• 25 Sentyabr 2020
  • Dollar: 1.7 , Avro: 1.8692 , Rus rublu: 0.0266 Türk lirəsi: 0.2984

Sabirin gördüyü göy qurşaqları

10:45 10/09/20 | Mədəniyyət

(Aktyor haqqında düşüncələrim)

İnsan dünyaya gəlir. İlk dəfə olaraq gözünü açıb sirlərlə dolu ətrafına baxanda, təbii ki, ilk baxışdan bir şeyi anlamır. Lakin illər keçəndən sonra, bəlkə də, uşaqlıq çağlarından başlayaraq sehirli dünya, öncə doğulduğu ata evinın, doğma kəndinin tozlu-torpaqlı küçələrinin intəhasız sirlərini yavaş-yavaş açmağa, ona yaxın olan insanlar tərəfindən suyun, çörəyin hansı yolla əldə edildiyini öyrənməyə, yaradıcı əməyi anlamağa başlayır. Əlbəttə ki, bunlar uşaqlıq illərinin ilkin çağlarına təsadüf edir və bu olaylar dünyanın istənilən nöqtəsində, istənilən adamla baş verə bilər. Mənim qəhrəmanımla da belə şeylər baş verib...

Qəhrəmanım ötən əsrin ortalarına yaxın Tovuz rayonunun Əyyublu kəndində dünyaya göz açmış Sabir Musa oğlu Qurbanovdur. Onun kim olduğu barədə açıqlama verəcəm. Amma hələlik uşaqlıq illərinə baş vurmağa çalışacam. Nələr xatırlanır o illərin yaşam çağlarında. Hələ ağlının kəsmədiyi çağlarda Sabir tez-tez doğma kəndinin qarşısında güvən yeri kimi xatirəsində yaşayan dağlara nəzər salardı. Bu zaman ona elə gələrdi ki, uca və əlçatmaz dağların arxasında göylə yer birləşir. Beləcə yalnız doğulduğu, nur dolu dünyaya göz açdığı kənddən ibarət olan yaşam aləminin sonu çatır, ondan sonra isə ulu Tanrının intəhasız səması başlayır.

Amma Sabir buna təəccüblə yanaşmırdı. Güman edirdi ki, doğma kəndin küçələrinin sonu olduğu kimi, seyr etdiyi dünyanın da sonu olmalıdır. Bu təsəvvürlər onu heç də təəccübləndirməzdi. Onu təəccübləndirən axşam çağlarında seyr elədiyi səmavi dağların arxasında sayrışan göy qurşağıydı. Həmin o göy qurşaqlarını seyr etməkdən doymur, əsl uşaq marağıyla sayrışan, hər dəfə ayrı-ayrı çalarlara malik olan, hər dəfə başqalaşan əsrarəngiz təbiət gözəlliyinin nəyə bənzədiyini təsəvvüründə canlandıra bilmirdi.

İllər keçdikcə, aylar biri-birini əvəzlədikcə, bizim Sabir də böyüdü. Böyüdü və bütün uşaqlar kimi yuxarı sinifə qədəm qoydu. Təbii ki, həmin illərdə uşaq hekayə və nağıllarından yavaş-yavaş uzaqlaşar, ədəbiyyatın daha ciddi sayılan roman, povest və hekayələrinə nəzər yetirərdi. Daha sonra dram əsərləri ilə təmasda olmağa başladı.

Əvvəllər dram əsərləri Sabirə qəribə təsir bağışlardı. Sonra müəllimlərinin köməyi ilə dram əsərlərinin əsas məğzi ona aşılanmağa başlandı. Bu haqda Sabir belə deyir:

- Altıncı sinifdə oxuyanda bir dəfə müəllimim Mirzə Fətəli Axundovun “Hacı Qara” əsərinin “masaarxası məşqini keçirdi”. Elə o vaxtda ədəbiyyat janrları arasında dram əsərlərinin nəyə görə bu şəkildə olduğunu anlamağa başladım. Bu səbəbdən onda, az qala bütün Azərbaycan dramaturgiyasını və xatırlanan illərdə yenicə nəşr olunmuş Şekspir əsərlərini oxudum. Amma o illərdə...

