• 20 İyun 2021

Mən Vətən üçün doğuldum: General-mayor Polad Həşimov

14:46 13/08/20 | Sosial

(Elegiya)

Azərbaycan xalqı həmişə öz Vətənini sevmiş, onun uğrunda hər bir qəhrəmanlığa, hər cür mübarizəyə hazır olmuş, Vətəni canından əziz tutmuşdur. Bunu ulu babalarımızın dediyi hikmətli sözlər də sübut edir: “Vətənə gəldim, imana gəldim. Vətən elin evi, dayağıdır. Vətən viranə də olsa cənnətdir. Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır. Azadlıq, müstəqillik hər bir xalq, hər bir millət ücün böyük nemətdir”.

Bütün xalqlar ona qovuşmağı özlərinin əzəli və əbədi arzusu hesab edir, bu yolda qətiyyətlə çarpışırlar. Qədim və şərəfli tarixə malik Azərbaycan xalqı da öz azadlıq və istiqlaliyyəti uğrunda əsrlərlə mübarizə aparmış, onun naminə minlərlə oğul və qızını qurban vermişdir. Azərbaycanı ucaldan, onu şöhrətləndirən vüqarlı oğulları, yenilməz qızlarıdır. Azərbaycan xalqının igid oğullarından Cavanşirin, Babəkin, Koroğlunun yadelli işğalçılara qarşı mübarizəsi tarixi keçmişimizdirsə, bu günümüzün qəhrəmanlıq tarixini bəzəyən oğul və qızlarımız isə son dövrlərin - Qarabağ savaşının qəhrəmanları, ölümləri ilə ölümsüzlüyə qovuşan şəhidlərdir.

Şəhidlər - müqəddəs and yerimiz olan Şəhidlər Xiyabanının zinətli, əbədiyaşar sakinləridir. Onlar hər zaman bizim fəxrimizdir. Bu məqaləmdə Azərbaycanın qəhrəman oğullarından biri - 12 iyulda Tovuz istiqamətində gedən ağır döyüşlərdə qəhrəmanlıqla şəhid olan, Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov haqqında yazıram.

Mən də Sumqayıt sakiniyəm. Poladın ailəsi Sumqayıt şəhərində yaşayan yüzlərlə adi, zəhmətkeş ailələrdən biri olmuşdur. Halal zəhmətləri ilə dolanan, heç kəsdə gözləri olmazdı. Şəhərimizdəki 16 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimiyəm. Həmişə şagirdlərimə vətənpərvərlik hissləri aşılayıram. Mən də Vətənimi, vətən övladlarını çox sevirəm. Ona görə çalışıram ki, şəhidlərimizin xatirəsini əziz tutaq, onların həyat və fəaliyyətini dərindən öyrənək. Qarşıma məqsəd qoydum ki, mütləq Poladın anası və ailəsi ilə görüşüm. Mənim üçün çətin idi. Çünki, bu acı həyat hekayəsi çox üzüntülü idi. Çox fikirləşdim, mütləq ailə ilə görüşmək qərarına gəldim. Axırkı, 25 iyulda kiçik qızım Günellə və qardaşımın tələbə qızı Maralla ailəyə baş çəkməli olduq. Poladın ailəsi 13-cü mikrorayonda yaşayır. Böyük qızım Ayselin yaşadığı evə yaxındı. Demək olar ki, üzbəüz binada yaşayırlar. Ayselin oğlu 4-cü sinifdə oxuyur. Maşallah, çox vətənpərvər uşaqdır. Mustafa özü, yatdığı otağın pəncərəsindən dövlətimizin bayrağını asmışdı. Poladın cənazəsi yaşadığı evə gətirilən zaman, yaşanan o böyük izdihamı gözləri ilə görmüşdü. Poladgilin evinə də bizi Mustafa apardı. Fikir verdim, gördüm, uşaq da çox stres yaşayır. Telefonunda Poladın şəkillərini, onun haqqında olan məlumatları toplu halında saxlayıb.

