• 28 Sentyabr 2020
  • Dollar: 1.7 , Avro: 1.8568 , Rus rublu: 0.0264 Türk lirəsi: 0.2994

Mənəvi saflıq insanı həmişə ucaldar

12:30 06/08/20 | Sosial

Müqəddəs milli adət-ənənələrimiz ümumən milli mentalitetimizin məhək daşıdır

Cəmiyyət inkişaf etdikcə adət və ənənələr də ayrı-ayrı quruluşların ictimai-siyasi xüsusiyyətlərinə bu və ya digər formada inteqrasiya edir. Buna görə də hər bir ictimai-siyasi quruluş həm bütövlükdə adət və ənənələrə, həm də onun mənəvi-bədii dəyərlərinə öz möhürünü vurur. Cəmiyyət dəyişdikcə adət və ənənələr də təkmilləşmiş, millətin, xalqın yaradıcılıq nümunələrini yaşatmış, nəsildən-nəslə ötürülmüşdür. Yeni yaranan hər bir mənəvi dəyər isə tarixi ənənələrimizin varisi kimi təşəkkül tapmışdır. Bu səbəbdən də mənəvi dəyərlərimizlə yanaşı milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi üçün də aparılan işlər daimi xarakter daşıyır.

Yazıçı-publisist Oqtay Əliyev hesab edir ki, hər bir ziyalı əsrlər boyu cilalanmış, zamanın keşməkeşli sınaqlarından çıxmış, ələnmiş, saflaşmış, bu günümüzün həyati tələbatı olan, xalqımızın özünəməxsus milli mentaliteti meyarlarına çevrilən mənəvi dəyərlər yüksək əxlaqi xüsusiyyətlərin təcəssümüdür və duz-çörək qədər hamımıza əzizdir: «Keçid dövründə milli-mənəvi areantasiyalarda yaranan boşluqlardan istifadə edən ünsürlər yanlış ideologiyaları, qondarma və qurama adətləri, hətta başqa xalqların xarakterik xüsusiyyətlərindən doğan adətləri min illərlə tariximizin keçmə-keçmələrində deformasiyaya uğramadan, bu günümüzü gözəlləşdirən həmişə fəxr duyduğumuz müqəddəs milli-mənəvi dəyərlərimizlə yanaşı, yabançı adət-ənənələri də təbliğ etməyə çalışırlar və çox təəssüf ki, getdikcə bu, geniş vüsət almaqdadır. Əxlaqi dəyərlərimizin toxunulmazlığı, həmişə qorumalı olduğumuz elə bir müqəddəs meyarlardır ki, gərək bugünkü sosial-iqtisadi nailiyyətlərimizdən məqsədyönlü istifadə edərək dünyaya inteqrasiya etdikcə, qədim mədəniyyətimizin qaynaqlarını, gözəlliklərini bir örnək kimi, başqa xalqlara da sevdirək. Müdrik ağsaqallarımız, söz sahibi olan ziyalılarımız, xüsusilə geniş təbliğat-təşviqat imkanları olan radio-televiziya, dövri mətbuat, digər kütləvi informasiya vasitələri mənəvi dəyərlərimizin təbliği və gənc nəslə ətraflı izah edilməsi işlərinin fövqündə olmalıdırlar.
Vətən, ata-ana, el-oba, yurd yeri, doğma ocaq sevgisi, namus-qeyrət təəssübü çəkmək, vətənpərvərlik, halal-haram, böyük-kiçik, ədəb-ərkan, etik dəyərlər, unudulmaz inam və inanclarımız, nəhayət, müqəddəs milli adət-ənənələrimiz ümumən milli mentalitetimizin məhək daşıdır. Çox təəssüflər olsun ki, milli mənafe, milli mənlik ideyası, xalqımızın mənəvi əxlaqının, xüsusilə vətənpərvərlik kimi yüksək əxlaqi dəyərlərin aşınması baş vermiş və zaman-zaman diqqətdən kənarda qalmışdır. Keçmişimiz, həm də tariximizin ibrət dərsləridir. Bu baxımdan, bariz keçmişimiz eyni zamanda sabahımızın müəllimidir».