Qoy Sabirin həzin xatirələrini mən davam etdirim.

Növbəti “masaarxası məşq” günlərinin birində Sabirin təhsil aldığı kənd məktəbinin qayğıkeş öyrətmənlərindən sayılan İmralı müəllim və Diləfruz müəllimə əllərini Sabirin çiyninə vurub “bu sənətin dalınca getsən gələcəkdə sənnən yaxşı aktyor olar” demişdilər. Onda Sabiri gözləmədiyi halda ortaya çıxan və gələcəkdə ömür yoluna işıq salacaq bir həqiqət qoynuna almışdı.

O vaxtlar həyatın çətin sınaqları ilə hələ üzləşməmiş Sabirin canlı ifaçılıq sahəsinin ən qədim, ən geniş, ən nüfuzedici sahələrindən biri olan vizual aktyorluq sənətinin hansı çətinliklər, hansı qayğılar, hansı itkilər hesabına əldə olunduğundan, bu sənətin kifayət qədər “bəxtəbəxt” olduğundan, saysız-hesabsız istedadsız adamların o sahəyə soxularaq və özlərindən asılı olmayaraq intəhasız dərəcədə əziyyət çəkdiyindən, azsaylı istedad sahiblərinin də əziyyətə qatlaşaraq bu canlı, yaradıcı cəzbedici sənətdən dünyalarca zövq amalarından xəbəri yox idi. Şəxsən onun xarakterinə bələd olduğum üçün inamla deyə bilərəm ki, xəbəri olsaydı belə uşaqlıq illərində ürəyində özünə yer almış sənətin dalınca hökmən gedəcəkdi.

Amma hələ qarşıda keçiləcək uzun və ilğımabənzər yol vardı...

Təbii ki, gələcəkdə nəyəsə nail olmaq arzusu ən yüksək insani dəyərlərdən sayılır. Lakin həyatın da özünəməxsus gedişləri var axı; ailədə bircə bacıları olan altı ərən oğul böyüyürdü. Dolanış baxımından bütün ağırlıq İkinci Dünya Savaşından yaralanaraq ömür boyu dava-dərmana möhtac olan Musa kişinin çiyinlərinə düşmüşdü onda. Bu səbəbdən ataya maddi dəstək olacağını düşünən yeniyetmə Sabir, həm orta təhsilini uğurla başa vurmaq, həm də çörək qazanmaq naminə sənət öyrənmək üçün yurdumuzun ulu şəhərlərindən sayılan Gəncəyə yollandı.

Gəncə şəhərində 19 saylı texniki-peşə məktəbində təhsil alan Sabir Qurbanov gələcəkdə ecazkar aktyorluq sənətinə yiyələnmək arzusunu unutmamışdı. Bu səbəbdən xatırlanan sənət yönümlü peşə müəssisəsində təhsil almağa başlayan kimi oxuduğu peşə məktəbində dram dərnəyi yaratdı və təhsil aldığı iki il ərzində həm həvəskar aktyor, həm də rejissor kimi fəaliyyət göstərdi Sabir bəy. Amma uşaqlıq çağlarında dərk elədiyi göy qurşağını nəyəsə bənzədəcəyindən hələ xəbəri yoxdu. Buna baxmayaraq xatırlanan peşə məktəbinin bütün uşaqları kimi, hazırlanacaq həvəskar tamaşasının olacağı günü böyük bir səbirsizliklə gözləyirdi.

