• 25 Sentyabr 2020
  • Dollar: 1.7 , Avro: 1.8692 , Rus rublu: 0.0266 Türk lirəsi: 0.2984

Duymuşdum ki, dünya mənə özü boyda dərd verəcək

11:28 03/09/20 | Mədəniyyət

Qadın gülərsə...


Azərbaycan mədəniyyəti, musiqi dünyası, tamaşaçısı bu adı eşitmədən əvvəl tanıyıram onu. Tək mən yox, nəhəng bir təhsil ocağının bütün sakinləri də tanıyır. Çünki o, bu gün hər yerdə 190-çılar adı ilə tanınan böyük bir ordunun musiqi müəllimi olub.

Etiraf edim ki, adətən məktəblərdə musiqi fənni ən asan hesab olunduğundan, bu dərsə kifayət qədər vaxt sərf etmək lazım gəlmirdi deyə, şagirdlər də ona bir əyləncə saatı kimi baxırdı. Lakin onun tələbkarlığı, fənninə olan məhəbbəti və məsuliyyəti, təşkilatçılığı, hazırladığı yüksək səviyyəli tədbirlər özünə böyük hörmət də, sevgi də qazandıra bilmişdi. Özünün dediyi kimi: “Azərbaycan təhsilində möhürünü vurmuş, əsl məbəd olan 190 saylı məktəbdə Sona Tağıyevanın rəhbərliyi altında ürəklə çalışdığım 23 il ömrümün silinməz səhifələridi və o təhsil fədaisindən sonra orada qalmaq mənə çox çətin oldu”. Bu sözləri isti ocağının divarları arasında mənimlə üzbəsurət oturub səmimi söhbətilə daha yaxından tanımağa başladığım müsahibim dedi. Bu dəfə “Qadın gülərsə” rubrikası ilə dərdini, ağrısını, itkisini içində boğaraq, “yerdə qalanların nə günahı var?” deyən Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, Bakı Dövlət Universitetinin Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Əməkdar incəsənət xadimi, musiqişünas, bəstəkar Nailə Mirməmmədlinin qapısını döydük.

ADDIM

1961-ci ilin may ətirli günlərinin birində bakılı ailəsində anadan olmuşam. 1979-cu ildə Bülbül adına orta ixtisas musiqi məktəbini, 1985-ci ildə indiki N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin musiqişünas, dirijor, xormeyster, vokal, aranjiman, orkestrovka, 1997-ci ildə Bakı Musiqi Akademiyasını musiqişünaslıq və bəstəkarlıq ixtisasları üzrə bitirmişəm. Hər üç təhsil ocağını fərqlənmə ilə başa vurmuşam. Pedaqoji Universitetin sonuncu kursunda praktik təcrübəni ən nümunəvi təhsil ocağı olan 190 saylı məktəbdə keçəndə, bu gün də hörmətlə andığım Sona müəllimə işimi o qədər bəyəndi ki, orda qalmağımı çox arzu etdi və nəticədə düz 23 il həmin məktəbdə müsiqi müəllimi oldum. Sona müəllimə dünyasını dəyişəndən sonra o möhtəşəm məktəb məni sıxmağa başladı və oradan ayrıldım. Müxtəlif illərdə “Bənövşə” uşaq xorunda, 189 saylı, qısa bir müddət məzunu olduğum Bülbül adına orta ixtisas musiqi məktəbində, Avropa liseyində dərs dedim. 2003-cü ildən bu günədək Azərbaycan Dövlət Pedaqoji Universitetinin Musiqi fakültəsində on bir müxtəlif fəndən dərs deyirəm. Bu il eyni zamanda BDU-nun Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru təyin edilmişəm. Bütün bunların fövqündə dayanan isə ruhumun qidası olan musiqi dolu dünyamdı.

