• 25 Sentyabr 2020
  • Dollar: 1.7 , Avro: 1.8692 , Rus rublu: 0.0266 Türk lirəsi: 0.2984

Nəsillər dəyişib, amma cəmiyyətin Qarabağ haqda rəyi dəyişməyib

13:10 06/08/20 | Siyasət

Fərəc Quliyev: “Tovuz olaylarında olduğu kimi, milli həyəcan qorunub saxlanmalı
və zaman itirmədən faydalı işə çevrilməlidir”

Son Tovuz olayları bir daha göstərdi ki, bütün cəmiyyət  Qarabağ məsələsində barışmaz mövqedədir və hər hansı bir super güc, beynəlxalq qurum, hərbi blok onu təslimçiliklə, torpaq itkisi ilə razılaşmağa məcbur edə bilməz. Azərbaycanda nəsillər dəyişib, amma cəmiyyətin Qarabağ haqda rəyi dəyişməyib. Prezident İlham Əliyevin qətiyyətli, qərarlı, milli mənafelər naminə savaşçı davranışı, heç vaxt olmadığı qədər hamını ordu-millət halına gətirib. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bu fikirləri «Azad Azərbaycan» qəzetinə bildirdi. O əlavə etdi ki, millət–ordu halına çatdığımıza hakimiyyət Tovuz olaylarında tam əmin oldu. Bu mühüm test idi: « Tovuz olaylarında Azərbaycan cəmiyyəti bir çox sualların cavabını aldı. Hakimiyyətin diplomatik sahədəki işlərinin sonuclarını, dünyadakı reaksiyaları, ordusunun gücünü, diasporasının fəaliyyəti, ölkədəki siyasi qüvvələrin dərhal və qeyd şərtsiz bir yerdə olmasını, tək-tük sapı özümüzdən olan baltaları da».

Partiya sədrinin fikrinə görə, artıq torpaqlarımızın işğalına son verəcək, milli varlıq və inkişafımızın yeni mərhələsinin başlanğıcı olacaq müqəddəs müharibə üçün bütün şərtlər qənaətbəxşdir: «Bu gün mövcud olan daxili, istərsə də xarici, hərbi-siyasi və iqtisadi vəziyyət, hərbi potensial və müttəfiqlər balansı, Qarabağla bağlı beynəlxalq aləmdə formalaşmış fikir, rəy bizim xeyrimizədir. Belə olan təqdirdə, bir dövlət olaraq fürsəti əldən verməyərək torpaqlarımızın işğaldan azad olunmasında qətiyyətli addımlar atmalıyıq».

F.Quliyev qeyd etdi ki, çox məsuliyyətli, həssas dövrə qədəm qoyulub: «Müttəfiqlərimiz də, bitərəf olanlar da və düşmənlərimiz də gerçək əhvalımızı hiss etməlidir. Həm ehtiyatlı (yersiz risklərsiz), həm də çox qətiyyətli (qorxmağa bəhanə axtarmadan) mövqe sərgilənməsi vacibdir. Söhbət cəmiyyətin bütün kəsimlərinin münasibətindən gedir. Həm də bu münasibətlər çox ahəngdar və biri-birini tamamlayan olmalıdır. Bəzən özümüzü aldatmaqla guya qarşımızdakı dövlət və ya beynəlxalq qurumları rahatladırıq. Bu görüntünü yaratmaq heç nəyə yaramaz. Qarabağ çözümündə super aktorlardan Rusiya və Türkiyə indi daha açıq münasibətlər sərgiləmək mərhələsindədir. Tərəzinin hansı gözünün ağır olması Azərbaycanın hansı mövqedə və əhvalda olacağından daha çox asılıdır. Azərbaycan cəmiyyətinin ortaq fikir məcmusu budur ki, məhz indi Moskvanın necə davranması ədalətli status-kvonun bərpasından sonrakı dönəm üçün yeni Moskva–Bakı münasibətlərinin təməlidir. Bu baxış ictimai rəy məhsulu kimi Rusiya cəmiyyətinə, hakimiyyətinə təqdim olunmalıdır».