Nəhayət gözlənilən gün gəlib çatdı. Peşə məktəbində baş tutan tamaşanın veriləcəyi səhnə gözə dəymirdi. Çünki onun qarşısını yüngül, hələ açıq qalmış pəncərələrdən daxil olan bahar nəsimindən titrəməkdə olan rəngarəng pərdəni nəzərdən keçirirdi. Elə bu zaman xatirələrində özünə yer alan göyqurşağı yadına düşmüşdü. Yadına düşmüşdü ona görə ki, səhnənin pərdəsi həmin o göy qurşağını xatırladırdı. Bu səbəbdən o pərdəyə baxmaqdan doymurdu. Bəlkə də saatlarla ona baxacaqdı, əgər onu xəyali dünyasından ayırıb səhnəyə dəvət etməsəydilər.

Xatırlanan gün Sabirin təhsil aldığı peşə məktəbinin həvəskar teatrı səhnəsində inamla yaratdığı obraz sayəsində Süleyman Sani Axundovun canlı ifa yozumunu tapan “Laçın yuvası” tamaşası çox uğurlu alınmışdı, təbii ki, həvəskar tamaşa səviyyəsində. Özü də hamıdan çox Sabir alqışlanmışdı onda. Sonralar onlarla dəfə peşəkar səhnələrdə və kino ekranlarında çoxsaylı rollar oynamasına baxmayaraq, sənətlə bağlı xatırlanan peşə məktəbi tamaşasının silinməz təəssüratları indiyə kimi yaddaşında özünə yer alıb Sabir Qurbanovun.

O, orta məktəb müəllimlərinin dediyi həqiqəti həyata keçirmək üzrəydi. Lakin, az sonra keçmiş Sovetlər Birliyinin ordu sıralarında hərbi borcunu yerinə yetirməkdə olan sıravi əsgər Sabir Qurbanovun səsi uzaq Almaniyadan gəlməyə başladı. Burq şəhərində zenit-artilleriya alaylarının birində hərbi xidmətini yerinə yetirən Sabir Qurbanov orada azsaylı azəri əsgərlərinin iştirakı ilə rəqs dərnəyi yaratmış və iki il ərzində ona rəhbərlik eləmişdi.

1969-cu ilin sonunda əsgəri xidmətini başa vuran gələcək aktyor arzularının özünə yer aldığı zirvəyə üz tutmağa başladı. Peşəkar səhnəyə gedəcək yolunu bir kənd çərçivəsində, təbii ki, həyata keçirməsi mümkün deyildi. Üstəlik Sabir “yerlə göyün birləşdiyi” Əyyublu dağlarının arxasının dünyanın sonu olmadığı qənaətinə də gəlmişdi. Bu səbəbdən, Gəncədə 19 nömrəli sənət məktəbini bitirəndən sonra Əyyubluya qayıdıb onuncu sinfi başa vuraraq orta məktəbi tamamlayandan və iki illik hərbi qulluğunu başa vurandan sonra, o zaman adı dünyanı dolaşan Sumqayıt şəhərinə yollanmağı qərara almışdı. Bilirdi ki, gənclik şəhəri ona qucaq açacaq, uşaqlıq illərindən qəlbində özünə yer alan aktyor olmaq istəyinin həyata keçirilməsi yolunda xeyir-dua verəcək. Üstəlik həmin şəhərdə təzəcə açılmış – Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının fəaliyyət göstərdiyini də Sabir bəy bilirdi. Lakin taleyi onu xatırlanan şəhərə yox, demək olar ki, ona bitişik olan Xırdalan qəsəbəsinə aparıb çıxarmışdı.

Əlavə məlumat olaraq, bu deyilənləri, həzin xatirə kimi Sabirin öz dilindən, bir də az qala yarım əsrlik yaşam tarixini özündə əks etdirən, zamanın gedişinə dözməyərək saralmış, az qala oxunması mümkün olmayan bir sıra qəzet materiallarından almışam. Elə yazımın gedişində bu xatirə və yazılı qaynaqlara müraciət edəcəm.