Bir müəllim kimi onu alqışladım. Doğrudan da, 12 iyulda gedən döyüşlər çox ağır oldu. 12 şəhid verdik. Allah onlara rəhmət eləsin! Qəbirləri nurla dolsun!

Həyətə çatdıq, qonum-qonşular çox idi. Hamısı bilirdi ki, Poladgilə gedirik. Başımızı qaldırdıq, binaya baxdıq. Dördüncü mərtəbədə, balkonda dörd bayraq asılmışdı. Dalğalanırdı. Çox üzüldük. Birtəhər evin qapısını döyüb, icəri daxil olduq. Qapını açan kimi iki otaqda Poladın xatirəsinə düzəldilmiş guşə və yerdə əyləşmiş anası Səmayə xalanı gördük. Çox təəssüf hissi keçirdik. Ana çox təmkinlə bizi qarşıladı. Ətrafında qadınlar vardı. Hamısı ağlayırdı. Bizi görcək sakitləşdilər. Mən də özümü təqdim etdim, nə üçün gəldiyimin səbəbini bildirdim. Baxdım ki, bir az sakitləşdi və Poladın acı həyat hekayəsini danışmağa başladı.

Məlum oldu ki, Polad 1975-ci il yanvar ayının 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Polad 6 aylıq olanda ailəliklə Sumqayıt şəhərinə köcmüşlər. Atası Alüminium zavodunda mühəndis, anası da həmin zavodda fəhlə işləyiblər. Bir müddət sonra anası işləməyib. Poladgil ailədə dörd övlad olublar; iki oğlan, iki qız. Övladlarının dördü də ali təhsil alıb. Poladın böyük bacısı Arzu xanım Sumqayıt şəhərindəki 33 nömrəli tam orta məktəbdə müəllim işləyir. Bütün şagirdlərin, müəllimlərin, valideynlərin həmişə sevimlisi olub.

Səmayə xanım gözləri dola-dola dedi ki, Polad körpəlikdən çox ağıllı, düşüncəli olub. Düzdü, çox dəcəl idi. Ancaq onun dəcəlliyi də şirindi. Bağçada çox nadinclik etsə də, müəllimləri onu çox sevirdilər. Polad əvvəlcə 28 nömrəli tam orta məktəbdə təhsil alsa da, sonradan təhsilini 34 nömrəli tam orta məktəbdə davam etdirir. Həmişə dərslərinə hazırlıqlı gedərdi. Ancaq oxumaqla məşğul olardı: «Mən həmişə istəyirdim ki, Polad hüquqşünas olsun. Özü də mənimlə razılaşmışdı. Onuncu sinfi bitirməyə az qalmışdı. 1992-ci il idi. Bir gün dərsdən gələndə mənə dedi ki, ana, incimə, mən sənədlərimi Ali Hərbi Məktəbə verəcəm. Əgər qəbul olmasam, sonra hüquqa verəcəm. Doğrusu, pis oldum. Dedim yox, hərbçilik çox çətindir, ailə də, uşaqlar da əziyyət çəkir, mən razı deyiləm. Danışdı ki, bu gün tarix müəllimimiz Ramin müəllim dedi ki, əsl kişi ona deyərəm ki, hərbçi olsun. İndi Vətənimiz dardadır, bizə güclü hərbçilər lazımdır. Mən də uşaqların içində söz verdim ki, hərbçi olacağam. Belə də oldu. Sənədlərini Ali Hərbi Məktəbə verdi, qəbul oldu. Çox böyük həvəslə təhsil alırdı. Evə gəlmək istəmirdi. İkinci kursda oxuyurdu. Türkiyəyə hərbi kursa göndərildi. Çox sevincək olmuşdu. Sonralar, kursant ola-ola Murova getdi. Orda çox əziyyət cəkdi. Çox çətin vaxtlar idi. Mən də burda çox əziyyət çəkirdim. Demək olar ki, gecəm-gündüzüm yox idi. Yarıcanım üzülüb, onun yanında qalmışdı. Çox darıxırdıq, onsuz... Ancaq, o, öz işinə o qədər bağlanmışdı ki, evə gəlmək istəmirdi. Gücüm ancaq yalvarmağa çatırdı ki, bala, özünü qoru . Demək olar ki, oxuyanda da, işləyəndə də evə çox az-az gəlirdi. Gedəndə, həmişə arxasınca su atırdım. O isə baxıb gülürdü və mənə deyirdi ki, ana, bu köhnə adətlərdən əl cəkin, lazım deyil. Pis olurdum. Bir-iki pilləkən düşürdü getsin, sonradan qayıdıb, məni bərk-bərk qucaqlayıb öpürdü. Deyirdi ki darıxma, hər şey yaxşı olacaq. Bilirəm, sən məni çox istəyirsən, mən də səni çox istəyirəm. Ancaq, incimə, mən getməliyəm. Mənim orda işlərim çoxdur. Oğlum çox vətənpərvər idi. Vətənimizi, əsgərlərini, dövlətimizi çox sevirdi».