O.Əliyev edib ki, əsrlər boyu xalqımızın böyük mənlik şüuru, əxlaqi dəyərlərə sədaqəti sayəsində, bütün təsirlərə baxmayaraq, öz dilini, dinini, milli adət-ənənələrini qoruyub saxlaya bilmiş, onu xüsusilə sovetlər dövrünün ideoloji taranlarından aşınmağa imkan verməmişdir: «Ərənlərimiz demişlər ki, nə qədər çətin olsa da, dağılmış iqtisadiyyatı, fabrik və zavodları yenidən bərpa etmək olar, məişətimizi daha da gözəlləşdirmək üçün yaraşıqlı evlər tikmək, bağ-bağat salmaq, parklar düzənləmək, müasir texnoloji yenilikləri tətbiq etməklə, keyfiyyətli məhsullar istehsal etmək mümkündür. Lakin bununla yanaşı, qeyd etmək lazımdır ki, aşınmaya məruz qalmış, çirkaba batmış mənəvi əxlaqı yenidən saflaşdımaq, xalqımızın tarixi milli-mənəvi dəyərlərinə rəğmən cilalamaq olduqca çətin məsələdir. Əsrlər boyu formalaşmış və sələflərimizdən bizə ərməğan olan mənəvi dəyərlərin aşınmasına yol versək, çox təəssüflə qeyd etmək lazımdır ki, bu mənəvi-əxlaqi təməllər üzərində qurulmuş dəyərlərimizi nəsillərin qan yaddaşına köçürmək mümkün olmayacaqdır. Çünki saf əxlaqa, əsl məhəbbətin sahibi olan insanlara daha səlis düşünməyə imkan verməyən pul hərisliyi, var-dövlət yığmaq ehtirası müasir nəsillərin mənəviyyatını korlayır, adamları insanlıqdan çıxarır, dəyərlərimizi isə uçuruma yuvarlandırır. Müasir bazar iqtisadiyyatı dövrü insanlarda, ailələrdə daha bariz şəkildə görünən ehtiyac, xüsusilə qarşılıqlı şəkildə əzizlərindən, insanlardan umduğun maddi-mənəvi dəstəklərə borcu olan şəxslərdən gözlədiyini görmədikdə, cəmiyyətimizdə əxlaqi məsələlərə kəskin zərbə vurulur. Sözün həqiqi mənasında, müasir reallıqların bəzi məqamlarını diqqətə gətirəndə, əxlaqsızlığı təlqin edir, xüsusilə, mənəviyyatı hələ formalaşmamış gəncliyin durumunu zəiflədir, tariximizin, ailələrin milli-mənəvi dəyərlərinə xələl gətirir.

Düşünürsən ki, bu cür taranlardan qoruna biləcək əxlaqi dəyərlərimizi hifz edib saxlamağı və gələcək nəsillərə ötürülməli olan milli dəyərlərimizi yaşada biləcəyikmi? Bax bu məqamda ziyalılar yada düşür. Ziyalılar - müqəddəslik, haqq-ədalət, müdriklik, Vətənə və xalqa sonsuz məhəbbət mücəssəməsi olsalar, əsl şəxsiyyət kimi tarixdə yaşayarlar. Çünki milli-mənəvi əxlaqi dəyərlərini itirən xalq həmişə məğlub olar. İnsanları haqq yolundan sapındıranlara aman vermək olmaz».

Tədqiqatçının fikrincə, zəfər də, məğlubiyyət də əql və düşüncənin gücündədir: «Dünya malından yüksək olan ad-sana nail olmaq isə daha şərəflidir. Əsl ziyalılar xalqımızın mənəvi sərvətidir. Mənəvi saflıq insanı həmişə ucaldar. Müdriklərimiz demişlər ki, insanın ən böyük müəllimi təbiətdir. Arzu və istək bizim içimizdə yaranır. Hər kəs özündən hesab istəməlidir. Biz əsrləri düz yolla getmişikmi? İndi hara və necə gedirik?»