OCAQ

Hər iki valideynim İçərişəhərdəndi. Atam Ağabala Abdullayev bu günün dili ilə desək, bizneslə məşğul olub, kafe-restoran işlədib. Hamı onu çox təmiz, dürüst, ürəyi geniş, səxavətli insan kimi tanıyıb. Onun adı çəkiləndə birmənalı olaraq bilirdilər ki, heç bir əyrilikdən söhbət gedə bilməz. Bayır-bacaqda, küçədə kimsəsiz, dəliqanlı uşaqların yollarını azmaması üçün onları işlə təmin edərdi ki, başpozuqlara qoşulmağa vaxtları olmasın. Belə bir ürək sahibi idi atam və bu xüsusiyyət biz övladlara da keçib. Anam Sima xanım uzun illər mühasib vəzifəsində çalışıb, övladlarına, ailəsinə, ev-eşiyinə çox bağlı əsl Azərbaycan qadını olub. Bəzən atamın hədsiz səxavətini görən anam deyərdi ki, ay Ağabala, bu qədər əvəzsiz yaxşılıqlar edirsən, bir bizi də düşün. Cavabında atam deyərdi ki, bunun əvəzi qızımım qarşısına çıxacaq. O necə demişdisə, elə də olur. Çıxılmaz, naəlac vaxtımda qapı döyülüb, ruzi özü gəlib evimə. Ailənin sonbeşiyiyəm, aramızda on dörd, on altı, on səkkiz il yaş fərqi olan bacı və qardaşlarım var. Ailədə gözlənilməyən uşaq olduğum üçün hədsiz əzizlənib sevilmişəm. İllər sonra alışdığım bu münasibətin davamını qurduğum ailədə də yaşadım, amma heyf ki, bu ocağın istisinə cəmi 21 il qızına bildim.

MUSİQİ

Musiqini sevən, ona dəyər verən, incəliklərini anlayan bir nəsildənəm. Ata babam Məşədi Abdulla Təzə Pir məscidinin axundu olub, Racinin qəsidələrinə mərsiyələr yazıb. Ata nənəmin əmisi Məşədi Məmməd Fərzəliyev xanəndə olub. Cabbar Qaryağdı oğlunun vaxtında tanınmış və sevilən zilxanlardan idi. Azərbaycan xalq rəqslərinin ifaçısı, Filarmoniyanın musiqi və rəqs qrupunun rəhbəri, Xalq artisti olan əmim Əlibaba Abdullayev Üzeyir bəylə birlikdə çalışıb. Atam tar sinfini bitirsə də, ürəyində musiqiyə sevgi ilə başqa sahəyə üz tutub. Ana babam tək musiqiyə deyil, sözə, qəzələ çox dəyər verib. Yadımdadı deyərdi ki, Əliağa Vahid bizim evdə böyüyüb. Desəm ki, musiqi ilə bərabər böyümüşəm, bu, doğru olar. İki yaş yarımlıq olanda atam mənə “Bayatı Şiraz” təsnifini pianoda çalmağı öyrədib. O zamanlar iki böyük bobini olan “Dnepr” maqnitofonu var idi, onu indiyə qədər saxlamışam. Atam o bobinlərin üstünə gəlincik qoyardı və o lentlərə yazılmış babamın mərsiyələri, muğamlar, təsniflər, rənglər səsləndikcə, mən gözlərimi fırlanan gəlinciklərdən ayırmazdım. Gözümə maraqlı gələn bu əyləncə heç demə eşidib, lakin hələ dərk etmədiklərimi yaddaşıma həkk edərmiş. Sonra da yaddaşımda olanları pianoda axtara-axtara çalmağa çalışardım. Bunu görən atam və əmim məni Bülbül adına orta ixtisas məktəbinin direktoru Nazim Əliverdibəyovun yanına apardı. Atam ondan məni məktəbə götürməyi xahiş etdi. Çaşqın qalan Nazim müəllim bunun mümkün olmadığını və beş yaşında məni gətirməyi məsləhət görüb. Onun dediyi kimi beş yaşımda məni yenə məktəbə gətiriblər. O zaman Bülbül adına orta ixtisas musiqi məktəbi konservatoriyanın nəzdində idi. İki il hazırlıqda oxuduqdan sonra məktəbin birinci sinfinə getdim. İkinci sinifdən sonra Bülbül adına məktəb indiki ünvanında ayrıca təhsil ocağı kimi fəaliyyətə başladı. Və beləliklə, ömrümün musiqi salnaməsinin ilk səhifələri yazılmağa başladı. Heç demə orada oxuduğum dövrdə qonşuluqdakı 190 saylı məktəbdə Tanrının alnıma yazdığı qismət payımla bir-birindən xəbərsiz eyni illəri yaşamışıq.

