• 22 Oktyabr 2020

Hər bir azərbaycanlı vahid məqsəd uğrunda birləşməlidir: Vətən sevgisi və millətə bağlılıq

11:00 14/04/20 | Diaspora

Etiraf olunmalıdır ki, bu gün diaspor sahəsində görülən işlər dünyanın müxtəlif ölkələrində Azərbaycan diasporunun güclənməsinə imkan yaradır. Diasporumuzun əldə etdiyi nailiyyətlər ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor rəhbərləri, eləcə də bu sahə ilə məşğul olan qeyri-hökumət təşkilatları tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycan diasporunun inkişafına 5 ildən bir keçirilən dünya azərbaycanlılarının qurultayı də öz müsbət təsirini göstərir. Bu baxımdan 2016-cı ildə Bakıda keçirilən Dünya zərbaycanlılarının dördüncü qurultayı da mühüm əhəmiyyət daşıyırdı. 

Qurultaydan sonra Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən diaspora quruculuğunda yeni proqramların həyata keçirilməsi ilə bağlı bir sıra mühüm addımlar atıldı. O, cümlədən həm ayrı-ayrı qeyri-hökumət təşkilatları ilə işlərin aparılması, həm Beynəlxalq Diaspora Mərkəzi ilə birgə tədbirlərin keçirilməsi, həm də ölkədən kənarda fəaliyyət göstərən diaspor təşkilatlarının birgə mübarizəsinin təşkil edilməsi istiqamətində işlər gücləndirildi. Diaspora sahəsində həyata keçirilən layihələr onu deməyə əsas verir ki, artıq konsulluq, səfirlik və diaspor təşkilatlarının birgə mübarizəsinin strukturu formalaşıb. Bu dövrü diaspora fəaliyyətindəyeni bir eranın başlanğıcı kimi dəyərləndirmək olar. Əksər tədqiqatçıların gəldiyi qənaətdə ondan ibarətdir ki, qloballaşan dünyada dövlətlərin xarici siyasət və diplomatiya sahəsində qazandığı nailiyyətlər bir sıra meyarlarla yanaşı, həm də onun formalaşdırdığı diasporun potensial imkanları ilə ölçülür. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədr müavini Murad Cəfərov da belə hesab edir. O qeyd edib ki, diaspor nümayəndələri xarici ölkələrdə yaşayan, eyni millətə mənsub olan insanlardır ki, məhz  buna görə də onların Vətən sevgisi və millətə bağlılığı daha güclü olur: «Əfsuslar olsun ki, azərbaycanlıların diaspor hərəkatını dərketmə prosesinin özü son illərdə meydana gəlmişdir. Bildiyiniz kimi, diaspor hərəkatı ictimai-siyasi prosesdir. Bu işlə məşğul olmağa başladığın ilk gündən etibarən o, həyat tərzinə çevrilir. Məlumdur ki, diaspor nümayəndələri xarici ölkələrdə yaşayan, eyni millətə mənsub olan insanlardır. Yəqin ki, məhz  buna görə də onların Vətən sevgisi və millətə bağlılığı daha güclü olur. O insanlar daha emosional olurlar, Vətənə xidməti hər şeydən önə çəkir, hansı peşə sahibi olmağından, maliyyə durumundan asılı olmayaraq milli məsələ olan diaspor fəaliyyəti onlar üçün ən vacib amala çevrilir. Özü-özlüyündə ən vacib şərt Vətənə bağlılıq, torpaq sevgisi olsa da, peşəkar səviyyədə fəaliyyət üçün bu amil yetərli deyil. Məsələn, YUNESKO-nun məlumatına görə, dünyada hazırda 50 milyondan çox azərbaycanlı yaşayır. Ukraynada yaşayan soydaşlarımızın sayı isə YUNESKO statistikasında təxminən 1 milyon göstərilir. Amma bu insanların heç də hamısı diaspor fəaliyyətində özünü görmək istəmir. Çünki tarixi yurdundan uzaqda yaşayan soydaşlarımızın miqrant səviyyəsindən diaspor formatına keçməsi ancaq təşkilatlanma prosesindən keçir. Təşkilatlanma isə müvafiq dövlət orqanlarında qeydiyyatdan keçərək müəyyənləşdirilmiş hədəflərə çatmaq üçün sistemli şəkildə görülən  işlərin toplusudur. Yəni, ancaq təşkilatlanmış toplum istənilən ciddi layihəni həyata keçirmək üçün qüvvə sayıla bilər. Bu baxımdan son zamanlar Ukraynada gedən demokratikləşmə prosesi çoxsaylı diaspor üzvlərimizin də yüksək aktivliyinə təsir etdi». 

UABD-ın sədr müavini bildirib ki, qarşıda duran ən vacib məqsəd Ukraynada yaşayan, fəaliyyət göstərən soydaşlarımızın milli-mənəvi dəyərlərini qorumaq, inkişaf etdirmək, beynəlxalq aləmdə mədəni, istedadlı, qədim tarixə və demokratik dövlətə malik olan xalq kimi təmsil olunmaq hüququnu təmin etməkdir.