Səmayə xanım sözlərinə davam edərək bildirdi ki, Polad orta məktəbdə oxuyanda, hər yay məktəb bağlanan kimi doğulduğu kəndə, babasıgilə gedirdi: «Babası Mikayıl kişi Böyük Vətən Müharibəsi iştirakçısı idi. O da güclü hərbçi olmuşdu. Çoxlu orden və medalları var idi. Polad həmişə babasına müharibədən suallar verərdi. Hər bir orden və medalı nə zaman, nəyə görə aldığını öyrənərdi. Babası da onun suallarından yorulmazdı, bircə-bircə hamısına cavab verərdi. Hətta, bir neçə dəfə gördü ki, bu yaşda kişi yıxılıb yerə, sürünür ki, bax, meyidlərin üstündən belə keçirdik. Sonra həmin hərəkəti Polad da təkrar edərdi. Mənə elə gəlir ki, babasının da təsiri oldu ona, o, belə güclü bir hərbçi oldu. Allah hər ikisinə rəhmət eləsin! Polad oxudu. Ali Hərbi Məktəbi bitirdikdən sonra müxtəlif bölgələrdə - Bərdədə, Murovda, Tovuzda, Hacı Zeynalabdin qəsəbəsində, Daşkəsəndə, Şəmkirdə yerləşən Hərbi Hissələrdə komandir işləyirdi. Bu illər ərzində üc dəfə Türkiyəyə hərbi kursa göndərildi. Başı hərbi işə o qədər qarışmışdı ki, ailə qurmaq belə istəmirdi. Dostları, yaxınları, özümüz bir təhər onu dilə tutmaqla razılaşdırdıq. Hamı kimi biz də elçi getdik, öz kəndimizdən Ofelya adlı bir gözəl qızı Polad üçün nişanladıq. Çox ağıllı və tərbiyəli, savadlı bir qızdır. Riyaziyyat müəllimidir».