BƏSTƏKAR

Musiqi yazmağa başlayanda dördüncü sinifdə oxuyurdum. İlk bəstəm fortepiano üçün prelüd oldu. Yazdıqlarım kiçik etüdlər, prelüdlər olsa da, müəllimlərim onları üzə çıxarmağı məsləhət görmürdü. Səbəbini bilmirdim, amma indi düşünürəm ki, qızıl dövr adlanan yaşadığım zamanda Azərbaycan musiqisinin bünövrəsini qoyan nəhəng bəstəkarlar nəsli vardı – Q.Qarayev, F.Əmirov, C.Cahangirov, T.Quliyev, V.Adıgözəlov... Onların hərəsi bir dünya idi. Biz belə bir mühitdə yetişmişik, onların musiqisindən qidalanaraq, özümüzü dərk edib tanımışıq. Müəllimlərim deyirdi ki, sən elə pianoçu ol, musiqi bəstələmə. Düzü, mahnı bəstələmək haqda fkirləşməmişəm. Zövqümə daha çox uyğun olan simfonik və xor əsərləri olub. Birinci il Bakı Musiqi Akademiyasına daxil ola bilməyəndə yolboyu atama nə deyəcəyimi bilmirdim. Çünki onun ümidini qırmağa və mənimlə bağlı arzularını puç etməyə haqqım yox idi. Qərarım bu oldu ki, ya güclü pianoçu olacam, ya da bəstəkar. Lakin eləsindən olacam ki, on nəfərdən biri kimi seçilim. Bu da atamın sözü idi. “Sən böyüyəndə bəstəkar ol, çünki sənin barmaqlarında improvizasiya var, bu da bəstəkara mütləq lazımdı”. Bu sözləri mənə on bir yaşım olanda Emin Sabitoğlu bir dəfə dinləməklə onun mahnısını ifa etdiyimi eşidəndə demişdi. Tale elə gətirdi ki, Bakı Musiqi Akademiyasının musiqişünaslıq və korifey sənətkar Tofiq Quliyevin sinfində bəstəkarlıq ixtisaslarına yiyələnmək mənə nəsib oldu. Bu, artıq o zaman idi ki, Hikmətlə məni ortaq mərkəzə gətirən yaradıcılıq, artıq taleyimizi bir-birinə bağlamışdı. Və bu yaradıcılıq yoluna sözümü tutub on nəfərdən biri kimi seçilmək üçün “Ya Allah” deyib qədəm qoyduq. Sahəsindən asılı olmayaraq, yaradıcılıq elə bir xəstəlikdir ki, harda, nə zaman səni yaxalayacağını bilmirsən. Əgər mahnı gəlmək istəyirsə, o, səni yolda da, iş başında da haqlayacaq. Olub ki, mahnı məni yuxudan oyadıb. Qalxıb onu nota yazmağa tənbəllik etmişəm və yaddan çıxıb. Elə də olub ki, musiqi məni yerimdən qalxmağa məcbur edib. Rəhmətlik Tofiq müəllimin bir sözü vardı: “Notu yazdın sənindi, yazmadın, artıq onu itirdin”.

