• 23 Oktyabr 2020

Şanlı Vətənin qəhrəman övladı: Dövlətçilik tariximizin mahir təbliğatçısı olan Əhməd Cavad

12:25 15/10/20 | Mədəniyyət

Soranlara, mən bu yurdun
Anlatayım nəsiyəm:
Mən çeynənən bu ölkənin
Haqq-bağıran səsiyəm.

                     Əhməd Cavad

 

Qasırğalar gələndə təkcə güllər, çiçəklər sınıb tökülmür. Həm də qollu-budaqlı ağaclar parçalanır, yarılır, yıxılır. 20-ci illərin dalğaları elə-belə dalğalardan deyildi. O hər şeyi qasırğa gücü ilə dağıdıb, uçurdu. Amma təbiətin də öz qanunauyğunluqları var. Heç nə izsiz, tozsuz qalmır. Kökü torpaqlardan su içib başı buludlara söykənən möhtəşəm ağaclar nə qədər qasırğa görsə də, tufanlarla üzləşsə də yaşayır. Neçə-neçə dəyərli insanın ömrünə balta çalmış, həyatını zülmə döndərmiş 1937-ci ilin qara tufanının qurbanlarından biri də Əhməd Cavad olmuşdur. O Əhməd Cavad ki, adı çəkilən kimi bu gün dilimizin əzbəri, ruhumuzun qidası olan himnimiz qeyri-ixtiyari olaraq səslənir.

20-ci illərin dalğaları Əhməd Cavadı bir şair, bir vətəndaş kimi sahillərdən sahillərə, qayalardan qayalara çırpmaq, əzmək istəmişdi. İndi üstündən uzun illər dolandıqdan sonra adam nə o dalğaların gücünə, nə o qasırğanın amansız rəftarına inanmaq istəmir. Çünki vaxt hər şeyi yerbəyer edir.

Əhməd Cavad indi dalğalardan da, tufanlardan da özü qədər, yaradıcılığı və şəxsi qüdrəti qədər ucada dayanır. Arxivləri vərəqləyib keçmişə qayıtdıqca istər-istəməz adamın ürəyindən gizli-gizli sızıltılar keçir. Varlığında bir üşütmə qopur. Bir insana nə qədər təqiblər edilər, nə qədər hiylələr qurularmış?..

Əhməd Cavad ədəbiyyatımızda şair, müəllim, vətəndaş, içtimai-siyasi xadim, publisist, jurnalist, tərcüməçi kimi tanınmışdır. Onun bir sıra əsərləri, xüsusilə də Azərbaycanın dövlət himni, “Çırpınırdın Qara dəniz”, (yaxud “Yol ver türkün bayrağına”), “Göy göl” və digər şeirləri dillər əzbəridir. Adı isə geniş oxucu kütləsi üçün çox əzizdir. Bütün fəaliyyəti, bədii yaradıcılığı doğma xalqına əvəzsiz xidmət, vurğunluq nümunəsi olan qaynar təbli şairimizin, talesiz Əhməd Cavadın keçdiyi həyat yolunu oxuculara çatdırmaq mütləqdir.

Cümhuriyyət deyilən zaman hamıdan əvvəl Əhməd Cavad yada düşür. Üçrəngli poeziya bədii yaddaşa ilk öncə məhz onun qələmi ilə həkk olunmuşdur. Milli oyanış, xalq hərəkatı, türk xalqlarının birliyinə çağırış, xalqın yaddaşına qayıdış kimi duyğular Əhməd Cavad şeirlərinin ruhuna hopmuşdur. Şairin yaradıcılığında Azərbaycan, Qafqaz, Turan, Türk dünyası obrazı qabarıq verilmişdir.

Əhməd Cavad (Cavad Məmmədli oğlu Axundzadə 1892-1937) Şəmkir rayonunun Seyfəli kəndində anadan olmuşdur. Kənd məktəbini bitirdikdən sonra təhsilini Gəncədə müsəlman ruhani seminariyasında davam etdirmiş, burada rus, ərəb, fars dillərini mükəmməl öyrənmiş, Hüseyn Cavid və Abdulla Surun tələbəsi olmuşdur. 1910-cu ildən başlayaraq lirik şeirlər və tənqidi məqalələrlə müxtəlif qəzet və jurnallarda çıxış etmişdir. Birinci Dünya Müharibəsi illərində o, rus-türk cəbhəsi xəttində müharibədən zərər çəkmiş dinc əhaliyə yardım göstərən cəmiyyətin üzvü və katibi olmuş, inqilabdan əvvəl və sovet hakimiyyətinin ilk illərində Gəncədə, Hacıkənddə, Quba rayonunun kənd məktəblərində müəllimlik etmiş və 1926-cı ildə Ali Pedaqoji İnstitutunu bitirmişdir. Onun məşhur “İstiqlal uğrunda şeirlər” kitabı isə 1928-ci ildə İstanbulda buraxılmışdır. Ədəbiyyat cəmiyyətinin katibi (1924-1926), Kənd Təsərrüfatı Texnikumunun müəllimi (1929), Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun dosenti (1927-1934), həmin institutun dilçilik kafedrasının rəhbəri (1934-1935) vəzifələrində çalışmışdır.

