• 28 Sentyabr 2020
  • Dollar: 1.7 , Avro: 1.8568 , Rus rublu: 0.0264 Türk lirəsi: 0.2994

Hamam əhvalatı

14:30 06/08/20 | Digər

Səyavuş SÜLEYMANLI

 

(Hekayə)

Bizim arvad Fatmanisə neçə gündü mənə eşitdirirdi ki, bəs, qonşu arvadlar Hacı Qənbərin arvadı Hacıxanım Nisənin rəhbərliyi ilə Bakıya müqəddəslərin ziyarətinə gedəcəklər. Onun da vədəsini alıblar. Yəqin ki, bu gün-sabah yola düşəcəklər. Bu gün-sabah deyəndə ki, Hacıxanım harayasa qonaq getmişdi, arvadlar da dəymişdilər bir-birinə; yəqin ki, gələn kimi ziyarətə gedəcəkdilər; maşın da danışmışdılar. Bizim arvad da Hacıxanımın yolunu səbirsizliklə gözləyirdi. Fikirləşdim ki, arvaddır da: həm ziyarət edər, həm də çöl-bayır görər, bir az da ürəyi açılar. Odur ki, getməyinə razılıq verdim.

May ayının ortaları idi. Arvadım hamam boxçamı qoltuğuma verib dedi:

- Ay kişi, hamam salmışam, indi yəqin ki, isti olub. Gir, təmizliyini gör. Mən də sənə çay hazırlayım.

Belə arvada nə deyəsən?! Qızıldır, vallah, qiyməti yoxdur bizim bu Fatmanisənin.

Hazırlaşıb girdim həyətdəki hamama. Hamam da ki, maşallah, elə qızmışdı ki, bəlkə səhərə kimi də soyumazdı. “Bismillah” deyib başladım çimməyə.

Əvvəlcədən qoy sizə bir sirri açım: mən elə cavanlıqdan oxuyan olmuşam. Hamamda oxuyanda adamın səsi özünə xoş gəlir. Başladım yenə zümzüməyə. Bir-iki ağız Əliağa Vahiddən, bir-iki ağız da Maildən dedim. Yadıma məşhur lənkəranlı şair Usta Məhəmmədhəsən Nəccarın nəvəsi şair Ənvər Rəsul düşdü. Onun muğam haqqında yaxşı bir qəzəli vardı. Əzbərdən bilirdim. Bir ağız da ondan dedim:

Muğamı anlayan hər qəlbə həyat, candı muğam,
Ürəyə, ruha qida, xəstəyə dərmandı muğam.
Verir fikrin, xəyalın bir çoxu yad musiqiyə,
Nə duyur səndəki o hikməti, nadandı, muğam.
Cabbarın zənguləsi bülbülü şura gətirir,
Olmayır bircə aram, gör necə nalandı muğam.
Gör necə guşələri, həm də neçə qolları var,
Xalqımın şah əsəri hər biri dastandı muğam.
Ənvərəm, taru-kaman ilə muğam aşiqiyəm,
Mənə bir nazlı gözəl, sevgili canandı muğam.

Elə qəzəlin sonunu qurtarmaq üzrə idim ki, bizim arvad Fatmanisə hamamın dəmir qapısını azca aralayıb nə isə dedi. Bu o zaman idi ki, mən hamam təkqulplusunu qulağıma tutub zəngulə vururdum və öz səsimdən də məmnun olmuşdum. Ona görə də başımı yellədim. Bu o demək idi: «Arvad, dediyin yerə get; yəni, qonşulara, qiybət etməyə hara istəyirsən get». Yenə başımı yellədim, yəni: «Get, ay arvad, mane olma mənə».  Arvad da sevincək halda yenə nə isə dedi, eşitmədim, ancaq başımı razılıq əlaməti olaraq yenidən yellədim. Sonra hamamın dəmir qapısı örtüldü: çırıqq!!!

Mən hələ də oxuyurdum. O qədər dalay-dalay etdim ki, axırda yoruldum. “Nahaq yerə xanəndə olmamışam. Əgər ailə vəziyyətim yaxşı olsaydı, vaxtında oxusaydım, indi mən də görkəmli sənətkar idim. Çox heyf...”

