• 22 Oktyabr 2020

Diasporumuzun güclənməsi qarşıda yeni imkanlar açır

10:25 07/04/20 | Diaspora

Azərbaycan diasporunun potensialından effektiv və düzgün istifadə etmək ehtiyacı hər zaman mövcuddur

Xaricdə yaşayan soydaşlarımızın bu günkü diaspor quruculuğu istiqamətində fəaliyyəti bir neçə mərhələni əhatə edir. Hazırda Azərbaycan diasporu quruculuğu istiqamətində nələr baş verir və nəticə etibarı ilə xaricdəki soydaşlarımız üçün nə deməkdir kimi suallara cavablar axtarılır. Ona görə ki, hər bir xalqın üzləşdiyi yeni əsrin özünəməxsus tarixi zərurətdən doğan standartları olur. İndiki zamanda isə bunun elmi konseptual mahiyyəti başlıca cavablardan biri kimi dəyərləndirilir.

Bu gün 50-60 milyon arasında olan dünya azərbaycanlılarının mütləq əksəriyyətinin ölkə sərhədlərindən kənarda yaşadığını nəzərə aldıqda, diasporumuzun və onun qarşısına qoyulan missiyanın Azərbaycan üçün strateji önəm kəsb etdiyini söyləmək olar. Xüsusən də Rusiya, Gürcüstan, İran, Türkiyə, Qərbi Avropa və Şimali Amerikadakı (ABŞ, Kanada) azərbaycanlıların yaratdıqları birliklərin effektiv fəaliyyətinə və əhatəliliyinə, daha güclü təşkilatlanmalarına, Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin hakimiyyət orqanlarına çatdırmalarına böyük ehtiyac var idi. Xocalı faciəsi və 31 Mart azərbaycanlılarının soyqırımı ilə bağlı xarici ölkə parlamentlərində qətnamələrin qəbulu, ermənilərin “soyqırımı” və Qarabağla bağlı yalançı iddialarının ifşa edilməsi, bir sıra nüfuzlu ölkələrin Azərbaycanla əməkdaşlığa üstünlük verməsi diaspor sahəsində irəliləyiş olsa da, əslində burada əsas təkanverici qüvvə, uğurun təminatçılarından biri də həmin ölkələrdəki Azərbaycan diasporudur.

Təbii ki, diaspor işlərinin yalnız dövlətin çiyinləri üzərində olması uzun müddətli perspektiv və effekt vəd etmir. Məhz buna görə Azərbaycan diasporunun potensialından effektiv və düzgün istifadə etmək ehtiyacı hər zaman mövcud olub.

Diasporla İş üzrə Dövlət Komitəsinin son zamanlar Azərbaycan diasporunun potensialından tam istifadə etmək, erməni diasporu ilə mübarizə aparmaq və buna qədər diaspor sahəsində yaranmış boşluqları doldurmaq sahəsində gördüyü işlər təqdirəlayiqdir. Etiraf etməliyik ki, bu günə kimi soydaşlarımızın kompakt şəkildə yaşadıqları əksər ölkələrdə azərbaycanlılarının mənfi bir imici - “bazar adamı” obrazı da formalaşmışdı. Bu xoşagəlməz halın yaşanması isə bir tərəfdən soydaşlarımızın özlərinin günahıdırsa, digər yandan da həmin ölkələrdəki bəzi institutların fəaliyyətinin nəticəsi idi. Dünyanın müxtəlif ölkələrində kifayət qədər bilikli, bacarıqlı, ayrı-ayrı sahələr üzrə peşəkarlaşan azərbaycanlılar olsa da, məhz bəzi xarici institutların fəaliyyəti ilə onların özlərində bədgümanlıq rəyləri formalaşmışdı. Guya ki, azərbaycanlıların güclü alimi, bisnesmeni, istehsalçısı ola bilməz.

İndi Diaspor Komitəsinin aktivləşməsi bu bədgümanlığın aradan qaldırılacağına inam yaranıb. Yəni xaricdəki azərbaycanlılara baxışın, yanaşmanın dəyişməsinə nail olmaq da qurumun qarşısında duran vacib məsələlər sırasına daxildir.

Ümumrusiya Azərbaycanlıları Konqresi Həştərxan vilayətinin sədri Ədalət Hüseynov da təsdiq edib ki, bu gün xarici ölkələrdə yaşayan azərbaycanlıların sürətlə təşkilatlanması prosesi müşahidə edilməkdədir: «Azərbaycan Respublikası bu prosesə dəstək verir və onu daha da təkmilləşdirməyə, soydaşlarımızın diaspor quruculuğu sahəsində fəaliyyətini koordinasiya etməyə çalışır. Azərbaycan Respublikasının diaspor quruculuğu sahəsindəki dövlət siyasətinin başlıca qayəsi ümummilli lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının fundamental prinsiplərini həyata keçirməkdən ibarətdir. Ötən dövrdə bu strategiyanın həyata keçirilməsi istiqamətində mühüm addımlar atılmış, həmvətənlərimizin təşkilatlanması, azərbaycançılıq ideyalarının gerçəkləşdirilməsi üçün bir çox problemlərin həllinə nail olunmuşdur. Milli həmrəylik tarixi Vətənin maraqlarından doğan zərurətdir. Azərbaycan Respublikası dünya azərbaycanlılarının birliyini milli mənafelər və dövləti maraqlar kontekstində ortaya çıxan tarixi zərurət kimi qiymətləndirir».

