• 28 Oktyabr 2020

"Əsrin müqaviləsi" beynəlxalq əhəmiyyətli hadisədir

18:00 24/09/20 | Siyasət

"Əsrin müqaviləsi" və onun icrasının 5 illik tarixi, əldə olunmuş gözəl nailiyyətlər müstəqil Azərbaycanda hüquqi demokratik, dünyəvi dövlət quruculuğu prosesinin bəhrəsidir, Azərbaycan dövlətinin düşünülmüş daxili və xarici siyasətinin nəticəsidir, Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olması, ölkəmizin dünya iqtisadiyyatı ilə inteqrasiyası və Azərbaycan dövlətinin respublikamıza xarici sərmayələrin cəlb edilməsi sahəsində apardığı ardıcıl siyasətin nəticəsidir".

Ümummilli Lider Heydər Əliyev

 

“Əsrin müqaviləsi”nin imzalandığı 1994-cü ildən 26 il keçib və o vaxtdan bu günə qədər bir çox kontraktlar imzalanıb, amma Azərbaycanın neft potensialına dünyada maraq azalmır, əksinə artır.

Azərbaycan Prezidenti İlham Əliyev

                                                

1991-ci il oktyabrın 18-də müstəqillik əldə etmiş gənc Azərbaycan Respublikasının qarşısında bir neçə başlıca vəzifə dururdu: birincisi, öz suverenliyini, dövlət müstəqilliyini və ərazi bütövlüyünü qoruyub saxlamaq, Dağlıq Qarabağ problemini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etmək, ikincisi, dünya birliyi tərəfindən müstəqil, hüquqi, demokratik bir dövlət kimi tanınmaq, dünya birliyinin layiqli bir üzvünə çevrilmək, üçüncüsü isə, mövcud iqtisadi potensialdan istifadə etməklə bazar iqtisadiyyatı prinsipləri əsasında öz iqtisadi inkişafını təmin etmək və iqtisadiyyatı müasir tələblər səviyyəsində modernləşdirmək, Azərbaycan xalqına layiqli həyat şəraiti yaratmaq.

Yenicə müstəqillik qazanmış Azərbaycanın iqtisadi potensialı onun əhalisini lazımi səviyyədə yaşatmağa və iqtisadiyyatın aparıcı sahələrini müasir dünya standartları səviyəsində qurmağa kifayət edərdi. Lakin  müstəqilliyin dadını təzə-təzə hiss edən Azərbaycan Respublikası qonşu Ermənistan ilə ədalətsiz müharibəyə sürükləndi, böyük maddi və mənəvi itkilərə məruz qaldı, onun torpaqlarının 20 faizindən çoxu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olundu və əhalisinin bir milyondan çoxu qaçqın və köçkün vəziyyətinə düşdü. Azərbaycan Respublikası 1990-93-cü illərdə artıq tam iqtisadi və siyasi böhran həddinə gəlib çatmışdı. O, öz dövlət müstəqilliyini möhkəmləndirmək, iqtisadiyyatı yenidən qurmaq və modernləşdirmək, neft sənayesinə xarici kapital cəlb etmək üçün təcili olaraq bu və ya digər xarici dövlətlərlə iqtisadi və siyasi əlaqələr qurmalı idi. Belə bir zamanda, Azərbaycan Respublikası Xəzərin neft və qaz ehtiyatlarının xarici şirkətlərlə birgə işlənməsi yolunu tutdu. Bu yolla Azərbaycan həm xarici şirkətlərdən yardım almaqla öz iqtisadiyyatını qurmaq, həm də həmin şirkətlərin aid olduğu dövlətlərin siyasi dəstəyini almaqla Qarabağ problemini də  həll etmək və işğal olunmuş ərazilərini geri qaytarmaq, dövlət müstəqilliyini daha da möhkəmləndirmək məqsədini güdürdü.

Aparıcı Qərb şirkətləri Azərbaycanın dəniz neft yataqlarının işlənməsinə hələ 1989-cu ildən həvəs göstərirdilər. Bir qədər sonra, 1990-cı ildə dənizdəki  “Azəri” neft yatağının işlənməsi üçün ilk tender elan olundu. Lakin Azərbaycanın o vaxtkı rəhbərliyi dövlət müstəqilliyinə o qədər də inanmadığı və Moskvanın diktəsi ilə işlədiyi üçün bu siyasət həyata keçmədi.