Ceyranbatan gölünün yaxınlığında yerləşən, inzibati baxımından Abşeron rayonuna daxil olan Xırdalan qəsəbəsi Sabirin zirvələrə uzanan yolunu duyaraq və daxili aləmində özünə yer alan arzularını hiss edərək ona qucaq açmışdı. Arzularının həyata keçirilməsi yoluna işıq salan arzuları qanad açmağa başlamışdı. Xırdalan qəsəbə Mədəniyyət evində Xalq teatrı fəaliyyət göstərirdi onda. Söhbət ötən əsrin yetmişinci illərinin əvvəlində formalaşmış ictimai-siyasi həyatımızın çətin çağlarından – əlli il bundan qabaqkı illərindən gedir. İyirmi bir yaşını təzə adlamış Sabir həmin illəri belə xatırlayır:

- Onda istehsalat sahəsində çalışırdım. Hər gün işdən sonra vaxt tapıb Mədəniyyət evinə yollanır, oğrun-oğrun pəncərələrdən boylanaraq səhnədə aparılan tamaşanın məşqlərinə baxırdım. Açığı səhnədə çıxış edən həvəskar aktyorları qibtə ilə seyr edirdim və düşünürdüm ki, nə olaydı kaş məni də içəri buraxaydılar. Heç olmasa pəncərədən məşqləri seyr etməyə qoyaydılar. Fikirləşirdim ki, “kənd aktyorunu ora buraxarlarmı görən?”

“Kənd məktəbi aktyoru” necə Xalq teatrının aktyoru oldu

Sabirin Xalq kollektivinin məşqlərinə oğrun-oğrun baxmağı nə qədər davam etmişdi onda? Həmin illərdə ona elə gəlirdi ki, bu onun həyatında uzun bir zaman kəsimi boyu davamını tapmışdı. Amma xatırladığım saralmış, əski qəzet materiallarına nəzər salanda həmin dövrün az müddəti əhatə edən zaman kəsiminin şahidi oluram. Ona görə ki, Abşeron Mədəniyyət evində fəaliyyət göstərən Xalq teatrı kollektivi pəncərə qabağından belə uzaqlaşdırılacağından ehtiyatlanan keçmiş “kənd məktəbi aktyoru”nu tezliklə qoynuna almış və az bir vaxtda Xalq teatrının ən fəal üzvlərindən birinə çevirmişdi Sabir Qurbanov. Bax bunun da özünün maraqlı tarixi vardı...

Sabirin 50 il bundan qabaq arxada qoyduğu illərini yazımda əks etdirmək üçün yenə də onun həzin xatirələrinə üz tuturam:

- 1970-ci il, aprel ayının 3-də 21 yaşım olanda, öz istəyim və valideynlərimin xeyir-duasıyla ailə həyatı qurdum. Elə həmin o düşərli ildə də Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə qəbul olundum. Ailəmlə birgə Xırdalan kəndində kirayə yaşamağa başladıq. Əlbəttə ki, maddi çətinliklə üzləşməklə bərabər vaxt azlığı ilə də üzləşirdim: gündüzlər quşçuluq fabrikində çalışır, axşam instituta təhsil almağa yollanır, gecələr mühafizə bölümünün briqadiri vəzifəsini yerinə yetirir, altı və bazar günlərində isə Xırdalan Mədəniyyət evində dram dərnəyinin rəhbəri kimi fəaliyyət göstərirdim. Günlərim Cek Londonun unudulmaz roman qəhrəmanı Martin İdenin həyatına bənzər halda yaşanırdı. Buna baxmayaraq daxilimdə özünə yer alan ali məqsədlərim uğrunda yorulmadan çalışmaqdan bezmirdim. 1971-ci ildə ömür-gün yoldaşım Həbibə xanım Bakı Məktəbəqədər Pedaqoji Texnikumuna qəbul olunaraq qiyabi təhsil almağa, az sonra isə Xırdalanda uşaq bağçasında tərbiyəçi-müəllimə kimi əmək fəaliyyətinə başladı. Kirayədə qaldığımız mənzilimizdə evimizin avadanlığı bizə cüzi şəkildə yetərliydi. 1972-ci ildə böyük oğlum dünyaya gəldi. Kirayədə yaşadığımız vaxtlar 1974-cü yaşam ilim də sona yetdi; Xırdalan Mədəniyyət evində özünü göstərən yaradıcılıq fəaliyyətim rayon rəhbərliyinin diqqətindən yayınmamışdı. Bu səbəbdən də elə həmin il məni Ceyranbatan Mədəniyyət evinə direktor təyin etdilər. Həyat yoldaşım burada fəaliyyət göstərən uşaq bağçasında müəllimə kimi əmək fəaliyyətini davam etdirdi. Burada ailə yataqxanasında yaşadığımız dörd il ərzində daha iki oğlumuz Ülvi dünyaya gəldi.

