• 20 Sentyabr 2021

Vətən mənim içimdədir

10:22 16/04/20 | Digər

Qadın gülərsə...

Ötən ilin əvvəlindən təqdim etdiyimiz “Qadın gülərsə...” rubrikamızın oxucular tərəfindən maraqla qarşılanması bizlər üçün xoş haldır. Bir-birindən fərqli, əsasən adı, peşəsi, cəmiyyətdə tutduğu mövqeyinə görə insanların tanıdığı, bəzən də ideallaşdırdığı müsahiblərlə qurduğumuz söhbətdə oxucu onun görmədiyı tərəfləri ilə qarşılaşanda, bəlkə də təəccüblənir. Təəccüblənir ona görə ki, biz çox vaxt kimliyindən asılı olmayaraq, sadəcə seçilmişlər sırasında yer alanların bizlərdən biri olduğunu unuduruq. Təqribən iki ay əvvəl yaxından tanıdığım, eyni zamanda qəzetimizi daima izləyən bir oxucumuz rubrikamızla bağlı xoş sözlərini bildirəndən sonra dedi: “Olar ki, bir dəfə də sizi izləyənlərin istəyi ilə rubrikanıza qonaq seçəsiz”?

Təbii ki, razılaşdım. Çünki hər qəzet və yazar üçün oxucu arzusu, oxucu istəyi, oxucu təklifi qiymətlidi. Və vaxt itirmədən oxucumuzun görmək istədiyi müsahibin vədəsini alıb görüşünə getdim. Əslində müsahibə üçün nəzərdə tutduğum xanımların sırasında o da vardı. Elə isə o gün bu gün olsun deyib, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Estrada sənəti” kafedrasının müəllimi, respublikanın Əməkdar artisti Nüşabə Ələsgərlini oxucumuzun istəyi ilə “Qadın gülərsə”nin qonağı etdik.

TANIŞLIQ

Artıq yarım əsri adlamış mən ilin son ayının elə sona yaxın günlərinin birində Azərbaycanın ən şirin, duzlu-məzəli söhbətləri ilə məşhur olan Şəkidə ziyalı ailəsində anadan olmuşam. İkinci sinfi bitirdikdən sonra ailəmiz Sumqayıt şəhərinə köçdü. Burada orta məktəblə yanaşı, musiqi məktəbinin fortepiano bölməsində də oxudum. Səkkizinci sinifdən sonra Cövdət Hacıyev adına Sumqayıt Musiqi Texnikumuna daxil oldum. 1986-cı ildə texnikumu, 1991-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Xor dirijorluğu fakültəsini bitirmişəm. Hər iki təhsil ocağını fərqlənmə ilə başa vurmuşam. Konservatoriyanı bitirdikdən sonra Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında fəaliyyətə başlamışam. Bu ansamblın tərkibində dünyanın bir çox ölkələrində olmuşam. Səhnə fəaliyyətimlə yanaşı 2011-ci ildən indiyədək Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm.

AİLƏ

Üç bacı, iki qardaşdan ibarət ailədə boya-başa çatmışam. Atam Ələsgər Hümbətov həkim, anam Colmaz xanım rus dili müəlliməsi olub. Təlim və tərbiyəmizə qarşı çox ciddi və məsuliyyətli olan valideynlərimin əsli tanınmış köklərə bağlıdı. Atamın babası Şəki üsyanının iştirakçısı kimi güllələnib. Nəsildə sovet quruluşunu qəbul etməyənlərin bir hissəsi Qazaxıstana sürgün edilib. Anamın nəsli Şəkidə məşhur Zaman bəy Şıxəlibəyovun kökündən gəlir. Hər hər iki valideynim çox cəsarətli insanlar olub və nə yaxşı ki, onların bu xüsusiyyəti mənə də otürülüb.