Qayçını götürüb dırnaqlarımı tutdum. Sağ ayağımdakı baş barmağımın dırnağını mişarla da kəsmək olmazdı. Elə hamamdan-hamama hıqqana-hıqqana birtəhər tuturdum. Sonra paltar geyinən yerə keçib özümü məhrəba ilə quruladım. Tərimi soyutmaq üçün bir az yerimdə uzandım. Fikrimdən, xəyalımdan nələr keçmədi: Böyük bir konsert salonunda üçlüklə oxuyuram. Əlimdə də sədəfli dəf. Bəh-bəh-bəh! Necə zəngulələr vururam, ilahi! Sonra təzədən səhnəyə çağırırlar məni. “Çahargah” muğamını oxuyub qurtararkən tamaşaçılar atılırlar üstümə; məni qucaqlayıb gül-çiçək verən kim, toy-düyünlərinə dəvət edən kim...” Nahaq xanəndə olmadım, çox nahaq, heyf...” ürəyimdən keçirtdim.

Paltarımı geyindim. Əlimi atdım qapının dəstəyinə ki, qapını açam, qapı açılmadı. Bir neçə dəfə itələdim, gördüm ki, yox, balam, qapı açılmadı ki, açılmadı.

Bu, necə olan işdir? Yəni, Fatmanisə çöldən cəftərəni keçirib üstümə? Əyilib cəftərənin yerinə baxdım. Zənnimdə yanılmamışdım. Qapı bayırdan üstümə bağlanmışdı; özü də dəmir qapı ola. Aç görüm, necə açırsan...

***

Bizim hamam bağımızın lap ətəyində - qurtaracağında - günçıxan tərəfdədir. Onun iki ensiz pəncərəsinin ikisi də çöllüyə baxır. Yəni, burdan ancaq çöllüyü görürsən: üfüqlə birləşən çölü, bir də lap uzaqda görünən dənizi. Nə qədər qışqırıb haray salsan da faydası yoxdur, çünki səni heç kim eşitməyəcək. Hamamın dəmir qapısı isə evə tərəf baxır. O da ki, bağlı olanda, iraq olsun, özünü həbsxanada hiss edirsən. Bax, elə bu dəqiqə mən həbsxanada idim. Həbsxana necə olur ki? Dörd divar və kiçik gözlük. Dəhşət xof içərisində düşünürdüm ki, bu dəqiqə hava tükənəcək və mən boğulacağam.

“Yox, Sədi, səbirli ol, indi arvad gələr, qapını açıb çolə buraxar səni” - fikirləşirdim.

Susuzluğumu hiss edincə gedib su kranını açdım, bir az su içib toxtadım, özümə gəldim.

Yaxşı suvanmış, kafellənmiş hamamın bir sökük yeri də yox idi ki, dağıdıb azadlığa çıxım. Yadıma Qraf Monte Kristo düşdü. Elə bil mən də onun vəziyyətində idim.

***

Hava yavaş-yavaş qaralırdı. Odun da tükənmişdi.Odur ki, nəfəsliyi bağlamalı oldum. Ürəyimə min cür fikirlər gəlirdi. Allah eləməmiş, arvada bir şey olar ha... dünyadır da, bilmək olmaz, həm də bunun biabırçılığından da qurtarmaq olmaz. Şəkər xəstəliyi də onu əldən salıb. Biz nə hayda, bu xəstəlik də gəlib yazıq Fatmanisəni tapıb. O qədər harın adamlar var ki, şəkər xəstəliyi gedib onları tapmır! Yazıq Fatmanisədə nə can qalıb axı... Baxmayın ki, mən hamamda

oxuyuram, vallah-billah hirsimdən oxuyuram; dərdimdən oxuyuram... Sırağagün Kəblə Feyzinin oğluna gömrük idarəsində yaxşı vəzifə veriblər. Məktəbdə oxuyanda adını zorla yazarmış. Mənim oğlum isə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib, yazıq uşaq iş tapa bilmədiyindən Bakı şəhərində şadlıq sarayında toya gələnlərin stollarına qulluq eləyir, onların boşqablarındakı sür-sümüyü təmizləyir. Neyləsin axı?! Alah zəmanənin üzünü qara eləsin! O cür istedadlı uşaq öz yerini tapa bilmir. Ay qurban olum sizə, mən bu vaxta qədər bir adamın toyuğuna daş atmamışam, ev yıxan, mərdiməzar olmamışam. Yaxşı günlərim də çox olub. Ancaq indi oturmuşam yerə, qardaş. Yaman oturmuşam, heç deyiləsi deyil... Yaş da öz işini görür. Nə deyim vallah, pul görməyənlər indi pullu olub-biznesmen olub, nə bilim, daha nələr olub.