Ana bu fikirləri səsləndirəndə, onun sağ tərəfində oturmuş, orta yaşlı, gözəl bir xanım ağlaya-ağlaya dedi ki, Səmayə, icasə ver, indi mən danışım. Məlum oldu ki, bu xanım Poladın 11 il bir sinifdə oxuduğu, həmişə möhkəm dost olduğu sinif yoldaşı Vüqar Cəfərovun anasıdır. Həm də 30 ildən çoxdur qonşudurlar. Danışdı ki, doğrudan da, Poladın ailə qurmasında bizim də təsirimiz olub: «Poladı qətiyyən işdən, hərbdən ayırmaq olmurdu. Zorla razılaşdırdılar. Axır ki, 2003-cü ilin sentyabr ayının 5-də Poladın toyu oldu. Danışırdı ki, Səmayə xanım Polad uşaq olanda Gürcüstandan iki ədəd qırmızı şərf almışdı. Toy günü birini Poladın, birini isə Vüqarın qoluna bağladı. Bizim bölgədə adət idi, kim bəyin sağdışı olsa, bəyin qoluna bağlanan qırmızı parçadan - şərfdən biri də sağdışın qoluna bağlanmalı idi. Ofeliya xanımgil Vəndamda yaşadığı ücün, onu toy günündən bir-iki gün qabaq gətirib Poladın bacısı Arzu xanımgildə qoyublarmış. Bir azdan gəlini toyxanaya gətirmək lazım olanda, Polad zarafatla Vüqara deyir ki, «Vüqar, mən hardan bilim ki, gəlin hansıdır, gülü kimə verim, axı, gəlini mən çox görməmişəm». Vüqar da ona deyir ki, «bax gör, kimin başında fata varsa, gəlin paltarında kim olsa, ona ver». İçəri daxil olurlar. Polad gülü də gəlinə hərbçi kimi təqdim edir. Hamı gülür. Çünki, xoşlarına gəlir».

Söhbət əsnasında mən də həmin söhbəti danışan xanımı tanıdım. Onun danışdığı, Poladla bağlı bu xatirə çox kövrəltdi bizi... Bu ailədə Poladı öz balası kimi sevirmişlər... İndi oğlu Vüqar ağır stres yaşayır, sakitləşə bilmir... Doğrudan da, belə bir dostu birdən-birə itirmək çox çətindir.

Poladın gözəl bir toyu olur. Qohumlar, qonşular, dostlar, onun hərbçi yoldaşları toyu çox şənləndirdilər, oynadılar, əyləndilər. Bu evlilikdən Poladın üç övladı - bir qızı və iki oğlu dünyaya gəldi. İndi qızı Aybəniz on birinci, böyük oğlu Teymur səkkizinci, kiçik oğlu Davud isə beşinci sinifdə oxuyacaqlar. Çox ağıllı, tərbiyəli, savadlı uşaqlardı.

Səmayə xanım danışır ki, Poladın toyunun sevincini çox da yaşamadıq. Qəflətən atası xəstələndi. Çox müalicələr olundu, xeyri olmadı. 2005-ci il oktyabr ayının16-da vəfat etdi. Atasının ölümü Poladı çox sarsıtdı. Günlərlə özünə gələ bilmirdi. Allah rəhmət eləsin, çox gözəl ata idi... Hamımız çox üzüldük. Neyləmək olar... Birtəhər dözdük... Polad hansı hərbi hissədə çalışırdısa, həmişə ailəsini də ora aparırdı. Polad əsgərlərini çox sevirdi. İşində çox ciddi və tələbkar idi. Əsgərlərinə “balam” - deyirdi. Harda olsa, hansı əsgərin hansı ehtiyacı olsa, ona qayğı göstərirdi. Yas məclisində iştirak edən “Hədəf” hazırlıq kursunun təsisçisi Şamil Sadıq otağa girən kimi, Səmayə xanımın əllərindən öpdü və uca səslə: - Poladı doğan belə anaya alqışlar olsun!  - dedi - Ana, ağlama! Sən başını həmişə dik tut! Sənin oğlun hamımızın fəxrimiz, qürurumuz oldu. Polad hamımızın qəlbində özünə bir əbədi heykəl yapdı. Sən fəxr elə ki, sənin belə qəhrəman oğlun var.