O.Əliyev vurğulayıb ki, insanı mükəmməlliyə aparan dəyərlər çoxdur, şəxsiyyəti nurlandıran isə onun gözəl qəlbidir: «Haqq-ədalət, ədəb, yaranmışlara məhəbbət, sevgi, mərhəmət, dostluq, həqiqət, səxavət, mərifət, bacarıq, istedad və zəhmət... İnsan mükəmməlliyinin məhək daşıdır. Tarixən hətta ailələrdə, tayfalarda, kənd və obalarda, azsaylı xalqların yaşayış yerlərində özünəməxsus adət-ənənələrin həyata keçirilməsinə qoyulan qadağalar, təqiblər, cəzalar da xalqın öz soykökünə inamını sarsıda bilməmişdir. Azərbaycan oğullarının əsasən hərbi-tikinti hissələrinə xidmətə göndərilməsinə, sərhəd qoşunlarında, xüsusi müdafiə dəstələrində müsəlman respublikalarının övladlarının xidmətə buraxılmaması təkcə hər hansı bir etibarsızlığa, ideoloji dəyanətliyin olmamasında, rus dilini yaxşı bilməməsində deyil, əsasən gələcəyə hesablanmış tədbirlərdən olmuşdur. Lakin xalqımızın tarixi qan yaddaşı baş verən hadisələr fövqündə onu dirçəltdi. Xalqımızın düşüncə tərzi, vətənpərvərlik hissinin gücü gerçəkliyi, müasir həyat həqiqətlərini obyektiv şərh edərək özünütərbiyəni xarakterik olaraq əxz edir. Gənclərimizi düzgün istiqamətlərə yönəltmək, mənəvi tərbiyə aşılamaq, ailələrin, təhsil müəssisələrinin, söz sahibi olan insanların, ağsaqqalların, xüsusilə ziyalıların imkanlarını, təsir gücünü artırmağa zəmin yaradır. Bu baxımdan kütləvi informasiya vasitələrinin, televiziya-radionun təsir dairəsi və tərbiyəvi rolu böyükdür».

Tədqiqatçı bildirib ki, xalqımızın müqəddəs nemətləri kimi əziz tutduğu mənəvi-əxlaqi dəyərlər hər məqamda göz bəbəyi kimi qorunmalıdır: «Vətənpərvərlik - vətənini və xalqını sevənlərin hiss və duyğularını özündə təcəssüm etdirən böyük dəyərdir. Vətən torpağına sevgi əkən, ocağının qorunu gözü üstündə saxlayan hər kəs şərəflənər. Ata-anaya olan sevgi Vətənə olan sevgini formalaşdırır. Xalqımızın bariz qəhrəmanlıq tarixi, comərd nəsilləri var. Zaman-zaman Vətən təhlükədə olanda qəhrəman oğullar silaha sarılıb el-obanı, müqəddəs torpaqlarımızı qorumaq uğrunda canlarını belə fəda etmişlər.

Vətənpərvərlik xalqımızın qan yaddaşıdır. Birinci Qarabağ döyüşlərində minlərlə qeyrətli oğullar-qızlar mübarizəyə qalxmışlar, 214 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşlər. Minlərlə cəsur döyüşçü müxtəlif dövlət mükafatları ilə təltif olunmuşlar. Qəhrəman övladlarımızın şəxsi şücaətləri bugünkü gənclər üçün bariz nümunədir. Təlim-tərbiyə müəssisələri, kollektivlər, gənclər təşkilatları müasir gəncliyin vətənpərvərlik tərbiyəsinə geniş diqqət yetirməklə yanaşı, onların fərdi nümunəsini göstərməlidirlər. Sahib olmaq sevgi ilə qayələnmir, bütövlüyü şərtləndirir. Bütövlük isə Vətən bütövlüyü, şəxsiyyət bütövlüyü ilə eyniləşəndə Vətən sənə oğul deyər! Qayasız, mamırsız. Oddan qorxsan da, işığa yönəl. Çünki işıqda yaradanın nur payı var. Vətənpərvərlik xalqımızın qan yaddaşı ilə zənginləşəndə daha möhtəşəm olur».

Bilman ALLAHVERDİYEV

Hərbi vəzifəlilər zənglər və SMS-lər aldıqda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələrinə gəlməlidirlər



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?