Yazı qəhrəmanımın yaradıcı insan olaraq yaşanmış yarım əsrlik yaşam tarixinin bədii təəssüratlarını daxili aləmimdə canlandırmaq üçün yenə də xatırladığım“saralmış” qəzet saylarına üz tuturam.

“Saralmış” qəzetlər danışır

“Abşeron” qəzetinin 11 may 1972-ci il tarixli sayında özünə yer alan “Ciddi hazırlaşırıq” adlı məqalədə Sabir Qurbanov, artıq, xatırladığım Dram kollektivinin rəhbəri kimi təqdim olunur.

Zaman, təbii ki, dayanmaq bilmir, günlər həftələrə, həftələr aylara, aylar illərə qovuşurdu. Sabir Qurbanov əsl entuziazmla, böyük həvəslə yaradıcı işə girişmişdi onda. Gəncliyin hərarətli nəfəsi ilə cilalanmış həmin illəri yaradıcılıq axtarışları ilə dolu olan xəyalımda canlandırmaq üçün yenidən xatırlanan dövrün “Abşeron” qəzetinə nəzər salıram: onun 1 fevral 1973-cü il sayında Əbdürrəhimbəy Haqverdiyevin “Bəxtsiz cavan” faciəsinin canlı səhnə təcəssümünü özündə əks etdirən məqaləsində Sabir Qurbanovun, daha bir yaradıcı tərəfi - teatr rejissoru fəaliyyəti ilə üzləşirəm: “...tamaşanın quruluşçu rejissoru - Azərbaycan Dövlət İncəsənət İnstitutunun III kurs tələbəsi Sabir Qurbanov... ”

Göründüyü kimi, kənd məktəbində oxuduğu illərdə öz müəllimləri tərəfindən “kəşf olunmuş” aktyorluq, üstəlik, sonralar özünü biruzə vermiş rejissorluq istedadı Sabirin varlığında özünü tam şəkildə göstərməyə başlamış, bu vizual və canlı sənətin zirvələrinə doğru inamla can atmağa səsləmişdi. Sabir Qurbanovun rəhbərlik elədiyi Xalq teatrı öz zəngin repertuarına sığınaraq fəaliyyət göstərdiyi Abşeron rayonunun kənd-qəsəbələri ilə bərabər, respublikamızın müxtəlif bölgələrinə, hətta onun hüdudlarından kənarlara, o cümlədən, Moskvaya uğurlu qastrol səfərlərinə çıxır, həmişə də mükafatla qayıdırdı. Rəhbərlik elədiyi Xalq teatrı səhnəsində Sabir həm aktyor, həm rejissor kimi səhnə təcrübəsi sayəsində kifayət qədər ustalığa nail ola bilmiş, üstəlik ali təhsilli dram və kino aktyoru olaraq yüksək əyarlı mütəxəssisə çevrilmişdi. Təbii ki, belə vəziyyətdə onu daha yüksək - Dövlət Teatrları səviyyəsində olan səhnə özünə cəlb etməyə bilməzdi. Ona görə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının yaradıcı kollektivi arasında Sabir Qurbanovun adına rast gəlinməsi onu tanıyanlar tərəfindən o qədər də təəccüblə qarşılanmamışdı.