Şamil müəllim daha sonra qeyd etdi ki, o əvvəllər Poladın xidmət etdiyi hərbi hissədə olub: «Məqsədim əsgərlər, onların həyatı barədə kitab yazmaq idi. Bunun üçün orda çoxlu sayda əsgər və zabitlərlə görüşüm oldu, onlarla söhbətlər apardım. O, Turqut adlı bir əsgərin xatirəsini söylədi. Danışdı ki, “Turqut komandiri haqqında o qədər ürək dolusu danışırdı ki... Onu sona qədər dinlədim. Axırda, Turqutdan soruşdum: Oğlum, onunla bir şəklin varmı? Əsgər dedi ki, Siz nə danışırsınız, biz ona Allah kimi baxırdıq. Allahla şəkil çəkdirmək olurmu ki, onunla da biz şəkil çəkdirək? Komandirimiz çox ciddi və tələbkar idi”. Polad kimi generalın, belə yenilməz anası olar! Ana doğrudan da çox təmkinli və məğrur qadın idi. Dedi ki, düz deyirsən, bala. Allah hamınızı qorusun. Bütün şəhidlər mənim balalarımdır. Onlar Vətəni bizdən üstün tutdular. Mənə Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev özü şəxsən başsağlığı verdi. Mənim üçün böyük dəstək oldu. Ancaq, oğlum, mənim də bütün analar kimi arzularım var idi. Bala böyütdüm, barını görmədim, balaları atasız qaldı... Polad özü də atasız qalmışdı, indi isə onun balaları... Polad həmişə rəşadət göstərib, qəhrəmanlıqla vuruşub. 2016-cı il Aprel döyüşlərində iştirak edib. Döyüşə gedəndə nə ailəsinə, nə də anasına bildirməyib. Dörd gün döyüş olub. Döyüş qutardıqdan sonra həyat yoldaşı Ofelya xanıma zəng edərək deyib ki, qətiyyən narahat olmayın, hər şey yaxşıdır. Düşməni kilometrlərlə geri oturtmuşuq. Ancaq, zəngdən 20 gün sonra evə gəldi. Evdə gördülər ki, Poladın ayağında, yerişində problem var. Demə, yaralanıbmış. 20 gün də xəstəxanada müalicə alıb. Aprel döyüşlərində göstərdiyi igidliklərə görə dövlətimiz tərəfindən mükafatlandırılıb. Hətta, Prezidentimiz onu evlə təmin edir. Polad isə ona verilən evi Aprel döyüşlərində həlak olan bir şəhid ailəsinə bağışlayır. Poladdakı ürəyə, qəlbə heyran olmamaq olmur... Heç zaman əlindən gələni kimsəyə əsirgəməzdi. İmkansızların, dara düşənlərin əlindən tutardı. Xeyirxah, mərd, cəsarətli bir insan idi. O, insani əməli, səxsi ləyaqətilə özünü təsdiqləmiş cəsur bir General idi. Belə adamlar gözəllik qanunları ilə qurub-yaratmağı sevir, həyat həqiqətinə güclü inamı, nəcibliyi, mənəvi zənginliyi, saflığı ilə həmişə seçilir. Ananı sakitləşdirmək olmurdu. Səmayə ana danışırdı:

- Çox heyif ki, Poladın illər boyu ürəyində bəslədiyi arzuları param-parça oldu. İstəyirdi ki, tezliklə Qarabağ torpağı o mənfur düşmənlərdən azad olsun. Köckün, qacqın adlandırılan soydaşlarımız öz əzəli dədə-baba yurdlarımıza qayıtsınlar. Lakin, 12 iyulda Tovuz istiqamətində düşmənin təxribatı nəticəsində Milli Ordumuzin General-mayoru Polad Həşimov və 11 nəfər əsgərimiz qəhrəmanlıqla həlak oldular. Hamısının da bir həsrəti, bir amalı var idi - Qarabağ həsrəti... Neyləmək olar... Müharibənin belə sərt qanunları var... General-mayor Polad Həşimovun itkisi çox ağır oldu. Respublikamız üçün də, Vətənimiz üçündə, elimiz, obamız üçün də...

