• 28 Oktyabr 2020

Respublika Gənclər Kitabxanası Beynəlxalq İnternet Forumda iştirak edir

14:24 25/09/20 | Sosial

“Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur.”

Ümummilli lider Heydər Əliyev

Bu il  faşizm üzərində Qələbənin 75 ili tamam olur.  Bu qələbə bütün iştirakçı dövlətlər, o cümlədən Azərbaycan üçün də heç də asan başa gəlməyib. Yüzlərlə, minlərlə həmvətənlərimiz, Azərbaycanın qəhrəman oğul və qızları  bu Qələbə naminə canlarından keçiblər. Onlar doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq həm də doğma Azərbaycan torpağını müdafiə ediblər. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur.

Kitabxanadan Azadaz.com-a verilən məlumata görə, qələbənin 75 illiyi münasibətilə beynəlxalq səviyyədə bir sıra tədbirlər, müsabiqələr, İnternet forumlar və s. təşkil olunmuşdur. Belə müsabiqələrdən birində Respublika Gənclər Kitabxanası iştirak edir. Belə ki, kitabxana  İ.F.Varavva adına Krasnodar Vilayət Gənclər Kitabxanasının təşkil etdiyi “Qələbənin şifrəsi - BİRLİKDİR” adlı İnternet foruma dəvət almışdır. Məlumdur ki, Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıq nümunələri haqqında çoxlu sayda şeirlər, kitablar yazılmış, bədii və sənədli filmlər çəkilmiş, qəhrəmanların şərəfinə abidələr ucaldılmış, onların adları əbədiləşdirilmişdir. İ.F.Varavva adına Krasnodar Vilayət Gənclər Kitabxanasının təşkil etdiyi “Qələbənin şifrəsi - BİRLİKDİR” adlı İnternet forumun da əsas məqsədi Böyük Vətən Müharibəsində iştirak etmiş qəhrəmanların amansız düşmənlə döyüşlərdə göstərdikləri misilsiz şücaət və igidliyini yaddaşlara həkk etmək və bugünki nəsillər üçün daim örnək olaraq qalmasını təmin etməkdir.

Respublika Gənclər kitabxanası Beynəlxalq İnternet Foruma  Azərbaycanın xalq yazıçısı, 1941-1945-ci illərdə Şimali Qafqaz, Leninqrad, 1-ci və 4-cü Ukrayna cəbhələrində şərəfli döyüş yolu keçmiş Hüseyn Abbaszadə haqqında hazırladığı video material və sözü gedən müəllifin qələmindən çıxmış iki dəfə Sovet İttifaqı Qəhrəmanı  general Həzi Aslanovun qəhrəmanlıqla keçən döyüş yolu və şücaətinə həsr etdiyi "General" romanı haqqında hazırladıqları esse ilə qatılmışlar. Müsabiqədə iştirak edən kitabxana əməkdaşları ilə yanaşı, İnternet Foruma fəal oxucuların cəlb edilməsi və sözü gedən materialların hazırlanmasında oxucuların iştirakını təmin etmək  “Qələbənin şifrəsi - BİRLİKDİR” adlı İnternet forumun əsas şərtlərindən biri olmuşdur. Məhz bununla əlaqədar olaraq, Respublika Gənclər Kitabxanasının Xarici ədəbiyyat şöbəsinin faəl oxucuları bu işə cəlb edilmişdir. Bu müsabiqəyə göndərilən materiallar İ.F.Varavva adına Krasnodar Vilayət Gənclər Kitabxanası tərəfindən gələcəkdə hazırlanacaq “Müharibənin müqəddəs səhifələri” adlı interaktiv ədəbiyyat xəritəsinin (elektron resurs) fraqmentlərinə çevriləcəklər. Bu isə öz növbəsində Respublika Gənclər Kitabxanası tərəfindən müsabiqəyə təqdim olunan materialların beynəlxalq aləmdə geniş oxucu kütləsinə çatdırılmasına səbəb olacaqdır.

Hal-hazırda “Qələbənin şifrəsi - BİRLİKDİR” adlı İnternet forum öz işini davam etdirir.

Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bu gün ən yüksək səviyyədədir



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?