha dərindən dərk edir və dünyaya da tanıtmaq istiqamətində fəaliyyətlərini gücləndirirlər. Dünya azərbaycanlıları artıq vahid mərkəzdən idarə olunur. Bu məkanın adı Azərbaycandır. Diasporamızın ideoloji cəhətdən istiqamətlənməsi işi də buradan həyata keçirilir. Diasporamız Azərbaycan dövlətçiliyinin prinsiplərini rəhbər tutaraq fəaliyyət göstərir. Dünya azərbaycanlılarının qurultayının Bakıda keçirilməsi, onların dövlət tədbirlərinə qatılması, Azərbaycan dövlətinin xarici və daxili siyasətinə aid məsələlərin dünyada təbliğində onların iştirakı göstərir ki, getdikcə təşkilatlanma, ideoloji cəhətdən səfərbər olunma və azərbaycançılıq ətrafında birləşmə istiqamətində işlər sürətlənir.  Ümumi ab-hava onu deməyə əsas verir ki, Azərbaycan dövləti və xalqının milli mənafeyi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların şüuruna hakim kəsilir və onlar eyni fikrin daşıyıcılarına çevrilirlər.

Bu gün diasporamız güclüdür

Hələ vaxtı ilə Ulu öndərimiz Heydər Əliyev Amerika Birləşmiş Ştatlarına birinci səfərindən sonra Azərbaycan diasporası barədə belə demişdi: “Mən xarici ölkələrə səfərlərim zamanı diaspora üzvlərini bir yerə toplamağa cəhd göstərirəm. Mən bunu Amerikada da həyata keçirmək istədim. Çikaqoda toplantıya 35 nəfər gəldi. Eləcə də, Parisdə və Londonda da toplantıya əksəriyyəti İran azərbaycanlıları olan 35-40 nəfər qatıldı. Bu diasporadırmı? Baxın, torpaqları işğal edilən bizik, şəhid verən bizik, illərdir vətənsiz yaşayan bizik, ancaq günahkar olan da bizik. Bunun səbəbi aydındır. Amerikada 250 milyon insan yaşayır. Bunun 1 milyonu ermənidir. Sayları çox azdır. Ancaq mövqeləri, vəzifələri etibarilə ictimai fikri öz məqsədləri ətrafında birləşdirə bilirlər. Biz mübarizəmizdə haqlı olduğumuzu kəskin şəkildə sübut etməliyik. Unutmayın, ermənilərə silah verənlər və maddi yardım göstərənlər qədər bizə yardım edən yoxdu. Biz lobbimizi bütün dünyada qurmalıyıq».

Sonrakı dönəmdə əsası Ulu Öndərimiz tərəfindən qoyulan diaspora siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Heydər Əliyevin tapşırıq və tövsiyələri ilə xaricdəki Azərbaycan diasporası mütəşəkkillik qazandı və öz inkişaf yoluna qədəm qoydu.

Ulu Öndərimizin səsləndirdiyi fikirlərdən xeyli zaman keçir. Bu müddət ərzində mühüm qərar və qanunların qəbul edilməsi, eləcə də, Heydər Əliyevin xarici səfərlər zamanı Azərbaycan diasporunun nümayəndələri ilə görüşü, onun tövsiyə və məsləhətləri xarici ölkələrdə diasporamızın mütəşəkkil cəmiyyət kimi formalaşmasına, inkişafına xüsusi təkan vermişdir. Bu gün diasporamız güclüdür. Hazırda dünyada yaşayan azərbaycanlıların sayı 50 milyona yaxındır (bəzi mənbələrdə bu rəqəmin 60 milyon olduğu göstərilir).

Azərbaycana qarşı erməni diasporu

Türkiyə ilə yanaşı erməni diasporu Azərbaycana qarşı da düşmən  mövqedə dayanmaqdadır. Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal edilməsində diasporun böyük rolu olmuşdur. Diaspor müharibəyə Ermənistanı təhrik etmiş, onun qoşunlarının əsas maliyyə və təbliğat maşınına çevrilmişdir. Azərbaycan  ərazilərinə Ermənistanın iddiası da birbaşa erməni diasporunun  dəstəyi ilə akademik Aqanbekyan tərəfindən Fransada səsləndirilmişdir. Suriyadan, Livandan və dünyanın digər ölkələrindən gələn ermənilər Azərbaycan əleyhinə hərbi əməliyyatlarda da birbaşa iştirak etmişlər. Onlardan biri Monte  Melkonyan öz qəddarlığı ilə seçilmişdir. Ancaq Azərbaycan silahlı qüvvələrinin kəşfiyyatçısı tərəfindən öldürülmüşdür. ASALA terror  təşkilatının qurucularından olan, bir çox partlayış və qətllər həyata keçirmiş, Avo ləqəbi ilə tanınan terrorçubaşı Monte Melkonyan İbad Hüseynov tərəfindən layiqli cəzasına çatmışdır.