F.Quliyev Ermənistan-Azərbaycan münaqişəsindən danışaraq deyib ki, Rusiya amilindən yan keçmək və onun bu müharibədəki təsir və imkanlarından danışmaq ehtiyatsızlıq sayılır: «Bu susqunluqla guya hakimiyyətin işinə dəstək verilir. Əslində bəzi məmurlar, deputatlar sadəcə özlərinin şəxsi və qrup maraqları baxımından bu məsələdən yan keçirlər. Prezident məcbur olub Milli Məclisin ilk iclasında cəsarətli olmağa, hər hadisəyə adekvat cavab verməyə çağırsa da kiçik istisnalarla danışmalı olanlar “orta-ağır vəziyyətdə reanimasiyadadırlar”. Vəzifə kreslosu adlı süni tənəffüs aparatına bağlanıblar. Danışa bilmirlər. Nəsimi demişkən “bir barmağın kəssən dönüb haqdan qaçanlar” barmağını uzadıb həqiqəti  göstərmək istəmədikcə Prezident bütün ağırlıqları üzərinə götürmək məcburiyyətində qalır».

Partiya sədrinin bu məsələlərdə təklifləri də maraq doğurur: «Rusiyaya məsləhət vermək, Ermənistanın onları satacağını təkrarlamaq kimi bəsit yanaşma və Rusiyanın bu fikirlərdən qənaət hasil edəcəyini düşünmək əlbəttə ki, sadəlövhlükdür. İndi Rusiyanın siyasətinə yön vermək təklifləri də dəbdədir. Paşinyanın Qərbə meyilli olması və s. kimi Rusiyanın yerinə narahatlıqlar da aşırı bəsitdir. Heç bu amilin üzərində bizim özümüzün də nəinki “A”, heç “B” və ya 5-ci ehtiyat variant qurmağımız belə doğru deyil. Paşinyanı istənilən an Ter-Petrosyanın taleyi gözləyə bilər. Ona görə Azərbaycan Prezidentinin “bizi yarımçıq həll variantı qane etmir “deməsi çox doğru yanaşmadır. Biz Rusiyaya iki müstəvidə aydın və təsirli olmalıyıq. Biz indiki status–kvonu ədalətli status-kvoya dəyişdikdən sonra  Rusiyaya nə qədər faydalı olacağıq; Həmçinin bu status–kvonu dəyişməyə nə qədər istəkliyik.

Birinci məsələyə münasibət - bu müstəvidə də əvvəllər nə olub, ikinci dünya savaşında nə qədər neft verdik və nə qədər insanımız həlak olub kimi əslində unudulması mümkün olmayan məsələlərin də Rusiya üçün heç bir önəmi yoxdur. Gözlənti tərəflərin maraqlarını özündə ehtiva edən rasionallıqdır. Ona görə də iradlarımızda da, təkliflərimizdə də açıq, birbaşa olmalı, tərəfə anlatmalıyıq ki, Rusiya siyasətçilərinə və siyasətinə olan münasibət rus xalqına olan münasibət kimi qəbul olunmamalıdır. Həm də dönəm hakimiyyətinin münasibətini bütün dövrlərdə hakimiyyətlərə aid etmək də olmaz. Biz Azərbaycana yaxşı münasibət göstərən istənilən dövrdəki Rusiya hakimiyyəti ilə, Xocalı soyqırımında iştiraka razılıq vermiş hakimiyyəti eyni tutmuruq və hakimiyyətdə olanlar da bunu bilməlidir. Tərəfimizdən yaxşını yaxşı, pisi də yaxşı kimi sərgiləmək bizə yaxşı münasibətdə olanların sayını azaldar. Özümüzə hörmət etmədiyimiz mənasın daşıyar və haqlı olaraq da bizə hörmət etməzlər. 

İkinci məsələyə münasibət - biz indiki status–kvonu dəyişməyə nə qədər istəkliyik. Qısaca, bizim müqəddəs savaş zamanı necə davranacağımızın anonsu Ermənistanın özünün də, müttəfiqlərinin də hansı davranış variantı seçimi üçün əsas olacaqdır. Dünya bilməlidir ki, biz bütün şərtlər daxilində ərazi bütövlüyümüzü təmin edəcəyik. Biz həm də millət olaraq kütləvi qəhrəmanlıq göstərəcəyimizə hər kəsi inandırmalıyıq. Prestij üçün yox, gerçəkdən, Tovuz olaylarında olduğumuz kimi. Bu milli həyəcan qorunub saxlanmalı və zamanı itirmədən faydalı işə çevrilməlidir».

Bilman İSAQ

Əlyazmalar Fondunda əlyazma və çap kitablarının qeydiyyatına dair elmi-praktik seminar keçirilib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?