Dövlət Teatrının aktyoru Sabir Qurbanov

Sabir Qurbanovun ötən əsrin səksəninci ilində peşəkar dövlət teatrına gəlişi, elə ilk günlərdən rejissorların diqqətini çəkməyə başlamışdı. Çünki onların demək olar ki, hamısı, o cümlədən Xalq artisti Mərahim Fərzəlibəyov, Əməkdar incəsənət xadimi Oruc Qurbanov, mərhum Yusif Əkbərov, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, Şaiq Səfərov və mərhum Rövşən Almuradlı kimi rejissorlar onun Ceyranbatan qəsəbəsində fəaliyyət göstərən Xalq teatrının səhnəsində (yeri gəlmişkən, onu da demək yerinə düşərdi ki, Sabir Qurbanov doğma Xalq teatrı ilə də yaradıcı əlaqəsini kəsməmişdi), yaratdığı həm dramatik, həm də komik obrazların özünəməxsus çalarlarına bələd olduqlarından, ona görə hamısı Sabirin aktyor potensialından istifadə etməyə çalışırdılar. Bu səbəbdən qısa müddət ərzində Sabirin xatırlanan Sumqayıt Dövlət Dram Teatrının səhnəsində uğurlu yozumunu tapan Cəfər Cabbarlının “Vəfalı Səriyyə”sində Həmzə bəy, Süleyman Sani Axundovun “Tamahkar”ında İmran, Mixail Lermontovun “Maskarad”ında ev sahibi, Gennadi Bokarevin “Poladəridənlər”ində Volodya, Yusif Əzimzadənin “Nəsrəddin” əsərində Əhməd kişi, Nəriman Həsənzadənin “Bütün Şərq bilsin” əsərində IV aparıcı, Azat Abdulinin “13-cü sədr” əsərində Kudaşov, Tennesi Uilyamsın “İstək tramvayı” pyesində həkim, Anarın “Adamın adamı” komediyasında Mərdi Mazarov, Ağalar İdrisoğlunun “Şah İsmayıl” tarixi faciəsində Aşıq Qurbani, Əbdürrəhim bəy Haqverdiyev və Jan Keverin “Xacə Şah” faciəsində Murtazəqulu xan, Camal Yusifzadənin “İntilgentlər”ində xəstə, Akif Həsənoğlunun “Dünyaxanım ev axtarır” əsərində şair Kələntərli, Georgi Xuqayev “Varlı ev” faciəsində Sərmət, Aleksandr İvaşenkonun “Uşağa bir üç yazın” komediyasında Albert, Nazim Hikmətin “Bayramın birinci günü” pyesində şübhəli adam, Yusif Əzimzadənin “Bir saatlıq xəlifəlik” əsərində vəzir, “Ən xoşbəxt adamlar”da el sənətkarı Aşıq Səməndər, Mövlud Süleymanlının “Dəyirman” pyesində Aşıq Rəfi, Şahmar Qəriblinin “Gəlin açıq danışaq, lap açıq” satirik komediyasında aparıcı, Camal Yusifzadənin “Qəbul təxirə salınır” pyesində baş mühəndis, Hacıbaba Nəzərlinin “Ayıl bax bu dünyaya” əsərində Hüseyn bəy və sair səhnə obrazlarını misal göstərmək olar.

Əslində Sabir Qurbanovun Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Tearı (keçmiş Musiqili-Dram Teatrı) səhnəsində yaratdığı obrazların hamısını yada salsaq onun sayı sadaladığımızdan daha çoxdur. Təxminən yüzdən çox obraza yaxındır. Həmin obrazların köməyi ilə aktyor cəmiyyətimizdə dərin köklərə malik olan neqativ hallara qarşı aparılan gərgin və barışmaz mübarizələrə qoşulur. Amma əslində bu mübarizəyə qoşulmanın tarixi Sabirin Xalq teatrındakı yaradıcı fəaliyyəti zamanı həm bir aktyor, həm də rejissor olaraq yaradıcılığının ilk illərinə təsadüf edirdi.