Onun sözlərinə görə, bu gün xaricdə yaşayan həmvətənlərimiz vahid bir ideya ətrafında təşkilatlanmağa böyük maraq göstərir: «Düzdür, əvvəllər bu meyl mövcud deyildi. Çünki soydaşlarımız Azərbaycan dövlətinin dəstəyini və marağını hiss etmirdilər. Belə olan təqdirə hamı öz işi ilə məşğul idi. Amma bu gün sözün əsl mənasında belə bir dəstək var. Dünyada Azərbaycan diaspor təşkilatlarının möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan və qüvvəyə minən “Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı Dövlət siyasəti haqqında” Qanunun müstəsna rolu oldu. Bu qanun xaricdə yaşayan soydaşlarımızın qarşısında çox böyük perspektivlər açır və onların milli mənafe ətrafında daha sıx birləşməsinə stimul verir». 

Ekspert X.Hüseynov isə hesab edir ki, xaricdə yaşayan azərbaycanlıların həmrəylik ideyasının kökü sağlam düşüncəyə söykəndiyi üçün, hazırda bu sahədə xeyli nailiyyətlər əldə olunub: «Sirr deyil ki, bu gün xaricdə yaşayan, işləyən, təhsil alan  hər bir azərbaycanlı Azərbaycanın səsinə çevrilib. O da faktdır ki, yaşadığımız dövrdə diaspor anlayışı beynəlxalq münasibətlərin vacib elementinə çevrilir. Bu gün Azərbaycan Dağlıq Qarabağ problemini yaşayır və bu problemin xarici ölkə ictimaiyyətinə çatdırılması, bu sahədə mütəmadi təbliğat aparılması işinin bir hissəsi diasporun üzərinə düşür. Azərbaycan çoxmillətli dövlətdir, burada multikultural dəyərlər yüksək səviyyədə qorunur. Respublikamızda, sözün əsl mənasında, xalqlar dostluğu mövcuddur. Hətta vaxtilə Azərbaycandan xaricə köçən başqa millətlərin təmsilçiləri də azərbaycançılıq və Azərbaycan mövqeyindən çıxış edirlər. Məlumdur ki, xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirib».

X.Hüseynov hesab edir ki, artıq xaricdə yaşayan azərbaycanlıların təşkilatlanma prosesi özünü yeni mərhələdə göstərir: «Son zamanlar diaspor quruculuğu və lobbiçilik fəaliyyətində daha çox irəliləyiş var. Azərbaycan Prezidenti İlham Əliyevin xaricdə yaşayan azərbaycanlılarla bağlı həyata keçirdiyi siyasət öz bəhrəsini verir. İlham Əliyev mütəmadi olaraq xaricdə yaşayan azərbaycanlılarla maraqlanır, onların fəaliyyətini yaxından izləyir. Ölkə başçısı çıxışlarından birində xaricdə yaşayan soydaşlarımız haqqında belə deyirdi: “Hazırda Azərbaycan öz inkişafının çox məsuliyyətli bir dövrünə qədəm qoymuşdur. Biz Vətənimizin çiçəklənməsi, qüdrətinin artırılması və suverenliyinin möhkəmləndirilməsi məqsədilə qarşımıza böyük vəzifələr qoymuşuq. Həmin vəzifələrin həlli üçün bütün həmvətənlərimiz, o cümlədən xaricdə yaşayan soydaşlarımız sıx birləşməli, harada yaşamalarından asılı olmayaraq, milli maraqlarımızı qətiyyətlə qorumalı, anti-Azərbaycan dairələrin təxribatçı əməllərinə qarşı prinsipial mübarizə aparmalıdırlar”.

Məlumdur ki, dünya azərbaycanlıları Azərbaycanın haqq səsinin dünyaya yayılmasında, milli və dövlətçilik maraqlarımızın qorunmasında böyük işlər görürlər. Azərbaycanla, Dağlıq Qarabağ problemi, Xocalı vəhşətilə bağlı tədbirlər keçirir, erməni yalanını ifşa edirlər. Bu gün dünyanın bir sıra ölkələrində Azərbaycan diaspor təşkilatlarının aktiv fəaliyyəti, onların erməni lobbisi ilə açıq müstəvidə mübarizə aparması, ermənilərin apardığı yanlış siyasətə qarşı addımlar atdığı məlumdur. Artıq xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız güclənir, həmin ölkələrin dövlət qurumları ilə sıx əməkdaşlıq əlaqələri qururlar. Bu da onların erməni təxribatının qarşısını zamanında almalarına kömək edir».

Ekspert əlavə edib ki, artıq xaricdə yaşayan azərbaycanlılar milli maraqlar, milli birlik naminə həmrəy olmağı özlərinə əbədi həyat qayəsi seçiblər.

Bilman ALLAHVERDİYEV

Ermənistan ordusunun gücünü itirdiyini anlayan Paşinyan əhalini silahlanmağa çağırıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?