Ə.Hüseynov qeyd edib ki, azərbaycançılıq dünya azərbaycanlılarının, bütün Azərbaycan xalqının ideoloji bütövlüyünü, milli birliyini təmin edən amildir: «Fəxrlə demək olar ki, bu gün dünyadakı soydaşlarımız vahid ideya ətrafında birləşərək mütəşəkkil qüvvəyə çevrilmişlər. Milli dövlətçilik ideyası, dövlət müstəqilliyimizin əbədiliyi və dönməzliyi, Azərbaycan Respublikasının bütün azərbaycanlıların milli sərvəti, bu gün harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıların Vətəni kimi dərk edilməsi azərbaycançılığın mühüm meyarlarındandır. Bu konseptual ideya özlüyündə əhəmiyyətli olmaqla yanaşı, xaricdə yaşayan soydaşlarımızın ölkəmizlə əlaqələrinin inkişafı, onların müxtəlif maraqlarının hüquqi müstəvidə təminatı üçün də fəlsəfi əsas yaradır. Məhz bu ideoloji zəmin xaricdə yaşayan azərbaycanlılarla işi dövlət səviyyəsində uğurla həyata keçirməyə, digər tərəfdən, ölkəmizdəki iqtisadi layihələrə cəlb etməyə və beləliklə də Vətənə daha sıx bağlamağa imkan yaratmışdır.

“Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanuna uyğun olaraq, xaricdə yaşayan azərbaycanlılar üçün əlverişli şərait yaradılmışdır. Milli dövlətçilik tariximizdə ilk dəfə olaraq məhz ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə dünya azərbaycanlılarını doğma Vətənə xidmət edən mütəşəkkil qüvvəyə çevirmək yolunda dövlət siyasətində mühüm işlər görülmüşdür. Xalqımızın mənəvi birliyi, azərbaycançılıq ideyaları Dünya Azərbaycanlılarının I Qurultayında öz parlaq təcəssümünü tapmışdır. Prezident İlham Əliyevin diaspor quruculuğu sahəsində siyasəti ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş ideya və prinsiplərin konseptual istiqamətlərinə əsaslanır. Bu siyasətin əsas məqsədi dahi öndərimizin müəyyənləşdirdiyi siyasi xəttə uyğun olaraq dünya azərbaycanlılarının vahid təşkilatda birləşməsinə nail olmaqdır».

Konqres sədri bildirib ki, bu gün dünyanın müxtəlif ölkələrində olduğu kimi, Həştərxanda da mütəşəkkil diasporumuz mövcuddur: «Bu istiqamətdə məqsədyönlü iş aparılır. Azərbaycan-Həştərxan dostluğu bu gün yüksələn xətlə inkişaf edir. Yaşadığımız ölkədə həmvətənlərimizin hüquqları qorunub saxlanılır, onların üzləşdikləri problemlər vaxtında həll olunur. Vurğulamaq lazımdır ki, diaspor fəallarının gücü, qüdrəti, həmrəyliyi həmişə müşahidə olunur. Azərbaycanın milli bayramları, həmçinin 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Mart qırğını ilə bağlı silsilə tədbirlər həyata keçirilir».

Təbii ki, azərbaycançılıq yalnız Azərbaycan Respublikasında yaşayan azərbaycanlıların deyil, həm də bütün dünya azərbaycanlılarının milli-mənəvi maraqlarını ifadə edən məfkurə kimi xalqımız tərəfindən qəbul olunmuşdur. Bu məfkurənin daşıyıcısı olan azərbaycanlıların harada yaşamasından və hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, tarixi Vətəni olan Azərbaycan Respublikasını düşünür, onun təəssübünü çəkir, nüfuzunu uca tutur. Fəxrlə demək olar ki, dünya azərbaycanlılarının əsl milli özünüdərk və ümummilli ideyası olan azərbaycançılıq məfkurəsi, müstəqil dövlətçilik və milli-mənəvi dəyərlər ətrafında sıx birləşməsi prosesi başlanmışdır.

Bilman ALLAHVERDİYEV

Ermənistan ordusunun gücünü itirdiyini anlayan Paşinyan əhalini silahlanmağa çağırıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?