- Səmayə xanım, Siz ilk xəbəri necə eşitdiniz? - deyə sual verdim. Fikrə dalıb, ağır-ağır danışmağa başladı: - Çox narahat idim, heç dincələ bilmirdim. Tovuzda vəziyyət pisləşən andan Poladın özünə, dostlarına, qohum-əqrəbalara zəng eləyirdim. Heç kim telefonu açmırdı. Dəhşətə gəlmişdim. Ayın 14-ü idi. Axşamüstü, səs-küyə balkona çıxmışdım. Gözlərimə inana bilmədim. Baxdım ki, həyət, binaların araları millətlə doludur. Hamının da əllərində bayraqlar dalğalanırdı. Hər tərəfdə, “İgidlər ölməz, Vətən bölünməz!” - deyə, qışqırırdılar. O dəqiqə anladım ki, Poladım şəhid olub. Hamı bilirmiş, mənə isə deməyiblər.

Bu sözləri deyəndə, bir anlıq ananın səsi gəlmədi. Gözləri, yaxınlıqda qoyduğu Poladın şəkillərinə sataşanda, uca səslə dedi: - Qızım, Polad Vətəni ailəsindən, bizdən üstün tutdu. Vətən yolunda da şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Oğlumla birlikdə həlak olan polkovnik İlqar Mirzəyev də həmişə onunla birlikdə olub, çox yaxın dost idilər. Türkiyəyə, hərbi kursa bir yerdə getmişdilər. Mən də, bütün şəhid anaları kimi oğlumla fəxr edirəm. Onda rahat olaram ki, oğlumun da, bütün şəhidlərin də qisası alınsın, qanları yerdə qalmasın. Qarabağımız düşməndən azad olunsun. Mənim oğlum fərqli bir oğul idi. Elə bir Vətəni üçün dünyaya gəlmişdi. İllər boyu Vətəni ailədən, uşaqdan - hamıdan üstün tutdu. Çox əzab-əziyyət çəkib, yüksək hərbi ad aldı. Ancaq, o adın sevincini yaşamadı. Çox tez itirdik onu... Polad yaşasaydı, çox işlər görəcəkdi...

Düz deyirdi ana, onun sözlərində böyük həqiqət vardı.

Poladın bacı-qardaşı da çox üzüntülü idilər. Onun yarımçıq qalmış arzuları onları da rahat buraxmırdı. Nə qədər qəmgin olsalar da, Poladın xatirəsini əziz tutur, onlara baş çəkən adamları çox təmkinlə qarşılayıb, təmkinlə yola salırdılar. General-mayor Polad Həşimovun cənazəsi minlərlə sumqayıtlıların çiyinləri üstündə, onun yaşadığı binanın həyətinə gətiriləndə, ətrafı bir uğultu götürdü. İzdihamı sakitləşdirmək olmurdu. Ətrafı ” Şəhidlər ölməz, Vətən bölünməz!”, “Başını dik tut, şəhid anası!”, “Qarabağ bizimdir, bizim olacaq!” şüarları bürümüşdü. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov izdihamı sakitləşməyə çağırdı. Mərasimi, generalın adına layiq keçirməyə səslədi. Mərhum generalımızın bacısı Arzu xanım uca səslə izdihama müraciət etdi:

- Eyyy... damarlarında azərbaycanlı qanı axan cavanlar, sizdən Poladıma yaraşan hörmət istəyirəm! Nə olar, imkan verin Polad sonuncu dəfə anası ilə görüşsün! İzdiham sakitləşdi. Dalğalanan bayraqların sayı-hesabı yox idi. On minlərlə sumqayıtlılar öz generalı ilə vidalaşdı. Həmin gün qəhrəman generalımız öz doğma Vəndam kəndi və qəbələlilərlə də sonuncu dəfə görüşdü.

Səhərisi gün general Polad Həşimov və polkovnik İlqar Mirzəyev Bakıda İkinci Fəxri Xiyabanda yaylım atəşinin səsləri altında, yan-yana dəfn edildi. Uzun illər dostluq etdikləri cəsur hərbçilərin məzarları da, eyni vaxtda torpağa tapşırıldı. Tabutlarına bürünən bayraqlar qəhrəmanların övladlarına verildi. Hər iki zabitin övladları ataları ilə fəxr etdiklərini və atalarının qanının yerdə qalmayacağına and içdilər. Onların gözlərində bir inam, bir məğrurluq vardı!

