• 22 Oktyabr 2020

Bizim hamımızı həmrəy edən azərbaycançılıq ideyasıdır

10:07 16/04/20 | Diaspora

Artıq diaspor təşkilatlarımız beynəlxalq sistemə təsir edə bilən subyektə cevrilir

Beynəlxalq aləmdə prioritet təşkil edən məsələlərdən biri də diaspor quruculuğudur. Bunun əsas səbəblərindən biri artıq diaspor təşkilatlarının beynəlxalq sistemə təsir edə bilən subyektə cevrilməsidir. Bu mənada diaspor və güclü lobbinin yaradılması uzunmüddətli bir proses olduğundan qarşıya çıxan problemlərin, həllini gözləyən taleyüklü məsələlərin müzakirəsinə həmişə ehtiyac duyulub.

Diaspor sahəsində aparılan islahatlar da bu siyasətin tərkib hissələrindən birini təşkil edib. Bu işin dövlət səviyyəsində aparılması da sevindirici haldır. Əslində, diaspor fəaliyyəti belə də olmalıdır. Çünki taleyin amansız hökmü ilə azərbaycanlılar dünyanın bir çox ölkələrinə səpələniblər. Onların dilimizi, dinimizi, milli dəyərlərimizi, adət-ənənələrimizi qoruyub saxlamalarına, xarici ölkələrdə dünyaya gələn övladlarının azərbaycanlı kimi böyüməsi işində dövlət qayğısına çox böyük ehtiyac duyulur. İndi birmənalı şəkildə demək olar ki, diaspor siyasəti ilə bağlı sistemli şəkildə iş aparılır. Bunun nəticəsidir ki, son dövrlərdə diaspor fəaliyyəti xeyli güclənib. Xüsusilə, bu sahə ilə məşğul olan Diasporla İş üzrə Dövlət Komitəsi bu sahədə bir canlama yarada bilib.

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının Koordinasiya Şuraları yaradılaraq birgə fəaliyyət göstərmələri istiqamətində atılan addımlar, eləcə də xaricdə yaşayan soydaşlarımızın üzləşdikləri problemlərin həlli üçün göstərilən çevik reaksiya deyilənləri təsdiqləyir. Finlandiyada Azərbaycan-Turk Gənclər Təşkilatının sədri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Ülviyyə Cabbarova da bu sahədə görülən işləri məqsədəuyğun sayır. O açıqlamasında bildirib ki, Skandinaviyada, xüsusilə də Finlandiyada azərbaycanlıların hazırkı fəaliyyəti, təşkilatlanma işi qənaətbəxşdir: «Son bir neçə ildə Skandinaviya ölkələrində, eləcə də Finlandiyada azərbaycanlıların fəaliyyətində dinamika var. Bu istər müxtəlif ümummilli məqsəd daşıyan tədbirlərin keçirilməsində, istərsə də yerli rəsmilərlə təmasların, birgə işlərin gerçəkləşdirilməsində özünü göstərir. Məsələn, son illər təmsil etdiyim təşkilat olaraq Türkiyə diasporu və təmsilçiləri ilə birlikdə yerli fin rəsmilərlə bir neçə mühüm təmaslarımız olub. Bundan başqa, yerli təmsilçilərlə birlikdə musiqi, mədəniyyətin digər sahələri, idman üzrə bir sıra tədbirlər keçiririk. Bu, dinamika üzrə davam edir. Təşkilatlanmaya gəldikdə isə, qardaş Türkiyə diasporu ilə birgə təşkilatlanmamız sürətlənir. Xüsusilə son zamanlar yaradılan Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurası buna böyük təkan verir. Qeyd edim ki, Azərbaycanın bu məsələdə bizə dəstəyi danılmazdır».

Ü.Cabbarova Azərbaycan həqiqətlərinin Finlandiyada tanıdılması istiqamətində gördükləri işlərdən də söz açıb: «Bildiyiniz kimi, Skandinaviya ölkəsi olan İsveçdə yerli qanunverici orqanlara son seçkilərdə azərbaycanlılar da qələbə qazandı. Bu, ənənə halını almağa başlayır. Belə ki, Finlandiyada, əsasən də, fəal gənclərdən ibarət sosial bazamız formalaşmağa başlayır ki, gələcəkdə burada da istər qanunverici orqanlarda, istər digər rəsmi sahələrdə gücümüzü sınayaq. Azərbaycan həqiqətləri burada daim bizim üçün prioritetdir».