Beləcə, illəri adlaya-adlaya əsl bəstəkar adına layiq olmaq, professional kimi tanınmaq naminə biz yorulmadan əl-ələ verib çalışdıq. Bu gün bir bəstəkar kimi, mənə mahnı və xor əsərləri daha yaxındı. Mahnını bəstələmək üçün şeir mənə çox təsir etməlidi. Öz dilimi hədsiz sevirəm və şeir Azərbaycan dilində o qədər səlis, mükəmməl yazılmalıdı ki, mən də musiqini bəstələyim. Mahnı üçün yazılan şeirin daxili ritmi, avazı, ölçüsü olmalıdı. Bunlar olmasa, o şeir musiqini gətirə bilməz. Mahnı elə bir janrdı ki, yadda qalması üçün bəsit olmalıdı. Şair yazır, bəstəkar mahnıya həyat verir, onun yaşadan isə müğənni ifasıdı. Mənim ixtisaslarımdan biri də vokaldı. Mahnını məndən yaxşı ifa edən müğənni ilə işləmək həm rahatdı, həm də bundan zövq alıram. Əgər müğənni zəifdisə, ona öyrədə bilirəm, çünki bu da mənim ixtisasımdı, 37 ildi pedaqoqam. Tamam zəif müğənni ilə işləmək isə çox əziyyətli olduğundan, ondan zəhmət haqqımı alıram. Günümüzün reallığı budu. Yaxşı gənc müğənnilərimiz var, lakin yaşları ötür, üzə çıxmaq üçün yol tapa bilmirlər. Elə gənclərimiz var ki, yaxşı ifası var, lakin bəsitdi. Səsinin diapazonunu, tembrini, xırdalıqlarını göstərmək üçün musiqisi yoxdu. Əlində olan musiqi onun üzə çıxmasına imkan vermir və o maraqsız bir ifaçıya çevrilir. Mən çox irad bildirmək istəmirəm, çünki inciyənlər olur. Lakin elə məqamlar olur ki, orada susmaq, sənətə xəyanət kimidi. Meyxana janrına böyük hörmətim var, bu, bizim folklorumuzdu. Lakin musiqili meyxana yazıb Azərbaycan musiqisinin bundan ibarət olduğunu göstərmək çox yanlışdı. Musiqili meyxana deyilən bir janrı yaradanlar bunu özləri də bilir. Bu janra üz tutanar arasında klassika, estrada, vokal imkanı olanlar var. Təəssüf ki, bu imkanlarından istifadə edə bilmir. Nəticədə həm özləri bəsitləşir, həm də eynilik artır. Bir dəfə televizoru izləyən rəhmətlik anam iki müxtəlif ifanı dinləyəndən sonra dedi, ay qızım, bu mahnını indi oxudular ki... Bizim musiqimiz dəryadı. Yeddi əsas muğamımız, onların qolları, şöbələri. Bunlar bitib tükənən deyil, bu dəryaya baş vurmaq lazımdı. Üzdəniraqlar elə bir ucdan mahnılarımızı oğurlayıb özəlləşdirməkdən əldən düşüb, biz isə bu varidatın dəyərini azaldırıq. Bu, məni çox ağrıdır. Özündən razılıq kimi səslənməsin az-çox sözünü deyən, işini nümayiş etdirə bilən, böyük dinləyicisi olan bir bəstəkar kimi Cavanşir Quliyevi, Eldar Mansurovu, Faiq Sücəddinovu, mərhum Tahir Əkbəri ürəklə, həvəslə dinləyirəm. Çünki onların mahnılarında musiqi var, yaradıcılıq var, zövq var. Lakin bu gün elə mahnılar səslənir ki, musiqisi calaqdı. Mən musiqişünas olduğumdan bu calağı dərhal hiss edirəm. Bu da başqa bir ağrıdı.

ÖMUR

1983-cü il qonşu məktəbin məzunu olan Nailə Abdullayeva və Hikmət Mirməmmədlini iki gənc yaradıcı insan kimi tanış etdi. Artıq hər ikimizin bəstələri vardı və bu tanışlıqdan sonra yaradıcılığımız daha məhsuldar oldu. Bir-birimizi həvəsləndirdik, qol-qanad verdik, səhvlərimizi görə bildik. Və sonda anladıq ki, yaradıcılığımız da, həyatımız da bərabər yürüyə bilər. Musiqi Akademiyasını bitirənə qədər bəstələrimiz xalq mahnısı adı altında səslənirdi, çünki o zaman buna icazə verilmirdi. Yalnız bəstəkar diplomunu alandan sonra Nailə və Hikmət Mirməmmədlilərin müəllif kimi adının çəkilməyinə biz də razılıq verdik, çünki hər ikimizin tərbiyəsində böyüklərə hörmət və ehtiram hissi güclü olub. 90-cı illərin əvvəlindən bizim yüksəliş dövrümüz başladı. Uğurlu layihələr, sevilən mahnılar, səviyyəli tədbirlər, keyfiyyətli yaradıcılıq bizim yol yoldaşımız oldu. Biz sənətimizi sevdiyimiz kimi, sevilməyi də bacardıq. Mənim üçün şəxsiyyət olan müəllimim mərhum Tofiq Quliyev deyirdi ki, siz mahnılarınızı çox gözəl və güclü təqdim edə bilirsiniz. Ona görə də istər müğənnilər, istər xor kollektivi bəstələrinizi asanlıqla və ürəklə ifa edir.