Əlbəttə, müharibə itkisiz olmur. Şəhid olan bütün hərbçilərimiz bizim fəxrimiz, qürur mənbəyimizdir. Prezident, Ali Baş Komandan İlham Əliyev hər iki hərbçinin ailəsini Bakı şəhərində evlə təmin etdi. Ana torpaqda uyuyan general-mayor Polad Həşimov, doğrudan da, qeyri-adi xarakterə malik bir hərbçi olmuşdu. Bütün bunlar haqqında onun ömür-gün yoldaşı Ofelya xanım “Real TV”-yə verdiyi müsahibəsində deyir:

- Mən Polad kimi insanlar haqqında həmişə bədii əsərlərdə oxumuşam. Onlar mənə çox şablon kimi gəlirdi. Elə bilirdim ki, belə insanlar yoxdur, yaşamır. Poladla biz 17 il bir yerdə yaşadıq. Gördüm ki, o, həqiqətən, bütün canı-qanı ilə Vətənə bağlı insan idi və bunu dildə yox, əməllərində göstərirdi. Övladlarını da elə böyüdürdü. Əsgərlərini çox sevirdi. Hər zaman əsgərləri ilə birgə, onların yanında olurdu. Bizim evdəki şəkillərə baxsanız, ad günlərində, bayramlarda - heç birində o, yoxdur. Hamısında biz təkik. Çünki, ancaq o, səngərlərdə, əsgərlərinin yanında olardı. Aprel döyüşlərində yaralandığını bizdən gizlətmişdi.

Ofelya xanım 12 iyul hadisələrini belə xatırlayır:

- Biz həmin vaxt Şəmkirdə idik. Axırıncı dəfə Poladdan iyunun 29-da ayrılmışdıq. Bizi Qəbələyə yola saldı, işə tələsirdi. Bir neçə dəfə telefonla danışmışdıq. Ancaq, 12 iyuldan sonra onunla danışa bilmədik. Çünki o, telefon işlətmirdi. Dostları, tanışları da danışırdılar ki, heç vaxt telefon götürməzdi. Xoşu gəlmirdi telefondan, ancaq öz işi-gücü ilə məşğul olardı. Doğrudan da, adam fikirləşəndə, dəhşətə gəlir. Elə bil, ancaq Vətən üçün, cəbhə üçün doğulmuşdu Polad... Cəbhədə Vətəni qoruya-qoruya şəhid oldu. Onun ölümü hamının qəlbini kövrəltdi. Şairlərimiz, yazıçılarımız, sadə vətəndaşlarımız rahatlıq tapa bilmir, onun xatirəsini əbədiləşdirmək üçün, kim nəyi bacarır, onu eləməyə çalışır. Cənab Prezident İlham Əliyev Qəbələ şəhərindəki küçələrdən birinə General Polad Həşimovun adının verilməsinə qərar vermişdir. Tələbə heykəltaraşımız isə onun büstünü hazırlamışdı. Qəhrəmanlar heç vaxt unudulmur! Mən də bir müəllim olaraq, bu yazını yazmaqla ona olan məhəbbətimi bildirməyə çalışdım.