Aktyor Sabir Qurbanov tərəfindən yaradılmış səhnə obrazlarının təhlilinə gəlincə, təbii ki, balaca bir məqalə çərçivəsində onların təhlilinə nail olmaq mümkün deyil. Çünki həmin o canlı obrazların sayı artıq yüzü keçib. Aktyorluq sənətiylə təmasda olmayanlar da adətən səhnə təcəssümünü tapmış xatırladığımız bu yüzdən çox rolu aktyor üçün adi hal sayır, hər birinin arxasında nə qədər axtarış dolu günlərin, həftələrin, ayların yaşandığını, nə qədər dramatik sözlərin əzbərləndiyinə, mənimsənildiyinə lazım olan kimi varmırlar. Bu baxımdan, Sabir Qurbanovun dostu, tanınmış teatr və kino rejissoru, mərhum Rövşən Almuradlının Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı səhnəsində hazırladığı tamaşalarda oynadığı rollar haqqında, səhnə yozumu baxımından qısa məlumat vermək istərdim.

Məlum olduğu kimi tanınmış teatr və kino rejissoru Rövşən Almuradlı tamaşalarına ictimai-siyasi kolorit verməklə cəmiyyətimizin üzləşdiyi bir sıra problemləri ön plana çəkməyi xoşlayırdı və demək olar ki, tamaşaya qoyduğu əsərlərin səhnə təcəssümündə buna nail olurdu.

Ötən əsrin səksəninci illərində Sumqayıt Dövlət Dram Teatrı səhnəsində onun bədii düzəm verdiyi tamaşaları buna misal olaraq göstərmək olar. Abdulla Şaiqin “Bir saatlıq xəlifəlik” pyesi üzrə hazırlanmış tamaşada Sabir Qurbanovun oyunu, təsir gücünə görə, xatırlanan zamanın harın oliqarxlarını, Mövlud Süleymanlının “Dəyirman” povesti əsasında hazırlanmış eyniadlı tamaşada yaratdığı Aşıq Rəfi obrazı nəzər diqqəti özünə cəlb edirdi. Həm məlahətli səsi, həm də mükəmməl saz çalmasıyla (“Əyyubluda hamı saz çalmağı bacarır”) canlandırdığı səhnə obrazının el sənətkarının üsyankarlığı səviyyəsində təqdim etməsi tamaşaçılarını ictimai haqsızlıqlara, məişətimizdə özünə yer almış neqativ davranışlara qarşı mübariz olmağa, ötən əsrin son onilliklərində cəmiyyətimizin gözü qarşısında at oynadan adamların ifşa olunması naminə tamaşaçını susmamağa çağırır, beləcə tamaşanı seyr eləyən insanın, rahatsız vətəndaşın daxili aləmində çözələməkdə olan insanlıq hisslərini oyadaraq gücləndirməyə can atırdı. Bu sözləri aktyorun dahi türk şairi Nazim Hikmətin pyesi əsasında hazırlanmış və ötən əsrin səksəninci illərinin sonunda teatr ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmış “Bayramın birinci günü” tamaşasında uğurla oynadığı Şübhəli adam obrazı haqqında da demək olar.

Yazımın əvvəlində Sabir Qurbanovun Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirməsini vurğulamışamsa, deməli, onun kino ekranlarında gördüyümüz ekran obrazlarına sığınaraq vizual yaradıcılığı haqqında da söhbət açmalıyam. Bu barədə düşünərkən ilk növbədə kinoda oynadığı yaddaqalan rollarını xəyalımda canlandırarkən vurğulamaq istərdim ki, aktyorun “Dəyirman” tamaşasında yaratdığı el sənətkarı Aşıq Rəfi və Georgi Xuqayevin “Varlı ev” faciəsindəki (quruluşçu rejissor, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu) Sərmət obrazları da o zaman lentə alınaraq Azərbaycan Dövlət Televiziyasının qızıl fonduna daxil edilmişdir. Sabir Qurbanovun kino ekranlarında, o cümlədən məşhur “Yük”də Səməd Mənsur, “Ünvansız qız”da komendant, “Cavad xan”da Kor Aşıq kimi yaratdığı ekran obrazları tariximizin yaddaşında özünə layiqli yer almışdır.

