• 28 Sentyabr 2020
  • Dollar: 1.7 , Avro: 1.8568 , Rus rublu: 0.0264 Türk lirəsi: 0.2994

1918-ci il sentyabrın 15-də Bakının azad olunması Qafqaz İslam Ordusunun böyük zəfəri idi

11:55 16/09/20 | Siyasət

«Cənubi Qafqaz regionu, xüsusilə də Azərbaycan hər zaman öz strateji yerləşimi, münbit şəraiti, o cümlədən, sərvətləri ilə işğalçı ölkələrin diqqət mərkəzində olub. 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olmaqla yanaşı, xalqımızın tarixində mühüm bir hadisə idi. Belə ki, əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız nəhayət ki, öz müstəqil dövlətinə sahib oldu. Yüz ildən artıqdır ki, ermənilər tarixi şəraitin verdiyi fürsətdən istifadə edərək, havadarlarının köməyilə azərbaycanlı əhaliyə qarşı terror aktları, kütləvi qırğınlar, soyqırımları və deportasiyalar həyata keçirirlər. XX əsrdə həm Cənubi Qafqazda, həm də Şərqi Anadoluda ermənilər havadarlarının dəstəyi ilə türk-müsəlman əhalisinə qarşı dəfələrlə kütləvi qırğınlar törətmiş və deportasiyalar həyata keçirmişlər. Lakin ermənilər tarixi saxtalaşdıraraq özlərini dünyaya soyqırıma məruz qoyulan xalq kimi təqdim edirlər. Təəssüf ki, nəinki ermənilərin XX əsrin əvvəllərində törətdikləri qırğınlar, hətta 1991-1994-cü illərdə Azərbaycanın işğal edilmiş ərazilərində törətdikləri ağlasığmaz cinayətlər belə, beynəlxalq təşkilatlar və dünyada söz sahibi olan dövlətlər tərəfindən sükutla qarşılanmışdır. Törətdiyi qanlı cinayətlərə görə işğalçı Ermənistanın bu günədək cəzasız qalması onu yeni-yeni cinayətlərə sövq edir. Ermənilərə havadarlıq edən dövlətlər və beynəlxalq qurumlar guya 1915-ci ildə baş vermiş «erməni soyqırımı»nı tanımaqla tarixi gerçəkliyin üzə çıxmasına əngəl olmağa çalışırlar.

Bu fikirləri İkisahil.TV-yə müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov​ bildirib.

E.Əhmədov qeyd edib ki, Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ həyata keçirilən qeyri insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir. 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımların Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinin arxivlərdə bu günlərə qədər çatmasının böyük əhəmimyyəti var. Fövqəladə Təhqiqat Komissiyası 1918-ci il iyulun 15-də Azərbaycan Milli Hökuməti tərəfindən Gəncədə yaradılmışdır və yaradılmasının da iki məqsədi var idi: birincisi, məhz erməni silahlı terror qrupları tərəfindən 1918-ci ilin martında Bakıda, mart-may aylarında Şamaxıda, may-iyun aylarında Qubada, 1918-1919-cu illərdə Qərbi Azərbaycanda və Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilən soyqırımlarla bağlı təhqiqat sənədlərinin toplanması, ikincisi isə  toplanılmış bu sənədlərin dünyanın müxtəlif dillərində nəşr olunması və beynəlxalq aləmin Azərbaycanın başına gətirilən faciələrlə tanış edilməsi idi.

E.Əhmədov vurğulayıb ki, 1918-ci il iyunun 4-də Batumda Osmanlı Türkiyəsi ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında dostluq müqaviləsinin imzalanması Azərbaycan xalqı üçün həyati əhəmiyyətli sənəd olmaqla yanaşı, Cümhuriyyət hökumətinin imzaladığı ilk dövlətlərarası müqavilə idi. Müqavilə şərtlərinə uyğun olaraq, Mürsəl paşanın komandanlığı altında Beşinci Qafqaz firqəsi (diviziyası) Azərbaycana göndərildi. Həmin diviziya və general-leytenant Əliağa Şıxlınskinin komandanlığı ilə əsası hələ 1917-ci ilin dekabrında qoyulan, lakin mürəkkəb tarixi şəraitdə lazımınca formalaşa bilməyən Azərbaycan hərbi qüvvələri Qafqaz İslam Ordusu adı ilə vahid sturukturda birləşdirildi. Bu struktura rəhbərlik Nuru Paşaya həvalə olundu. İyunun 16-da Azərbaycan hökuməti Tiflisdən Gəncəyə köçdü. Gəncədə Nuru Paşanın başçılıq etdiyi 300 nəfər məsləhətçidən ibarət türk hərbi nümayəndəliyi ilə yanaşı, Qafqaz İslam Ordusunun şəxsi heyətinin də təxminən yarısı yerli əhalidən toplanmış könüllülərdən ibarət idi. Azərbaycan hökuməti öz fəaliyyətinin mühüm bir hissəsini dövlət müstəqilliyinin qorunub saxlanması, eləcə də xarici müdaxilənin qarşısının alınması üçün ordu quruculuğuna yönəltmişdi. Ordu quruculuğu istiqamətində iyunun 26-da müsəlman hərbi korpusunun Azərbaycan korpusuna çevrilməsi ilə mühüm addım atıldı və faktiki olaraq ilk milli ordu yaradıldı. Bir gün sonra, Azərbaycan dili dövlət dili elan edildi. Qafqaz İslam Ordusunun hissə və bölmələri bu struktur yaranan gündən Azərbaycanın istiqlaliyyətini məhv etmək üçün irimiqyaslı hərbi əməliyyatlara başlamış bolşevik-daşnak qüvvələri ilə ağır döyüşlərə atıldı. Azərbaycan Hökuməti və bütün Azərbaycan xalqı tərəfindən hərtərəfli dəstəklənən Qafqaz İslam Ordusunun türk və Azərbaycan hərbi qüvvələri Gəncə ermənilərinin tərksilah edilməsində, Qaraməryəm, Kürdəmir, Şamaxı, Binəqədi döyüşlərində misilsiz şücaət göstərdilər. Qafqaz İslam Ordusunun zəfər yürüşünün zirvəsi isə 1918-ci il sentyabrın 15-də Bakının azad olunması oldu. Yüksək hərbi peşəkarlıqla planlaşdırılan əməliyyat qısa zamanda müstəqil Azərbaycan dövlətinin paytaxtı Bakının azad edilməsi ilə nəticələndi.