SƏNƏT

Gözümü açandan özümü oxuyan görmüşəm. Mən oxuyacağam deyə, bir qərar verməyə ehtiyac qalmayıb, çünki mahnısız, nəğməsiz bir günüm olmayıb. İlk dəfə efirə dörd, ya da beşinci sinifdə ikən çıxmışam. Sumqayıtın Gənclik klubunun nəzdində “Göyərçin” ansamblında oxuyurdum. O zaman Azərbaycan televiziyasının pioner və məktəblilər üçün “Yelkən” adlı verilişi vardı. Həmin verilişdə iki mahnı ifa etdim – “Kəpənəyim” və “Gülbahar”. İkinci mahnı Sumqayıtın Sosialist Əməyi Qəhrəmanı Gülbahar xanımın (təəssüf ki, soyadını unutmuşam) şərəfinə bəstələnmişdi. Beləcə, artıq 10-11 yaşında mənim efirlə tanışlığımın bünövrəsi qoyuldu. Və ildən-ilə adladıqca, anladım ki, musiqi, mahnı, oxumaq mənim yol yoldaşıma çevrilir. Get-gedə onu da anladım ki, tutduğum sənət adlı bu yol heç də asan deyilmiş. Texnikum və konservatoriyada oxuduğum illərdə özfəaliyyətlərdə, festivallarda, müsabiqələrdə iştirak etməklə təcrübəm də artmağa başladı. Sənət, ümumiyyətlə yaradıcılıq elə bir sahədir ki, orda çalışmadan, zəhmət çəkmədən, tər tökmədən heç nə əldə etmək olmaz. Mən məktəb illərindən fəal və aktiv biri olmuşam. Məktəbdə əlaçı olmaqla bərabər, ictimai işlərdə hər zaman öndə olduğumdan, sovet dövrünün bir nömrəli istirahət ocağı olan “Artek” pioner düşərgəsinə göndərilmişəm. Zəhmətdən heç vaxt qorxmamışam, cəsarətim hər zaman mənə yardımçı olub. İnsanın ürəklə, həvəslə bağlandığı iş uğrunda çəkdiyi zəhmət heç vaxt bəhrəsiz qalmır. Bu gün dövlətimin layiq bildiyi Əməkdar artist kimi fəxri adın sahibi, xalqın sevgisini qazanan müğənni, zəngin repertuarı, illərlə topladığı təcrübəsini tələbələrinə öyrədən müəllim, layiqli övladları olan anayam. Bundan artıq nə istəyə bilərəm ki...

