• 28 Sentyabr 2020
  • Dollar: 1.7 , Avro: 1.8568 , Rus rublu: 0.0264 Türk lirəsi: 0.2994

Normal dişlər körpələrdə altıncı aydan çıxmağa başlayır

14:09 06/08/20 | Sosial

Pediatr: «Hamiləliyin birinci trimestrində ananın sağlamlığı uşaqlarda
dişlərin gələcək inkişafı üçün çox vacibdir»

Dişlərin mayası bətndaxili inkişafın 5-6-cı həftələrində qoyulmağa başlayır və bu zaman bircinsli epidermal səhifə və ya diş lövhəsi səklində olur. Hamiləliyin birinci trimestrində ananın sağlamlığı uşaqlarda dişlərin gələcək inkişafı üçün çox vacibdir. Həmin aylarda baş verən ürəkbulanma və qusma nəticəsində yaranan mineral itkisi mübadilənin pozulmasına, dölün formalaşmaqda olan dişlərində bir sıra problemlərin yaranmasına səbəb olur. Artıq bətndaxilin inkişafın səkkizinci həftəsində diş lövhəsinin yerində diş tumurcuğu əmələ gəlir. Bu, diş torbaçığı, diş məməciyi və emaldan ibarət olan gələcək süd dişləridir. Formalaşma onuncu həftədə tamamlanmalıdır. Həmin dövrdə yaranan hər hansı zədələnmə gələcəkdə dişlərdə yaranan problemlərlə özünü büruzə verir. Beşinci aydan körpə doğulana qədər süd dişlərin minerallaşması baş verir və beş yaşında çıxan daimi dişlərin bünövrəsi qoyulur.

Həkim-pediatr, tibb üzrə fəlsəfə doktoru, dosent Sevinc Nəsirovanın dediyinə görə, uşaq yaşlarında karies yaranmasının səbəbləri arasında ananın hamiləlik zamanı keçirdiyi aktiv karies, qeyri-düzgün qidalanma və yaxud keçirdiyi hər hansı xəstəliklər əsas yer tutur: “Körpələrdə altıncı aydan səkkizinci aya qədər dişlər çıxmağa başlayır. Bir sıra endokrin pozulmalar zamanı dişlərin çox erkən çıxması müşahidə olunduğu halda, bəzi infeksion xəstəliklər, maddələr mübadiləsinin pozulması və raxit kimi xəstəliklərdə proses gecikir. Dişlər çıxmamışdan bir ay əvvəl körpədə ümumi narahatlıq, damaqda qaşınma, ağız suyu ifrazının artması kimi hallar müşahidə edilir, yuxu pozulur, iştaha zəifləyir. Bəzi körpələrdə dişçıxartma zamanı hətta bədən hərarətinin artması, nəcisin xarakterinin dəyişməsi müşahidə edilir.

Diş çıxarkən diş ətinin yuxarı hissəsində əvvəlcə qızartı və şişkinlik müşahidə edilir, bir müddət sonra ağ nöqtə şəklində diş minası görünür. Həmin vaxt hipersalivasiya nəticəsində ağız suyunun təsiri ilə uşağın çənə və boyun nayihəsində qıcıqlanma və səpgi yaranır. Bunun qarşısını almaq üçün dodaqətrafı, çənə və boyun nahiyəsinə uşaq üçün nəzərdə tutulan krem və ya təbii yağlar çəkilməli, sinəsinə suçəkən pambıq materialdan hazırlanmış yaxalıq asılmalıdır”.

Həkim-pediatr onu da qeyd edib ki, ishal və bunun nəticəsində anusun ətrafında baş verən qıcıqlanma da dişçıxarma simptomlarından biri sayılır: “Həmin vaxt nəcisin turş xarakterli olması anus ətrafında qıcıqlanmaya səbəb olur. İshalın qarşısını almaq üçün bezi dəyişdirilərkən uşaq hər dəfə su ilə yuyulmalı, yaxşı qurulanmalı, anusun ətrafına sink tərkibli mazlar və ya çaytikanı yağı çəkilməlidir. Dişçıxarma zamanı bəzi uşaqlarda hərarətin yüksəlməsi müşahidə olunur, hətta hərarət 38 dərəcə C-yə çatır. Bəzən yanaşı gedən hər hansı infeksion proses də qızdırmaya səbəb olduğuna görə bu zaman həkim-pediatrla məsləhətləşmək lazımdır.

Dişlər çıxan zaman ağrı və damaqdakı qaşınmanı azaltmaq üçün uşaqlara rezin halqa və oyuncaqlar verilməlidir. Oyuncaqların hazırlandığı materialın təhlükəsizliyinə diqqət yetirmək lazımdır. Təhlükəsiz materialdan hazırlanmış halqa və oyuncaqları soyuducunun aşağı gözündə 2-3 saat saxlamaq lazımdır, çünki soyuq əşya damaqdakı ağrı və qaşınmanı müəyyən qədər azaltmaq xüsusiyyətinə malikdir. Həmin məqsədlə təmiz tənzif parça, yumşaq diş fırçası, uşaqlar üçün nəzərə tutulmuş ağrıkəsici və keyləşdirici təsirə malik gellərdən də istifadə etmək olar”.

Hərbi vəzifəlilər zənglər və SMS-lər aldıqda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələrinə gəlməlidirlər



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?