Əhməd Cavad 1935-ci ildən ömrünün sonuna kimi “Azərnəşr” in bədii şöbəsində redaktor kimi fəaliyyət göstərmişdir. Onun poetik əsərləri zərif lirik-romantik üslubu, dil təravəti, realist və demokratik məzmunu, sadəliyi və xəlqiliyi ilə seçilir. Milli tarix, fəlsəfə və mənəviyyatla bağlı elə bir motiv yox idi ki, Əhməd Cavad ona toxunmamış olsun. Təkcə üçrəngli bayrağa aid altı nəğmə yazıb, “Dilimiz” şeirini qələmə alıb, əlifbaya poeziya həsr edib. C.Cabbarlı ilə birgə latın əlifbasını müdafiə edən iki ziyalıdan biri olub.

Türklərlə Balkan hərbində iştirak edib. Birinci Dünya Müharibəsində şərq cəbhəsində ermənilərə qarşı vuruşub. Əhməd Cavad Azərbaycan ədəbiyyatı tarixinə görkəmli tərcüməçi kimi də daxil olmuşdur. O, Şekspirin “Otello” pyesini, A.S.Puşkinin “Kapitan qızı”, “Tunc atlı”, F.Berezovskinin “Ana”, M.Qorkinin “Mən necə oxumuşam”, “Çocuqluq”, T.Şevçenkonun “Kobraz”, Fransua Rablenin “Qarqantua və Pantaqruel” əsərlərinin bədii tərcüməsinin müəllifidir.

Əhməd Cavadın ilk kitabının adı “Qoşma” idi. Bu kitabda  şairin əsasən 1912-1916-cı illərdə qoşduğu qoşmalar toplanmışdır. O, saysız qoşmalar olmaqla bərabər, eyni zamanda “ciddi planda” qələmə aldığı şeirlərində də möhürbənd kimi ya bir iki bayatı, yaxud da bir qoşma parçasından istifadə edərdi. Bunlarla yanaşı, şairin yaradıcılığında “aşıq” və “saz” obrazları da xüsusi bir yer tutur. Şairin “Kür”, “Pambıq” poemalarının, “Moskva”, “Səsli qız” və s. iri həmcmli əsərlərinin bir neçə yerində mütləq qoşma və bayatıdan istifadə edilir. Poemalarındakı bu parçalar onun əsərlərində kökə bağlılıq, xəlqilik, millilik və başqa əlamətlər bəxş edir. Şairin ayrı-ayrı şeirlərində də bu cəhəti görmək çətinlik törətmir. Əhməd Cavad həbs olunarkən kitabları, əlyazmaları və çoxlu sayda sənədləri özü ilə aparılmış, ailəsi də sürgün edildikdən sonra qapısı möhürlənmişdir.  Şairin əlyazmalarının, daha doğrusu, əldə olanların ümumi həcmi 1000 səhifədən artıqdır. Onların çoxu oğurlanmış, talanmışdır. Əhməd Cavadın şeirləri, məqalələri, tərcümələri, “Şəlalə”, “İqbal”, “Açıq söz”, “Yeni iqbal “, “Azərbaycan”, “Qurtuluş” və s. adda nəşr olunan qəzet və jurnallarda dərc edildi.

1910-1937-ci illər arasında onun yaradıcılığı ədəbiyyatımızın, mədəniyyətimizin və tariximizin həqiqi salnaməsidir. Onun “Dalğa” adlı kitabı 1919-cu ildə nəşr olunur. Elə həmin il “Türk dilinin sərf və nəhvi” adlı dərsliyi də çap olunur. Əhməd Cavad fransız, gürcü və kürd dillərini mükəmməl bilirmiş.Böyük şair, həyatı və yaradıcılığı bir vəhdətdə olan bütöv şəxsiyyət, təkrarsız pedaqoq, yüksək səviyyəli ziyalı, inqilabçı, içtimai xadim, iti qələmli jurnalist, qüdrətli publisist, məhşur xeyriyyəçi Əhməd ruhani ailəsində dünyaya göz açmışdır. Atası Məhəmmədəli axund, babası isə Cənubi azərbaycanlı müctəhid idi. Ailəsi təbii olaraq hələ kiçik yaşlarından dini savad almasını təmin etməyə çalışmışdı. O, molla yanında təhsil almağa başlamış, ərəb-fars dillərini mənimsəmişdi. Amma hər şey arzuladığı qaydada davam etmir. Belə ki, Cavad səkkiz yaşında ikən atasını itirir. Bundan sonra anası Yaxşı xanım oğlunu da götürərək Gəncəyə-birinci ərindən olan uşaqlarının yanına getmək məcburiyyətində qalır. O, burada xalça sexinə işə düzəlir. Zərrabi küçəsində yerləşən mənzil kirayələyir və oğlu Cavadla birgə yaşamağa başlayır. Cavadın ögey qardaşları və ailənin yaxın qohumu olan Hüseyn kişinin köməkliyi ilə 1906-cı ildə Şah Abbas məscidi nəzdindəki seminariyaya qəbul edilir. Burada əla qiymətlərlə oxuduğuna görə ona, hətta “Xeyriyyə” cəmiyyəti tərəfindən hər ay dinar qızıl pul məbləğində təqaüd də verilir. Əhməd Cavad seminariyada altı il təhsil alır. Orada ona Abdulla Sur, Hüseyn Cavid, İdris Axundzadə kimi ziyalılar dərs deyirlər. 1912-ci ildə təhsilini başa vuran Cavadın mədrəsədə oxuduğu illərdən başlayaraq bədii yaradıcılıqla, daha dəqiq desək şeir yaradıcılığı ilə məşğul olduğu məlumdur. Bu ərəfədə onun qələmə aldığı nümunələr, əsasən, təsirlə yazılmış və ərəb-fars sözləri ilə zəngin qəzəllər, qitələrdən ibarətdir.