Sabir Qurbanovun yetmiş illiyini xatırlarkən zarafatyana dediyi “getmiş” sözünün üstündən xətt çəksəm də, ömrünün müdrik insan kimi yaşanmış günlərinə nəzər saldım.

Nələr gördüm o illərdə?

O illərdə Sabirin 24 yaşlı oğlu Müşfiqin itkisi ilə, cəmiyyətdə bəzən özünü biruzə verən ictimai-siyasi haqsızlıqdan gələn ürəktutmalarıyla müşahidə olunan, ürək əməliyyatı ilə nəticələnən günlərini hiss elədim. Amma Sabir bəyin mübarizliyinin, nikbinliyinin şahidi olduğuma görə qərara gəldim ki, özünün dediyi “...yarpaq tökülməyə başlayıb” sözlərinə, “Yarpaq hələ tökülməyib”, - deyə etiraz elədim. Yarpaq hələ tökülməyibsə, deməli, həyat davam edir. Ona görə bu yazımı qələmə aldığım gün – 2020-ci ilin aprel ayının 3-ü Sabir bəyin və Həbibə xanımın “Qızıl toy”unda iştirak etmək üçün getdim. Yol buyu da yadıma düşdü ki, Sabir Qurbanovun üç oğlu - Ülvi, Lətif, Elmir Qarabağ döyüşlərində çox böyük qəhrəmanlıqla döyüşüblər və hər üçü Vətəni ataları kimi dərin məhəbbətlə sevdiklərini bu müqəddəs əməlləri ilə sübut ediblər. Axı Sabir Qurbanov da bir vaxtlar Sumqayıt Dövlət Musiqili-Dram Teatrında işləyən vaxtı kollektivlə birlikdə tez-tez cəbhə bölgələrində olurdu. Əsgərlər qarşısında oynadığı həm maraqlı obrazları və həm də yaxşı saz çalması ilə həmişə gurultulu alqışlarla qarşılanırdı. O, əsgərlərə bir valideyn kimi yaxşı nəsihətlər verirdi. Hətta həmin vaxtı onun oğlanları Lətif və Elmir də Qarabağ döyüşlərində düşmənlə ölüm-dirim savaşlarına girirdi. Sabir bəyin övladlarının da döyüşlərdə iştirak etdiyini bilən əsgərlər ona böyük sevgi və sayğı ilə yanaşırdılar. Onlar əsgər geyimində olan Sabir bəylə böyük həvəslə şəkillər çəkdirirdilər. Deməli, Sabir Qurbanov özünün bu müqəddəs əməlləri ilə özündən sonra onun müqəddəs yolunu davam etdirən və xalqı üçün hər çətinliyə dözməyi bacaran üç yüksək vətənpərvər oğul yetişdirib. Hər valideynə nəsib olmur ki, belə vətənpərvər, yüksək təxəyyüllü, ağıllı, böyüyün, kiçiyin yerini bilən, millətini öz canından çox sevən övladlar yetişdirmək. Sabir bəy 10 nəvəsi ilə də fəxr edir. Onlardan artıq üçü ali məktəb tələbəsidi. Biri kollecdə təhsil alır. Və o birilər də orta məktəbdə yaxşı qiymətlərlə oxuyurlar. Baba üçün bundan da böyük sevinc ola bilməz. Bu, bütün fəxri adlardan çox üstündür.

Vaqif RƏSULOĞLU, 
Teatrşünas

Əlyazmalar Fondunda əlyazma və çap kitablarının qeydiyyatına dair elmi-praktik seminar keçirilib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?