• 25 Sentyabr 2020
  • Dollar: 1.7 , Avro: 1.8692 , Rus rublu: 0.0266 Türk lirəsi: 0.2984

Qusar Dövlət Ləzgi Dram Teatrının yeni mövsümü

10:34 10/09/20 | Mədəniyyət

147-ci ildönümünü bu ilin mart ayının 10-da qeyd etmiş Azərbaycan Peşəkar Milli Teatrının uğurlu salnaməsində Qusar Dövlət Ləzgi Dram Teatrının özünə məxsus şərəfli yolu və böyük tarixi var. Teatrın kollektivi keçən mövsümə dramaturq Rafiq Rəhimlinin “Sönmüş talelər” əsəri ilə başlamışdı. Bu tamaşaya quruluşçu rejissor, teatrın baş rejissoru, Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova çox maraqlı quruluş vermişdi. Tamaşa respublikada çox maraqla qarşılanmışdı.

2019-cu il Qusar Dövlət Ləzgi Dram Teatrının mədəni həyatında məhsuldar bir il oldu. Həmin ilin dekabr ayı isə kollektiv üçün daha uğurlu bir ay kimi yadda qaldı. Belə ki, Teatr dekabr ayının əvvəllərində Azərbaycan Teatr Xadimləri İttifaqının rəhbərliyi ilə keçirilən “2+1” III Eksperimental teatr festivalında Rafiq Rəhimlinin “Üç gün üç gecə” tamaşası ilə çıxış etmiş və tamaşaçıların böyük rəğbətini qazanmışdır. Bir gün sonra isə Şuşa teatrında yerli dramaturq Asəf Mehmanın “Sədəf” tamaşası nümayiş olunmuşdur. Həmin ilin dekabr ayının əvvəllərində teatrın rəhbərliyi rayon məkəbləri ilə birgə “Teatr-uşaqların gözü ilə” adlı müsabiqə keçirmişdir. Müsabiqədə 500 nəfərədək məktəb şagirdləri iştirak etmiş, onlardan da xüsusi istedadları ilə fərqlənmiş 160 nəfər şagird münsiflər heyəti tərəfindən diplom və medallarla təltif olunmuşdur.

2020-ci ili də teatr kollektivi uğurla başlamışdır. Belə ki, 2020-ci ilin yanvar ayının əvvəllərində uşaqlar üçün Yeni ilə həsr olunmuş musiqili-əyləncəli şou proqramlar nümayiş etdirilmişdir. Yanvar ayının 20-də isə dramaturq Rafiq Səməndərin “Şəhidlər” tamaşası nümayiş olunmuşdur. Bu tamaşa da Qusar camaatı tərəfindən çox böyük maraqla qarşılanmışdır. Fevral ayında nümayiş olunan Rober Tomanın “Səkkiz qadın”, İsi Məlikzadənin “Hərənin öz ulduzu”, Əsədulla Novruzbəyovun “Peşəkar ər” tamaşaları da tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Fevral ayının 26-da “Xocalı soyqırımı”na həsr olunmuş Meyxoş Abdullahın “Əsir qadın” tamaşası rayon ictimaiyyətinə və məktəblilərə təqdim olunmuşdur. Bir daha tamaşaçılar həmin dəhşətli anları yaşayıb, erməni gavurlarına nifrətlər yağdırmışlar.

Yeni teatr mövsümü ilə bağlı teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Faiq Qardaşovla əlaqə saxladıq. İlin əvvəlindən bu vaxta qədər gördüyü işlər və bu mövsümdə görəcəyi işlərlə bağlı onunla həmsöhbət olduq. Bu haqda Faiq Qardaşov belə dedi:

- Teatrımızın 2020-ci ilin repertuar planında Cəfər Cabbarlının “Aydın”, İdris Şamxalovun “Pərixanum”, Ağalar İdrisoğlunun “Şah İsmayıl Xətai”, Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri- xani- Lənkəran” əsərləri təsdiq olunub. Beləliklə, 2020-ci ilin I rübündə hazırlanmalı olan Cəfər Cabbarlının “Aydın” tamaşasının məşqləri koronavirus pandemiyası səbəbindən yarımçıq qalıb. Pandemiya başlanandan bəri məşqləri onlayn formada qurmağa çalışdıq. Pandemiya davam etdiyinə görə əvvəllər oynanılmış tamaşalarımıza müraciət etməli olduq. Mövcud vəziyyətdə biz onlayn nümayişlər vasitəsi ilə öz tamaşaçı auditoriyasını genişləndirməyə çalışırıq. Bu virtual forma dövrün tələbinə uyğun atılmış, təbliğat baxımından vacib bir addımdır. Ümid edirik ki, virtual tamaşaları izləyən tamaşaçılar pandemiya dövrü başa çatandan sonra həmin tamaşalara canlı formada baxacaqlar. Hal-hazırda teatrın virtual tamaşaları Facebook və Youtube səhifələrində maraqla nümayış olunmaqdadır.

Ölkədə tədbiq olunmuş sosial izolyasiya tədbirlərinə baxmayaraq teatr öz onlayn məşqlərini davam etdirir. Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının bir qolu olan Qusar Dövlət Ləzgi Dram Teatrı şimal bölgəsində milli və ümumbəşəri dəyərlərin təbliğinə, vətənpərvərlik ruhunun, yüksək mənəvi keyfiyyətlərin aşılanmasına və estetik zövqün formalaşmasına xidmət edir. Fəaliyyətimiz dövründə həmişə mədəniyyətə dövlət tərəfindən qayğı göstərilmiş, mədəniyyət sahəsində çalışan işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması və bütövlüklə Azərbaycan teatr sənətinin inkişafı ilə bağlı silsilə tədbirlər həyata keçirilməkdədir. İnanırıq ki, tezliklə pandemiya adlı qara bulud ölkəmizin üzərindən götürüləcək və biz tamaşalarımızı çox yüksək səviyyədə tamaşaçılara təqdim edəcəyik. Ən əsası odur ki, biz nikbin əhval-ruhiyyədəyik. Həm də kollektivimiz böyük həvəslə yeni tamaşalarımızı hazırlamağı gözləyir.

Ağalar İDRİSOĞLU, 
Əməkdar incəsənət xadimi

Əlyazmalar Fondunda əlyazma və çap kitablarının qeydiyyatına dair elmi-praktik seminar keçirilib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?