Əhməd Cavad təhsilini başa vuran kimi - yəni 16 yaşında ikən müəllimlik fəaliyyətinə başlayır. Belə ki, o, 1913-cü ildə Gəncədə Qafqaz Şeyxülislamı Məhəmməd Pişnamazzadəyə imtahan verərək “şərəfli türk və fars dilləri müəllimi” adını alır və Gəncə Qız məktəbində pedoqoji fəaliyyətə başlayır. O, ömrünün otuz ilinə yaxın dövrünü bu sahədə çalışıb, bu sahədə xidmət göstərib. O vaxtlar Maarif naziri olmuş Nəsib bəy Yusifbəylinin ən yaxın köməkçisi, sirdaşı olmuşdur. Müsavatın fəal üzvü kimi Bakı Dövlət Universitetinin və bir çox orta məktəblərin açılmasında yaxından iştirak etmişdir.

Yəni Əhməd Cavadın adı tarixə təkcə şairliyi ilə deyil, müəllimlik fəaliyyəti ilə də yazılıb. Bundan başqa, Osmanlı Türkiyəsinə qarşı 1912-ci ildə Balkan yarımadası ətrafında başlanan müharibədə Əhməd Cavad da əqidə dostları İdris Axundzadə, İsa Əlizadə, Əli Əsədulla ilə birlikdə iştirak edib. O, 1912-ci ildə Türkiyə-İstanbula səyahət edərək bir əlində silah, bir əlində qələm könüllü əsgər kimi döyüşüb.

Şair vaxt taparaq məqalə və şeirlərlə orduya əlindən gələn mənəvi köməyi edirdi. Artıq tale insanı seçir və onu istədiyi yerə sürükləyə, ata, aparıb çıxara bilir. Xeyriyyəçilik fəaliyyəti ilə Acarıstana gedib çıxması təkcə Əhməd Cavadın bir şair kimi fəaliyyətinə deyil, şəxsi həyatına da öz təsirini göstərir. Belə ki, o, həyatının sevgisini-Şükriyyəni də Acarıstanda tapır və atasının evlənmələrinə razılığı olmadığından onu Gəncəyə qaçıraraq orada toy edir. Bu nigahdan onların Niyazi, Almaz, Yılmaz, Aydın və Türkay adlı övladları olur. Şükriyyə xanım böyük şair Əhməd Cavadın poeziyasına şeirlərlə iz salır. Elə bir iz ki, heç zaman silinməz...

Bir gülsən, dərmişəm gənclik bağından,              
Bir gülü, çiçəyi dərmərəm sənsiz!
Kam aldım ömrümün oğlan çağından
Bir bağa, baxçaya girmərəm sənsiz!

Misraları ilə başlayan “Şükriyyə üçün” şeiri tək şeir kimi deyil, musiqi kimi də müasir dövrün ən maraqlı nümunələrindən birinə çevrilib. “Sən ağlama, mən ağlaram” şeirinə nəzər salaq:

Bən deyən yox, fələk deyən oldusa,
Əsdi yellər gül yanağın soldusa,
Dərd əlindən ala gözlər doldusa,
Sən ağlama, mən ağlayım, gözəlim!

Bütün bunlar Azərbaycan poeziyasının ən gözəl sevgi şeirləri kimi, hələ uzun illər yaddaşlarda qalacaq, sevgilərə şahidlik edəcək, sevən ürəklərə təskinlik gətirəcək.

(Ardı var)

Aynur Mehdi

Prezident İlham Əliyev şəhid olmuş Milli Qəhrəman Şükür Həmidovun atası ilə telefonla danışıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?