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov da hesab edir ki, birləşmək ideyası artıq zərurətə çevrilib: «Etiraf edim ki, biz heç vaxt birləşmək məsələsini gündəmə gətirməmişdik. Daha doğrusu, bu barədə təklif nə bizdən, nə də Bakıdan irəli sürülməmişdi. Digərlərinə nisbətən daha aktiv fəaliyyət göstərən üç təşkilat - Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi, Kiyev Azərbaycanlıları Konqresi və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu ayrı-ayrılıqda tədbirlər keçirir, təkbaşına fəaliyyət göstərirdilər. Birləşmək ideyası Cənab Prezidentin Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə Fuad Muradovu təyin etməsi ilə başladı. Qısa zaman ərzində digər ölkələrdə olduğu kimi Ukraynada da fəaliyyət göstərən diaspor təşkilatlarının koordinasiya məsələsi gündəmə gəldi. Komitə rəhbərliyində təmsil olunan şəxslər bir neçə dəfə Kiyevdə oldular, mən və digər diaspor təşkilatlarının sədrləri ilə görüşlər keçirildi. Şəxsən mən bütün görüşlərdə Komitənin bu prosesə çox ciddi yanaşdığının şahidi oldum. Və beləliklə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Kiyevə səfəri zamanı məhz onun rəhbərliyi ilə bir araya gəldik. Ədalət naminə qeyd edim ki, Ukraynada fəaliyyət göstərən və aralarında uzun müddət fikir ayrılıqları müşahidə olunan diaspor təşkilatlarının birləşmək ideyasının müəllifi məhz Fuad Muradov oldu. Əlbəttə, istər Bakıda, istərsə də Ukraynada, xüsusən də mətbuatda hamı bizə “niyə birləşmirsiniz?” deyə sual edir, bəzən haqlı olaraq tənqid hədəfinə də tuş gəlirdik».   

H.Cavadov bildirib ki, “Ukrayna Azərbaycanlıları Radası”nın yaradılması aparılan müzakirələrin müsbət nəticəsi idi. O qeyd edib ki, bütün təşkilatlar bu işə könüllü razılıq verib, heç kimin qarşısında hansısa tələb qoyulmayıb.

Qeyd edək ki, hazırda dünyada yaşayan azərbaycanlıların sayı təxminən 50 milyona yaxındır. Xarici ölkələrdə yaşayan soydaşlarımızın əksər hissəsi bu gün müxtəlif təşkilatlarda birləşirlər. Bu təşkilatların üzvləri ayrı-ayrı insanlar olsalar da, məqsəd birdir - Azərbaycanın haqq səsini dünyada ucaltmaq, doğma yurdumuza arxa-dayaq durmaq.

Xaricdə yaşayan soydaşlarımızla və orada fəaliyyət göstərən diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsi baxımından bu sahədə atılan ən mühüm addımlardan biri də prezident İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə "Xaricdə Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi”nin yaradılması oldu. Azərbaycanda diaspora və lobbiçilik quruculuğu sahəsində daha bir mühüm addım xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi, eləcə də əlaqəndirilməsi ilə bağlı qurultayın keçirilməsi idi. Dünya Azərbaycanlılarının ilk qurultayı 2001-ci il noyabr ayının 9-10-da Bakıda təşkil edildi. Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirildi və Heydər Əliyev şuranın sədri seçildi. Dünya Azərbaycanlılarının I Qurultayında xarisdə yaşayan soydaşlarımızın əlaqəli şəkildə fəaliyyəti müzakirə edildi. Bu əlaqələrin qurulması Azərbaycanlıların Əlaqələndirmə Şurasına həvalə olundu.

Ümummilli Lider qurultaydakı çıxışı zamanı soydaşlarımızı daim vətənə bağlı olmağa səsləyirdi: "İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini qoruyub saxlasın. Dünyada eyni zamanda assimilyasiya prosesi də var. İnsanlar - mən azərbaycanlılar haqqında danışıram - gərək, yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək, orada özləri üçün yaxşı mövqelər tutsunlar. Ancaq daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır”.

Cavanşir QƏDİMOV

Ermənistan ordusunun gücünü itirdiyini anlayan Paşinyan əhalini silahlanmağa çağırıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?