Özümüzdən asılı olmayaraq, sanki bir devizimiz vardı - əl qoyduğumuz hər işdə uğur bizim olmalıdı və şükürlər olsun ki, qısa yaradıcılıq yolumuzda buna həmişə nail ola bildik. Belə bir vaxtda həyat bizə çox ağır bir zərbə vurdu. 16 yaşına düz bir həftə qalmış oğlumuz Hüseyni faciəli şəkildə itirdik. Valideyn üçün övlad itkisi yaşamaq ağırdan da ağırdı. Mən yaşayacaqlarımı həmişə hiss etmişəm, yuxularımda görmüşəm, bu uşaqlıqda da belə olub. Hikmət yuxularımdan çox qorxardı. Duymuşdum ki, dünya mənə özü boyda dərd verəcək. Oğlumun ölümündən beş il əvvəl bir mahnı bəstələdim – “Dərd verdin”. Mahnını təqdim etdiyim müğənni Mətanət İsgəndərli heç cürə onu lentə yazdıra bilmirdi, sanki bir əl tutub onu saxlamışdı. Beş il yol gözləyən mahnı oğlumun üç mərasimi günü lentə yazıldi. İfanı dinləyəndə inanmadım ki, bu mahnının bəstəkarı mənəm. Mən hönkürtü ilə ağlamağı bacarmıram, çünki o, mənim içimdədi. Oğlumdan sonra bəstələrim damla-damla da olsa, mənə bir yüngüllük gətirirdi. Bir də ki, o zaman arxamda Hikmət vardı, dayağım vardı, bu yükü bərabər çəkə biləcəyim sirdaşım, məsləkdaşım vardı. Amma həyat onu da mənə çox gördü. Mənimlə oynadığı amansız oyunla bu dəfəki zərbəni elə vurdu ki, dünyam dağıldı. Təbiətimdə heç zaman üsyankarlıq olmayıb, verən də, alan da Allahdı. Hansı üsyankarlıq gedəni qaytara bilib? Artıq bir çiynimdə çətinlik vardı, o birində həyata davam etmək missiyası, çünki qarşımda üç övladımız dayanmışdı, onların isə heç bir günahı yox idi. Hikmətdən sonra bir boşluğa düşdüm, altı ay sonra isə anamı itirdim. O ərəfədə dostlarım məni Allahın evinə - Məkkəyə göndərdi. Bu olmasa idi, nə edəcəyəm sualının cavabını düşünməkdən, yəqin ki, ağlımı itirərdim. Ölümündən düz bir həftə əvvəl dövlətimiz bizə Əməkdar İncəsənət Xadimi fəxri adını vermişdi, sanki layiq olduğu mükafatı gözləyirdi Hikmət. Zəhmətinin, istedadının qiymətini aldı və vur-tut 21 yaşı olan birgə həyatımızın qapısını bağlayıb getdi. Bir il efirləri özümə yasaq etdim, lakin həyat öz axarı ilə davm edirdi, evdə Hikmətin üç əmanəti vardı. Anladım ki, bu ağır yükü onsuz da daşımaq məcburiyyətindəyəm. Hikmətsiz keçən bu on üç ildə onunla düşündüm, onunla yaratdım, onunla məsləhətləşdim, onunla dərdləşdim. Fəqət onsuz uşaqları böyütdüm, təhsil verdim, gəlin gətirdim, nənə oldum. İndi Hikmətin ailəsində daha bir Nailə Mirməmmədli böyüyür, onun ilk nəvəsi. Babasını yalnız şəkillərdən tanıyan, səsini lent yazılarından eşidən nəvəsi...