O gün pensiyam gec gəldiyi üçün məəttəl qalıb getdim Hacı Tapdığın dükanına. Sağlığına qismət olsun, gözəl marketi var, alveri dayanmaq bilmir. Girdim dükana, xoş-beşdən sonra dedim ki, bəs, məsələ belədir, ay Hacı, iki-üç günə pensiyamı alacağam. Zalım balası üzünü elə turşutdu ki, deməyimə də peşman oldum.

- Bilirsən, Sədi kişi, nisyəni yığışdırmışam. Sən Allah, incimə, get o biri dükanlarda alış-verişini elə.

Başıma elə bil bir qazan qaynar su tökdülər. Suyum süzülə-süzülə dükandan çıxdım. Ümidim kəsildi. Məsəl var, deyərlər: “Ac qılınca çapar”.

Sonra nə fikirləşdimsə, getdim çörəkçi Məsmənin oğlu Sarı Yaqubun dükanına. Mızıldaya-mızıldaya, utana-utana mətləb üstünə gələndə Sarı Yaqub qalın bir dəftər çıxarıb qoydu qabağıma.

- Ay Sədi əmi, Allah bu türk qardaşlarımıza cansağlığı versin. Bu nisyə dəftəri onlardan qalmadı. Vallah, bu dəftər olmasaydı, nə biz dolanardıq, nə də millət. Bir bax bu dəftərə, hamı nisyəçilərdir. Niyə utanırsan ki, əmi, sən də olursan min birinci nisyəçi. Ürəyindən nə keçirsə, de, bacıoğlun qulluğunda hazırdır. Bundan sonnra da ürəyin nə istəsə, cəkinmə, gəl dükana.

Buna nə deyirsən?! Dil şirin. Alıcını elə dillə yola salır ki, gəl görəsən. Sağ olsun! Dünya durduqca yaşasın! Var-dövləti başından aşsın! Məni möhnətdən qurtardı. Yaxşılıq itmir, qardaş. Aqillər də deyiblər: “Yaxşılıq elə, at dəryaya, balıq bilməsə, Xaliq bilər”.

Amma Hacı Tapdığın hərəkətləri mənə yaman yer eləmişdi. Bu Hacı Tapdıq rəhmətlik babamın çörəyi ilə böyüyüb. Gör necə də harınlaşıb! O müqəddəs adı da üstündə daşıyır. Heyf, çox heyf, belələri də Hacı olub. Mal vermir, heç verməsin, neynək. O bir olan Allah hər bir kəsi öz xeyirxah əməllərinə görə qiymətləndirir. Əməllərindən qorxmayanlar bu gün daş-qaş, bol nemətlər içərisində yaşasalar da, sabah haqqın qapısından keçəndə özləri ilə bir çöp də apara bilməyəcəklər!

Hava tamam qaralmışdı. Hamama işıq da çəkdirməmişdim. İçəri qaranlıq idi. Dörd divar arasında az qala ürəyim partlayacaqdı. “Əgər mən burada ölsəm, bu, çox axmaq ölüm olacaq” ürəyimdən keçirdim. Bir az da xof götürdü məni...

***

Səhər açılanda özümə bir qədər təskinlik verdim. Şükür sənə, İlahi, sabaha salamat çıxmışam! Qarnım da elə guruldayır ki, elə bil bağırsaqlarımın içində göy gurultusu mövcud idi. Zəifləmiş, halsız olmuşdum. Hamısına səbəb oxumağım oldu. Oxuyan yerdə görüm səsim tutulaydı, dilim lal olaydı! Vallah, buradan sağ-salamat çıxsam, bir də oxumayacağam. Bu nə iş idi başıma gəldi, İlahi? Burdan necə çıxım?

Hamamın bayıra baxan pəncərə gözlüyünə baxdım. Bəlkə burdan çıxa bildim. Tez hamamdakı kətili ayaqlarımın altına qoyub “Ya Allah” deyib Məşədi İbad kimi qalxdım yuxarı. Başımı yavaş-yavaş pəncərə gözlüyündən bayıra çıxartdım. Ancaq çiyinlərim hamamın içində qaldı. Çox əlləşdim, bir şey çıxmadı. Yenidən başımı içəri salmaq istəyəndə gördüm ki, yox, aşna, deyəsən başım içəri girmir axı. Bəs başımı bayıra necə çıxartdım? Əcəb işə düşdüm! Elə bil boynuma buxov keçirmişdilər. Nə qədər əlləşdimsə, yenə də çiyinlərimdən ayağımadək hamamın içində, başım isə hamamın çölündə qaldı. Bu çaşqınlıq içərisində çapalayırdım. Bəs bayaq başımı çölə necə çıxartdım axı?