Elçin Əhmədov diqqətə çatdırıb ki, ümumilikdə, Qafqaz İslam Ordusu Azərbaycan xalqına qarşı S.Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejiminin həyata keçirdiyi soyqırımların dayandırılmasında və Azərbaycan Xalq Cümhuriyyətinin tarixində, xüsusilə milli ordunun yaranmasında və formalaşmasında mühüm rol oynamışdır.

Qafqaz İslam Ordusunun və Azərbaycan hərbi qüvvələrinin 1918-ci ildə birgə həyata keçirdikləri əməliyyatlar o dövrdə Azərbaycanın ərazi bütövlüyünü təmin edərək, bugünkü müstəqilliyinin də təməlinin qoyulmasında çox mühüm, şərəfli və əlamətdar hadisə idi.

Bununla yanaşı, 2018-ci il sentyabrın 15-də keçirilən və Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad iki qardaş dövlətin 100 il bundan əvvəl olduğu kimi, hər zaman bir-birinin yanında olmasını bir daha sübut etdi və bu hadisə Azərbaycanın Türkiyə ilə dost və qardaş münasibətlərinin ən yüksək zirvədə olduğunun bariz göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyev paradda çıxışında bir-birinə bu qədər yaxın, bu qədər bir-birinə arxa-dayaq olan Azərbaycan və Türkiyə kimi dünyada ikinci belə nümunənin olmadığını bildirərək deyib: «Türkiyənin iştirakı olmadan dünyada heç bir məsələ həll oluna bilməz. Yaşadığımız bölgənin tarixi və bu günü bunu əyani şəkildə göstərir. Türkiyənin siyasi imkanları genişlənir, dünyadakı oynadığı rol artır və bu, bizi çox sevindirir. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaqdır”.» Dövlət başçısı İlham Əliyev yüz il bundan əvvəl Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun birgə əməliyyatı nəticəsində Bakının işğalçılardan azad edildiyini bildirərək qeyd etdi ki, yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik.

2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində təcavüzü nəticəsində yaranan gərgin hərbi vəziyyətlə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Azərbaycana son hücumlarını kəskin şəkildə qınadığını bildirərək qeyd edib ki, Türkiyə qədim dostluq bağları və qardaşlıq əlaqələrinin olduğu Azərbaycanın haqq və hüququnun müdafiəsi, torpaqlarına qarşı yönələn təcavüzün qarşısının alınmasında tərəddüd etməyəcək. Qardaş Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanların, bir milyondan çox qardaşımızın öz Vətəninə qayıtmasına mane olanların bizdən sərhədlərimizi açmağımızı gözləmələri əbəsdir”. Azərbaycanın illərdir qanayan yarası olan Qarabağ problemini həmişə Türkiyənin öz problemi, orada yaşanan faciələri öz faciəsi hesab etdiyini bildirib.

E.Əhmədov xüsusi olaraq diqqətə çatdırıb ki, eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf etməsinə şərait yaradır. Ümummilli lider Heydər Əliyevin «Bir millət, iki dövlət”» olaraq xarakterizə etdiyi Azərbaycan–Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində dayanmadan inkişaf edir, iki xalq arasında əlaqələrin səviyyəsini keyfiyyətcə yeni mərhələyə keçirir. Bu gün Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji layihələr fəaliyyət göstərir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa çevrilməsi hazırda bu iki qardaş xalq arasındakı əlaqələrin möhkəmliyini daha da artırmaqdadır. Bir sözlə, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətləri dayanmadan inkişaf edir, əməkdaşlığın  yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir.

Şəmsiyyə Əliqızı, Könül Əliyeva

 «İki sahil»

Hərbi vəzifəlilər zənglər və SMS-lər aldıqda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələrinə gəlməlidirlər



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?