NAİLƏ

Hikmət kimi bir dost, ömür yoldaşı qazanmaq Allahın mənə bir lütfü idi. Onu itirəndən sonra üsyan etmək bir ibadət əhlinə yaddı. Mən Allahımı o qədər sevirəm ki, onun nəzərindən düşməyə qorxuram. Elə bir ailədə böyümüşəm ki, evdə yüksək səslə danışmağın nə olduğunu bilməmişəm. İndi anlayıram ki, heç demə o vaxt da atamın nəzərindən düşməkdən qorxmuşam. Musiqi dünyası ilə məni tanış edən atam olub. Onun özü kimi şeirə, sözə, musiqiyə dəyər verən dostları vardı. İndiyə kimi yadımdadı onlar – zabratlı Gülmurad dayı, Mürsəl dayı, iki Ağasəlim dayı vardı. Birinə qara Ağasəlim deyərdilər ki, söhbətin kimdən getdiyi bilinsin. Gülmurad dayının Zabratdakı evində tez-tez şeir, qəzəl, musiqi məclisi qurulardı. Kimlər olardı orada – Tofiq Bayram, Hüseyn Arif, Niyazi, Emin Sabitoğlu, Mirzə Babayev, Səttar Bəhlulzadə... Atam gedəndə məni də özü ilə aparardı. Bu dahiləri görüb tanıyanda on bir yaşım vardı, hardan biləydim ki, söz və musiqi sərraflarını görürəm. Biz uşaqlar şüşəbəndin bu tərəfində oynayar, o tərəfdə isə musiqi sözlə, qəzəllə yarışardı. Mənə uşaqlarla vaxt keçirməkdən daha çox, o tərəfdə baş verənlər maraqlı olurdu. Emin Sabitoğlu hər dəfə yeni mahnı ilə gəlirdi, Mirzə Babayev də bu bəstələrə öz möhürünü vururdu. Bir dəfə yenə də Mirzə dayının növbəti ifasından sonra atam Emin Sabitoğluna dedi ki, icazə ver qızım indi oxunan bu mahnını pianoda ifa etsin. Emin müəllim təəccüb içində dedi ki, ay Ağabala, mahnı nota yazılıb, bu uşaqdı, onu necə çalacaq. Atam şirin dillə bəstəkarın icazəsini alandan sonra mən pianinonun arxasına keçib və artıq hafizəmin yaddaşına köçürdüyüm mahnını səlis ifa edəndə, Emin Sabitoğlu heyrətini gizlədə bilməyib dedi ki, sən böyüyəndə bəstəkar ol. Mənsə on bir yaşlı qızcığaz kimin qarşısında ifa etdiyimdən çox bixəbərdim. Həmin vaxt orada olan rəssam Həsən Haqverdiyev qələmlə piano arxasında şəklimi çəkib mənə verdi. O şəkil indi də evimin divarını bəzəyir. İllər ötdü, mən Musiqi Akademiyasını bitirdim. O zaman prorektor olan, professor, gözəl xanım Zemfira Qafarovaya yaxınlaşıb dedim ki, bizim atalarımız dost olub. Və ona atası Həsən Haqverdiyevin çəkdiyi on bir yaşlı qızın piano arxasındakı şəklini göstərəndə o həm sevindi, həm təsirləndi, həm də məni qınadı ki, niyə bu illər ərzində ona yaxınlaşmamışam. Mən Zemfira xanıma gözlədiyim məqamda yaxınlaşdım, çünki özüm üçün oxumuşam, qiymətim neçə olub onu da almışam. İndi həmin şəklin surəti onun kabinetində asılıb. Klassik əsərlərimizin üzə çıxmasını çox istəyirəm. Özüm qapı döyməyi bacarmıram. Bu işə marağı, təklifi olan qurumlardan səs gözləyirəm. Bu gün dəbdə olan bir söz var – sponsor. Elə bir sponsor olsun ki, əsl Azərbaycan musiqisini xalqın eşitməsi üçün şərait yaratsın, seçim müxtəlifliyi olsun, təkrarçılıq yox. Qəbələ Beynəlxalq Musiqi Festivalları keçiriləndə, hədsiz sevinirdim. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi, P.Bülbüloğlunun mədəniyyət naziri olan dönəmlərdə tələb vardı. Əsas mövzu vətənpərvərlik olmaqla, tez-tez müsabiqələr kecirilirdi, konsertlər təşkil olunurdu ki, bəstəkarlar öz əsərlərini təqdim etsinlər. Səni həm maraqlandırırdılar, həm də rəqabətə yol açırdılar. Elə bir tədbir, dövlət konserti olmurdu ki, orada Hikmətlə mənim mahnım səslənməsin. Hər dəfə gənc müğənnilərlə işləyirdik. Bilirdin ki, sənin millətə, xalqa lazım olduğunu bildirən qurum var. İndi sanki bizi söndürüblər. Mən illərdir libretto axtarıram ki, orada mərd qadın obrazı olsun. Nə onu tapıram, nə də o librettonu yazan var. Bəlkə Hikmət olsaydı, o librettonu mənim üçün tapardı, çünki bir musiqiçi kimi hamı ilə ünsiyyətdə olan biri idi.