1992-ci ildə qərbyönümlü və türkyönümlü siyasət yeritdiklərini bəyan edən Xalq Cəbhəsi–Müsavat iqtidarının hakimiyyətə gəlişi ilə xarici şirkətlərlə olan iqtisadi əlaqələr nisbətən canlandırıldı. Bakı ilə beynəlxalq şirkətlərdən "British Petroleum" şirkətinin əlaqələri daha çox sürətlə artırdı. 1993-cü il yayın əvvəlində artıq ilkin neft müqaviləsi imzalanmağa hazır idi. Hələ 1993-cü il mayın 22-də, Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti dövründə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bir neçə Qərb neft şirkətləri arasında Azərbaycan neftinin birgə işlənməsi haqqında bəyannamə imzalandı. Bəyannamədə Xəzər dənizi şelfində olan "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə  işlənməsi nəzərdə tutulurdu. Müqavilədə bütün maraqlı tərəflərin iştirak payı müəyyənləşmişdi. İlkin olaraq ARDNŞ-ə 30 faiz, yerdə qalan 70%  isə xarici şirkətlər arasında belə bölünəcəkdi: Böyük Britaniya-Norveç alyansı olan "Britiş Petroleum-Statoyl" şirkətinə 36,7 faiz, "AMOKO" (ABŞ) şirkətinə 24,3 faiz, "Penzoyl-Remko" alyansına (ABŞ-Böyük Britaniya) 17 faiz, "Yunokal" (ABŞ) şirkətinə 16 faiz, "Mak-Dermot" (ABŞ) şirkətinə 3,5 faiz, "Turkiş petroleum korpareyşn" (Türkiyə) şirkətinə isə 2,5 faiz .

1993-cü ilin yazında həmçinin Azərbaycan neftinin nəql olunması məsələsi üzərində də iş gedirdi. 1993-cü ilin martında bu günə qədər də reallaşmayan və Bakıdan Türkiyənin Aralıq dənizi sahillərinə İran ərazisindən keçməklə çəkiləcək neft kəmərinin tikintisi haqqında Azərbaycan-Türkiyə müqaviləsi razılaşdırıldı. Nəzərdə tutulan müqavilənin dəyəri 1,4 milyard ABŞ dolları həcmində qiymətləndirilmişdi.

Qərb şirkətləri ilə dəyəri 9 milyard ABŞ dollarına bərabər olan digər müqavilə isə Londonda 30 iyun 1993-cü ildə imzalanmaq üçün hazırlanırdı. Ancaq müqavilənin imzalanmasına bir neçə həftə qalmış Azərbaycanın Gəncə bölgəsində qiyam baş verdi və o vaxtkı Azərbaycan prezidenti Əbülfəz Elçibəy öz postunu qoyub anadan olduğu Naxçıvan MR Ordubad rayonunun Kələki kəndinə getməli oldu. Bəs bu hakimiyyət böhranının əsl səbəbi nə idi?

İlk öncə qeyd etməliyik ki, Azərbaycanın belə iqtisadi və siyasi əhəmiyyətli  neft müqavilələrini imzalaması onun iqtisadi vəziyyətinin sıçrayışla yaxşılığa doğru dəyişməsinə gətirib çıxara və regionda iri geosiyasi dəyişikliklərə səbəb ola bilərdi. Nəticədə, Bakıya neft dollarlarının axması Qarabağ problemini də həll etməyə qadir olan nizami ordunun yaradılmasına kömək edər və Azərbaycanın regionda nüfuzunu xeyli artıra bilərdi. Lakin bunun üçün qonşu dövlətlərlə,o cümlədən də İran və Rusiya ilə münasibətləri normal səkildə qurmağa qadir olan, balanslı bir siyasət yeritməyi bacaran bir iqtidar Azərbaycanda hakimiyyət başına gəlməli idi. O vaxtkı iqtidarların yeritdiyi naşı siyasət ucbatından  Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi qonşu dövlətlərdən Ermənistanı, İran və Rusiyanı qətiyyən qane etmirdi. İran ona görə narahatlıq keçirirdi ki, Azərbaycanın o vaxtkı iqtidarı yaxın gələcəkdə Azərbaycan  gücləndikdən və Qarabağ problemini öz xeyrinə həll etdikdən sonra İran ərazisində yaşayan 25 milyondan artıq azərbaycanlını da əhatə edən vahid bir dövlət yaradacaqlarını bəyan edirdi. Xalq Cəbhəsi liderləri öz məsuliyyətsiz bəyanatları ilə İranı qıcıqlandırırdılar. Sabiq prezident Ə.Elçibəy müsahibələrinin birində belə demişdi: "İranda 20-25 milyon azərbaycanlı yaşayır, hansı ki, onların ana dilində bir dənə də milli məktəbləri yoxdur. Azərbaycanlıların təkcə milli hissləri yox, həm də onların insan hüquqları tapdalanır". Təbii ki, belə çıxışlar İranda mövcud rejimin rəhbərliyində və orada yaşayan Azərbaycan elitasının bir hissəsində də narazılıq yaratmaya bilməzdi.