Ermənistan diaspor ianələri vasitəsilə yaşayır

Erməni diasporu Ermənistanın həyata ümid mənbəyidir. Heç bir  sərvətə malik olmayan Ermənistan diaspor ianələri vasitəsilə yaşayır. Belə olan halda Ermənistan siyasi partiyaları diasporla hesablaşmaya bilməzlər. Siyasi partiyalardan bəziləri, xüsusən daşnaklar diasporu əsas dayaq sayır. Bütün erməni siyasi partiya və təşkilatlarının sənədlərində diasporla iş üzrə müddəa vardır. 
Bu müddəalarda diaspor az qala müqəddəsləşdirilir. Lakin bütün bunlarla yanaşı, diasporu Ermənistanın müasir bəlalarının səbəbkarı  elan edən ictimai-siyasi liderlər də vardır. Qısa olaraq onu demək olar ki, bu şəxslər erməni cəmiyyətində yad elementə çevriliblər. Onların fikrincə, kifayət qədər zəngin olan, idealist diaspor müasir Ermənistanın rüşvət, korrupsiya, klan hakimiyyəti kimi reallıqlarının yaranmasına səbəb olmuşdur. Məhz diasporun təsiri  ilə müasir Ermənistan dövləti erməni diasporuna deyil, diaspor erməni dövlətinə təsir etməkdədir.

Azərbaycançılıq ideologiyasının reallaşdırılması

Dünyada yaşayan azərbaycanlıların birlik və bərabərliyi, soydaşlarımız arasında həmrəyliyin təmin olunması məsələsi daim Azərbaycan Respublikasının diqqət mərkəzində olub. İstər bu sahədə qəbul edilmiş müvafiq fərman və sərəncamlar, fəaliyyət proqramları olsun, istərsə də keçirilən bütün dövlət tədbirlərində birmənalı şəkildə qeyd edilib ki, Azərbaycan Respublikası dünya azərbaycanlılarının birliyini milli mənafelər və dövləti maraqlar kontekstində ortaya çıxan təbii tarixi zərurət kimi qiymətləndirir. Dünya azərbaycanlılarının birliyi məsələsi Azərbaycançılıq ideologiyasının reallaşdırılması mexanizmi kimi qəbul edilir və bu sahədə həyata keçirilən bütün tədbirlər məhz həmin amala əsaslanır. Başqa sözlə desək, bu ideya dünya azərbaycanlılarının birliyinin fəlsəfi-nəzəri əsasları kimi qəbul olunur. Azərbaycan dövləti dünya azərbaycanlılarının birliyini, mövcud iqtisadi və siyasi gerçəklikləri,  eyni zamanda dünyada gedən ictimai-siyasi proseslərin meydana çıxardığı reallıqları nəzərə alaraq həyata keçirməyə çalışır. Məhz buna görədir ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların həmrəyliyi bütün Azərbaycan xalqının ideoloji bütövlüyünü, milli birliyini təmin edən əsas amil sayılır və dövlət siyasətinin prinsipial istiqamətlərindən biri kimi xarakterizə edilir.

Müstəqilliyinin ilk illərində Azərbaycan diasporunun təşkilatlanması və fəaliyyətində ciddi problemlər var idi. Amma son illər ərzində diaspor təşkilatlanması istiqamətində önəmli tədbirlər görüldü və əhəmiyyətli nəticələr əldə edildi. Son 5 il ərzində isə diaspor təşkilatlarının fəaliyyətinin səmərəlilik səviyyəsi daha da artdı və beynəlxalq miqyasda xüsusi önəm kəsb edən nailiyyətlər qazanıldı. Bunlar isə erməni lobbisi və diaspor təşkilatları ilə mübarizədə güc mənbəyi, əhəmiyyətli resurs kimi dəyərləndirilməlidir.

Bu gün biz müxtəlif təşkilatlarla əməkdaşlıq edirik, onların vasitəsi ilə konqresmenlərə, müvafiq qurum və şəxslərə təsir etməyi bacarırıq. Qeyd olunmalıdır ki, Azərbaycan diasporu dünəndən bu günədək əhəmiyyətli irəliləyişə nail olub.