2006-cı ildə bizim son konsertimiz oldu. Ondan sonra konsert verməyə ürək etmirəm. Çox şükür edirəm ki, üzümüzü qaraldan övladlarım yoxdu. Ailədə hörmət var, böyük-kiçik arasında pərdə var – bunlar ailədən aldıqlarımdı ki, onlara ötürə bilmişəm. Övladlarımı oxşayıb, əzizləməyi bacarmasam da, onlar hər an mənim məhəbbətimi, onlara olan sevgimi hiss ediblər. Onların mənimlə fəxr etdiyini duymaq mənim üçün böyük fəxarətdi. Xoşbəxtəm ki, bunu bacarmışam.

VƏTƏN

Vətən mənim özüməm. Özümü qoruduğum kimi, Vətənimi də qorumağa borcluyam. Mirməmmədlilərin yaradıcılığının ana xətti vətənpərvərlik olub və mən bu gün də onu davam edirəm. SSRİ dağılandan sonra bu sahədə bir boşluq yarandı və onu mütləq doldurmaq lazım idi. Biz dayanmadan işlədik və istədiyimizə nail olduq. Hər il Təhsil Nazirliyi və Həmkarlar İttifaqı ilə birlikdə yaradıcı tələbələr arasında müsabiqə keçirilir. Müsabiqənin son hissəsini özüm hazırlayıram və vətənpərvərlik mövzusunda mütləq nəsə yazıram. Aprel döyüşlərinə həsr olunan “Qələbə marşı”nı Baba Vəziroğlu ilə birlikdə təqdim etdik. İndi də səbirsizliklə şanlı qələbəmizi gözləyirəm və bilirəm ki, o, çox yaxındadı.

QADIN GÜLƏRSƏ

Səmimi söhbətə şərait yaratdığınız üçün qəzetinizə təşəkkür edirəm. Ailəsində əmin-amanlıq, rahatlıq, xoşbəxtlik olanda qadının üzü gülür. Biz 21 il ömür sürsək də, bu, mənim xöşbəxtliyimdi. Bu gün mənə bir məclisdə salam verib, hörmət və diqqət göstərirlərsə, bu, xoşbəxtlikdi. Çünki o hörməti qazanmaq üçün özümə çox qadağalar qoyub, özümü qorumuşam. Şükürlər olsun ki, qazandıqlarıma görə gülməyə haqqım var və bunu özünə dəyər verən bütün xanımlara arzu edirəm.

Tamilla TEYMURQIZI

Əlyazmalar Fondunda əlyazma və çap kitablarının qeydiyyatına dair elmi-praktik seminar keçirilib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?