1993-cü ilin yayında bağlanması nəzərdə tutulan müqavilələr Rusiyanı da qane etmirdi. Ona görə ki, Rusiya Azərbaycanın müstəqilliyini qəbul etsə də, onun zəngin sərvətlərindən əl çəkmək istəmirdi. Rəsmi Moskva elə bir neoimperiya siyasəti yeridirdi ki, Azərbaycan yenə də bu və ya digər dərəcədə Rusiyadan iqtisadi cəhətdən asılı vəziyyətə düşsün. Rusiya əsasən, Xəzərin statusu məsələsini və neft kəmərlərinin nəqli yollarını öz nəzarətində saxlamağa çalışırdı. Bu isə Azərbaycanın Rusiyadan tam asılılığını yenidən təmin etməli idi. Azərbaycan öz dövlət müstəqilliyini qoruyub saxlamaq üçün ilk öncə Rusiya və İranla ölçülüb-biçilmiş, həmin dövlətlərin regionda marağını qismən də olsa, təmin edə biləcək bir siyasət yeritməli idi. Əks halda gənc Azərbaycan Respublikası güclü qonşuları tərəfindən iqtisadi və siyasi, hətta hərbi təzyiqlərə məruz qala bilərdi.

1993-cü ilin yayında Xalq Cəbhəsi hakimiyyəti dövründə imzalanması nəzərdə tutulan müqavilələrdə Rusiyanın payı və rolu qətiyyən nəzərə alınmamışdı. Belə bir dövrdə Rusiya Dağlıq Qarabağ kartı ətrafında başladığı oyunları daha da fəallaşdırdı. 1993-cü  ilin aprelində Kəlbəcər ətrafında Azərbaycan ordusunun Şimal cinahı darmadağın edildi. İyunda isə Ağdam və Mardakert rayonları ətrafında cəbhənin mərkəzi hissəsində də vəziyyət pisləşdi. Bu fonda 1993-cü ilin 3-4 iyununda Azərbaycanın Gəncə şəhərində korpus komandiri olan, general Sürət Hüseynov vəziyyətə tam nəzarəti ələ alaraq Bakıya yaxınlaşdı. Hadisələrin gərgin cərəyanı Azərbaycanı vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Ağır iqtisadi və siyasi böhran keçirən AXC-Müsavat iqtidarı hakimiyyəti tərk etməyə məcbur oldu. Yaranmış vətəndaş müharibəsi  təhlükəsindən, ölkənin parçalanmasından və xaosdan ölkəni xilas etmək üçün bütün Azərbaycan xalqı, istər o vaxtkı iqtidar nümayəndələri, istərsə də xalqın və dövlətin gələcəyini düşünən sadə insanlar, gənclər, vətənpərvər ziyalılar Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq, ölkəni üzləşdiyi labüd vətəndaş müharibəsi təhlükəsindən, parçalanmaqdan xilas etmək məqsədi ilə o zaman Naxçıvanda yaşayan,  Naxçıvan MR Ali Sovetinin sədri, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olan Heydər Əliyevi Azərbaycan rəhbərliyinə dəvət etmək üçün  əsl ümumxalq hərakatına başladılar.

1993-cü ilin iyunun 15-də Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçilən Heydər Əliyev yubanmadan təxirəsalınmaz tədbirlər gördü. Azərbaycanın yeni rəhbərliyi Xalq Cəbhəsi- Müsavat hakimiyyəti dövründə hazırlanmış və ölkənin milli maraqlarına uyğun gəlməyən neft  müqaviləsinin 1993-cü il iyunun 21-nə təyin olunmuş imzalanmasından imtina etdi.

