• 23 Oktyabr 2020

Keçid körpüsü

12:57 15/10/20 | Mədəniyyət

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Kiçik səhnəsindən yaradıcı sıçrayış

Böyük və ya Kiçik səhnə, nə fərqi var? Hər ikisi ciddi sınaq meydanı deyilmi, istedad, elmi bilik və təcrübi səhnə imkanlarının təcəssümünü tələb etmirmi? Əslində, Kiçik səhnə özünü sınamaq istəyənlərin və əlavə yaradıcılıq sahəsinə ehtiyacı olanların meydanıdır. Qidası səhnə olan aktyor üçün Kiçik səhnədə tamaşa oynamaq çox çətindir. Çünki tamaşaçının aktyorla nəfəs-nəfəsə dayandığı bu səhnədə hər bir mimika, hər bir nəfəsalma, səsin xaric və ya ifa köklüyündə olması daha qabarıq hiss edilir. Belə bir ağır yükün altına girə bilən hər bir aktyoru inam və cəsarətinə görə alqışlamaq lazımdır. Çünki Keçid Körpüsünün imtahanı çox ağırdır.

Kiçik Səhnə və onun müasir qəhrəmanları

Samuel Bekket. “Sözsüz”  

Biz incəsənətlə ona görə məşğul oluruq ki, təəssüflərdən qaça bilək.

Qaça bilirikmi? Əgər taleyimizi biz yazmamışıqsa, təəssüflərdən qaçmaq imkanımızın nəyə bərabər olduğunu da, çox güman ki, bilirik.

Əməkdar artist Şövqi Hüseynovun yaratdığı Kişi obrazının səhnə taleyi təəssüflər üstündə qurulmuş bədii yalandır. Bir neçə monotamaşa oynayan Şövqinin bu sahədə özünəməxsus təcrübəsi var. Rusiya, Amerika, Türkiyə, İran, Orta Asiya, Moldova, Ukrayna, Belarus və s. kimi ölkələrin çox ciddi festival və müsabiqələrindən əsasən “Ən yaxşı kişi rolu”na görə yüksək mükafatlara layiq görülən istedadlı aktyor hər yerdən ümidi üzülən insanın öz şansına  çata bilməməsinin doğurduğu təəssüf hissini qabarıq səhnə cizgiləri ilə yaşayır.

Zalı duymaq və onu əldə saxlamaq bacarığına malik Şövqi Hüseynov Kişinin iztirablarını, nəfəsinin daralmasını, cəmiyyətdən təcrid olunduqdan sonra təkləndiyini daxili oyun tərzi ilə gerçəkləşdirir. Tamaşada aktyorun həyati riski də var. O, tavandan salladılmış ipdən asılı vəziyyətdə məskunlaşıb. İpi kəsib özünü ondan xilas etməyə çalışır. Bu ip oyunu bir neçə məna ilə çözümlənə bilər: qapalı məkandakı problemlərdən qurtulma və ya ömrün ipini qırıb bu həyatdan qurtulma – intihar. Aktyor plastik etüdlə gerçəkləşdirdiyi bu məqamlarda həm ifaçı-insan kimi, həm də obraz kimi tamaşaçıda həyəcan hissi doğurur. Əlbəttə,  vəziyyətin idarə olunması üçün aktyordan fiziki güc, çeviklik tələb olunur. Çünki epizodun hadisəsi bir neçə metr yüksəklikdə, ipdən asılı vəziyyətdə cərəyan edir. Bu zaman aktyor yaratdığı obrazın bütün daxili təbəddülatını təbii ifası ilə yaşayır.

Nəhayət, ip qırılır!.. Tamaşaçılardan bir qorxu küyü eşidilir. Əzilib qol-qabırğasının sınacağından narahat olan tamaşaçı gözlərini dörd edib yerdə çapalayan aktyoru həyəcanla izləyir: əzildimi? Yox! Aktyor fiziki mizanı məahrətlə gerçəkləşdirdi! Bax, bu, böyük istedadın fərəh doğuran bir çalarıdır.

Tamaşanı bizimlə izləyən Şövqi müəllimin həyat yoldaşı aktrisa Şəbnəm xanım Hüseynovaya bir neçə həmkarı həyəcanla dedi: ”Niyə icazə verirsən belə təhlükəli oyuna?” Şəbnəm xanım üzündə xoş bir təbəssüm susur. Bu, inamdır: həyat və səhnə tərəfmüqabilinə!

Şövqi Hüseynov iyirmi beş illik aktyor, eyni zamanda,  monotamaşa oynamaq təcrübəsinə malikdir. Yuxarıda qeyd etdiyimiz kimi, dünyanın onlarla nəhəng teatrlarının səhnəsini fəth edib. Sözsüz ki, onun ifası uğurlu alınmalıdır.

İfaçı-aktyor Şövqi Hüseynov, tənha kişi personajının səhnə təcəssümü ilə, həmişə olduğu kimi, özünün zəngin daxili dünyasını əks etdirdi.

   

Tamaşada maraqlı tapıntılardan biri kimi obrazın başı üstündə dolçada olan su diqqəti cəlb edir. Azərbaycan teatr sənətində su bu şəkildə istifadə  olunmayıb. Həyatının böhran məqamında əlini nəyə atırsa, boşa çıxan, çıxılmaz vəziyyətə düşən milyonlarla insan var. İnsan bir içim su uğrunda mübarizə aparır. Lakin o su da ona nəsib olmur. Əslində bu, insanın su uğrunda deyil, əli yetməyən taleyi, nicatı uğrunda mübarizəsidir. Bəlkə də əlindən buraxdığı imkanıdır ki, ona yetə bilmir. Bax, bu təəssüflərdən qaçmaq üçün insan mövqeyini, yaşayış tərzini düzgün seçməyi bacarmalı, hər bir işdə tarazlığı gözləməlidir. Belə bir maraqlı ideyası olan tamaşaya hər kəs öz meyqeyindən yanaşacaq, onu öz fərziyyəsi ilə yozumlayacaq. Əlbəttə, əsl aktyor istedadına malik, Əməkdar artist Şövqi Hüseynovun monoifa təbəddülatı ilə!

İsa Əsədov, bir rejissor kimi, özünü ilk dəfə səhnədə sınayır. O, şanslarını əldən vermiş, indi isə bütün varlığı ilə ona çatmaq üçün çapalayan, min bir əziyyətə qatlaşan insanın maddi və mənəvi problemlərindən danışan monotamaşanı  dinamika, him-cim və mürəkkəb fiziki elementlər əsasında qurmuşdur və bununla təcəssüm istəyinə nail olmuşdur. Sözsüz ki, Əməkdar artist Şövqi Hüseynovun tükənməz enerjisi və bənzərsiz ifasına arxalanaraq.

Teatrın aktyoru Müşfiq Əliyev daxili imkanlarını sınadığı bu tamaşada səhnəni idarə etmək baxımından ilk uğuruna imza atdı.

Rafiq RƏHİMLİ,
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının ədəbi-dram hissə rəhbəri

Təxribat xarakterli SMS-lər telefonunuzdakı şəxsi məlumatların oğurlanmasına səbəb ola bilər



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?