• 28 Sentyabr 2020
  • Dollar: 1.7 , Avro: 1.8568 , Rus rublu: 0.0264 Türk lirəsi: 0.2994

Yardımlıda tütünçülük inkişaf edir

12:16 06/08/20 | İqtisadiyyat

Cənubdan xoş soraqlar

Ucqar dağ rayonu Yardımlıda ənənəvi kənd təsərrüfatı sahəsi olan tütünçülüyün inkişafı əhalinin sosial rifahına müsbət təsir göstərir. Burada tütünçülükdə əldə edilən xalis gəlir bir sıra digər sahələrə nisbətən yüksəkdir. Məhz buna görə rayonda bu gəlirli, həm də sərfəli sahəyə maraq böyükdür. Ötən il tədarük məntəqələrinə 43 tondan çox keyfiyyətli məhsul təhvil verən yardımlılar çəkdikləri zəhmətin bəhrəsini yaxşı görüblər. Bundan ruhlanan əmək adamları cari ildə 31,5 hektar sahədə daha bol tütün yetişdirib. Plantasiyaların əsasını isə bu yerlərin şəraitinə uyğun yaxşı inkişaf edən “Vircinya” növlü tütün təşkil edir.

Artıq bir-neçə gündür rayonda tütün plantasiyalarında yarpaq yığımına başlanılıb. Torpağın sinəsində cərgələnən kolların üstündə kifayət qədər yarpaq vardır. Yəni becərmə zamanı çəkilən gərgin zəhmət hədər getməyib. İndi tütünçülər havaların əlverişli keçən hər günündən səmərəli istifadə etməklə yetişən məhsulu vaxtında, itkisiz toplamağa çalışırlar. Hazıra qədər 14 ton yaş yarpaq yığılıb. Onun 2 tonu quru şəkildə tədarük məntəqələrinə təhvil verilib. Məhsulun keyfiyyəti, eləcə də qiyməti hər iki tərəfi razı salır. İlin sonuna kimi tütün sahələrdən 50 ton məhsulun yığılması gözlənilir.

Məhsul bol gəlib

Masallıda torpaq adamların tərəvəzçiliyə marağı hər il öz gözəl bəhrəsini verir. Bu sahədən əldə olunan gəlir hesabına insanlar özlərinə firavan gün-güzəran qururlar. Burada yetişən pomidor, xiyar daha keyfiyyətli olur, yaxşı qiymətə gedir. Odur ki, Masallı zəhmətkeşləri xeyirli və iqtisadi cəhətdən faydalı olan bu tərəvəz məhsullarını öz təsərrüfatlarında daha çox istehsal edirlər.

Yeni mövsümdə rayonda 542 hektar sahədə pomidor, 315 hektar sahədə isə xiyar yetişdirilib. Tərəvəzçilər ilk gündən becərmə işlərini düzgün yerinə yetirdiyinə görə məhsul bol gəlib. Böyük zəhmət bahasına hasil olunan məhsulun itkisiz yığılması üçün sahələrdə qızğın iş gedir. İndiyə kimi 10520,3 ton pomidor, 9170 tondan çox isə xiyar tədarük olunub. Hazır məhsul əsasən ölkənin daxili bazarlarında - Bakı, Sumqayıt və qonşu rayonlarda satılır. Və alğı-satqıdan hər iki tərəf razı qalır.

Tərəvəz sahələrinin barı-bərəkəti tükənə bilmir. Kolların üstündə hər gün yeni pomidor, xiyarların sayı artır. Təcrübəli tərəvəzçilər deyirlər ki, bundan sonra da sahələrdən xeyli ekoloji cəhətdən təmiz məhsulu götürüləcək. Əkində olduğu kimi, yenə də Qızılağac, Səmidxan, Mahmudavar, Şərəfə, , Çaxırlı, Göyə-çöl, Xıl, Xırmandalı, Təklə, Türkoba kəndinin tərəvəz becərənləri səhərin gözünü iş başında açır, məhsulun son kiloqramını yığmağa çalışırlar.

Zəfər ORUCOĞLU

Hərbi vəzifəlilər zənglər və SMS-lər aldıqda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələrinə gəlməlidirlər



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?