• 25 Sentyabr 2020
  • Dollar: 1.7 , Avro: 1.8692 , Rus rublu: 0.0266 Türk lirəsi: 0.2984

Dağlıq Qarabağda Lənkəranın elan edilmiş kəndi

11:46 11/08/20 | Sosial

Mənfur qonşularımız tarixən Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edərək havadarları hesabına zaman-zaman torpaqlarımızın müəyyən hissəsini ələ keçirmişlər. Sovet dövlətinin (SSRİ) rəhbəri M.S.Qorbaçovun iqtisadi məqsədlər naminə elan etdiyi "Yenidənqurma və aşkarlıq" xəttindən (1985) siyasi məqsədlərlə istifadə edən ermənilər 1988-ci ilin fevralında yenidən Azərbaycana qarşı ərazi iddiasında olaraq Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistana birləşdirilməsi tələbi ilə çıxış etməyə başladılar. Həmin vaxtdan başlanan münaqişə bu gün də davam etməklə Ermənistan nəinki DQMV-i, eyni zamanda ona bitişik olan 7 rayonumuzu da işğal etmişdir.

Qeyd edək ki, DQMV 1923-cü il iyulun 7-də yaradılmış və 1991-ci il noyabrın 26-dək mövcud olmuşdur. 4,4 min kv.km əraziyə malik olan DQMV-in münaqişə başlanan zaman əhalisinin sayı 185 min nəfər olmuş və bunun da 44 minini azərbaycanlılar təşkil etmişdir. Dağlıq Qarabağda erməni kəndlərinə daha çox diqqət yetirildiyindən onlar iqtisadi və infrastruktur cəhətdən azərbaycanlılar yaşayan kəndlərdən nisbətən daha yaxşı inkişaf etmişlər.

Qarabağ münaqişəsi başlayandan sonra azərbaycanlı kəndlərinə diqqət və qayğını artırmaq məqsədilə burada olan kəndlər respublikanın ayrı-ayrı rayonlarına həvalə edilmişdir. Lənkəranın payına Muğanlı kəndi düşmüşdür. 1988-ci ildə DQMV-in Martuni rayonunun Muğanlı kəndi Lənkəranın 83-cü kəndi elan olunmuşdu. Bu dövrdə Muğanlının mərkəzi küçəsinə "Lənkəran" adı verilmişdir. Lənkəranlı inşaatçıların iştirakı ilə burada yeni tikintilər aparıldı, əhaliyə ərzaq, şağirdlərə məktəb geyimləri və s. paylanıldı (Hacı Etibar Əhədov. Sabaha böyük inamla. «Aşkarlıq» qəzeti, 23.06.2020; Məlumatı həmin vaxt Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədr müavini işləmiş Yaşar Məmmədov vermişdir).

Azərbaycan, Rusiya və Qazaxıstanın dövlət nümayəndələrinin olduğu təyyarə 1991-ci il noyabrın 20-də Martuni rayonunun Qarakənd kəndi səmasında ermənilər tərəfindən vurulduğu üçün Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli 279 - XII saylı Qanununa əsasən DQMV ləğv edilmişdir. Bu Qanunla Martuni qəsəbəsi (indi şəhərdir) Xocavənd qəsəbəsi, Martuni rayonu isə Xocavənd rayonu adlandırılmışdır. Hadrut rayonu isə ləğv edilərək Xocavənd rayonunun tərkibinə verilmişdir. Beləliklə, 26 noyabr 1991-ci il tarixində Xocavənd rayonu yaradılmışdır.

Xocavənd ərazisi 1458 kv.km. əhalisi 43871 nəfərdir ki, bunun da 12 min nəfərindən çoxu azərbaycanlıdır (2019). Mərkəzi Xocavənd şəhəri olan Xocavənd rayonu inzibati cəhətdən 1 şəhər (Xocavənd), 2 qəsəbə (Qarğa Bazar, Hadrut) və 82 kənddən ibarətdir. Bu kəndlərdən 10-u - Axullu, Tuğ, Saləkətin, Xocavənd, Qaradağlı, Muğanlı, Əmirallar, Kuropatkin, Günəşli və Xətai azərbaycanlılar yaşayan kəndlərdir (Nazim Tapdıqoğlu (Vəlişov). Xocavənd ensiklopediyası. B., 2009, səh. 12).

1988-ci ildə Lənkəranın 83-cü kəndi elan edilən Martuni rayonunun Muğanlı kəndi yeni inzibati bölgüyə əsasən Xocavənd rayonunun tərkibindədir. Muğanlı rayon mərkəzi olan Xocavənd şəhərindən 7 km şimal-qərbdə, Qarqar çayının sahilində yerləşir. Əhalisinin sayı 1000 nəfərdir (2009) Xocavənd rayonu, o cümlədən Muğanlı kəndi 2 oktyabr 1992-ci ildə Ermənistan tərəfindən işğal edilmişdir. Rayonun sakinləri ölkənin müxtəlif şəhər və rayonlarında məskunlaşaraq köçkünlük həyatını yaşamaqdadır.

Qeyd edək ki, respublikamızda Muğanlı adında 13 kənd var.

Əminik ki, işğal altında olan torpaqlarımız, o cümlədən Muğanlı kəndi də tezliklə azad olunacaq və biz lənkəranlılar kəndin "Lənkəran" küçəsində əvvəlki tək addımlayacağıq.

P.S. Hal-hazırda Lənkəran rayonu 93 yaşayış məntəqəsindən (2 şəhər, 7 qəsəbə, 84 kənd) ibarətdir.

İldırım ŞÜKÜRZADƏ

Əlyazmalar Fondunda əlyazma və çap kitablarının qeydiyyatına dair elmi-praktik seminar keçirilib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?