• 28 Sentyabr 2020
  • Dollar: 1.7 , Avro: 1.8568 , Rus rublu: 0.0264 Türk lirəsi: 0.2994

BMT-də COVID-19 pandemiyasına həsr olunmuş xüsusi sessiya davam edir - Azərbaycan XİN

20:08 04/08/20 | Siyasət

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə çağırılan BMT Baş Assambleyasının Koronavirus (COVID-19) pandemiyasına həsr olunmuş xüsusi sessiyasının işi ilə əlaqədar KİV-in sualını cavablandırıb.

Azadaz.com-un məlumatına görə, L.Abdullayeva bildirib ki, Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 10 iyul 2020-ci il tarixindən etibarən çağırılmış BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunmuş xüsusi sessiyası öz işini davam etdirir:

"10 iyul tarixində rəsmi olaraq açıq elan edilmiş xüsusi sessiya BMT Baş Assambleyasının digər bütün sessiyaları kimi 2 seqmentdən ibarət formatda keçirilir. Prosedur xarakterli qərarların qəbul edildiyi seqment artıq 21 iyul tarixində başa çatmışdır. Bu seqment çərçivəsində Baş Assambleyanın aşağıdakı 6 qərarı sükut proseduru vasitəsilə qəbul edilmiş və BMT Baş Assambleyasının rəsmi sənədləri olaraq dərc edilmişdir:

- BMT Baş Assambleyasının 74-cü sessiyasının sədri olan Ticani Məhəmməd-Bandenin xüsusi sessiyanın sədri seçilməsi barədə qərar;

- Xüsusi sessiyanın sədr müavinlərinin seçilməsi barədə qərar;

- Xüsusi sessiyanın Əsas Komitələrinin sədrlərinin seçilməsi barədə qərar;

- Xüsusi sessiyanın gündəliyinin qəbul edilməsi barədə qərar;

- Xüsusi sessiyasının Səlahiyyət Komitəsinin tərkibinin təsdiq edilməsinə dair qərar;

- BMT Nizamnaməsinin 19-cu maddəsinə uyğun olaraq, BMT-yə üzvlük haqlarını ödəməyən və beləliklə də səsvermə hüququndan məhrum edilmiş dövlətlərin siyahısının nəzərə alınmasına dair qərar.

Qeyd edək ki, pandemiyanın davam etməsi ilə əlaqədar BMT Baş Assambleyası çərçivəsində qərarlar səsvermə ilə yox, sükut proseduru vasitəsilə qəbul edilir. Müvafiq prosedura uyğun olaraq qərar layihələri 72 saat müddətinə bütün BMT üzv dövlətləri arasında yayılır və bu müddət sonuna qədər etiraz edən dövlət olmadığı təqdirdə qəbul edilir.

Koronavirus pandemiyası səbəbindən BMT-nin mənzil qərargahında tətbiq olunan məhdudiyyətlərlə əlaqədar, hazırda BMT Baş Assambleyasının rəsmi iclaslarının paytaxtlardan gələn nümayəndə heyətlərinin fiziki iştirakı ilə keçirilməsi mümkün deyil. Bununla əlaqədar, Baş Assambleyanın sentyabr ayında keçiriləcək müntəzəm sessiyası tarixdə ilk dəfə hibrid formada, yəni dövlətlərin seçimindən asılı olaraq ya nümayəndə heyətləri rəhbərlərinin əvvəlcədən yazılmış video-müraciətləri vasitəsilə, ya da həmin dövlətlərin BMT yanında Daimi Nümayəndəliklərinin Assambleya zalında fiziki iştirakı ilə baş tutacaq.

Hazırkı pandemiya vəziyyəti ilə əlaqədar 10 iyul tarixindən etibarən başlayan Baş Assambleyanın xüsusi sessiyasının müxtəlif seqmentli müzakirələrinin də əvvəlki xüsusi sessiyalardan fərqli formatda keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, hazırda BMT üzv dövlətləri sessiyanın dövlət və hökumət başçıları səviyyəsində, video-konfrans formatında keçirilməsi ilə bağlı modallıqları müzakirə edirlər. Müvafiq razılıq əldə edildikdən sonra ümumi müzakirələrin konkret tarixləri müəyyən ediləcəkdir".

Hərbi vəzifəlilər zənglər və SMS-lər aldıqda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələrinə gəlməlidirlər



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?