İmkanlı soydaşlarımız diaspor işinə cəlb olunmalıdır

Sonda həmsöhbət olduğumuz Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov hesab edir ki, xaricdə yaşayan imkanlı soydaşlarımızın diaspor və lobbiçilik işinə cəlb olunması çox vacibdir. Onun sözlərinə görə, diaspor və lobbiçilik işi elə bir sahədir ki, bu məsələdə böyük maliyyə qaynaqlarının olması əsas şərtdir: «Ölkə xaricində yaşayan istənilən imkanlı soydaşımızın diaspor və lobbiçilik işinə cəlb olunması olduqca vacibdir. Torpaqlarımızın erməni işğalı altında olduğunu və Dağlıq Qarabağ həqiqətlərinin təbliğ olunmasında diasporumuzun hansı işləri görə biləcəyinə nəzər salsaq görərik ki, bu məsələdə biz həm də koordinasiya olunmuş şəkildə hərəkət etməliyik. Bakıda keçirilən Dünya Azərbaycanlılarının dördüncü qurultayında prezident İlham Əliyev də bu məsələlərə xüsusi olaraq toxundu və diasporumuz üçün əsl hədəfləri göstərdi. İstənilən halda hansısa bir ölkədə diaspor təşkilatı yaranırsa buna ancaq sevinmək lazımdır. Sadəcə bir qədər zaman lazımdır ki, biz yaranan həmin təşkilatların kimlərə və nəyə xidmət etdiklərini də görə bilək. Əgər bir təşkilat milli maraqlarımıza xidmət etməyəcəksə onun uzun müddət yaşaması da sual altında olacaq. Hesab edirəm ki, istənilən halda diaspor təşkilatlarımız Azərbaycanın iç siyasətinə qarışmaqdansa, Azərbaycan xalqının maraqlarını yaşadıqları ölkələrdə daha yaxşı bir şəkildə təmsil etməlidirlər. Və biz artıq diaspor təşkilatlarımızın parçalanmasından yox, onların birliyindən danışmalıyıq. Çünki qarşımızda təşkilatlanmış və olduqca hiyləgər erməni lobbisi və diasporu durur».

ATXƏM sədri bildirib ki, hazırda türk birliyinin qurulması üçün də bütün sahələrdə işlər sürətlə davam etməkdədir: «Təbii ki, bu birliyin qurulmasında ən vacib olan məsələlərdən biri də türk dövlətləri ictimaiyyət nümayəndələrinin könüllü olaraq bu proseslərdə çox fəal şəkildə iştirak etmələridir. Azərbaycan prezidenti cənab İlham Əliyevin “Bir millət-iki dövlət” prinsipini davam etdirərək, söylədiyi “Bir millətin iki diasporu olmaz” fikirləri bu prosesin daha da sürətlənməsinə təkan verib. Biz artıq Azərbaycanla bağlı xarici ölkələrdə, xüsusən Avropa dövlətlərində keçirilən bütün tədbirlərdə bu iki qardaş xalqların diaspor təşkilatlarını bir arada görə bilərik. Lakin hesab edirəm ki, biz bununla qane olmamalıyıq və bütün türk xalqlarının diaspor təşkilatlarının birliyinə nail olmaq üçün gələcəkdə bütün gücümüzü səfərbər etməliyik».

İ.İsmayılov əlavə edib ki, türkdilli xalqların əməkdaşlığının genişləndirilməsi və Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağın işğal altında olduğunu, Ermənistanın Azərbaycana təcavüzünü bütün türk dünyasına çatdırılması fəaliyyətin prioritet istiqaməti olmalıdır.

Təbii ki, bu gün Azərbaycanı kənarda layiqincə tanıtmaq diaspor təşkilatlarımızın çiyninə düşən əsas vəzifədir. Burada istəkdən başqa heç bir problem olmamalıdır. Çünki yaşadıqları ölkələrin əksəriyyətində buna nümunə üçün kifayət qədər təcrübələr var.

Diasporumuzun mütəşəkkil qüvvəyə çevrilməsi bir tərəfdən soydaşlarımızın milli mənsubiyyətlərini və dəyərlərini qoruması deməkdirsə, başqa tərəfdən Azərbaycanı daha güclü təbliğ etmələri, fəaliyyət göstərdikləri ölkənin Azərbaycanla əlaqələrinin inkişafına önəmli töhfə vermələri, həmin ölkələrin ictimai-siyasi həyatında aktiv rol oynamaları, Azərbaycan üçün yeni-yeni dostlar qazanmaları, güclü Azərbaycan lobbisi deməkdir. Bu işdə isə birlik və həmrəylik başlıca vəzifə olmalıdır.

Cavanşir QƏDİMOV

Ermənistan ordusunun gücünü itirdiyini anlayan Paşinyan əhalini silahlanmağa çağırıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?