NÜŞABƏ

Ömür səhifələrimi vərəqləyəndə görürəm ki, Allah məni çox şanslı yaradıb. Bunu etiraf etməkdən çəkinmirəm. Tanrının bu mükafatını görüb uğurun ardınca getmişəm. Amma hər əziyyət çəkənin naxışı gətirməyə də bilər. Görünür Tanrının sevimli bəndəsiyəm ki, bu şansı mənə nəsib edib. Bununla belə, məndən hərəkət olub, Allahdan da bərəkət. Qazandıqlarımı çox böyük çətinliklər və əziyyət hesabına əldə etmişəm. Heç nəyi sinidə gətirib mənə verən olmayıb. Ən xırda görünən işin dalınca belə, özüm getmişəm və bəhrəsini də görmüşəm. Bundan gözəl heç nə ola bilməz. O çətinliklər olmasa idi, bu gün qazandıqlarımın, nail olduqlarımın dəyərini bilməzdim. Əziyyətlə qazanılan istənilən uğurun ləzzəti tamam başqadı. Sənətimdən həmişə razı olmuşam. Həyatda nail olduqlarıma görə yalnız sənətimə minnətdaram. Yorulmuşam deyib, sənətimə qarşı heç vaxt asi olmamışam. Amma etiraf edim ki, başdan sovdu gördüyüm işlərim də olub, yəni mahnını oxumaq xatirinə ifa etmişəm. Yaradıcılığımda elə mahnılar var ki, onları daha yaxşı təqdim edə bilərdim. O oxuduqlarıma indi qulaq asanda, özümdən acığım gəlir. Deyirəm ki, ay Nüşabə, axı sən bunu daha yaxşı oxuya bilərdin, niyə belə etmisən? Bunun da səbəbi işimin çoxluğu olub. Tamaşaçı sənətə qiymət verən bir kütlədi. Həmişə mahnılarımı, ifamı qiymətləndirən, özümü sevən ziyalı tamaşaçı arzusunda olmuşam. Heç vaxt ailə ilə sənət arasında seçim qarşısında qalmamışam, çünki buna şərait yaratmamışam. Artıq doqquz ildi ki, müəlliməm, tələbələrim var. Onlara baxanda yaxşı mənada tələbələrimə həsəd aparıram. Çünki mənim respublikanın gərgin vaxtlarına təsadüf edən çox narahat tələbəliyim keçdi. Ard-arda Sumqayıt hadisələri, meydan təlatümü, 20 Yanvar faciəsi... Bu, bizim dövrün tələbələrinin yaşadıqları və gördükləri oldu. Və indi övladım kimi baxdığım tələbələrimlə sanki özüm də gəncləşirəm. Bu günün əksər gənclərindən razıyam. Narahatçılığım sosial şəbəkələrin fövqündə uşaqların vaxtından əvvəl böyüməsidi. Təbii ki, burda böyüklərin nəzarəti mütləqdi. Texnologiyanın inkişafı ümumbəşəri bir prosesdi. Buna təsir etmək mənim, sənin, yüzlərin işi deyil. Bununla belə, gələcək nəsli qoruyub onların düzgün yönləndirilməsində məsuliyyət bizimdi. Həyatda ən həssas, zəif nöqtəm ailəm və doğmalarımdı. Məni ancaq burdan vurmaq olar. Ailə dəyərləri, övladlarım mənim üçün hər şeydi. Övladlarıımı rəhmətlik anam böyütsə də, özüm də onlara qarşı çox ciddi və mühafizəkaram. Mənim üçün ən vacib amil onların tərbiyəsi, təhsili olub və Allahıma şükürlər olsun ki, bunlara nail ola bilmişəm. Nə qədər gərgin iş rejimim olsa da, həm ailəmə, həm mətbəxə kifayət qədər vaxt ayıra bilmişəm. Qaşla göz arasında üç-dörd adda yemək bişirmək bacarığım da var və deyilənə görə əlimin duzu yaxşıdı. Məni tanıyanlar narahat və həssas olduğumu bilir. Son vaxtlar isə buna kövrəklik də qatılıb. İki ay ərzində anamı və bacımı itirdim. Doğmalarının xəstəliyini, onların nələr çəkdiyini, sonda səni tərk etmələrini görən insan kövrək olmaya bilərmi? Bu itkilər mənim güclü iradəmi sarsıtdı. Heç kimə belə faciə arzulamıram.

VƏTƏN

Sözlə ifadə edə bilmədiyim bir varlıqdı Vətən. Doğulduğum torpaq, doğmalarımın uyuduğu məkandı Vətən. Pafoslu səslənsə də, tam səmimiyyətimlə deyirəm ki, Vətən mənim içimdədi. Harda oluramsa, o mənimlədi.

QADIN GÜLƏRSƏ

Həm rubrikanıza dəvət etdiyiniz üçün, həm səmimi söhbət üçün yaratdığınız şəraitə görə təşəkkürümü bildirirəm. Bir qadın gülürsə, bu, xoşbəxtliyin nişanəsidi. Bir qadın gülürsə, deməli, müharibə yoxdu. Bir qadın gülürsə, deməli, içi rahatdı. Bir qadın gülürsə, deməli, ailəsi firavandı. Bir qadın gülürsə, deməli, yaşamaq gözəldi. Qoy belə gülüş dilindən, dinindən, irqindən asılı olmayaraq, bütün qadınların çöhrəsini bəzəsin.

SON SÖZ

Nüşabə xanımla görüşəndə, bəşəriyyətə meydan oxuyan təhlükənin bizi əsirə çevirəcəyindən bixəbər olsaq da, o söhbətimizə belə başladı: “Dünyada baş verən hadisələrə, qarşıdurmalara, Vətənimin parçası olan Qarabağa, sədası gələn epidemiyaya görə bir insan, bir qadın, bir ana kimi şox narahatam”. Çox keçmədi o səda bizlərə də çatdı. Amma bizi nə qələmdən, nə də oxucularımızdan ayırmağa gücü yetmədi.

Tamilla Teymurqızı

Qoz suyu 7 saata 1001 dərdi müalicə edir



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?