1993-cü il iyunun 15-də əvvəlcə Azərbaycan parlamentinin sədri, daha sonra isə, 1993-cü il oktyabrın 3-də Azərbaycan prezidenti seçilən Heydər Əliyev ilk öncə ölkədə başlanmış olan vətəndaş müharibəsinin qarşısını aldı,ölkədə ictimai-siyasi sabitliyi təmin etdi. Daha sonra məlum regional dövlətlərin maraqlarını nəzərə alan balanslaşdırılmış xarici siyasət yeritməklə o, xarici təzyiqləri, o cümlədən İran və Rusiya tərəfindən olan təzyiqləri səngitmək və neytrallaşdırmağa nail oldu. Balanslaşdırılmış  xarici siyasət xəttinin  götürülməsi həmin dövrdə Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq üçün ən doğru və müdrik bir siyasət idi. Heydər Əliyev bir tərəfdən xarici kapitalı Azərbaycana cəlb etməyə çalışır, digər tərəfdən isə Moskva və Tehran ilə əlaqələri pozmağa yol verməyən incə bir siyasət yeridirdi. 1993-cü ilin 17 sentyabrında Azərbaycan MDB-yə qoşuldu və bu addım 1994-cü il mayın 12-də Azərbaycan-Ermənistan sərhədlərində atəşkəs elan olunmasına böyük təsir göstərdi.

Atəşkəsin elan olunması və prezident Heydər Əliyev tərəfindən ölkə daxilində siyasi sabitliyin tam bərqərar olunması Azərbaycanın iqtisadi inkişafı üçün və eləcə də onun təbii ehtiyatlarından xarici iş adamları ilə birgə istifadə olunması üçün əlverişli şərait yaratdı. Azərbaycan yubanmadan öz təbii sərvətlərinin xarici şirkətlərlə birgə işlənməsi məsələsi üzərində işə başladı.

Lakin 1993-cü ilin yayında, Heydər Əliyevin hakimiyyətinin ilk aylarında da neft ətrafında gedən oyunlar səngimək bilmədi. Xarici şirkətlərlə Azərbaycan hökuməti adından danışıqlar aparmaq səlahiyyəti almış Marat Manafovun hazırladığı variant da Azərbaycanın milli mənafelərinə cavab vermirdi. Orada kəşfiyyat dövrü üçün 6 il müəyyən olunmuşdu və bu dövrdə xarici sərmayələrin həcmi 21 milyon dollar təşkil etməli idi. Müqavilənin əvvəlki variantına əsasən "Çıraq" yatağından neft yalnız 2007-ci ildə, yəni müqavilə imzalandıqdan 13 il sonra hasil olunmalı idi. Bundan əlavə, müqavilənin əvvəlki variantına əsasən səmt qazı Azərbaycana bazar qiymətinə satılmalı idi.

1994-cü ilin əvvəllərində Azərbaycan iqtidarı tərəfindən Xəzər neftinin xarici neft şirkətləri ilə birgə işlənməsi üçün yenidən intensiv danışıqlar aparıldı. 1994-cü ilin fevralında Azərbaycan prezidenti Hedər Əliyev Böyük Britaniyaya mühüm səfər etdi. Bu səfər zamanı Azərbaycan-Böyük Britaniya hökumətlərarası 8 müqavilə, o cümlədən də "Neft sənayesi sahəsində əməkdaşlıq haqqında" müqavilə imzalandı. Danışıqlarda həmçinin İngiltərənin "British Petroleum" şirkətinə "Çıraq" və "Azəri" yataqlarının işlənməsi üzrə yaradılmış beynəlxalq konsorsiumda prioritet yer, o cümlədən də konsorsiumun Qərb iştirakçıları üçün ümumi investisiya payında 31 faiz yer ayrıldı. Bundan əlavə, Heydər Əliyev İngilis-Norveç alyansı olan "British Petroleum-Statoil"-un gələcəkdə "Şahdəniz" neft yatağının işlənməsi üzrə bağlanacaq müqavilədə xüsusi hüquqa malik olması məsələsinə də razılıq verdi. Azərbaycan prezidenti Heydər Əliyevin Böyük Britaniyaya rəsmi səfərindən sonra beynəlxalq konsorsiumda neft yataqlarının işlənməsi barədə danışıqların aparılması rəsmi səviyyədə sürətləndirildi. 1994-cü ilin yazında və yayındakı İstanbul və Hyüstonda danışıqların son mərhələsini aparan Azərbaycan nümayəndə heyəti milli maraqlara tamamilə cavab verən müqavilə şərtləri hazırladı. Bu danışıqların nəticəsində 20 sentyabr 1994-cü ildə Azərbaycanın paytaxtı Bakı şəhərinin möhtəşəm  “Gülüstan” sarayında "Əsrin müqaviləsi" kimi tarixi bir ad almış ilk neft müqaviləsi imzalandı.

(Ardı var)

Qafar ƏLİYEV, 
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü

Bu gün yayılan videolardan da aydın görünür ki, Bərdədə törədilən qətliamın qisası layiqincə alınıb - Deputat



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?