Azərbaycan xalqının qəhrəmanlıq dastanı XXI əsrdə də davam edir. Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı bu gün də bütün cəbhə boyu mərd oğullarımız mənfur düşmənlə üz-üzə durub və qəhrəmancasına mübarizə aparır. Ata-babalarımızdan əmanət olaraq aldığımız, üzərində xoşbəxt və firavan yaşadığımız, yer üzünün cənnəti olan bu gözəl yurdumuzu, onun üzərində atalarımızın qurduqları sivilizasiya və mədəniyyət xəzinələrini, dilimizi, mənəviyyatımızı qoruya bilmək, yaşatmaq və gələcək nəsillərə ötürmək üçün onu müdafiə etməyə hər an hazır olmalıyıq. Mübariz İbrahimov kimi, Fərid Əhmədov kimi, Raquf Orucov kimi qəhrəman oğullarımızın yolunun davamçısı və torpaqlarımızı işğaldan azad edənlərin sırasında olmaq gənclərimizin ən böyük arzusudur. Müharibədə döyüş də var, şəhidlik də. Ancaq Vətənə görə döyüşmək lazımdır. General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, Mübariz İbrahimov, Fərid Əhmədov, polkovnik-leytenant Raquf Orucov kimi oğullarımız şəhidliyi özləri seçmişdi. Vətən üçün seçmişdi, xidmətdə olan əsgərlərə, çağırışçılara nəsiyyət kimi seçmişdi. Onların şəhidliyi əsgərlərə nümunədir. Əsgərlərimiz, gizirlərimiz, zabitlərimiz və generallarımız Vətən uğrunda, birliyimiz uğrunda, Azərbaycan dövlətinin əbədi yaşaması uğrunda gözlərini belə qırpmadan şəhidlik mərtəbəsinə yüksəlirlər. Bunun son nümunəsini 12 iyulda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın atəşkəs müqaviləsini pozaraq hücuma keçməsi zamanı da gördük. Bu döyüşlər Silahlı Qüvvələrimizin bir daha öz üstünlüyünü təsdiq etdi. Bu əməliyyatın Milli Ordumuzun şanlı tarixində öz yeri olacaq. Erməni işğalçılarına qarşı döyüşlərdə qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə yüksələn hərbçilərimiz - general-mayor Polad İsrayıl oğlu Həşimov, polkovnik İlqar Anzor oğlu Mirzəyev, mayor Anar Gülverdi oğlu Novruzov, mayor Namiq Hajan oğlu Əhmədov, Baş leytenant Rəşad Rəşid oğlu Mahmudov, Baş əsgər Elşad Dönməz oğlu Məmmədov, Baş əsgər Elçin Arif oğlu Mustafayev, Baş əsgər Nazim Əfqan öğlu İsmayılov, əsgər Xəyyam Məhəmməd oğlu Daşdəmirov, gizir Yaşar Vasif oğlu Babayev, gizir İlqar Ayaz oğlu Zeynallı və çavuş Vüqar Lətif oğlu Sadıqovun xatirəsi xalqımız tərəfindən daim xatırlanacaqdır.

14 iyulda Bakı, Sumqayıt və digər şəhərlərdə Silahlı Qüvvələrə və Ali Baş Komandana çoxminlik dəstək yürüşünün həyata keçməsi onu göstərdi ki, xalq, ordusunun və Ali Baş Komandanının yanındadır və onu ən yüksək səviyyədə dəstəkləyir. Bütün Dünya Azərbaycanlıları öz vətənlərinə dəstəklərini göstərib, erməni işğalçılarını lənətləyirlər. Ordumuz Ali Baş Komandanın əmri ilə hər an Vətən torpaqlarını azad etməyə qadirdir. Günlər, aylar bir-birini əvəz etdikcə, həyatı dərindən duyduqca general Polad Həşimovda olan bu Vətən sevgisi daha da şirinləşir, əbədiləşir və insan daha qırılmaz tellərlə öz elinə, obasına, Vətəninə bağlanır. Şair Abbas Səhhətin «Vətənimdir» şeirində vəsf etdiyi kimi:

Südüdür kim, dolanıb qanım olub,
O mənim sevgili cananım olub.
Saxlaram gözlərim üstə onu mən,
Ölərəm əldən əgər getsə Vətən.

 

Rüxsarə SÜLEYMANOVA, 
Sumqayıt şəhərindəki 16 nömrəli tam orta məktəbin müəllimi

Ermənistanda seçki məntəqəsində zorakılıq tətbiqi ilə bağlı cinayət işi açılıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?