Çox hıqqandım. Bağrım az qalırdı çatlaya. Birdən ayaqlarımın altındakı kətil sürüşsə, o zaman mən hamamın gözlüyündən asılı qalaram ki...Yəqin, çox yəqin ki, asılı qalıb boğularam. Bu axmaq ölümün söz-söhbəti uzun illər yaddan çıxmaz. Hamı deyər ki, Sədi kişi nə səbəbə özünü asdı? Vay, dədəm vay, lap biabırçılıqdır!

Başımın ətrafında bir qara milçək elə hey fırlanırdı. Elə bil ki, o da mənim müdafiəsiz, kimsəsiz, yazıq olduğumu hiss etmişdi. Məğrurcasına gəlib qondu üzümə. Sifətimdən, alnımdan tökülən tərimdə özünə nə yem tapmışdısa, üzümdən əl çəkmirdi. Axırda gəlib burnumun ətrafında manevr etməyə başladı və burnumu elə qıcıqlandırdı ki, özümü nə qədər toplasam da bir-birinin ardınca asqırmağa başladım. Az qala kətil ayaqlarımın altından qaçacaqdı. Daha tərpənməyə qorxurdum. Heç qımıldanmırdım da...Yadıma Timurçinin buxovlu günlərini saldım.

Birdən gördüm ki, bir tısbağa kolun altından çıxıb bizim bağa girdi. Yastı tısbağanı görən kimi iki saatdan da çox müddət ərzində başımı gözlükdən bayıra yastılama çıxarmağım yadıma düşdü və dəli bir gülmək məni tutdu. Əslində buna heç gülmək də demək olmazdı. Elə ağlamağa bənzər bir şey idi. “Ay balam, belə də huşsuzluq olar? Necə olub ki, bu, ağlıma gəlməyib?”

Tez başımı yastılama vəziyyətində əyib hamamın içərisinə saldım. Şükür sənə, İlahi! Böyük bir biabırçılıqdan qurtuldum. Necə də rahat oldum, böyük bir xətadan qurtulmuşdum. Nəhayət, başım bədənimlə bərabər hamamın içərisində idi. “Yenə Xeybər yaxşıdır” - bizlərdə belə deyirlər.

Bir qədər özümə gələndən sönra yenə fikir-xəyal məni götürdü. Bu gecəni də burada gecələsəm, işim fəna olacaq. Arvad gəlib çıxmasa, elə burada da can verib öləcəyəm. Gözlərimi qapayan da olmayacaq. Axırım, görünür, belə olacaqmış. Taqətdən düşürdüm. Ayaq üstə zorla dayanırdım.

Elə bu fikirdə ikən bizim ev tərəfdən səs gəldi. Dərhal qışqırmağa başladım:

- Fatmanisə!!! Fatmanisə!!!

Fatmanisə evdən mənə hay verdi və bir az keçmiş gəlib qapının cəftərəsini açdı və bir az da mənə təəccüb və heyrətlə baxdıqdan sonra dedi:

- Bıy, ay kişi, sən hələ də hamamdasan?

Mənim danışmağa hayım-heyim yox idi. Bərk aclıq və iztirab çəkdiyimdən ayaq üstə zorla dayanırdım. Fatmanisəni nə ömrümdə döymüş, nə də söymüşdüm. İndi isə ürəyimdən onu döymək və söymək keçdi. Hamamda-bu dörd divar arasında çəkdiyim əzabların əvəzini çıxmaq üçün istədim ki, əlimə keçənlə Fatmanisəni kötəkləyim, elə bu zaman arvadım dilləndi:

- Ay kişi, heç demirsən ki, Fatmanisə, getdiyin ziyarətin qəbul olunsun.

Gözlərim qaralsa da, hər şey mənə gün kimi aydın oldu. Sən demə, Fatmanisə Hacıxanımla və qonşu arvadlarla Bakıya-ziyarətə gedibmiş. Yox qardaş, burada daha söyüşə yer yox idi. Odur ki, zorla:

- Ziyarətin qəbul olunsun, Fatmanisə. Səni görüm… - deyib arvadımın qolları üstünə düşüb bayıldım.

Daha sonrasından xəbərim olmayıb...

Lənkəran, Liman şəhəri

Hərbi vəzifəlilər zənglər və SMS-lər aldıqda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələrinə gəlməlidirlər



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?